1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Universitetlərdə yeni idarəetmə strukturları yaradılır
30.06.2017 / No24

 
 

 

 


Publik hüquqi şəxs statusu ali təhsil müəssisələrinin ənənəvi rollarını dəyişir

Azərbaycanda 3 universitetə - Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu verilib. Təhsil naziri Mikayıl Cabbarov həmin universitetlərin mövcud hüquqi statusunun dəyişdirilərək yenidən təşkil edilməsi ilə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ölkə təhsil sisteminin inkişafı məqsədi ilə hər bir universitet daxilində yeni idarəetmə strukturları yaradılır. Bu idarəetmə ölkə daxilində və regional səviyyədə rəqabət apara bilən universitetlərin yaradılmasına, burada fəaliyyət göstərən müəllimlərin və tələbələrin öz potensialını tam şəkildə reallaşdırmasına imkan verəcək: “Universitetlərdə həm hüquqi-təşkilati formanın dəyişdirilməsi, həm də ölkə qanunvericiliyinin tələbləri ilə uyğunlaşdırılması prosesi müşahidə edilir. Digər tərəfdən, universitetlərin daxili idarəetmə strukturları bu proses çərçivəsində dəyişdirilir. Nizamnamələrdə müvafiq dəyişikliklər edilir, yeni idarəetmə strukturları tətbiq olunur. Bir tərəfdən də universitetlərin daxili strukturları təkmilləşdirilir. Həmin təkmilləşmiş idarəetmə strukturları universitetlərimizin ənənəvi rollarını dəyişir, yəni təhsil prosesi fərqli həyata keçirilir, elmi araşdırmalara diqqət artır. Yeni bir sahə isə biliklərin kommersiyalaşdırılmasıdır”.

Nazir peşə təhsili sistemində də təhsil müəssisələrinin optimallaşdırılması prosesinin davam etdirildiyini vurğulayıb. Belə ki, artıq bir çox peşə təhsil müəssisəsi optimallaşdırılıb, onların bazasında daha böyük imkanlara və geniş resurslara malik olan peşə tədris mərkəzləri yaradılıb. Bununla təhsilinin keyfiyyətini artıraraq peşə təhsili müəssisələrini bitirən hər bir məzunun iş tapması imkanlarının asanlaşdırılmasına çalışılır: “Bunun əsas məqsədi təhsil alanlar üçün təhsilin keyfiyyətinin qaldırılmasıdır. Nəticədə peşə təhsili müəssisəsini bitirən hər bir məzun iş yerini daha asanlıqla, daha yüksək əməkhaqqı ilə əldə etmək imkanına malik olur”.

M.Cabbarov deyib ki, optimallaşdırılan peşə məktəblərinin müəllimləri və digər işçilərinin yerləşdirilməsi Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilir: “Burada həm sosial müdafiəyə ehtiyacı olan kadrlara dair alətlər tətbiq edilir, həm də təhsilin keyfiyyətinin artırılması üçün müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir”.

Orta təhsil pilləsində son bir neçə ilin ən böyük uğurlarından sayılan məktəbəqədər hazırlıqdan danışan nazir bildirib ki, ölkədə fəaliyyət göstərən məktəblərin böyük qismində məktəbəqədər hazırlıq kursları təşkil olunub. Bir ildə məktəbəqədər təhsilin əhatə dairəsi 5 yaşlı uşaqlar üçün 55 faizə çatıb. M.Cabbarov qeyd edib ki, bu proses davam etdiriləcək: “Proqnozlara əsasən, 2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90 faizə çatdırmaq niyyətindəyik. Bu, çox iddialı hədəfdir”.
 

yuxarı ⤴