1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Vaterloo Universitetində qazandığımız biliklərin tətbiqi üçün geniş təcrübə imkanları yaradılır”
14.07.2017 / No26

 

 

 


Mustafa Hacıyev: “Səbir və təmkin olanda insan çalışmaqdan usanmır”

Oruc MUSTAFAYEV

Mustafa Hacıyev 1997-ci il martın 27-də Bakıda anadan olub. 2003-cü ildə paytaxtdakı M.İbrahimov adına 153 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2008-ci ildə BDU nəzdindəki “Gənc istedadlar” liseyinin 6-cı sinfinə qəbul olunub. Liseyi qızıl medalla bitirib. Ali məktəblərə qəbul imtahanında 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Bir il Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması fakültəsində oxuyub. Bir semestr Türkiyənin Orta Doğu Texnik Universitetinin elektrik və elektronik mühəndisliyi fakültəsində təhsil alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsində təhsilini davam etdirir.

Gələcək uğurların təməli

Orta məktəb illərində mənim ilk müəllimim Lalə xanım olub. Onun sinifdə yaratdığı nizam-intizam, xasiyyətindəki ciddiyyət, əsl pedaqoq kimi şagirdlərinə göstərdiyi diqqət və qayğı təkcə mənim yox, başqa sinif yoldaşlarımın da gələcək uğurlarının təməli olub. 2008-ci ildə uğurla imtahan verib “Gənc istedadlar “ liseyinin VI sinfinə qəbul olundum. Bu, uğurlarımın başlanğıcı oldu. Liseydəki qayda-qanunlar, müəllimlərin peşəkarlığı, keçirilən imtahanlar, seçilmiş şagirdlərin arasında oxumaq qarşımda ciddi tələblər qoyurdu. Mən ciddi rəqabətin olduğu bir mühitə duşmüşdüm. Üstəlik, liseyə daxil olandan sonra anamın da bu liseydə işləməsi mənim məsuliyyətimi daha da artırırdı. Çalışırdım ki, davranışım, tərbiyəm və təhsilimlə nümunəvi şagird olum, oxuduğum liseyə, onun kollektivinə,valideynlərimə başucalığı gətirim.

- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz?
- Bütün fənlərə maraq göstərirdim. Hər bir fəndən verilən tapşırıqları səylə yerinə yetirirdim. Amma özümü riyaziyyat və fizika fənlərində daha mükəmməl görürdüm. Ona görə də bu fənlərdən keçirilən yarışlarda, olimpiadalarda iştirak edir, uğurlar qazanırdım.

- Uşaqlıqda hansı peşəni hədəf seçmişdiniz?
- Doğrusunu desəm, uşaqlıqdan hər hansı bir peşəni hədəf seçməmişdim. Fikirləşirdim ki, mənim üzərimə düşən vəzifə hələ ki oxumaq, keçilən fənlərin, verilən tapşırıqların öhdəsindən gəlməkdir. Yuxarı siniflərdə riyaziyyat sahəsinə marağımın çox olması məni bu sahəyə yönəltdi.

- Bir neçə iri layihə və olimpiadaların qalibi olmusunuz. Sizcə, bilik sahəsində zirvəyə çatmaq üçün insandan nələr tələb olunur?
- Bəli, mən lisey, rayon, şəhər, respublika olimpiadalarının iştirakçısı və qalibi olmuşam. Mənə elə gəlir ki, bilik sahəsində zirvəyə çatmaq üçün ən əsası insandan səbir və təmkin, sonra çalışqanlıq və zəhmətsevərlik, özünəinam, özündən narazılıq və təvazökarlıq tələb olunur. Səbir və təmkin olanda insan oxumaqdan, çalışmaqdan usanmır. İnsanda özünəinam olanda irəli getməkdən çəkinmir. İnsan özündən narazı olanda çalışır ki, özünü mükəmməl bir səviyyəyə qaldırsın. Və ən yüksək səviyyədə olsa belə, təvazökarlıq insana həmişə hörmət qazandırar, ucalıq gətirər.

- Elm yolunu seçərkən gələcəkdə sizi hansı çətinliklərin gözlədiyini düşünürdünüzmü? Yeniyetmələrə nə kimi tövsiyələr verərdiniz?
- Mənə elə gəlir ki, insan qarşısına hər hansı məqsəd qoyursa, ona nail olmaq üçün çətinliklərdən, əzab-əziyyətdən mütləq keçməlidir. Zəhmətsiz qazanılan uğur təməlsiz, bünövrəsiz binaya bənzəyir. Ən zəif təkan onu məhv edə bilər. Mən liseydə oxuyan zamandan bilirdim ki, uğur qazanmaq elə də asan deyil. Əla qiymət almaq, nəticə göstərmək üçün səylə çalışırdım, davamlı olaraq dərslərimi oxuyurdum, müəllimlərimə çox diqqətlə qulaq asırdım. Məktəblilərə demək istəyirəm ki, əzmkar, zəhmətkeş, calışqan olsunlar, milli ruhda boyüsünlər, vətənimizi sevsinlər, adət-ənənələrimizə sadiq qalsınlar. Qarşılarına qoyduqları məqsəd uğrunda mübarizə aparmağı bacarsınlar. Valideynlərin, müəllimlərin dəyərini bilsinlər. Zərərli hərəkət və davranışlardan uzaq olsunlar.

“Onlar mənim mənəvi dünyamın sönməyən işıqlarıdır”

- Siz “İNTEL-İSEF” - “Sabahın alimləri” layihəsinin qaliblərindən olmusunuz. Bu kimi layihələrdə uğur qazanmaq üçün nə etmək lazımdır?
- “Gənc istedadlar” liseyinin məzunu olmağımı mən özümə şərəf bilirəm. Lisey BDU-nun nəzdində olduğundan orada dərs deyən müəllimlərin bir çoxu BDU-nun müəllim və professorlarıdır. Biz kiçik yaşlarımızdan belə insanlarla ünsiyyətdə olduğumuza görə elmi iş, araşdırma, tədqiqatın nə olduğu haqqında bilgilərimiz olub. Mən əgər sıradan bir məktəbin şagirdi olsaydım, yəqin ki, “İNTEL-İSEF” nə olduğunu da bilməzdim. “Gənc istedadlar” liseyi belə layihələrin qapılarını öz şagirdlərinin üzünə açır. Bəli, mən o yarışmanın iştirakçısı və qalibi olmuş, vətənimizi ABŞ-da təmsil etmişəm. Bu cür layihələrin iştirakçısı olmaq üçün yüksək intellektual səviyyə, yol göstərən, istiqamət verən elmi rəhbər, işləmək üçün laboratoriyalar, yüksək səviyyədə xarici (əsasən ingilis) dildə danışmaq bacarığı tələb olunur. Eyni zamanda inamlı və cəsarətli olmalısan.

- Bütün uğurlarınızda sizə dəstək olmuş kimləri qeyd edərdiniz? Valideynləriniz xaricdə təhsil almaq qərarınızı necə qarşıladı?
- İnsan həyatda var olmağına, qazandığı uğurlarına görə, ilk növbədə, Allahına, sonra valideynlərinə və müəllimlərinə borclu olmalıdır. Mən də ilk olaraq ulu yaradanıma təşəkkür edirəm ki, arzularıma qapı açır. Mən valideynlərimə minnətdaram ki, məni düzgün tərbiyə ediblər. Haramdan, yalanlardan, saxtakarlıqdan uzaq olmuşuq. Evimizin bəzəyi, ailəmizin dostu, sirdaşı da kitablar olub. Mən müəllimlərimə də həyatım boyu borcluyam. Çünki onlar mənim mənəvi dünyamın sönməyən işıqlarıdır. Özəlliklə də “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynova minnətdaram. Qasım müəllim liseydə oxuduğum müddətdə həmişə mənə dəstək olub, bu günə qədər də bütün uğurlarımla maraqlanır, öz doğma övladı kimi qazandığım nailiyyətlərə sevinir.
Xaricdə təhsil almaq fikri ailəmizlə birgə ortaq qərarımızdır. Liseyi bitirən zaman qazandığım uğurlarla yanaşı, 6.5 səviyyəsində İELTS göstəricim də var idi. Qəbul imtahanından topladığım 695 bal da Dövlət Proqramı ilə xaricdə oxumaq arzumu reallaşdırdı.

“Müəllimlər dərsdənkənar zamanlarda da tələbələrə yardım edir”

- Özünüzü Kanadanın nüfuzlu universitetində necə hiss edirsiniz? Çətinlikləriniz olurmu və bu çətinliklər əsasən nə ilə bağlıdır?
- Mən dövlətimə minnətdaram ki, bizim kimi gənclərə dəstək olub dünyanın ən nüfuzlu universitetlərində oxudur. Təhsilimdən çox məmnunam. Bacardığım qədər çalışıram ki, yaxşı oxuyum, savadlı kadr kimi yetişim, dövlətimin etimadını doğruldum.
Çətinliklər, əlbəttə, olur, amma öhdəsindən gəldiyimi düşünürəm. Birincisi, burada təhsil çox çətin və ağırdır. Eyni zamanda, ətrafımızdakı insanların intellektual səviyyəsi çox yüksəkdir. Bu durumda daha əzmkarlıqla çalışmaq lazım gəlir. Əsas çətinlik qürbətdə ailədən, valideynlərdən uzaq, yad insanların əhatəsində yaşamaqdır.
Təhsil aldığım ixtisas isə Vaterloo Universitetində ən güclü və nüfuzlu ixtisasdır. Hətta dünyada bəzi məşhur şəxsiyyətlər də bu universitetdən məzun olub. Təhsilə gəldikdə isə burada bizə kompüter elmləri haqqında dərin və hərtərəfli biliklər öyrədilir, eləcə də qazandığımız bilikləri tətbiq etmək üçün çeşidli şirkətlərdə təcrübə imkanları yaradılır.

- Universitetdə tələbə həyatınız, asudə vaxtlarınız necə keçir?

- Vaterloo Universitetində asudə vaxtların səmərəli keçməsi üçün bir çox imkan mövcuddur. Universitetdə olan idman zalları, fərqli klublar və dərnəklər, tələbə təşkilatları, müxtəlif məzmunlu yarışmalar və elmi seminarlar imkan verir ki, tələbələr dərslərdən əlavə maraq dairələrini genişləndirsinlər və sosiallaşsınlar. Düzünü desəm, ixtisasımdakı dərslərin ağırlığı dərsdənkənar fəaliyyətlərə nisbətən az vaxt ayırmağıma səbəb olur. Ancaq, əlbəttə ki, çalışıram boş vaxtlarımda tennis və qaçışla məşğul olum. Bundan başqa, universitetin kitabxanasında olan maraqlı məqalə və elmi kitabları vərəqləməyi də çox sevirəm. Universitetimiz Şimali Amerikanın bir çox şirkəti ilə iş birliyi qurub. Bəzi şirkətlərin universitet daxilində keçirdiyi konfranslara qatılmaq da maraqlarımdan biridir. Son olaraq, ixtisasımdakı rəqabəti nəzərə alaraq boş vaxtlarımda onlayn dərslər götürüb daha hərtərəfli biliklər əldə etməyə çalışıram.
Vaterloo Universitetinin müəllim və professor heyəti də dərsdənkənar zamanlarda da tələbələrə yardım edir və məsləhətlərini əsirgəmirlər.

- Tələbələrin elmi tədqiqatlara cəlb olunması nə səviyyədədir və sizi elmi tədqiqatlar maraqlandırırmı?

- Universitetimizdə istər kompüter elmləri, istər mühəndislik, istərsə də sosial elmlər sahəsində hər zaman elmi tədqiqatlar aparılır. Belə ki, hər bir mühəndislik ixtisasında tələbələrdən təhsillərinin son ilində elmi tədqiqat aparıb layihələrini öz universitetimizin elm sərgisində təqdim etmək tələb olunur. Eləcə də həm mənim təhsil aldığım riyaziyyat fakültəsində, həm də digər fakültələrdə tələbələr professorların tədqiqat assistentləri olub onlara çalışdığı araşdırmalarda yardım edir və elmi yeniliklərlə daha yaxından tanış olurlar.
Sonda qeyd etmək olar ki, fakültəmizdə olan tələbələr dərslərdə və şirkətlərdə üzərində çalışdığı layihələrdən olduğu kimi, universitetdə tanınmış professorların keçirdiyi seminarlardan da elmi tədqiqatlara həvəsləndirilirlər. Özümə gəldikdə isə kompüter elmlərində olan bir çox istiqamətlə maraqlanıram. Maraqlandığım sahələrin nəzəri tərəflərini dərindən öyrənmək üçün aparılan elmi tədqiqatlarla yaxından tanış olmaq vacibdir, ancaq daha önəmlisi bu elmi prinsiplərin təcrübədə olan xüsusiyyətlərini bilməkdir. Bu səbəbdən, inanıram kı, fərqli layihələr üzərində çalışaraq həm nəzəri, həm də praktik bacarıqlarımı inkişaf etdirərəm.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, qarşımda olan ən birinci planım dərslərimdə müvəffəq olmaq və təhsilimi uğurla başa vurmaqdır. Ən əsası, savadlı və işini peşəkarcasına bilən bir kadr kimi yetişmək, xalqıma və cəmiyyətə xeyirli vətəndaş olmaqdır. Bundan əlavə, təhsilim üzrə reallaşdırmaq istədiyim başqa istəklərim də var, lakin ondan sonrası haqqında danışmağın erkən olduğunu düşünürəm.
 

yuxarı ⤴