1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
İslamiadanın fəalları təltif olunublar
14.07.2017 / No26

 

 

 


Ruhiyyə DAŞSALAHLI

IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülər təltif olunub. Təhsil Nazirliyində keçirilən tədbirdə nazir Mikayıl Cabbarov IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğunu bildirib: “IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın İslam dünyası və İslam mədəniyyətinin tərkib hissəsi olması ilə əlaqədardır”.

Beynəlxalq tədbirdə böyük nailiyyət əldə etməyimizdə hər bir vətəndaşın rolunu qeyd edən nazir bildirib ki, Azərbaycanı təmsil edən idmançılar və məşqçilər, onlara ruh verən azarkeşlər, hətta stadionlarda olmayan, ancaq ölkəmizin bayrağı qalxıb, himni səslənəndə qürur hissi duyan hər kəsin iştirakının nəticəsidir ki, dünya Azərbaycanın müstəqil, uğurlu, öz nailiyyətləri olan dövlət olduğunu gördü.

Nazirin fikrincə, ölkə vətəndaşlarının fəal iştirakı olmasa, nailiyyətimiz də bu miqyasda olmazdı: “IV İslam Oyunları nəticələri baxımından Azərbaycan üçün ən yaxşılardandır. Milli komandamızın yarışlara qatılan 54 ölkə arasında birinci yerə çıxması ölkəmizdə idmanın inkişafının ən yaxşı göstəricisidir”.

M.Cabbarov İslam Oyunlarının qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıldığını qeyd edib.

Belə uğurların davamlı olacağına inanan nazir uğursuzluqları da nəticə çıxaranlar üçün ən böyük dərs kimi qiymətləndirib: “Hər uğurun arxasında böyük zəhmət durur. İdmançılar bunu hamıdan yaxşı bilir ki, illər həsr edilən hazırlığın taleyini bir neçə dəqiqə, hətta saniyə həll edir. Ya bəhrəsini görür, ya da uğursuz nəticə ilə razılaşmalı olursan. Uğursuzluq, əslində, idman nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Çünki insanın şəxsiyyət kimi formalaşması, ruhunun möhkəmlənməsi, çətinliklərlə qələbə qazanma imkanlarının inkişaf etdirilməsində belə nəticələrin böyük rolu olur. Ümumiyyətlə, idman yarışları nəticəsindən asılı olmayaraq, insanda bu keyfiyyətləri inkişaf etdirir”.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsində 11 mindən çox tələbə-könüllünün xüsusi rolunu diqqətə çatdıran M.Cabbarov onların fəaliyyətini də yüksək dəyərləndirib: “Bu işdə xüsusi olaraq ixtisaslaşmış məktəblərimizin, orada fəaliyyət göstərən həmkarlarımızın, məşqçi və müəllimlərin, zəhməti keçən hər kəsin işini xüsusi olaraq vurğulamaq, könüllülərə minnətdarlığımı bildirmək istəyirəm. Könüllülük hərəkatının qısa vaxtda belə vüsət alması milli xüsusiyyətlərimizdən, xalqımızın qonaqpərvərliyindən, ölkəmizə xoş niyyətlə gələn hər kəsin qulluğunda durmaq istəyindən irəli gəlir. Bu fəaliyyət yalnız idman tədbirləri ilə məhdudlaşmır. Könüllülərimiz ictimai əhəmiyyət daşıyan, o cümlədən Təhsil Nazirliyinin xətti ilə gerçəkləşdirilən bütün tədbirlərin fəal iştirakçısıdır. Hər tədbirdə onlar təhsil aldıqları həm ali, həm orta ixtisas təhsili müəssisələrini layiqli şəkildə təmsil edirlər”.

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran təhsil naziri oyunların bağlanış mərasimində Birinci vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırladıb.

Könüllülərdən Məhəmmədəli Həsənov Avropa oyunlarında könüllü olduğunu və o vaxtdan bu fəaliyyətini həvəslə davam etdirdiyini söyləyib. O, könüllülük hərəkatına dəstək verən hər kəsə təşəkkürünü bildirərək vurğulayıb ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin ağırlığının böyük hissəsi məhz könüllülərin üzərinə düşür. Çünki ölkəmizə gələn bütün qonaqlarla onlar təmas qurur.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında paracüdo üzrə qızıl medal qazanan Ramil Qasımov bu uğuruna görə sevindiyini deyib. O, ölkədə idmanın inkişafı və idmançılar üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Daha sonra İslam Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunublar.
 

yuxarı ⤴