1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 19.05.2017


 

 
Böyük tədqiqatlara gedən yol düzgün qurulmuş motivasiyadan başlayır
02.07.2016/№25

 

 

 


Şirincan MƏMMƏDOVA,
Bakı şəhəri 126 nömrəli tam orta məktəbin tarix müəllimi

Çağdaş dövrümüzün tələbləri həyatımızın əksər sahələrində yeni yanaşmalara ehtiyac doğurur. Bütün zamanlarda olduğu kimi indi də cəmiyyətin çeşidli ehtiyaclarını qabaqlamaq zərurəti ilk növbədə təhsilin üzərinə düşür. Bu gün qloballaşan dünyada öz milli kimliyimizi qoruyub təsdiq etmək üçün isə ilk növbədə dünya standartlarına cavab verən güclü və mütərəqqi təhsil sisteminin yaradılmasına daha böyük ehtiyac duyulur. Sabahın yetkin cəmiyyətinə sahib olmaq üçün bu gün formalaşan gənc nəslin yetişdirilməsində əsas yük yenə də orta məktəblərin üzərinə düşür. Təsadüfi deyildir ki, dövlət müstəqilliyinin 25 illiyinə qədəm qoyan ölkəmizdə təhsilin prioritet elan olunması zamanın diktəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” çağırışı da günümüzün reallığından doğan həqiqətdir. İndiki zaman kəsiyində icbari təhsilin üzərinə düşən əsas vəzifə şəxsiyyətyönümlü təhsil sistemini daha çox önə çıxarır. Bu gün təhsildə hər bir fənnin reallaşdıracağı əsas standartlar vardır ki, bunlar dövlətin və dövrün tələbidir. Bu sırada tarix fənninin üzərinə qeyd etdiyimiz tələblər çərçivəsində daha böyük məsuliyyət düşür. Digər əsas bir məqam isə beş əsas məzmun xətti - zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət üzrə reallaşdırılacaq standartlar səriştəli və müasir yanaşmalara hazırlıqlı olan müəllimlərdən asılıdır.
Dərsin uğurlu alınmasının başlıca xəttini təşkil edən düzgün motivasiyanın qurulması şagirddə düşünmə bacarığından əlavə həm də mühakimə inkişafını nəzərdə tutur. Motivasiyanın qurulmasında məqsəd şagirdi tək bir doğru cavab ətrafında passivləşib qalmamağa, müxtəlif məntiqi nəticələr ətrafında düşünməyə sövq edir. Bilgiləndirmə prosesində müəllimin əsas uğuru şagirdin özünəməxsus mühakimələrini, fərziyyələrini əldə etməsi ilə bağlı olur. Düşünürəm ki, motivasiyanın qurulması zamanı aşağıdakı məqamların nəzərə alınması zəruridir:
* şagirdlərin məlumat təcrübəsinə uyğun olmalıdır;
* şagirddə öyrənmək ehtiyacı yaratmalıdır;
* araşdırmaya yol açmalıdır;
* şagirdləri nə edəcəklərini anlamağa yönləndirməlidir;
* lüzumsuz yerə şagirdin vaxtını almamalıdır;
* şagirddə məntiqi düşünmə bacarığını inkişaf etdirməlidir;
* bütün təlim boyu şagirdləri fəallığa təhrik etməlidir;
* şagirdin bir tarixçi kimi düşünməsini təmin edə biləcək şəkildə olmalıdır.
Uğur qazanmaqda önəmli olan isə motivasiyanın özü deyil, şagirdə qazandırılacaq müstəqil şüurdur. Motivasiyanı müxtəlif formalarda: xronoloji sorğu, əsas anlayışın çıxarılması, rebusla, fərqli anlayışlar, musiqi, karikatura, krossvord, illüstrasiya, təsvir, xəritə, sənəd, şəkil, video, eskiz və s. ilə qurmaq mümkündür. Motivasiya elə bir zövq verəcək şəkildə təqdim olunmalıdır ki, araşdırılacaq mövzu şagirdləri sıxıb darıxdırmasın, əksinə, əyləndirsin. Şagirdlərdən ilkin məlumatların alınması, daha sonra müəllim tərəfindən bu məlumatın zənginləşdirilməsi dərsin şagirdin fəaliyyəti üzərində qurulması ilə qarşılıqlı əməkdaşlığı gücləndirir, öyrənmə fəaliyyətini daha səmərəli edir. Bacarıqlı müəllim düzgün motivasiya qurmaqla şagirdlərin diqqətini problemə daha dərindən yönəltməyə nail olur və eləcə də mövzudan müəyyən nəticə çıxarmaqla, ümumiləşdirmək və qərar qəbul etmək bacarıqlarını inkişaf etdirməyə müvəffəq ola bilir.
Aqillərimizin dəfələrlə qeyd etdikləri kimi, hər bir işin başlanğıcı çətin görünür. Çətini isə işə başlamaqdır. Elə yeni tədqiq ediləcək mövzular da belədir. Fikrimizcə, bu işi asanlaşdırmağın əsas yolu düzgün qurulmuş motivasiya mərhələsindən keçir. Belə ki, düzgün yönləndirmə düzgün tədqiqatın nüvəsini təşkil edir. Arqumentlərimi daha dolğun əsaslandırmaq üçün bir neçə mövzuya qurulan motivasiyanı təqdim etmək istərdim:
“Milli mətbuatımızın banisi” mövzusuna aşağıdakı kimi motivasiya qurmaq olar. Elektron lövhədə ucqar bir dağ kəndinin təsviri verilir. Lakin bu kənddə günəş təbiətdə olduğu kimi dağların arxasından deyil, bir qəzetin səhifələrindən boylanır və şagirdlərə aşağıdakı səpgidə suallar verilir:
- Bu kəndin günəşi haradan boylanır? Ziya nədir? Ziyalı kimdir?
“Azərbaycanın bölüşdürülməsi” mövzusuna başqa bir prizmadan yanaşıram. Elektron lövhədə xalq şairi Bəxtiyar Vahabzadənin ifasında “Gülüstan” poemasından bir parça səslənir və onun üzərində iş aparılır.
“Qanlı Yanvar” mövzusuna da maraqlı bir süjet qururam. Bu dəfə elektron lövhədə biri qəfəsdə saxlanılan, digəri isə asudə olan quş təsvirləri göstərilir. Suallar da bu təsvirlər üzərində qurulur:
- Bu quşlardan hansı xoşbəxtdir? Niyə? Azadlıq nədir? Azadlığı necə əldə etmək olur? Azadlıq tələb edən xalqları əsarətdə saxlamaq üçün imperiyalar hansı iyrənc üsullardan istifadə edirlər?
“Neft sənayesi və onunla bağlı sahələr” mövzusunda da maraqlı motivasiya yaradılır. Ekranda qara çıraq təsviri göstərilir. Suallar da bununla bağlı verilir:
- Gördüyünüz hansı əşyanın təsviridir? Bu alətdən harada və nə üçün istifadə edilirdi? O niyə “qara çıraq” adlanırdı? Bu alət nə vaxt “ölür”? Enerji nədir? Enerjiyə tələbatın artması hansı zərurətdən irəli gəlir?
Beləliklə, qoyulan hər bir mövzunun kiçik tədqiqatçısı nə qədər düzgün motivasiya olunarsa, təbii ki, sonda da o qədər uğurlu nəticə almaq olar.


 

yuxarı ⤴