1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Bir müəllif, bir əsər”
Paralel dünyada əkizlərimizin yaşadığına inanan alim
30.06.2017 / No24

 

 

 


Mitio Kaku və “Gələcəyin fizikası” kitabı

Gülnarə İLHAM

Əvvəlcə onu deyim ki, bu kitabı oxuyan hər kəs təbiətə qarşı daha mərhəmətli davranacaq. Zibili yerə atmayacaq, ağacları məhv etməyəcək, nəinki canlı aləmin, çox sadə bir fincanın, ən ucuz telefonun da qədrini biləcək. Kitabda o qədər elmi mesajlar var ki, hər bir məlumat sizin üçün az qala yeni kəşfə bərabər olacaq. Qərara aldım ki, rubrikamızın budəfəki sayında sizi də yapon əsilli amerikalı fizik Mitio Kakunun həyat hekayəsi və “Gələcəyin fizikası” adlı kitabı ilə tanış edim.

Mitio Kaku və Eynşteyn

Həyatının çox hissəsini elmin populyarlaşmasına həsr edən fizik onu elmə aparan yolun ilk gününü belə xatırlayır: “Səkkiz yaşım vardı. Müəllimlərimin böyük elm adamının ölüm xəbərindən necə sarsıldığını gördüm. O gecə qəzetlərin manşetində həmin insanın ofisinin və kağızlarla dolu dağınıq masasının fotosu yayıldı. Hər kəs dahi fizikin başladığı bir araşdırmanın yarımçıq qalmasını təəssüflə qarşılayırdı. Maraq mənə güc gəldi. Bu qədər önəmli detal nə ola bilərdi axı? Hətta uşaq saflığımla çətin ev tapşırığını həll etmək üçün görəsən anasından niyə kömək istəməyib deyə, düşündüm”.

Əlbəttə, məsələ balaca Mitionun zənn etdiyi kimi, bəsit deyildi. Söhbət nəzəriyyələri ilə dünyanı ətrafında döndürən, elm aləminin Günəşi hesab edilən Albert Eynşteyndən gedirdi. Alimin ölümü o qədər səs-küylü olur ki, Mitio onun həyatı, elmi araşdırmaları ilə yaxından maraqlanmağa başlayır. Qarşısına çıxan “nisbilik nəzəriyyəsi”, məşhur E = mc2 formuluna nəzər yetirsə də, bir şey anlamaqda çətinlik çəkir. Ancaq bu məsələlərin belə sirli olması Mitionu özünə daha çox cəlb edirdi. Bəlkə gələcəkdə suallara məhz özü cavab tapa bilər?

Əslində, Albert Eynşteynlə tanışlığa qədər hər şənbə dünyanın yaranması, ulduzların, günəşin göydə rəqs etməsi, sualtı şəhərlərin mövcudluğu, işıq silahları ilə aparılan müharibələrdən bəhs edən “Flaş Qordon” (The Flash Gordon) serialını izləməyi unutmazdı. “Hər həftə burnum az qala televizor ekranına yapışırdı”.

Gördükləri haqda oxumağa başladıqca, bilgisi dərinləşdikcə Mitio anlayır ki, bu filmlər məhz elm adamlarının beyninin məhsuludur. “Elm olmasa, gələcək də olmaz”, - deyən Mitio Kaku “Gələcəyin fizikası” kitabında bu düşüncəsinə görün necə əsaslı və məntiqli izahat verir.

“Yaraşıqlı bəylər və gözəl xanımlar cəmiyyətin heyranlığını qazana bilər, amma gələcəyin möhtəşəm kəşfləri yetərincə dəyər verilməyən, adı belə eşidilməmiş elm insanlarının fədakarlığı hesabına olacaq”.
Bu sözə bir də diqqət edək. Adı belə eşidilməmiş elm adamları. Bəli, Mitio qarşısına məhz bu xeyirxah missiyanı qoyur ki, illərlə laboratoriyalarda başı tədqiqatlara qarışan, sehrli beyinləri ilə sivilizasiyanın gedişatını idarə edən gözəgörünməz dahiləri dünyaya tanıtsın.

Nyu-Yorkun ən ağıllı adamı

Babası 1906-cı ildə zəlzələdən zərərçəkmiş San Fransisko sakinlərinə yardıma gələn xilasedici heyətə qoşulub ta Yaponiyadan uzun yol qət etmişdi.

İkinci Dünya müharibəsi zamanı Amerika hökuməti ölkəsində yaşayan yaponları məcburi şəkildə Kaliforniyada onlar üçün ayrılmış düşərgələrə yerləşdirdi. Məhz bu məkanda, 120 min yaponun arasında Mitio Kakunun valideynləri bir-birini tapır və evlənirlər. Hətta cütlüyün ilk övladı bu düşərgədə doğulur. Müharibə bitəndən sonra ailə San Xose şəhərində məskunlaşır. 1947-ci ilin 24 yanvarında isə ailənin ikinci övladı-Mitio doğulur. Hələ uşaqlıqdan ətrafında olub bitənlərə, xüsusən təbiət hadisələrinə maraq göstərən Mitio məktəbdə də zəkası, intellekti ilə həmyaşıdlarından fərqlənməyi bacarmışdı.

Təsəvvür edin, təxminən 12-14 yaşlarında olan övladınız sizə evin qarajında 2,3 milyon elektron voltluq atom parçalayıcı inşa etmək istədiyini bildirir. Uşağınızın belə qeyri-adi arzusuna qarabasmadır deyib keçərsiniz. Ancaq Mitionun anası oğlunun bu qərarına dəstək verir. Baxmayaraq ki, aylıq işıq pulu ödənişi ailənin büdcəsini yetərincə çətin vəziyyətə salırdı, Mitio anasının sayəsində bu aparatı ərsəyə gətirir. Təbii ki, yeniyetmə fizikə yaradılan belə münbit elmi araşdırma məkanı onun gələcək uğurlarının təməli olur.

Mitio məktəb illərində şahmat turnirində fizik E.Teller tərəfindən kəşf edilir, daha sonra Hers fondunun təqaüdünə layiq görülür. Harvard Universitetini fərqlənmə ilə bitirir, Berklidə radiasiya laboratoriyasında çalışmaları ona doktorluq dərəcəsi qazandırır.
Hazırda Nyu-York Siti Kollecinin professoru olan Mitio Kaku elə həmin şəhərdə həyat yoldaşı Sidzu Kaku və iki qızı ilə birlikdə yaşayır.

Dövrümüzün ən tanınmış futuristi və fiziklərindən olan Mitio Kaku “Gələcəyin fizikası”, “İmkansızlığın fizikası”, “Supersimlər nəzəriyyəsinə giriş” kimi intellektual bestsellerlərin müəllifidir. O, elmi yeniliklərin təbliğatını təkcə kitablarla deyil, dünyanın məşhur “Discovery” kanalında hazırladığı “How the Universe Works”, “Sci Fi Science” kimi sənədli filmlərlə də davam etdirib. Hətta “Nyu-York Tayms” qəzeti onu Nyu-Yorkun ən ağıllı adamı seçib.

Elvis Presli paralel dünyada yaşayır

Mitio Kaku həm də paralel dünya araşdırmaları ilə elm aləminin, insanların marağını cəlb edir. Onun fərziyyələri sərhədsiz, düşüncələri qəribədir, bəzən inandırıcı deyil. Müsahibələrinin birində hətta Elvis Preslinin fanatlarının inandığı kimi, onun hansısa paralel dünyada yaşaması ehtimalını inkar etmir. Yaxud təsadüfən kosmik şüa Adolf Hitlerin anasını vurmuş olsaydı, Hitler doğulmazdı, nə yaşadığımız, nə də paralel dünyada İkinci Dünya müharibəsi olardı, deyir. Mitio araşdırmalarında digər qalaktikalara getmək yollarını axtarır. Özünün də dediyi kimi, fizika qanunlarına görə qalaktikalararası fəza boşluğunu keçmək mümkünsüzdür. Amma Mitio Kaku inanır ki, bu keçidləri aşmaq üçün mütləq haradasa qara dəliklər var.

Məşhur fizik “Gələcəyin fizikası” kitabında 2100-cü ilə qədər insanlığın taleyini və dünyanı dəyişə biləcək innovativ elmi proqnozlar verib. Müəllif kitabın əvvəlində dünyanın tanınmış elm adamlarının adının çəkildiyi “Təşəkkürnamə” yazıb. Çoxu da “Nobel” mükafatçısıdır. Kitab adı keçən alimlərin iş prosesi və müsahibləri əsasında yazılıb. Ona görə də əvvəldən sonacan müxtəlif mövzuda kiçik məqalələrdən ibarətdir.

“2100-cü ilə qədər bir zamanlar tanıdığımız və qorxduğumuz tanrılar kimi olmaq alın yazımızdır. Ancaq sehrli çubuq və iksirlə deyil, əksinə, kompüter, nanotexnologiya, süni intellekt, biotexnologiya və ən əsası, kvant mexanikası bizim köməkçilərimiz olacaq”.

Təsəvvür edin, adi bir linza taxırsınız və bir göz qırpımında bütün internet imkanlarından yararlanırsınız. Hətta linzalara yerləşdirilmiş çiplər və LED ekran sayəsində yeni tanıdığınız insanın həyatı, xarakteri haqqında bir saniyənin içində hər şeyi öyrənirsiniz. Mitio Kaku bunun təhsil sisteminə çox böyük təsirinin olacağını yazır: “Gələcəkdə buraxılış imtahanına girən tələbələr sakitcə internetdə axtarış edə biləcəklər. Bu, məktəblərdə əzbərçi tədris metoduna vərdiş etmiş müəllimlərə çox böyük problem yaşadacaq. Deməli, müəllimlər məcburən düşünmə və mühakimə etmə bacarıqlarını təkmilləşdirməlidirlər”

“Dünya əhalisi üçün bəzi ümidlər”, “Bütün xəstəlikləri qadağan etmək”, “DNA çipləri”, “Bioloji müharibələr” və digər məqalələr var ki, buradakı fikirləri oxumaqla bizi necə təhlükələr gözlədiyini, sivilizasiyanın, dünyanın hansı nöqtəsində dayandığımızı biləcəksiniz. Odur ki, kitabı oxumaq həvəsində olanlara uğurlar!

yuxarı ⤴