1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Elm xəbərləri
07.07.2017 / No25

 
 

 

 


Süni intellekt bütün xatirələri yadda saxlamağa imkan verəcək

Yusif ƏLİYEV



“Apple Inc” şirkətinin rəhbərlərindən və Siri sistem-köməkçisinin yaradıcılarından biri olan Tom Qrubber TED 2017 konfransında çıxışı zamanı süni intellekt sistemlərinin daha bir istifadə imkanını nümayiş etdirib. Onun fikrincə, süni intellekt gələcəkdə insanın yaddaşında “genəldici” rol oynayaraq onun fiziologiyası ilə bağlı çatışmazlıqların öhdəsindən gəlməyə yardım edəcək.
Qrubber qeyd edib ki, müxtəlif İnternet texnologiyalarından geniş istifadə, smartfon və planşet qurğularının sürətlə yayılması nəticəsində şəbəkədə artıq hər bir insana aid böyük miqdarda informasiya mövcuddur.
www.dailytechinfo.org  saytının məlumatında bildirilir ki, ixtisaslaşdırılmış süni intellekt sistemi Alzheimer və ya skleroz xəstəliyi səbəbindən yaddaşını itirən insan haqqında bütün məlumatları toplayaraq onun “ehtiyat yaddaş”ı ola bilər.
“Süni intellekt və insan simbiozunun yaradılması üçün nə qədər vaxt və vəsait tələb olunduğunu indidən demək çətindir. Lakin hesab edirəm ki, belə simbiozun yaradılması labüddür”, - deyə Qrubber bildirib. Mütəxəssisin sözlərinə görə, kompüter yaddaşına malik olmaq insanlara nə vaxtsa çoxdan qarşılaşdığı şəxsi, onun adını, maraqlarını, hətta sonuncu söhbətin dəqiq məzmununu xatırlamağa imkan verəcək.
Qrubber əlavə edib ki, insanın yaddaşı rolunda çıxış edən köməkçi süni intellekt sistemləri tamamilə təhlükəsiz olmalıdır. Çünki bu məlumatlar insanların əksinə də istifadə oluna bilər. Ona görə də sistem elə qurulmalıdır ki, heç kim insanı baş verməyən bir hadisəni xatırlamağa məcbur etməsin.


İsveçdə uğursuz texnologiya məhsullarının muzeyi açılıb



Böyük İT-şirkətlər də bəzən tələbat olmayan məhsulu bazara çıxararaq səhvə yol verirlər. İsveçdə kommersiya baxımından uğur qazana bilməyən bu kimi texnologiya məhsullarının muzeyi açılıb.
www.dni24.com  saytının məlumatına görə, “Vesta” kolleksiyasının eksponatları arasında müasir planşetlərin sələfi olan “Apple Newton” fərdi rəqəmsal köməkçi də var. Sensor ekran və hətta əl ilə yazılmış hərflərin tanınması sisteminə malik olan qadcet 1993-cü ildə istehsal edilib. Lakin qurğu gözlənilən uğura nail ola bilməyib, bu da istehsalçıları layihəni dayandırmağa vadar edib.
Daha bir eksponat isə imkanları “Google” korporasiyası tərəfindən həddindən artıq yüksək qiymətləndirilmiş “Google Glass” əlavə reallıq eynəyidir. Bundan başqa, 1970-ci illərin əvvəllərində “Sony” şirkətinin mütəxəssislərinin hazırladığı “Betamax” videokasetləri də unudulmayıb.


Smartfonları enerji ilə pul kisəsi dolduracaq



Cari ilin iyul ayında qeyri-adi simsiz enerji ilə doldurma qurğusu satışa çıxarılacaq. “CHAARGO” adlı qurğu 4000 mAh batareya tutumuna malik pul kisəsidir. Artıq qadceti enerji ilə doldurmaq üçün əlavə qurğu daşımaq lazım deyil, onu pul kisəsinin üzərinə qoymaq kifayətdir.
www.techcult.ru  saytının məlumatına görə, “CHAARGO” dəri və alüminium kombinasiyasından hazırlanıb və “Qi 1.2” sürətli simsiz enerji doldurma standartından istifadə edir. Qurğunun özü “2,1 A” adapteri və USB-C kabelinin köməyilə 4 saat ərzində enerji toplayır.
Ölçüləri 115x95x15 mm, çəkisi isə 205 q olan pul kisəsinin daxilində əskinazlar və kartlar üçün bölmələr, qəpiklər üçünsə cib var.
Simsiz enerji doldurmanı “Samsung Galaxy” S7, S7 Edge, Note 5, S6, S6 Edge, “Microsoft Lumia” 1520, 1020,930, “Google Nexus” 4,5,6,7, “BlackBerry Priv” kimi telefon modelləri dəstəkləyir.
İstehsalçılar digər telefon sahiblərinə simsiz enerji doldurma üçün “CHAARGO” ilə birlikdə ödənişsiz adapter təqdim edirlər. Qeyri-adi pul kisəsinin pərakəndə qiyməti 75 funt-sterlinq təşkil edəcək.



İnsanın nə qədər yaşayacağı barədə proqnoz veriləcək



Avstraliya alimləri insanın orqanlarının şəkli ilə onun ömrünün uzunluğu haqqında 69 faiz dəqiqliklə proqnoz verən süni intellekt sistemi yaradıblar.
“Pasiyentin gələcək vəziyyəti haqqında proqnoz həkimlər üçün son dərəcə əhəmiyyətlidir. Çünki bu məlumat onlara xəstənin həyatının xilas edilməsi və uzadılması üçün ən uyğun müalicəni seçməyə kömək edir. Bu kimi proqnozlar hələ ki, həkimlərin təcrübəsi ilə məhdudlaşır. Biz bu məsələnin həlli üçün dərin neyron şəbəkələrdən istifadə etməyin mümkünlüyünü sınaqdan keçirdik”, - deyə Avstraliya Adelaida Universitetinin alimi Lyuk Okden-Reyner bildirib.
www.news.rambler.ru  saytının məlumatına görə, Okden-Reyner və onun həmkarları sistemin yaradılması üçün 40 pasiyentin sağlamlıq vəziyyətinin müşahidəsi zamanı döş qəfəsi və qarın boşluğunun tomoqraf cihazının köməyilə əldə olunmuş bir neçə min şəklindən istifadə ediblər.
Alimlər sistemin artıq ölmüş pasiyentlərin orqanlarının şəkilləri ilə onların nə qədər yaşadıqları haqqında dəqiq proqnoz verdiyinə əmin olduqdan sonra onu hazırda həyatda olan pasiyentlər üzərində sınaqdan keçiriblər. Bunun üçün 8 gənc və yaşlı pasiyentdən ibarət qrup toplanaraq növbəti bir neçə il ərzində onların həyatı müşahidə altında saxlanılıb. Məlum olub ki, proqram həqiqətən də könüllülərin nə qədər yaşayacaqları haqqında düzgün proqnoz verir.
Alimlərin fikrincə, məlumat bazasının genişləndirilməsi və sınaqlara daha çox könüllünün cəlb olunması bu kimi proqnozların keyfiyyətini yüksəltməyə imkan verəcək. Hazırda Okden-Reynerin komandası neyron şəbəkənin təkmilləşdirilmiş versiyası üzərində çalışır.

İKT.az saytının materialları əsasında
 

yuxarı ⤴