1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Həyata keçirmək istədiyin fəaliyyətə görə
07.07.2017 / No25

 

 

 


Təhsildə innovasiyaları stimullaşdırmağın tələbləri dəyişdi

Ruhiyyə DAŞSALAHLI

Təhsildə inkişaf və innovasiyalar üzrə qrantlar ayrılacaq. Bu məqsədlə “Təhsil haqqında” Qanuna, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və digər normativ hüquqi aktlara uyğun olaraq “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilməsi prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” müəyyən edilib. Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli qərarı ilə həmin tələblər təsdiq olunub.

Qrant mükafatı əvəz edəcək

Qrant ölkədə 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla həyata keçirilən “Ən yaxşı ümumi təhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsini əvəz edəcək. Belə ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Məqsəd dəyişmir

Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. İldə bir dəfə keçiriləcək qrant müsabiqəsi üçün Təhsil Nazirliyi tərəfindən tərkibi 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılır. Layihələri 5 nəfər təhsil mütəxəssisindən ibarət Ekspert Qrupu qiymətləndirir. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə Təhsil Nazirliyi tərəfindən yaradılan 3 nəfər üzvdən ibarət Apelyasiya Komissiyasında baxılır.

Tələb dəyişir

Qrant müsabiqəsi 2 kateqoriya - ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir. Qəbul edilən qaydalara görə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000, fərdi layihələr kateqoriyası üzrə isə 10000 manatdan çox olmamalıdır. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə əsasında müraciət etməlidirlər.
Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər. Müsabiqəyə ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən yalnız 1 layihə qəbul olunacaq. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr müsabiqə çərçivəsində əlavə və ya təkrar maliyyələşdirilmir. Müsabiqə çərçivəsində maliyyələşdirilmiş və icrası başa çatmamış layihələrin respiyentlərinin yeni müsabiqədə iştirakına yol verilmir. Layihəsinin icrası başa çatmış, lakin layihənin icrası ilə bağlı hesabatları yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixədək Təhsil Nazirliyinə təqdim etməmiş ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin müraciətlərinə baxılmır.
Layihələr elektron formada və ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən təklif olunan layihə formasına uyğun təqdim edilir. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Siyasi, dini, xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar yardımı və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə baxılmır.

50 baldan aşağı toplayan layihələr maliyyələşdirilməyəcək

Layihələrin qiymətləndirilməsi texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində 30 gün ərzində həyata keçirilir. Həmin müddət ərzində layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğunluğu yoxlanır, oxşarlığı və ya təkrar verilmə ehtimalı müəyyənləşdirilir. Qiymətləndirmə zamanı layihəni təqdim etmiş ümumi təhsil müəssisələrinin və ya pedaqoji işçilərin Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə əvvəl icra etdikləri layihələrin səmərəliliyi və nəticələri də nəzərə alınır.
Layihələr 100 ballıq şkala ilə qiymətləndirilir:
uyğunluq - layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu - 5 bal;
orijinallıq - layihənin digər layihə təkliflərindən fərqli olması - 5 bal;
problemin vacibliyi - layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması - 10 bal;
məqsəd və vəzifələrin dəqiqliyi - layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi - 10 bal;
faydalılıq - təhsilin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması - 20 bal;
davamlılıq - qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər ümumi təhsil müəssisələrində tətbiqinin mümkünlüyü - 10 bal;
fəaliyyət planı - layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi - 10 bal;
monitorinq və qiymətləndirmə - layihənin monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi - 10 bal;
maliyyə səmərəliliyi - layihənin smetasının görüləcək işlərə uyğunluğu - 20 bal.
Qeyd edək ki, ümumilikdə 50 baldan aşağı bal toplamış layihələr maliyyələşdirilməyəcək.

Qrantı geri ala bilərlər

Ümumi təhsil müəssisələri və fərdi layihələr kateqoriyaları üzrə layihələrin icrası başa çatdıqdan sonra 30 gündən gec olmayaraq, müvafiq icra və maliyyə hesabatları təsdiqləyici sənədlərlə birlikdə Təşkilat Komitəsinə təqdim edilir. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Təhsil Nazirliyinin hesabına qaytarılır. Təhsil Nazirliyi respiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər pozuntular aşkar edərsə, ölkə qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirir.

Yeni müsabiqənin üstünlükləri çoxdur

Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında yeni qaydaları şərh edərək bildirib ki, əvvəlki müsabiqə ilə qrant müsabiqələrinin məqsədində heç bir dəyişiklik yoxdur. Məktəblər və müəllimlər arasında inkişaf və innovasiyanı təşviq etmək, məktəblərdə rəqabətyönlü yenilikləri, həmçinin ayrı-ayrı müəllimləri dəstəkləmək əsas məqsəddir.
Məqsəd eyni olsa da, “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumi təhsil məktəbi” adlı müsabiqələri əvəz edəcək qrant müsabiqəsi bir sıra üstünlüklərə malikdir. Belə ki, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi 5000 manat, “Ən yaxşı ümumi təhsil məktəbi” müsabiqəsinin qalibi 10 min manat məbləğində mükafat alırdı. Artıq mükafat deyil, qrant ayrılacaq. Qrantın məbləği isə məktəblər üçün maksimum 100 min manat, müəllimlər üçün 10 min manatdır. Yəni, ayrılan maliyyə təşəbbüsün dəyərinə uyğun olacaq.
Təşkilat Komitəsi mövzuları müəyyənləşdirərək ictimaiyyətə elan edəcək. Məktəblər və müəllimlər müsabiqəyə məhz həmin prioritet istiqamətlər üzrə qatılacaqlar. E.Əmrullayev bildirib ki, qrant müsabiqəsi informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yeni metodologiyalar, dərs vəsaitləri, yeni kurikuluma əsaslanan yeni yanaşmaları əhatə edən ümumi istiqamətlər üzrə keçiriləcək. Konkret istiqamətlər isə hər ilin ehtiyaclarına uyğun olaraq Təşkilat Komitəsi tərəfindən müəyyən ediləcək. Bir il müəllimlərlə, növbəti il istedadlı uşaqlarla, yaxud inklüziv təhsillə və s. bağlı bir neçə prioritet istiqamət müəyyənləşdiriləcək.
İl ərzində ayrılacaq 1 milyon manat vəsait məktəblər və müəllimlər arasında ən yaxşı təşəbbüsə görə bölüşdürüləcək: “Vəsait yalnız əvvəlcədən müəyyənləşdirilən maliyyələşmə istiqamətləri üzrə xərclənə bilər. Buraya məktəblər üçün xüsusi avadanlığın alınması, müəllim heyətinə qonorarların verilməsi, tədqiqatçı təlimlərin aparılmasıyla bağlı layihələrin maliyyələşdirilməsi, səfərlər aiddir. Müəllimlər isə qrantı tətbiq zamanı ortaya çıxan müxtəlif xərclərə istifadə edə bilər”.
Daha bir fərq isə müsabiqəyə qatılma səbəbləri ilə bağlıdır. Əvvəlki müsabiqənin meyarları elə formalaşmışdı ki, bəzi məktəblər bir neçə dəfə qalib gəlirdi: “Kiçik məktəblərin həmin müsabiqədə özünü göstərmək imkanı az idi. Çünki bəzi məktəblərin özündən asılı olmayan səbəblərdən şagirdlərinin nailiyyətləri aşağı olur. Nəticədə heç mükafat ala bilməyən məktəblər siyahısı və davamlı olaraq qalib olan məktəblər siyahısı formalaşmışdı. Eyni vəziyyət müəllimlərlə bağlı da yaranmışdı. Hər il daha çox eyni kriteriyalara malik 100 müəllim vəsait alırdı. Tutaq ki, əvvəllər müxtəlif təlimlərdə, konfranslarda iştirak edən müəllimlər müsabiqə qalibi olurdusa, artıq fərqli fəaliyyətlə fərqlənən müəllimlər qrant ala biləcək. Belə ki, müsabiqədən fərqli olaraq, qrantlar keçmişdə olan fəaliyyətə yox, nəzərdə tutulan təşəbbüslərə görə veriləcək”.
Beləliklə, müəllimlər ötən illərdə əldə etdiklərinə görə yox, həyata keçirmək istədikləri fəaliyyətə görə dəyərləndiriləcək, təqdim etdikləri layihə maliyyələşmə imkanı qazanacaq.

yuxarı ⤴