1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Ali təhsildə çevikliyin təmin olunmasının Azərbaycan təhsilində rolu
07.07.2017 / No25

 
 

 

 


İnsan kapitalının inkişafı şəraitinin yaxşılaşdırılması üçün yüksək təhsilli iqtisadi fəal əhalinin sayını artırmaq zəruridir

Nəzrin BAĞIROVA,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin baş məsləhətçisi

Bilik iqtisadiyyatı dövründə insan kapitalının səviyyəsinin artırılması ölkənin ümumi rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. İnsan kapitalı anlayışı ilk dəfə olaraq 1961-ci ildə Teodor Şultz tərəfindən irəli sürülüb. Onun fikrincə, insanların iqtisadi durumu onların intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək şəraitindən asılıdır. Bu məqalədə Bilik İqtisadiyyatı və Dördüncü Sənaye İnqilabı dövründə çevik təhsil formasının və mexanizminin tətbiqi vasitəsi ilə yüksək səriştəli və təhsilli iqtisadi fəal əhalinin (əsasən 25-34 yaş qrupu) sayını artırmaqla insan kapitalının inkişafının yaxşılaşdırılmasına dair problemlər və təkliflər təhlil edilir. Bu təkliflər 2016-cı ildə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunmuş “Təhsil siyasəti və tədqiqat” forumunda müəllif tərəfindən təqdim olunub.

Nəyə görə məhz 25-34 yaş qrupu? Beynəlxalq ekspertlərin araşdırmalarına əsasən, sözügedən yaş qrupunun təhsil və təlimdə iştirak etmək ehtimalı iqtisadiyyatın aparıcı gücü kimi digər qruplarla müqayisədə daha yüksəkdir. Eyni zamanda, bu yaş qrupunda olan əhali ölkə iqtisadiyyatının aparıcı qüvvəsi hesab olunur.

Beləliklə, əgər təhsil islahatları ölkədə iqtisadi fəaliyyətin rəqabətliliyini inkişaf etdirməyə yönəlibsə, onda o, işçi qüvvəsinin əmək məhsuldarlığını artırmaq məqsədi ilə işçilər arasında təhsil alma səviyyəsinin yüksəldilməsinə nail olmalıdır. Lakin Azərbaycanın inkişaf etmiş ölkələrlə müqayisəsindən sonra gəlinən nəticəyə əsasən, ölkəmizdə əmək məhsuldarlığı çox aşağıdır və bunun əsas səbəblərindən biri də ali və orta ixtisas təhsilli insanların sayının az olmasıdır. Habelə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il məlumat bazasından əldə olunan rəqəmlərə görə, 25-34 yaş qrupunda ali və orta ixtisas təhsillilər 8 faiz təşkil edir. Məsələn, Azərbaycanda iş saatı Cənubi Koreyada iş saatı ilə eyni olsa da, ölkəmizdə işçi başına düşən məhsul çox aşağıdır (qrafik1). Eyni zamanda, qrafikdən göründüyü kimi, həmin işçi qüvvəsinin məhsuldarlığı yüksək olan ölkələr inkişaf etmiş ölkələrdir.
Növbəti qrafikdə ölkələr üzrə 25-34 yaş qrupundan olan əhalinin arasında ali və orta ixtisas təhsillilərin faiz nisbəti təqdim olunur. Nəticə etibarı ilə hər iki qrafik və təcrübə göstərir ki, əmək məhsuldarlığı və ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri ali və orta ixtisas təhsilli əhalinin sayından asılıdır. Əgər Azərbaycanda bu, problem olaraq qalarsa və həll yolu tapılmazsa, bugünkü bilik iqtisadiyyatı dövründə yüksək səriştəli və ali təhsilli işçi qüvvəsinə artan tələbat gələcəkdə ölkə iqtisadiyyatının inkişafının aparıcı quvvəsi kimi azlıq təşkil edə bilər. (Qrafik 1,2)

N. Bağırova. OECD 2013. Azərbaycan Dövlət Statistika Komitəsi. 2013.

İqtisadi fəal əhalinin (2013-cü ildə) yalnız 8%-nin ali və orta ixtisas təhsilli olmasını araşdırmaq üçün öncə problemi törədən səbəblərə nəzər salmaq lazımdır. Problemi ortaya çıxaran əsas amillərdən aşağıdakı 4-ü üzrə araşdırma aparılıb:
a) Əhalinin demoqrafik göstəriciləri, məktəbi bitirmə və ali təhsil müəssisələrinə daxilolma ehtimalının statistik təhlili;
b) Əhali arasında sorğu;
c) Mövcud qanunvericiliyin təhlili;
d) Beynəlxalq təcrübə.
Statistik təhlildən məlum olub ki, qeyd edilən problemə səbəb olan amillərdən əsasları aşağıdakılardır:

* Ümumtəhsil müəssisələrini bitirən şagirdlərin ATM-lərə qəbul olma ehtimalı
2010-2014-cü illərdə orta ümumtəhsil müəssisələrini bitirən şagirdlərin 38 faizinin ali məktəblərə qəbul olma ehtimalı olub (Cədvəl 1). Eyni zamanda, hər il ali və orta ixtisas təhsili müəssisələrini bitirənlərin iqtisadi fəal əhaliyə faiz nisbəti 1.02%-dir (Cədvəl 2).

* Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin yaş həddi

Ali təhsil müəssisələrinə qəbul olunan tələbələr əsasən 17-24 yaş qrupuna məxsusdur ( 90%-dən çox). Bu da onu göstərir ki, ali təhsil müəssisələrinə ancaq bu yaş qrupundan olan əhali üçün daha çox qəbul olmaq şəraiti və imkanları mövcuddur. Nəticədə bu, Azərbaycanda ali təhsilli əhalinin sayca az olmasına əhəmiyyətli dərəcədə təsir edir.

* Demoqrafik dinamika:
Əhalinin 5-9 yaş qrupunda olanların sayı 1995-ci ildən başlayaraq 2015-ci ilədək azalıb ki, bu da ümumtəhsil məktəblərini bitirən və ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayına müəyyən qədər təsir göstərib. Həmçinin, 2005-ci ildən başlayaraq, bu prosesin təsir qüvvəsi artıb və 2015-ci ildən 2030-cu ilədək davam edəcək. (Cədvəl 1,2)

Əhali arasında sorğu: 2016-cı ildə 17-24 və 25-34 yaş qruplarına bölünməklə 40 rayonda (Bakı və ətraf rayonları çıxmaqla) 458 nəfər orta təhsilli şəxs arasında aparılan sorğu bizə müəyyən nəticələrə gəlməyə əsas verir. Sorğu keçirilən rayonlar məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunma səviyyəsi aşağı olanlar arasından seçilib.

Respondentlər təhsillərini davam etdirməmələrinə səbəb kimi maddi təminatının aşağı olması, qəbul imtahanından kəsilməsi və ya ailə vəziyyətini göstəriblər. Eyni zamanda, sorğuda iştirak edən hər iki yaş qrupundan olan əhalinin əksəriyyəti orta ixtisas və ali təhsilə yiyələnmək istəyir. Lakin onların maddi və ailə vəziyyəti, əmək bazarında tam ştat işə sahib olduqlarından vaxt məhdudiyyəti ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olma ehtimalını azaldır. Onların ali təhsil alması üçün təhsil sistemində nə kimi imkanlar və fürsətlər olmalıdır?

Mövcud qanunvericiliyin təhlili: Aparılan araşdırma və müşahidələr nəticəsində aydın oldu ki, ilk dəfə ali təhsilə yiyələnmək istəyən aztəminatlı ailələrdən və qeyri-ənənəvi yaş qrupundan olan (əsasən 25 yaşdan yuxarı) əhalinin ali və orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirməsi üçün mövcud qanunvericilikdə aşağıdakı məhdudiyyətlər mövcuddur:

1) Ali təhsil alma imkanı qaydaları - dövlət qəbul imtahanı qaydalarının və qəbul şərtlərinin hər kəs üçün eyni olması, yaş və təcrübə nəzərə alınmadan əvvəlki təhsilin tanınması şərtlərinin sabit olması, 24 yaşdan yuxarı əhalinin sosial-iqtisadi tələblərinin nəzərə alınmaması, təhsilalanların sosial-iqtisadi vəziyyətini çətinləşdirən təhsil haqqının ödənilməsi qaydalarının sərtliyi, ailə və iş öhdəlikləri daşıyan əhalinin tələbatlarını nəzərə almayan qaydalar;

2) Alternativ təhsil formaları üçün mövcud maneələr - əyani təhsilin ali və orta ixtisas təhsil sistemində yeganə təhsil forması olması, qısa müddətli proqramların və onların tanınma mexanizminin çatışmazlığı, pillələr və səviyyələr arasında keçidi asanlaşdıran Milli Kvalifikasiya Çərçivəsinin mövcud olmaması, Avropa Kredit Transfer Sisteminin təhsilalanların sosial-iqtisadi tələblərini ödəməməsi və çevikliyi təmin etməməsi (cari üç ilin təcrübəsinin təhlilinə əsasən), mobilliyin təmin edilməməsi və təhsil proqramının çevik olmaması, 17-24 yaşlı tələbələrə yönəlmiş tədris metodikası və yanaşması;

3) Təhsil yanaşması və müəssisənin şəraiti - tədris metodları, infrastruktur, tələbələrə dəstək səviyyəsinin xüsusilə 17-24 yaş kateqoriyasının tələbələri üçün nəzərdə tutulması aiddir. 17-24 yaş kateqoriyası və yaşı daha çox olan tələbələrin mənimsəmə, həyat və karyera tələbatlarının fərqli olmasına baxmayaraq, tədris yanaşmasında bu fərqlər nəzərə alınmır. Bu o deməkdir ki, yaşlıların tələbatları gənc tələbələrlə müqayisədə daha konkret, hədəfləri daha dəqiqdir. Eyni zamanda, yaşı 25-dən yuxarı olan tələbələr daha karyera yönümlü olur, nə istədiklərini bilirlər və onlara daha çox akademik dəstək lazımdır. 17-24 yaşlı tələbələr isə daha çox karyera məsləhətlərinə ehtiyac duyur. Bu tələbatların heç biri mövcud təhsil müəssisələrində ödənilmir. (Yeni təhsil islahatlarında 17-24 yaşlı əhalinin təhsil tələbatları nəzərə alınaraq karyera mərkəzlərinin qurulması planlaşdırılır - N.B.)

Əgər biz tələbələrimizin fərdi həyat və sosial iqtisadi tələblərindən danışırıqsa, o zaman infrastrukturda çeviklik məsələsi də qeyd olunmalıdır. Məsələn, kitabxanaların və kompüter mərkəzlərinin saat 18:00-a qədər işləməsi məhdudiyyət yaradır.
Nəticə etibarilə ali və orta ixtisas təhsili müəssisələrinə əhalinin çıxışını məhdudlaşdıran qaydalar, mövcud qanunvericilik və alternativ təhsilalma formalarının çatışmazlığı, təhsil prosesinin təşkili və tələbələrə dəstək sisteminin keçmiş ənənəvi mexanizmini təşviq etməklə məhdudiyyətlər yaradılması, tədris metodları şəraitləri, xüsusilə, aztəminatlı ailələrdən olan ənənəvi (17-24 yaş qrupu), qeyri-ənənəvi (25 yaşdan yuxarı) tələbələrin Azərbaycanda ali təhsilə çıxış imkanlarına məhdudiyyətlər yaradıb. Bu səbəblərə görə də ölkədə 25-34 yaşlı iqtisadi fəal əhalinin 8%-dən də az bir qismi ali təhsillidir. (Dövlət Statistika Komitəsi, 2013).

4) Beynəlxalq təcrübə
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun genişləndirilməsi və bilik iqtisadiyyatında XXI əsrin əmək bazarının tələbatlarını ödəmək üçün yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Avropa Ali Təhsil Məkanı və UNESCO-nun təhsil siyasəti ömürboyu təhsili təşviq edir (UNESCO, 2015, Bologna SRWG report, 2015). Ömürboyu təhsil-ömürboyu əldə ounan kvalifikasiyalara deyilir. Bu, çevik, çoxçeşidli və istənilən məkan və zamanda uyğun olan təhsilalma formasıdır (Lifelong Learning Council Queenland İnc. 2016). Ömürboyu təhsil əmək bazarı üçün bilik və səriştənin səviyyəsinin yüksəldilməsi, şəxsiyyətin davamlı inkişafının təmin olunması məqsədi daşıyır (Thesaurus Dictionary). Belə ki, həmin kvalifikasiyaları əldə etmək üçün aşağıdakı mexanizm məsləhət görülür:

• Avropa Kredit Transfer Sistemini tələbənin bacarıq və sosial iqtisadi ehtiyaclarını ödəyərək, mobilliyini təmin edərək AKTS-i (burada kredit) təhsil səviyyələri arasına çevik alət kimi tətbiq etmək;
• Tələbata əsaslanan qrantlar, təqaüdlər və məsləhət xidmətləri kimi tələbəyə dəstək mexanizmlərinin əsasını qoymaq;
• Part-taym, distant təhsil, qarışıq tipli, qısa müddətli proqramlar və s. kimi çevik təhsil imkanları yaratmaq;
• Ali təhsil müəssisələrinə qəbul formasının çevikliyini təmin etmək;
• Əmək bazarının tələbatlarına cavab verən, xüsusilə ömürboyu təhsili üçün yeni çevik tədris proqramları, ömürboyu səriştə və bacarıqlarının inkişafına dair yeni tədris metodikası tərtib etmək və büdcə vəsaitini artırmaq;
• Milli Kvalifikasiya Çərçivəsini qəbul etmək və qısa müddətli proqramları daxil etmək.

AATM hesabatlarında (Bologna SWRG report 2010, 2012, 2015) qeyd edilib ki, keçmiş Sovet ölkələrində oxşar təhsil sistemləri çevik təhsil imkanlarını təminetmə mərhələsindədirlər. Yuxarıda qeyd edilən alternativ təhsilalma formalarının təmin edilməsi yolu ilə Rusiya, Belarus və Qazaxıstan daxil olmaqla bir neçə ölkə qəbul imtahanlarında islahatlar etməklə buna nail olur. Bundan əlavə, Avropa ölkələrində əhalinin yaşlanmasını nəzərə alaraq, Avropa Komissiyası tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində 2020-ci ilə qədər 30-34 yaşlı əhalinin sayını 40%-dək çoxaltmaq məqsədi qarşıya qoyulub.

Belə ki, Bilik İqisadiyyatı və Dördüncü Sənaye İnqilabı dövründə çevik təhsil formasının və mexanizminin tətbiqi vasitəsi ilə yüksək səriştəli və təhsilli iqdisadi fəal əhalinin (əsasən 25-34 yaş qrupu olanlar) sayını artırmaqla insan kapitalının inkişafı şəraitinin yaxşılaşdırılması mühümdür. Habelə, statistik təhlil, əhali arasında sorğu, mövcud qanunvericilikdə və təhsil prosesinin təhlili və beynəlxalq təcrübə sahələri üzrə aparılan araşdırmalardan çıxan nəticə budur ki, mövcud təhsil sistemi əhalinin, xüsusilə də aztəminatlı ailələrdən və 25 yaşdan yuxarı olan təbəqə olmaqla, bütün yaş qrupları üzrə əhalinin ali və orta ixtisas təhsil müəssisələrinə çıxış imkanları məhduddur. Bunun nəticəsi olaraq, 25-34 yaşlı iqtisadi fəal əhalinin az bir qismi ali təhsillidir. Bu, ölkə iqtisadiyyatına mənfi təsir edəcək, xüsusilə də Dördüncü Sənaye İnqilabı dövrünün bilik iqtisadiyyatı şəraitində əmək məhsuldarlığının aşağı olması ilə nəticələnəcək. Bunun qarşısını almaq və ömürboyu səriştələrə yiyələnmək üçün şərait yaratmaq məqsədi ilə sistemdə distant təhsil, part-taym, qarışıq tipli və s. kimi çevik təhsil imkanları olmalıdır.

Təhsil siyasəti üzrə təkliflər:

Bu sistemi tətbiq etmək üçün aparılan sorğudan alınan və təhlil olunan məlumatları, eləcə də ölkənin indiki iqtisadi vəziyyətini nəzərə alanda bir neçə məsələ aydın olur. Habelə, hər iki yaş qrupundan olan respondentlərin əksəriyyəti təhsilalma forması olaraq part-taym təhsili (semestrdə 24 kreditdən az götürmək və az ödəniş etmək şərtilə natamam dərs yükünü götürməklə tələbənin təhsilin normativ müddətindən daha uzun müddətə ali təhsil almaq forması) qiyabi təhsil formasından üstün hesab edir. İkinci prioritet imkan olaraq respondentlər tələbə krediti almaqla öz təhsillərini davam etdirməyi mümkün hesab edir. Eyni zamanda, distant təhsilə tələbatın çox az olduğu da müəyyən olunub. Digər tərəfdən isə mövcud iqtisadi şəraitə və tarixə nəzər salarkən (İkinci dünya müharibəsindən sonra iqtisadi böhran dövrlərində) aydın olur ki, part-taym təhsil forması ən çevik və maddi cəhətdən ən uyğun forma olduğuna görə əhalinin ali və orta ixtisas təhsil müəssisələrinin bu təhsil formasına olan tələbatı artıb. Buna görə də həmin formanın Azərbaycanda da tətbiq olunmasını məqsədəuyğun hesab etmək olar. Qeyd etmək lazımdır ki, məqalədə qısamüddətli proqramlara əhalinin tələbatı araşdırılmayıb və təhlil olunmayıb.
Part-taym təhsilalma forması və onun əhəmiyyəti nədir?

Part-taym - tələbənin fərdi tələbatlarına uyğun, əyanidən fərqli olaraq daha az tədris yükünün götürülməsini təmin edən, tədris yükünə uyğun olaraq daha az ödəniş etmək şərti ilə natamam dərs yüküdur. Bu, o deməkdir ki, Avropa Ali Təhsil Məkanı tərəfindən müəyyən olunmuş kreditin prinsipləri və İqtisadi Əməkdaşlıq Təşkilatının (OECD) part-taym tərifinə uyğun olaraq əyani təhsil formasının tədris yükünün 75 faizı və daha aşağısından istifadə edən tələbəyə part-taym tələbə statusu verilir (OECD Glossary, 2002). Məsələn, əgər semestrdə müəyyən olunan kreditin sayı 30-dursa, o zaman onun 75%-dən aşağı kreditlərinin sayı 24 kreditdən aşağı olacaq. Həmin prinsip saxlanılmaqıa, müxtəlif ölkələrdə, milli təhsil sistemi və ölkənin normativ kontekstindən asılı olaraq part-taym tələbə statusu fərqli yollar ilə sistemdə tətbiq olunur. Həmin tələbə təhsilin normativ müddətindən daha uzun müddətə ali təhsil ala bilər.

Belə ki, təcrübəyə əsasən, AKTS-in çevik olmağı və part-taym tələbə statusunun müsbət tərəfi, ali təhsil müəssisələrində tələbələrin müxtəlif yaş və sosial-iqtisadi statusu və qruplarından asılı olmayaraq sayını artırır. Bu, biliklərin daimi yenilənməsi və ali təhsilli insanların sayının artması ilə nəticələnir. Beynəlxalq təcrübə göstərir ki, part-taym tələbələrin sosial mobilliyə və ölkənin iqtisadi fəaliyyətinə təsiri müsbət nəticələnir. Həmçinin, Milli Kvalifikasiya Çərçivəsinin effektiv icrasına və ömürboyu təhsilin icra mexanizminin təminatına zəmin yaradır. Lakin həmin sistemin məhdudiyyətləri və riskləri onu tətbiq edən ölkənin təhsil sisteminin formalaşma tarixindən və normativ bazasının kontekstindən asılıdır. Bu, ondan irəli gəlir ki, part-taym yüksək muxtariyyəti olan təhsil müəssisələrində və sistemində ilk addımlarını atıb. Ona görə bəzi sistemlərdə part-taym təhsilinin tətbiqi inqilabi dəyişikliklər tələb edə bilər.

Part-taym təhsilalma formasının çoxtərəfli faydaları var. Bu təhsil forması əhalinin sosial-iqtisadi statusuna, yaşayış şəraitinə və öyrənmə sürətinə uyğundur. Bundan əlavə, part-taym təhsil forması Bakıdan kənar orta ixtisas təhsili müəssisələri (kollec) arasında daha münasib olacaq, çünki kənd yerlərində onların sayı daha çoxdur və onlar qeyri-ənənəvi potensial təhsilalanlar üçün coğrafi cəhətdən daha münasibdir. Ali təhsil müəssisələri tələbənin təhsil haqqından özəl gəlirlərini artırır, çünki bu yolla tələbələrin sayı artmağa istiqamətlənib. Hökumət üçün isə ali təhsilli əhalinin sayının çox olması, öyrənən cəmiyyət yaratmaqla regional mərkəzlərə urbanizasiya prosesini sürətləndirəcək ki, nəticədə regionların iqtisadi inkişafına gətirib çıxaracaq. Beləliklə də ölkəyə beynəlxalq mütəxəssislərin gətirilməsi xərcləri azalacaq.

Bunun üçün part-taym tələbə statusunun Azərbaycan təhsilinin imkan və məhdudiyyətlərinin nəzərə alınaraq icra mexanizminin düzgün həyata keçirilməsinin tətbiqi ilə bağlı müvafiq sistemli qərarların qəbul edilməsi zəruridir. Habelə, kredit sisteminin (AKTS-ın), yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi zəruridir.

Belə ki, AKTS-in çevikliyini təmin edərkən, part-taym tələbə statusunu almaq, tələbə mobilliyi asanlaşır və əyani təhsil formasında təhsil alan tələbələr bacarıqlarından asılı olaraq təhsilini müəyyən olunan normativ kreditlərin sayından çox/az kredit götürməyə imkan əldə etməklə dörd ildən tez/gec bitirə bilirlər.

Sonda qeyd etmək lazımdır ki, Dördüncü Sənaye İnqilabı və Bilik İqtisadiyyatı dövründə ölkənin iqtisadi inkişafını, əhalisinin rifahını yaxşılaşdıran və işçi başına məhsuldarlığın artırılmasını təmin edən əsas amillərdən biri də yüksək səriştəli və təhsilli insanlarıdır. Buna görə də yuxarıda (2015-2016-cı illərdə) aparılan araşdırmaya əsasən, əhalinin yaş, sosial-iqtisadi qrupundan asılı olmayaraq təhsilalma və ömürboyu təhsilin imkanlarının genişləndirilməsi məqsədi ilə ölkədə təhsilə əlçatılmasının çevik mexanizminin (ələlxüsus, part-taym təhsili, distant təhsil və s. təhsilalma formalarının) yaradılmasına ehtiyac duyulur və zəruridir.

“Qara qızıl” kapitalını “insan kapitalı”na çevirmə prosesi artıq 10 ildən çoxdur ki, dövlətin diqqətindədir və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” kimi proqramlarda öz əksini tapıb. Təxminən 5000 azərbaycanlı gənc xaricdə ən nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb ölkəmizə qayıtdıqdan sonra Azərbaycanın inkişafı üçün fəaliyyət göstərmə imkanı əldə edib. Bundan əlavə, “Azərbaycan 2020: Gələcəyə baxış” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil müəssisələrində təhsil alan tələbələrin sayını artırmaq və hər kəs üçün imkanlar (xüsusilə, yaşlılar və aztəminatlı ailələrdən olan tələbələr) təmin etmək məqsədilə ömürboyu təhsili bir strateji istiqamət olaraq hədəfə alıb.

“Bəs bizə təhsildə hansı islahatlar lazımdır?”. Bu sualın cavabı həmçinin “Biz nə cür cəmiyyət istəyirik?” sualındadır. İkinci sualın cavabı gələcəkdə təhsil islahatlarının istiqamətlərini müəyyən edəcək.
 

yuxarı ⤴