1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bill Qeytsin reallığa çevrilən proqnozları
14.07.2017 / No26

 

 

 


Yusif ƏLİYEV

“Microsoft” şirkətinin təsisçisi, dünya şöhrətli sahibkar Bill Qeyts 1999-cu ildə “Fikir sürətli biznes” (“Business the Speed of Thought”) adlı kitab yazıb. Kitabda o, texnoloji gələcək haqqında o zaman üçün çox cəsarətli və inanılmaz proqnozlar verib. O vaxtdan keçən 18 il ərzində İKT-nin sürətli inkişafı nəticəsində bu proqnozların əksəriyyəti artıq reallığa çevrilib. www.hightech.fm saytı həmin proqnozlar və onların gerçəkləşməsi ilə bağlı məlumat yayıb. Həmin məlumatı təqdim edirik.

Qiymətlərin müqayisəsi üçün saytlar

Proqnoz: “Mağazalarda olan qiymətləri müqayisə etmək üçün avtomatik xidmət yaranacaq. Bu xidmət insanlara fərqli saytlardan qiymətləri görməyə və böyük cəhd göstərmədən sahəsindən asılı olmayaraq ən ucuz məhsulu tapmağa imkan verəcək”.
Billin bu proqnozu hazırda tam reallığa çevrilib. Belə ki, bu gün istənilən məhsulu “Google”, yaxud “Amazon”dan axtarmaq və eyni malları müxtəlif qiymətlərdə görmək mümkündür. “NextTag”, PriceGrabber” və “Yandeks.Market” kimi resurslar xüsusi olaraq qiymət müqayisəsi üçün nəzərdə tutulub.

Mobil qurğular

Proqnoz: “İnsanlar məkandan asılı olmayaraq bir-birləri ilə hər zaman əlaqə saxlamağa və kompüterdən istifadə etməyə imkan verəcək kiçik qurğulara sahib olacaqlar. Onlar xəbərləri oxuya, maliyyə bazarlarından məlumat ala, bir sözlə, bu cihazlarla hər bir işi görə biləcəklər”.
Billin bu proqnozunda nəzərdə tutulan əməliyyatları hazırda smartfona sahib olan hər bir kəs çox asanlıqla yerinə yetirə bilir.

Onlayn ödənişlər, bank xidmətləri və onlayn tibb

Proqnoz:“İnsanlar həkimləri ilə əlaqə saxlaya, maliyyə problemlərini həll edə və pul ödənişlərini onlayn həyata keçirə biləcəklər”.
Hazırda Rusiyada istifadəyə verilən “ZocDoc” və “DocDoc” kimi xidmətlər mövcuddur ki, onlar həkim tapmağa, onun haqqında rəyləri öyrənməyə və qəbuluna yazılmağa imkan yaradır. “LendingClub” kimi saytlarda kreditə pul götürmək, “PayPal” və ya “Venmo” vasitəsilə asanlıqla ödəniş etmək mümkündür.

Şəxsi köməkçilər və “Əşyaların İnterneti”

Proqnoz: “Gələcəkdə şəxsi köməkçilər olacaq. Onlar insanın evdə və ya ofisdə olmasından asılı olmayaraq bütün qurğuları birləşdirəcək və məlumat mübadiləsi aparmağa imkan verəcək. Qurğu istifadəçinin e-poçtu və bildirişlərini yoxlayacaq, lazım olan məlumatları ona təqdim edəcək”.
Hazırda smartfonda işləyən “Google Now” adlı “ağıllı” qurğu müasir dövrün şəxsi köməkçisidir. “Amazon Alexa”, “Google Assistant”, “Siri” kimi səslə idarə olunan köməkçiləri də buraya aid etmək olar.

Mənzillərin onlayn videomonitorinqi

Proqnoz: “Videonəzarət qurğuları insanlar öz mənzillərində olmadıqda belə evə kimin gəlib-getdiyi haqda məlumat verə biləcəklər”.
Hazırda mənzillərə nəzarət edən kameralar məhz Billin proqnozunun verdiyi videonəzarət qurğularına misal ola bilər. Məlum olduğu kimi, “Google” 2014-cü ildə “Dropcam” şirkətini (mənzillərə nəzarət edən kameranın yaradıcısı) 555 milyon dollara satın alıb. “Ring” şirkəti isə mənzilə kimin gəldiyini onlayn rejimdə göstərən “ağıllı” qapı zəngi üzərində işləyir. İndi hətta lazer çubuqlarına nəzarət edən “PetCube” kimi kameralar mövcuddur ki, bu qurğular insan evdə olmayanda ona öz ev heyvanları ilə oynamağa imkan verir.

Sosial media

Proqnoz: “Şəxsi veb-səhifələr sizin dostlar və ailə üzvləriniz üçün adiləşəcək. Onlar insanlara öz yaxınları ilə yazışmağa və planlar qurmağa imkan verəcək”.
Bu gün bütün dünyada məşhur olan “Facebook”, “Snapchat”, “Instagram”, “WhatsApp”, “Messenger” kimi sosial şəbəkələr Qeytsin bu proqnozlarının da reallığa çevrildiyini sübut edir.

yuxarı ⤴