1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“UNEC məzunu olmaq qürurvericidir”
09.07.2016/№26

 

 

 


2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 5730 bakalavr və magistr məzun olub. Onlardan 4027-i bakalavr, 1703-ü isə magistrdir. Bu məzunlar arasından UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Sevinc Əliyeva topladığı ballara görə “Ən yaxşı tələbə” adını qazanıb. Sevinclə müsahibəni təqdim edirik:

- UNEC-in “Ən yaxşı tələbə”si adını qazanmısınız. Təəssüratlarınızı bilmək istəyərdik.
- Təəssüratlarım çox pozitivdir. Hər zaman çalışıram ki, gördüyüm işlər yetərincə yaxşı və uğurlu olsun. Bu cəhdlərimin müsbət nəticələrini görəndə isə çox sevinirəm. UNEC-də olduqca maraqlı və məhsuldar illər keçirmişəm, çoxlu dost qazanmışam və ən əsası, bu gün universiteti bilik və heç bir zaman unutmayacağım xatirələrimlə tərk edirəm.
- UNEC tələbəsi olmaq necə hissdir?
- UNEC getdikcə daha da çox inkişaf edən və uğurlu nəticələr əldə edən universitetdir. Son illərdə tələbələrə daha çox diqqət göstərilir. Təhsilin səviyyəsinin artmasına yönələn layihələr diqqət çəkir. Tələbələrə xaricdə təhsil almaq, biliklərini inkişaf etdirmək üçün müxtəlif imkanlar yaradılıb. Dünyanın ən nüfuzlu universitetlərini müəyyən edən QS reytinq agentliyinin nəticələrinə görə UNEC inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin sıralamasında iqtisadyönümlü universitetlər arasında 4-cüdür. Regionun ən yaxşı 200 universitetindən biridir. Buna görə də UNEC məzunu olmaq qürurvericidir. Həm də UNEC-in ən qabaqcıl fakültələrindən olan Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasından məzun oluram. Bilirsiniz ki, Beynəlxaq İqtisadiyyat Məktəbində daha uğurlu təhsil sistemi yaradılıb. Təsadüfi deyil ki, artıq neçənci dəfədir təhsil ilinin ən yaxşı tələbəsi Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunları arasından seçilir. Bunun da səbəbi fakültəmizdə tətbiq edilən tədris metodu və uğurlu müəllim seçimidir. Müəllimlərimizin əksəriyyəti xaricdə təhsil alıb, yerli və dünyaca məşhur xarici şirkətlərdə yüksək vəzifələrdə çalışırlar, fərqli təhsil metodikasından istifadə edirlər. Onlar bizimlə həm öz savadlarını, həm də təcrübələrini bölüşüblər. Bununla da bizim motivasiyamızı artıraraq, gələcəkdə uğurlu karyera qurmamız üçün əllərindən gələni əsirgəmirlər.
- Gələcək planlarınız necədir? Təhsilinizi davam etdirmək haqqında düşünürsünüzmü?
- Gələcəklə bağlı planlarım çoxdur. Onları mərhələli şəkildə həyata keçirməyi düşünürəm. Məsələn, əsas məqsədim audit və vergi sahəsində xidmət göstərən “Big 4” şirkətlərindən birində işləmək idi və artıq bu məqsədimə çatmışam. Bu gün EY-Tax Accountig Departamentində çalışıram. Karyeramda daha da irəliləyib, gələcəkdə öz şirkətimi açmaq planım var. Bundan başqa, təhsilimin magistr pilləsini xaricdə risklərin idarəedilməsi sahəsində davam etmək istəyirəm.
- Tələbəlik illərində dərsdən başqa nələrlə maraqlanırdınız? Xobbiniz nələrdir?
- Dərslərdən əlavə üzgüçülüklə də məşğul olmuşam. Futbola baxmağı və səyahət etməyi sevirəm. İndiyə qədər 22 ölkəyə səfər etmişəm. Səyahət etdiyim ölkələrin sayını artırmağı düşünürəm.
- Və sonda “Ən yaxşı tələbə” adını qazanmağın formulunu açıqlamağınızı istəyərdik.
- Mənim uğur formulum hər zaman irəliyə getmək, daha da çox nailiyyət qazanmaq istəyimdir. Təhsilin önəmini çox yaxşı başa düşürəm və oxuduqca nələr əldə edə biləcəyimi bilirəm. Və ən önəmlisi, hər zaman yanımda olan, yorulmadan mənə dəstək verən ailəm və dostlarımdır. Onlar olmasa, bu gün əldə etdiklərimin heç birinə nail ola bilməzdim. Buna görə də ailəmə, dostlarıma və həyatımdan heç vaxt silinməyəcək müəllimlərimə təşəkkür edirəm!

İctimaiyyətlə əlaqələr şöbəsi
 



 

yuxarı ⤴