1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Big Data XXI əsrin qlobal çağırışlarından biridir
07.07.2017 / No25

 

 

 


AzScienceNet-in Data Mərkəzinin resurslarından səmərəli istifadə edilmir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, R.Əliquliyev müasir dövrdə böyük həcmdə verilənlərin saxlanması və emalı problemlərinin həllinin vacib məsələlərdən olduğunu deyib. Diqqətə çatdırılıb ki, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının müxtəlif fəaliyyət sahələrinə geniş tətbiqi ifrat dərəcədə informasiya selini yaradaraq XXI əsrin qlobal çağırışlarından olan Big Data problemini meydana gətirib. Beynəlxalq təşkilatlar tərəfindən Big Data-ya yüksək dəyər verilir, onun potensial imkanlarından istifadə sahəsində bir sıra strateji plan və layihələr qəbul edilir. Məruzəçi deyib: “Avropa Komissiyası Big Data-nın tədqiqi üçün “Horizon 2020” proqramı çərçivəsində 120 milyon avro həcmində investisiya ayırıb”.

R.Əliquliyev vurğulayıb ki, Big Data-nın analizi və onlardan yeni biliklərin əldə olunması müasir elmin qarşısında aktual və həlli çətin multidissiplinar problemlər qoyub. Bu da elmdə yeni bir istiqamətin - verilənlər haqqında elmin (Data Science) meydana gəlməsinə və yeni mütəxəssislərin - verilənlərin emalı üzrə alimlərin yetişməsinə (Data Scientist) səbəb olub.

Akdemik bildirib ki, elektron elmin şəbəkə platforması olan AzScienceNet-in Data Mərkəzinin imkanlarının genişləndirilməsinə baxmayaraq, mərkəzin resurslarından səmərəli istifadə olunmur. Belə ki, müxtəlif elm sahələrində aparılan araşdırmalar nəticəsində əldə olunmuş məlumatların toplanması, saxlanması və emalı üçün Data Mərkəzin və Big Data analitikası texnologiyalarının verdiyi imkanlardan lazımi səviyyədə istifadə edilmir. Bu problemlərin multidissiplinar xarakter daşıdığını deyən alim onların həlli üçün universal kadrların (Data Scientist, Data Analysist, Data Engineer) hazırlığına böyük ehtiyac yarandığını vurğulayıb.

R.Əliquliyev beynəlxalq qurumların çağırışlarını və problemin aktuallığını nəzərə alaraq, 2013-cü ildən etibarən ölkəmizdə də bu istiqamətdə tədqiqatlara başlanıldığını diqqətə çatdırıb. Bildirilib ki, 2014-cü ildən başlayaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda SOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və Big Data-nın müxtəlif problemlərinə həsr olunmuş qrant layihələri yerinə yetirilmiş və bu istiqamətdə işlər davam etdirilir.

Ölkəmizdə Big Data və superkompüter texnologiyaları sahəsində araşdırmaların vəziyyəti haqqında məlumat verən məruzəçi kompüter şəbəkələri əsasında virtual superkompüterlərin sintezi üçün modellərin təklif olunduğunu, Big Data-nın klasterləşdirilməsi üçün səmərəli reprezentativ metodların işləndiyini deyib. Bildirilib ki, ölkədə Big Data sahəsində 20 elmi məqalə, 62 konfrans materialı, superkompüter sahəsində isə 54 elmi məqalə, 44 konfrans materialı hazırlanıb.
R.Əliquliyev Big Data, Data Science, proqram mühəndisliyi və superkompüter texnologiyaları sahəsində kadr hazırlığı məsələlərinə də toxunub. Qeyd edilib ki, ilk növbədə, AMEA-nın magistratura və doktoranturasında bu sahələr üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməlidir.

AMEA Rəyasət Heyəti Big Data analitikası və superkompüter texnologiyaları sahəsində multidissiplinar araşdırmaların prioritet hesab olunması, Big Data analitikası, superkompüter texnologiyaları, Data Science, proqram mühəndisliyi sahəsində kadr hazırlığının (bakalavr, magistr, fəlsəfə doktoru) təmini üçün zəruri tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul edib. Həmçinin AzScienceNet şəbəkəsinin DATA Mərkəzinin resurslarından istifadənin səmərəliliyinin artırılması, AzEduNet, GEANT-a inteqrasiyasının gücləndirilməsi, elmi müəssisələr tərəfindən toplanan Big Data resurslarının DATA Mərkəzdə yadda saxlanılmasının təmin edilməsi, İTİ-də Big Data və superkompüter texnologiyaları sahəsində elmi müəssisələr üçün elmi-metodik dəstəyin həyata keçirilməsi nəzərdə tutulub.
 

yuxarı ⤴