|
Vasif RAMAZANOV,
Sumqayıt şəhəri fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbinin
GÇH rəhbəri, ehtiyatda olan baş leytenant
Çağırışaqədərki hazırlıq fənninin tədrisi zamanı gənclər dövlətimizin
müdafiə qüdrətini, Konstitusiya və qanunlardan irəli gələn vəzifələri,
Silahlı Qüvvələrin təyinatını, əhəmiyyətini və hərbi nizamnamələrin
tələblərini, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olduğunu
öyrənirlər. Əsgərlərin həyat tərzi ilə tanış olur, gənc əsgər səviyyəsində
bilik və bacarıqlara yiyələnirlər. Müasir kütləvi qırğın silahlarından
mühafizə qaydalarını öyrənməklə yanaşı, mülki müdafiənin və tibbi biliklərin
əsaslarını mənimsəyirlər. Gənclər bu bilik və bacarıqları mənimsəməklə ətraf
mühitə qısa zamanda uyğunlaşır və fövqəladə vəziyyətlərdə öz sağlamlıqlarını
və həyatlarını mühafizə etmək imkanlarına malik olurlar.
Bəs, yuxarıda saydığımız vəzifələrə necə nail olmalıyıq? Bunun üçün ilk
növbədə əsas məsuliyyət məktəb rəhbərliyinin və gənclərin çağırışaqədərki
hazırlıq rəhbərlərinin üzərinə düşür. Çünki bu iş yüksək məsuliyyət,
yaradıcı yanaşma, yüksək peşəkar hazırlıq, öz üzərində çalışma, daim bilik
və bacarıqlarını təkmilləşdirməyi tələb edir. Bu günün məktəb və
çağırışaqədərki hazırlıq rəhbərləri innovativ olmalı, müasir təlim
texnologiyalarından, İKT-dən, internet resurslarından geniş istifadə etmək
bacarıqlarına yiyələnməlidir. İlk növbədə isə GÇH rəhbərləri peşəkar
olmalıdırlar. Müasir zamanla ayaqlaşa bilmək üçün peşəkarlıq vacib şərtdir.
GÇH rəhbərlərinin peşəkarlığını bir neçə cəhətdən müəyyənləşdirmək olar:
- Mənəvi cəhətdən xalqa, onun keçmişinə və adət-ənənələrinə bağlılıq;
- Psixoloji hazırlıq;
- Təcrübə və bilik;
- Müasir texnologiyalardan və İKT-dən istifadə bacarığı;
- Humanist və demokratik düşüncə tərzi.
Mənəvi cəhətdən xalqa, onun keçmişinə və adət-ənənələrinə bağlı olan rəhbər
gənc nəsli vətənpərvər, xalqına, tarixinə və adət-ənənələrinə məhəbbət
bəsləyən və hər an vətənin müdafiəsinə hazır olan, ümumbəşəri dəyərlərə
hörmətlə yanaşan bir şəxsiyyət yetişdirə bilər.
Psixoloji cəhətdən hazır olan rəhbər gəncləri sülh şəraitində mürəkkəb və
çətin hərbi xidmətə, müharibə zamanı isə döyüş tapşırıqlarını uğurla yerinə
yetirən, sosial-psixoloji və intellektual keyfiyyətlərə malik, ilk növbədə
isə cəsur, düşmənlə mübarizədə qətiyyətli, qələbə naminə iradəli və
təmkinli, mürəkkəb şəraitdə düzgün qərar qəbul edəcək əsgər hazırlayacaqdır.
Bununla yanaşı, müharibənin yaratdığı fəlakətlərin mahiyyətini, millətindən,
dinindən, ölkəsinin siyasi statusundan asılı olmayaraq, insanların mehriban
və sülh şəraitində yaşamasının üstünlüyünü gənclərə anladacaqdır.
Təcrübəli və bilikli rəhbər gəncləri Silahlı Qüvvələrin tarixi, dövlətin
müdafiə hüquqlarının əsasları, vətəndaşın vəzifə və hüquqları, hərbi
xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir
döyüşün ibtidai anlayışları ilə tanış edir.
Həmçinin şagirdlərin fiziki, sıra hazırlıqlarını, topoqrafiya, insanın sülh
və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsullarını,
fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi
bacarıqlarını öyrədir.
Müasir texnologiyalar və İKT-dən istifadə bacarığı olan rəhbər gənclərlə çox
rahat dialoq qura bilir. Əsrimiz internet əsri olduğu üçün, bu, günümüzdə
vacib istiqamətlərdən biridir, desək yanılmarıq. Bu gün internet vasitəsilə
gəncləri inkişaf etmiş ölkələrin orduları ilə, onların malik olduğu silahlar
ilə tanış etmək çox asanlaşıb. Dərslərin qurulmasında artıq elektron
lövhələrdən, proyektorlardan və kompüterlərdən geniş istifadə olunur. Müasir
gənclər bu yeniliklərlə artıq tanışdırlar və bu da sevindirici haldır. GÇH
rəhbərinin işi onlara düzgün istiqamət verməkdir.
Humanist və demokratik düşüncə tərzi olan GÇH rəhbəri - günümüzün
tələblərinə uyğun, azadfikirli və müasir dünyaya inteqrasiya edə biləcək
şəxsiyyət tərbiyə edə bilər. Bunun üçün GÇH rəhbəri şagirdləri ilə daha çox
dost kimi rəftar etməlidir. Çünki təhsildə şagird - müəllim anlayışı artıq
öz mənasını bir qədər dəyişmişdır. Müasir dövrdə təhsilverənlər və
təhsilalanlar vardır. Təhsilverənlər təhsilalanlara artıq obyekt kimi yox,
subyekt kimi yanaşmalıdır. Onlar arasındakı münasibətlər qarşılıqlı hörmət
və inam əsasında formalaşır. Əslində, bu keyfiyyətlər bizim xalq üçün
xarakterikdir. Əsrlər boyu böyüklərimiz kiçikləri sevmiş, hər zaman onlara
qayğı ilə yanaşmış, kiçiklərimiz isə böyüklərimizə hörmət etmiş və bunu
özlərinə borc bilmişlər. Xalqımızın qədim yazılı abidəsi olan “Dədə Qorqud”
dastanı ibrətamiz məsəlləri ilə yuxarıda dediklərimizə əyani sübutdur.
Müasir dövrdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində
müşahidə etdiyimiz və qarşılaşdığımız çətinlikləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
- Fənnin tədrisi X-XI siniflərdə aparıldığı üçün bir qədər diqqətdən kənar
qalır. Səbəbini şagirdlərin ali məktəblərə hazırlaşması ilə izah etmək olar.
Fikrimizcə, bu fənnin VIII-IX siniflərdə keçilməsi daha məqsədəuyğun olar;
- Gənc nəsil ilə yaşlı nəsil arasında müəyyən təzadlar mövcuddur. Bu
təzadların səbəblərini ilk növbədə, gənclərin yeniliklərə açıq, yaşlıların
bir çoxunun isə qapalı olması; yaşlıların hər zaman özlərini haqlı sayması,
bir sözlə, yaşlı nəsil ilə gənc nəsil arasında mənəvi bağlılığın zəifləməsi
kimi izah etmək olar. Bu bağlılığı möhkəmləndirmək üçün davamlı olaraq yaşlı
nəslin nümayəndələri, əmək və müharibə veteranları ilə görüşlər keçirmək
müsbət nəticələr verər;
- İnformasiya bolluğu. Yaşlı nəslin bəzi nümayəndələri informasiya bolluğu
nəticəsində gənc nəslə heç də həmişə nümunə ola bilmir. Yaşlı nəslin
nümayəndələri öz nüfuzunu qorumaq üçün daim öyrənməli və məlumat bazasını
genişləndirməlidir;
- Nəhayət, köhnə sistemin tərk edilməsilə birlikdə, onun müsbət cəhətlərinin
unudulmasıdır ki, bu da bir boşluq yaradır. Bu boşluğu doldurmaq üçün keçmiş
müsbət təcrübələrdən də yararlanmaq lazımdır.
GÇH rəhbərləri, ümumiyyətlə, təhsil verənlər, bu problemlərlə tanış olmalı
və onları aradan qaldırmaq üçün hər zaman öz üzərlərində çalışmalıdırlar.
Gənclərimizi əsl vətəndaş, əqidəli insan, vətənini sevən və bu yolda hər cür
məhrumiyyətlərə hazır olan vətəndaş kimi yetişdirmək istəyiriksə, ilk
növbədə biz özümüz bu keyfiyyətlərə malik olmalıyıq. Bu keyfiyyətlər bizim
həyat tərzimiz olmalıdır, çünki ən gözəl təlim, təlim alana örnək olmaqdır.
Unutmayaq ki, yetişdirdiyimiz gənc nəsil bir neçə ildən sonra bizləri əvəz
edəcək. Bu baxımdan gələcəyimizin işıqlı olması bizim bugünkü
fəaliyyətimizdən asılıdır.
|