1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Həyəcan məsuliyyətin nəticəsidir”
30.06.2017 / No24

 

 

 


Leyla Zeynalova: “Mənə göstərilən etimadı doğruldacağam”

Sifai SƏFƏROVA

Leyla ilə öncə telefonla əlaqə yaratdım. Ertəsi gün təhsil aldığı məktəbə yollandım. Gülərüz, mehriban bir qız məni dəhlizdə gözləyirdi. Baxışlarından sevinc yağırdı. Haqqında yazı hazırlayacağımı bildirdim. Sinif otaqlarının birinə keçdik və söhbətimizə davam etdik.
- 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakıdakı 72 nömrəli məktəb-liseydə təhsil almışam. Qardaşım Rüstəmlə birlikdə ilk musiqi təhsilimizi Bakının Bakıxanov qəsəbəsindəki 4 nömrəli Uşaq Musiqi Məktəbində almışıq. İlk müəllimimiz Cənnət Matkazina olub. Sonra təhsilimizi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirdik. 6-cı sinfədək bütün fənlərdən “5” qiyməti alırdım. Son vaxtlar beynəlxalq müsabiqələrə və festivallara qatıldığım üçün dərslərimdə bir az zəifləmişəm. Bu illər ərzində uğurlarım az olmayıb. Müəllimlərimin sevimli, çalışqan və ən istedadlı şagirdlərindən biriyəm. Hazırda Bakı Musiqi Akademiyasının professoru Kəmalə Neymanovanın sinfində fortepiano təhsili alıram.

“Alqışlarla qarşılandım”

Festival və konsertlərdə, müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə qazandığım nailiyyətlər çoxdur. 2011-ci ildə gənc pianoçuların II respublika müsabiqəsində II yerı qazandım və diplomla mükafatlandırıldım. 2013-cü ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan müsabiqədə fortepiano üzrə I, skripka üzrə II yerə layiq görüldüm. Dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasında, Alman Mədəniyyət Mərkəzində, Kamera və Orqan zalında, Rəşid Behbudov adına Mahnı Teatrında, Üzeyir Hacıbəyli, L.M.Rostropoviç, T.Salahovun ev-muzeylərində ifalarım tamaşaçılarda xoş ovqat yaradıb. 2014-cü ilin sentyabrında isə xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Filarmoniyasında fortepianoda Qara Qarayevin “Eskiz” və skripkada “Bayatı şiraz” əsərlərini solo ifa etdim. Konsertdə alqışlarla qarşılandım və mənə tər çiçək dəstələri təqdim olundu. Sevincimin hədd-hüdudu yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2014-cü il tarixli sərəncamı ilə adım gənc istedadların “Qızıl kitabı”na daxil edildi və xüsusi aylıq təqaüdə layiq görüldüm.

“Uğurlarım bununla bitmir”

Qeyd edim ki, 2016-cı ilin fevralında Belçikada keçirilən “13th rencontres Internationales des Jeunes Pianistes” beynəlxalq müsabiqəsində I yerə layiq görüldüm. Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu öz istedadını nümayiş etdirirdi. Mən müsabiqənin II yaş qrupunda İ.S.Bax, V.A.Motsart, F.Şopen, S.Prokofyev və A.Slonimskinin əsərlərini məharətlə ifa edərək münsiflər heyəti tərəfindən yüksək qiymətə layiq görüldüm. Rusiyanın Samara şəhərində keçirilən Baltikyanı ölkələrin IV Beynəlxalq Uşaq Musiqi Akademiyasında da Azərbaycanı uğurla təmsil etdim və ifalarım mütəxəssislər tərəfindən çox bəyənildi. Uğurlarım bununla bitmir. Estoniyanın Narva şəhərində keçirilən X Beynəlxalq F.Şopen müsabiqəsində 10 Avropa ölkəsindən olan 65 iştirakçı arasında öz yaş qrupum üzrə II yeri tutdum. Gürcüstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gələcəyin ulduzları” adlı layihə çərçivəsində Tbilisi Dövlət Konservatoriyasının “Grand Hall” zalında solo proqramda məharətli çıxışım hamını heyran qoydu.

“Qardaşım da beynəlxalq müsabiqələr laureatıdır”

Qardaşım Rüstəm də musiqiçidir, fortepiano üzrə təhsil alır. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunudur. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə onun da adı gənc istedadların “Qızıl kitabı”na daxil edilib və o, xüsusi aylıq təqaüdə layiq görülüb. Hazırda Sankt-Peterburq Dövlət Konservatoriyasının IV kurs tələbəsidir. Beynəlxalq müsabiqələr laureatıdır, Avropanın 15 ölkəsində Azərbaycanı ləyaqətlə təmsil edib və dəfələrlə “Qran-pri” mükafatçısı olub. Rüstəm də, mən də hər zaman çıxış etdiyimiz xarici dövlətlərdə Azərbaycanı layiqincə təmsil etmişik.

“O məşəlin işığı həyatım boyu yoluma nur saçacaq”

Həyatımda unudulmaz anlar çox olub. Belə ki, Bakı-2015 birinci Avropa Oyunlarının məşəldarı olmaq xoşbəxtliyini yaşamışam. Qobustan Milli Parkında məşəli yandırdığım zaman yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. İnanıram ki, o məşəlin işığı həyatım boyu yoluma nur saçacaq. Həmin günü heç vaxt unutmayacağam. Çox həyəcanlı idim. Ən gənc məşəl alovlandıran olduğum üçün qürur duyduğum qədər də məsuliyyətim artmışdı.

“Ustad dərslərini maraqla dinləyirdim”

Qeyd edim ki, Rusiyanın xalq artisti Yuri Başmetin Uşaq Akademiyasında üç dəfə iştirak etmişəm və dünya şöhrətli müəllimlərdən ustad dərsləri almışam. Ustad dərslərini maraqla dinləyirdim, çünki mən də nə vaxtsa o əsəri ifa edəcəyimi düşünürdüm. Rusiyanın şəhərlərində konsertlərə qatılaraq fortepianoda ifa etmişəm. Dünya bəstəkarlarından Sergey Prokofyevin əsərlərini ifa etməyi çox xoşlayıram. Müxtəlif musiqi janrlarını xoşlayıram - caz, rok, pop. Heç kimə də bənzəmək istəməmişəm. Özüm olmaq istəmişəm həmişə. Hərdənbir ev işlərində də anama kömək edirəm. Çalışıram hər işi bacarım. Hazırda isə Ferens Listin “Paqanini” mövzusuna VI etüdünü hazırlayıram. Yay fəslini çox xoşlayıram. Tətil günlərində yeni bir əsəri də hazırlayacağam. Etiraf edim ki, hər musiqiçidə bu hal olur. Bəzən əsəri ifa edirsən, amma səni qane etmir. Məndə də belə hal çox olub. Evimizdə iki pianino var. Mən ifa edəndə qardaşım Rüstəm dinləyir, iradlarını bildirir və yenidən ifa edirəm. Bəzən aramızda mübahisələr də olurdu. Bəstəkar mahnılarını çox vaxt özüm seçirəm. Çünki əsəri ifa edərkən ürəyimcə olmasa, o mahnı ilə yaşaya bilmərəm.

“Mən müsabiqənin laureatı oldum”

2016-cı ilin avqustunda 18 gün Almaniyada qaldım və orada iki beynəlxalq tədbirə qatıldım. Biri müsabiqə idi, biri də festival. Müsabiqə Ettlingen şəhərində keçirilirdi. Müsabiqəyə video üzrə 45 pianoçu dəvət edilmişdi. 45 nəfərdən 5 nəfər laureat olacaqdı. Mən müsabiqənin laureatı oldum. Ölkələr arasında II tədbir isə Almaniyanın digər üç şəhərində konsertlər oldu. Düren, Axen və Bonn şəhərlərində keçirilən konsertlərə qatıldım. Bonnda olarkən həyatımda unudulmaz anlar yaşandı. Alman bəstəkarı Robert Şumanın ev-muzeyində bəstəkarın öz alətində F.Şopenin “Skersos”unu ifa etdim. Tamaşaçıların çox xoşuna gəldi. Burada ifaçı kimi deyil, turist kimi ifa edirdim. Digər alman bəstəkarı L.V.Bethovenin ev-muzeyində olduq. Çox maraqlı idi.

“Aeroportda olarkən notları əzbərləməyə başladım”

Hər dəfə səhnəyə çıxanda həyəcan keçirirəm. Həyəcan məsuliyyətin nəticəsidir. Beynəlxalq müsabiqə və festivallarda daha həyəcanlı oluram. Çünki vətəndən kənarda ölkəmizi, doğma məktəbimi təmsil edir, müəllimlərimdən öyrəndiklərimi tamaşaçı qarşısında nümayiş etdirməli oluram. Məsuliyyət hissi insana həyəcan gətirir. Ancaq buna baxmayaraq, heç zaman həyəcan mənim işimə mane ola bilməyib. Bütün beynəlxalq müsabiqələrdən üzüağ çıxmışam. Məktəbimizin adını ucaltmışam. 2017-ci ilin martında Danimarkadan - beynəlxalq müsabiqədən vətənə dönərkən bilirdim ki, 10 gündən sonra Moskvada Vladimir Kraynev adına beynəlxalq müsabiqədə mən də iştirak edəcəyəm və yeni bir əsər ifa etməliyəm. Vaxt isə çox az idi. Çox fikirləşdim, düşündüm, bir qərara gələ bilmirdim. Nəhayət ki, aeroportda olarkən notları əzbərləməyə başladım...

“Arzularım bitib tükənmir”

Səyahət etmək, kitab oxumaq və voleybol oynamaq mənim hobbimdir. Çoxlu bədii ədəbiyyat oxuyuram. Ən çox sevdiyim E.L.Voyniçin “Ovod” əsəridir. C.Londonun “Martin İdin”i, Aleksandr Dumanın əsərlərini həvəslə oxuyuram. Peşəkar pianoçu olmaq, ölkəmizi dünyaya tanıtdırmaq ən böyük arzumdur. Arzularım bitib-tükənmir. Gələcəkdə isə təhsilimi xaricdə davam etdirmək arzusu ilə yaşayıram. Bütün bu uğurlarıma görə müəllimlərimə və valideynlərimə borcluyam. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Biz gənclərə dəstək olan ölkə Prezidenti İlham Əliyevə, uşaqlara daim diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşıdlarım adından təşəkkürlər ünvanlayıram.
 

yuxarı ⤴