1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Universitetlərdə “Məzun günləri”
07.07.2017 / No25

 

 

 


Bu il ölkəmizin ali təhsil müəssisələrini 41700-dən çox gənc bitirir

Yusif ƏLİYEV

Hər il yaz imtahan sessiyası başa çatdıqdan sonra universitetlərdə ali təhsil müəssisələrinin növbəti buraxılışlarına həsr olunmuş ənənəvi “Məzun günü” tədbirləri keçirilir.

“Universitetə hər kəs qəbul oluna bilər, lakin onu bitirmək heç də hamıya müyəssər olmur” deyimini nəzərə alsaq, ali məktəb məzunlarının universitet həyatının son akkordu olan bu tədbirlərdəki sevincini başa düşmək heç də çətin deyil. Ona görə də ali məktəblərdə düzənlənən “Məzun günləri” həmişə öz məzmunu, təşkili forması, iştirakçılara yaşatdığı kövrək anları ilə diqqəti cəlb edir.

Bu ilin məzunlarını da ali təhsil müəssisələri belə maraqlı tədbirlərlə yola salırlar.

AzMİU-nun 42-ci buraxılışı

“Bu gün Azərbaycan Memarlıq və İnşaaat Universitetini bitirən biz məzunlar özümüzü dünyanın ən xoşbəxt insanları sayırıq. Universitetimizdə tələbələr üçün yaradılmış gözəl şərait və demokratik mühitin şahidi olmaqdan qürur duyuruq. Biz tələbələri dinləyən, fikirlərimizə diqqətlə yanaşan, qarşımıza çıxan problemlərlə yaxından maraqlanan və aradan qaldırılmasında yardımçı olan bir kollektiv gördük. Müəllimlərimizdən biliklərin sirlərini öyrəndik, ağsaqqallardan öyüd-nəsihət aldıq, milli-mənəvi dəyərlərimizə yiyələndik, elmi konfransların, yığıncaqların iştirakçısı olduq”.

İyulun 4-də Azərbaycan Memarlıq və İnşaaat Universitetində keçirilən “Məzun günü”ndə məzunların adından səsləndirilən bu fikirləri əslində, bütün universitetlərin məzunlarına aid etmək olar.

Universitetin akt zalında düzənlənən tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb. Bildirib ki, zəngin elm və təhsil ənənələrinə malik olan universitet bu gün özünün 42-ci buraxılışını qeyd edir. “Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla verib. Bu il SABAH qruplarının ilk məzunu olaraq 53 tələbə memarlıq, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir, SABAH məzunlarından 7 nəfəri Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.

AzMİU-nu fərqlənmə diplomu ilə bitirən əcnəbi tələbələr bu universitetin tələbəsi olmağın üstünlüklərindən danışıb, universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini bildiriblər.

ADPU-nu filialları və ADPK ilə birlikdə 4433 məzun bitirir

Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun gününə həsr edilmiş tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, müəllim bütün həyatı boyu öyrətməklə bərabər, həm də özü daim oxuyub-öyrənən, mütaliə edən, öz üzərində çalışan, bilik dairəsini genişləndirən bir şəxsdir. Ümummilli lider Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” sözlərini xatırladan rektor builki məzunlarının həmin fikirləri doğruldacaqlarına inandığını söyləyib.

C.Cəfərov bildirib ki, bütövlükdə bu il ADPU-nu filialları və ADPK ilə birlikdə 4433 nəfər məzun bitirir. Universitetin magistraturasından isə 25 ixtisas, 33 ixtisaslaşma üzrə 298 nəfər magistr məzun olur.

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin məzunu Gülgəz Cəfərzadə məzunlar adından onlara göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, universitetdə öyrəndikləri bilik və bacarıqların onların gələcək həyatında, peşə karyeralarında mühüm rol oynayacağını vurğulayıb.

Universiteti yüksək balla bitirən məzunlara diplomlar təqdim olunub

Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilində universitetin bakalavr və magistr pillələrində təhsillərini başa vuran tələbələr üçün keçirilən “Məzun günü”ndə çıxışına “Bu gün həqiqətən də əziz gündür. Mən inanıram ki, bu günün ab-havasını, səmimiliyini, doğmalığını siz həyatınız boyu qəlbinizdə qoruyub saxlayacaqsınız” sözləri ilə başlayan rektor Kamal Abdulla inandığını bildirib ki, universiteti bitirən hər bir gənc dünyanın hər hansı bir nöqtəsində olmasından asılı olmayaraq ADU-nun şərəfini uca tutacaq, universitetlə əlaqələrini həyatları boyu davam etdirəcəklər.

Məzun Aydan Məmmədovanın valideyni Əzizağa Məmmədov övladına tələbəlik boyu əziyyət çəkən bütün müəllim kollektivinə təşəkkürünü bildirib, məzun olan tələbələri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 2016-2017-ci tədris ilində Azərbaycan Dillər Universitetindən təhsilin bakalavr pilləsi üzrə əyani bölmədən 1457 nəfər, qiyabi bölmədən 72 nəfər, həmçinin magistratura pilləsi üzrə 128 nəfər tələbə məzun olub.

UNEC-də “son dərs”

UNEC-də “Məzun günü”ndə qurulan şərti auditoriyada “son dərs” keçirilib. Dərsdə elektron jurnalla fakültələrin davamiyyəti yoxlanılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov “auditoriyada” quraşdırılan elektron tribunadan məzunları təbrik edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor azərbaycanlı tələbələrin cəmiyyətin fəal və ayrılmaz bir hissəsinə çevrildiyini diqqətə çatdırıb. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, vətənin qorunmasında UNEC tələbələrinin təmsil olunmasını qürurverici hal adlandırıb.

Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək balla (98.6) məzun olan Aida Həsənovanın adı UNEC-in fəxri daşına həkk edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu olan A.Həsənova UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq standartlara cavab verən ali təhsil alması üçün hər şərait yaradılıb. Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran A.Həsənova UNEC məzunu olması ilə fəxr etdiyini deyib.

Qeyd edək ki, 2016-17-ci tədris ilində UNEC-i 4378 məzun bitirir. Onlardan 3199-u bakalavr, 1179-u isə magistrdir.

NDU-nun 66 məzunu Hippokrat andı içib

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində keçirilən “Məzun günü”ndə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirin əlamətdar tarixə - NDU-nin 50 illik yubileyi ərəfəsinə təsadüf etməsini fərəhləndirici hal kimi dəyərləndirib. Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bu il müalicə işi ixtisası üzrə 21, stomotologiya ixtisası üzrə 16, həmçinin tibbi profilaktika ixtisası üzrə 13 və əczaçılıq ixtisası üzrə 16 məzun səhiyyə müəssisələrinin sərəncamına göndərilir.

Valideynlər adından Arzu İlyaslı, tələbələr adından isə fakültənin 6-cı kurs tələbəsi Sarita Qənbərli məzunları təbrik ediblər.

Sonra əczaçılıq fakültəsinin tələbələri əczaçı, digər ixtisaslar üzrə tələbələr isə müqəddəs Hippokrat andının qəbulu mərasimində iştirak ediblər.

358 məzun ADNSU-nu fərqlənmə diplomu ilə bitirib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bu il 1904 nəfər tələbənin məzun olduğunu deyən rektor M.Babanlı 190 nəfər bakalavr və 168 magistrantın universiteti fərqlənmə diplomu ilə bitirdiyini qeyd edib. Rektor həmçinin bu il ADNSU-nun tələbəsi Rüfət Manquşovun 4 illik bakalavr təhsilini vaxtından əvvəl başa vurduğunu bildirib.

Gələcək təbiblər universitetlə vidalaşıblar

Bu il Azərbaycan Tibb Universitetini 1057 nəfər məzun bitirir. Mərasimi ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, məzunları və onların valideynlərini təbrik edib, universitetin professor-müəllim heyəti adından gələcəyin həkimlərinə tutduqları bu müqəddəs peşə yolunda uğurlar arzulayıb.

Valideynlər adından çıxış edən həkim İlham Kazımov təhsil ocağının professor-müəllim heyətinə təşəkkür edib. Bütün məzunlara gələcək peşə fəaliyyətində həkim adının müqəddəsliyini öz əməlləri ilə doğruldacaqlarına inandığını söyləyib.

Tədbirlərdə universitetləri əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim olunub, təhsildə və ictimai işlərdə fərqlənənlərə mükafatlar verilib.

yuxarı ⤴