1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Adını həkk etdirənlər
07.07.2017 / No25

 

 


Universitetlər ən yüksək ballı məzunları ilə vidalaşmırlar

Ruhiyyə DAŞSALAHLI

Daha bir təhsil ili arxada qaldı. Orta ümumtəhsil məktəblərindən sonra ali və orta ixtisas təhsili müəssisələrində də proqram tamamlandı. Ali təhsil müəssisələrində bakalavriat üzrə təhsil alan 36057, magistratura üzrə 5692, orta ixtisas təhsili müəssisələrində isə 18347 nəfərin məzun olacağı proqnozlaşdırılıb.
Universitetlər bir-birinin ardınca məzun günü tədbirləri düzənləyərək öz yetirmələrini layiqli şəkildə yola saldı. Hər universitet bunu özünəməxsus şəkildə icra etdi. Hamı çalışdı ki, bu günü heç kəs heç vaxt unutmasın.
Azərbaycan Dövlət İqtisad Universiteti bu məsələdə də bir çox ali təhsil ocağından fərqlənib. Belə ki, ortalama nəticələri yüksək olan məzunları üçün ayrıca tədbir düzənləyərək onlara xüsusi münasibət göstərib. Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək balla (98.6) məzun olan Aida Həsənovanın adı UNEC-in fəxri daşına həkk edilib.
Qeyd edək ki, A.Həsənova Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunudur. Rektor Ədalət Muradov ona UNEC-də iş təklif edib.
Ümumiyyətlə, universiteti yüksək balla bitirən məzunlara burada iş təklif olunur.

Azərbaycan universitetləri üzrə ilin tələbəsi oldu

Bu ənənə Bakı Mühəndislik Universitetində də var. Təhsil ocağında bakalavr təhsilini ən yüksək nəticələrlə tamamlayan məzunlara burada qalıb çalışmaq təklif olunur. Bu il bu təklif 22 yaşlı İlhamə Mustafayevaya edilib.
Bakı Mühəndislik Universitetinin pedaqoji fakültəsi, tərcümə bölümünün ilk məzunlarından olan İlhamə təhsil aldığı 5 il müddətində topladığı ortalama 99,57 balla nəinki Bakı Mühəndislik Universiteti, bütövlükdə Azərbaycan universitetləri üzrə ilin tələbəsi seçilib.
Onun da adı öz universitetində, binanın dəhlizində qoyulan kötüyə həkk edilib. Sən demə, o kötük gənc tərcüməçinin diqqətini hələ universitetə gəldiyi gündən cəlb edibmiş. O da öz universiteti üzrə birinci olmağı qarşısına məqsəd qoyub və məqsədinə nail olub. Məqsədləri isə hələ çoxdur. Magistratura təhsili alacaq və bütün diqqətini karyerasına yönəldib qarşısına qoyduğu məqsədləri uğrunda çalışacaq.

Azərbaycan təhsil tarixində bir ilkə imza atdı

Bu ilin məzunları arasında biri xüsusilə fərqlənib. Topladığı bal universitetdə bakalavr təhsili alanların hamısından yüksəkdir. Amma təhsil aldığı il hamıdan az.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Rüfət Manquşov Azərbaycan təhsil tarixində ilk dəfə olaraq bakalavr təhsilini vaxtından əvvəl tamamlayıb. Neft-qaz mühəndisliyi fakültəsinin tələbəsi bakalavr pilləsini ən yüksək nəticə ilə - 97.70 balla bitirən məzun olub.
Bu, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq baş verib. Xatırladaq ki, həmin sənədə edilən son dəyişikliklərdən sonra belə tələbələrin sayı artacaq.
Məlumat üçün əlavə edək ki, ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası, tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi məqsədi ilə həyata keçirilən yenilikdən sonra bir sıra tələblər dəyişib. Yeni qaydalar tələbənin ali təhsil müəssisəsini tez qurtarmasına imkan yaradacaq. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcək. Manquşov isə buna qaydalara dəyişikliklər hələ qüvvəyə minmədən nail olub.

Azərbaycan məktəbinin Türkiyə “təmsilçiləri”

Azərbaycan təhsilinin uğurlu məzunlarından danışarkən Türkiyədə Azərbaycanın adını ucaldan Günel Musayevanın adını çəkməmək mümkün deyil. Türkiyənin Baxçeşəhir Universitetində Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində bu nəticəyə nail olub.
Qeyd edək ki, onun bacısı Xeyransa da elə həmin universitetin üçüncüsü olub. Bacılar Xalid Quliyev adına 62 nömrəli məktəb-liseyi qızıl medalla bitiriblər.

Onların sayı artacaq

Hər ilin uğurlu məzunları olacaq. Adını hansı ölkədə olmasından asılı olmayaraq, təhsil aldığı təhsil ocaqlarına qürurla yazdıracaq gənclərin sayı getdikcə artacaq. Onların arasından təhsilini vaxtından əvvəl başa vuranlar da olacaq, ölkənin, regionun, hətta dünyanın “qızıl beyni”nə çevriləni də.

yuxarı ⤴