1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Müəllimlərin işə qəbulunda güclü rəqabət
14.07.2017 / No26

 

 

 


Müraciət edənlərin sayı ötən illəri üstələyib

Ruhiyyə DAŞSALAHLI

Müəllimlərin işə qəbulunda bu gün elektron müraciətlərin son günüdür. İyulun 1-dən başlayan proses bu gecə saat 00.00-da başa çatır. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə artıq 47 mindən çox namizəd qatılıb. Bu da əvvəlki illərə nisbətən kifayət qədər çoxdur. “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov müqayisə apararaq qeyd edib ki, ötən il müsabiqəyə 34 min nəfər qatılmışdısa, bu il ərizə qəbulunun hələ tam başa çatmamasına baxmayaraq, müraciət edənlərin sayı artıq 47 min nəfəri ötüb. Bu da müsabiqədə kifayət qədər güclü rəqabət mühitinin yaranacağından xəbər verir. Təbii ki, işə qəbul üçün müraciət edənlərin sayının ildən-ilə artması müəllimlik peşəsinin artan nüfuzunun göstəricisidir”.

Bu il də bir sıra fənlərlə bağlı müraciət çox, bəzilərindən isə azdır: “İbtidai sinif müəllimlərinə tələbat çox olduğu üçün həmin ixtisas üzrə hazırlığa üstünlük veririk. Nəticədə bu, işə qəbul zamanı da özünü göstərir. İşə qəbul üçün müraciət edənlərin çoxu ibtidai sinif müəllimləridir. Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix üzrə ixtisaslaşan müraciətçilər də çoxluq təşkil edir”.

E.Bağırov bildirib ki, elektron ərizə qəbulu başa çatandan sonra ərizə verənlərin şəxsi səhifələrində imtahan barədə məlumat yerləşdiriləcək: “Həmin məlumatda keçiriləcək test imtahanının yeri, vaxtı dəqiq əksini tapacaq. Odur ki, namizədlərə şəxsi hesablarını mütəmadi yeniləmələri tövsiyə olunur”.

Xatırladaq ki, test imtahanının nəticələri elan olunduqdan sonra namizədlər vakansiya mərhələsinə buraxılacaq. Həmin mərhələdə namizədlər 8000-dən çox vakant yer uğrunda mübarizə aparacaqlar. Vakant yerlərə öz namizədliyini irəli sürən müraciətçilərin arasından ən yüksək bal toplayanları müsahibə mərhələsinə dəvət ediləcək. Bu son mərhələdə müəllimlərin peşəkarlığı ilə yanaşı, psixoloji vəziyyəti yoxlanılacaq. Həmin mərhələni də uğurla keçən namizədlər müvafiq yerlərə təyin ediləcək. Proses sentyabrın 15-dək yekunlaşacaq.

Ərizə qəbulu prosesini əhatə edən 14 gün ərzində Təhsil Nazirliyinin telefonları susmayıb. İnformasiya şöbəsinin Telefon Məlumat Mərkəzi və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan həmin müraciətlərin böyük əksəriyyəti isə qeydiyyatdan keçə bilməməklə bağlı olub.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov “Azərbaycan müəllimi”nə bunun səbəbini belə izah edib: “Əvvəla, bir çoxları elektron xidmətlərdən istifadə qaydalarını bilmirlər, vərdişləri yoxdur. Bu hallarda onlara düzgün istifadə qaydaları izah olunur. İkinci ən çox qeydə alınan səbəb vətəndaşların daxil etdikləri məlumatlarda özləri ilə bağlı müxtəlif səhvlərə yol vermələri olub. Məsələn, diplomun nömrəsini düzgün qeyd etməyib, təhsil haqqında məlumatlarda yanlışlığa yol verib, yaxud ünvanı düzgün göstərməyiblər. Bu halda onlara düzəlişlər etmək hüququ verilir ki, özləri redaktə etsinlər”.

Y.Zeynalovun sözlərinə görə, imtahanların keçirilmə vaxtını öyrənməyə tələsənlər də çoxdur: “Həmin müraciətçilərə də məlumat vermişik ki, imtahanlar iyul ayının 20-dən sonra keçiriləcək və bu barədə onların şəxsi səhifələrində dəqiq məlumat yerləşdiriləcək”.

Sorğu xarakteri daşıyan müraciətlər arasında vakant yerlər barədə məlumat əldə etmək istəyənlər də üstünlük təşkil edib: “Onlara da bildirilir ki, qeydiyyat bitdikdən sonra vakant yerlərin siyahısı da onların şəxsi səhifələrində yerləşdiriləcək”.
 

yuxarı ⤴