1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Yer belləyən və meyvə dərən qızın hekayəti...
14.07.2017 / No26

 

 


Sevda Eminova: “O illərdə bizimlə bu cür davranılmasaydı, indiki olmayacaqdıq”

Jalə MÜTƏLLİMOVA

Bir qız təsəvvür edin, balaca, zərif, zəhmətkeş kənd qızı. Hərdən əlinə bel alıb yer belləyər, hərdən satmaq üçün ağacdan meyvə dərər, hərdən ev işi görər. Dərsini oxuyar, bacı-qardaşının əziyyətini yaşına uyğun olmayan sevgi və səbirlə çəkər. Həyətlərində mal-qara saxlayan valideynlərinə kömək edər. Anasından səhər saat altıda yuxudan dura bilmədiyi üçün danlaq da eşidər bəzən. Cəza aldığı məqamlar da az olmaz. Çünki səhər insan beyni təmiz, saf olur. Durub dərsini təkrarlamalıdır ki, qiymətləri aşağı və zəif olmasın. Bu qız bir dəfə də yorulmaz, bezməz, nə eşitdiyi danlaqdan, nə də gördüyü işlərdən. Elə hey işləyər, işləyər...

...Və bir böyük məktəb təsəvvür edin ölkənin baş kəndində, Bakıda. Çox səbirlə, təmkinlə həmin qızdan danışan bir qadın düşünün o məktəbin akt zalında. O, bu çıxışını hər il onuncu sinfə keçən şagirdlər qarşısında edər. Şagirdlər az yaşında bu qədər işləyən qızın hekayətinə görə pis olar, təəssüflənər, bəzən onun valideynlərini qınayarlar. Direktorsa gülümsəyər və deyər ki, o vaxt bu həyatı yaşamasaydım, direktor, əməkdar müəllim və alimlik dərəcəsi olan mütəxəssis olmayacaqdım. Onun öz hekayətini şagirdlərə danışmasında yeganə məqsədi uşaqlara daha çox işləyib-oxumağın mütləq faydalı olduğunu anlatmaqdır.

Müsahibimiz elə həmin müəllimdir. Bakı şəhəri 225 nömrəli tam orta məktəbin direktoru Sevda Eminova.

Sevda Eminova orta məktəbi Qazaxda bitirib. 1 nömrəli şəhər orta məktəbində. Arzusu həkim olmaq idi, amma müəllim oldu. 1984-cü ildə BDU-nun biologiya fakültəsinə daxil olanda təsəlli alıb ki, bioloq da elə yarım həkim deməkdir. Bu minvalla ali təhsili başa çatdırıb. Ailə həyatı qurub. Bir qız övladı var. O da anasının yolunu davam etdirir. BDU-nun biologiya fakültəsini bitirib. Həyat yoldaşı isə elm adamıdır. Bir sözlə, müəllim ailəsidirlər.

Təsadüfən direktor...

- 2001-ci ildə 20 nömrəli məktəbdə işləyirdim. Dörd il orada biologiya müəllimi kimi çalışmışam. Həmişə fəal olmağa üstünlük verirdim. Sonradan 225 nömrəli məktəbin direktoru olan Şükür müəllim o zamanlar 20 nömrəli məktəbdə direktor müavini kimi çalışırdı. O, həmişə mənim pedaqoji fəaliyyətimi bəyənib, dəstək olub. Günlərin birində dedi ki, qızım, gəl sənin namizədliyini irəli sürüm, sıravi müəllim kimi çalışma. Faydalı ola bilərsən təhsil sahəsi üçün, maraqlı fikirlərin, təkliflərin olur. Düzü, mən çox tərəddüd etdim. Həm yaşım az idi, həm də qorxurdum. Niyəsini soruşsanız, deyim. Qorxurdum ki, dərs demək başqa bir məsələdir, idarəçilik tam başqa. Mən idarəçiliyin öhdəsindən gələ bilməməkdən, etimadı doğrultmamaqdan qorxurdum. O üzdən razılıq vermədim. Amma Şükür müəllim namizədliyimi əvvəlcə rayon təhsil şöbəsinə, sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə verdi. Beləcə, yavaş-yavaş bu sahədə özümü sınamalı oldum. Deyəsən, illər ötəndən sonra bu qənaətə gəlmişəm ki, məndə nəsə alınıb. Ancaq yenə də deyəsən deyirəm. Çünki hələ də içimdə bir nigaranlıq var. Deyirəm, görəsən, etimadı doğrulda bilirəmmi? Mən təsadüf nəticəsində direktor olmuşam. O üzdən indi də həmişə müəllim kimi təqdim edirəm özümü. Çünki yaxşı direktor hər şeydən öncə yaxşı müəllim olmalıdır. Bunu bacarmadınsa, nə kollektiv, nə də məktəblilər səni qəbul eləyəcək.

Həyatımın ən maraqlı hadisələrindən biri fəxri ada layiq görülməyimdir. Bir də alimlik dərəcəmi aldığım gün. Bu məktəb, müəllimlik və fəxri ad, o cümlədən elmi dərəcə mənəvi qazanclarımdır.

- Amma buna qədər də bir mərhələ var idi. Məsələn, uşaqlıq kimi...

- Ailədə dörd övlad olmuşuq. Ailənin bütün yükü və məsuliyyəti, adətən, ilk övladın çiyinlərində olur. Məni bütün ilk övladlar anlayarlar yəqin. Ailə yükümüzü anam, atam və mən birgə çəkmişik. Qardaşıma, bacıma görə həmişə narahatam. Bu, indi də belədir. Elə bilirdim onların payına düşən iş yükünün altına özüm girməsəm nəsə olar, çıxılmaz durumda qalarlar. Şükürlər olsun, bacarmışam, bacarmışıq və üz qızardacaq durumlardan bizi həyat da, tanrı da, elə öz əməllərimiz də qoruyub.

- Ev işləri ilə aranız necə olub?

- Sizə desəm ki, evdə anamın işlərinin əksəriyyətini həmişə mən görmüşəm, bəlkə də inanmayacaqsınız. Anam günün xeyli hissəsini işdə olurdu. O üzdən evin böyük övladı kimi ev işlərinə görə məsuliyyət mənim üzərimdə qalırdı. Amma buna baxmayaraq, mən həm də oxumağı sevən uşaq olmuşam. Qarşıma ciddi məqsəd qoymuşdum, mən mütləq ali təhsil alacağam. Hələ də ağlıma gəlmir ki, bir gün belə məktəbə getmədiyim olsun. Bu, mümkün deyildi. Hətta xəstə olduğum günlərdə belə ayaq üstə dura bilirdimsə, mütləq məktəbə getməli idim. Bu, anamın bizim qarşımızda qoyduğu öhdəlik idi. Sizə deyim ki, bəzən atam bu tələbkarlığa görə anamı danlayırdı. Deyirdi əl çək bu uşaqlardan, xususən də bu qızdan, nə vermisən ala bilmirsən? Anam ona heç nə demirdi, amma bizimlə bağlı qərarlarında da nəsə dəyişmirdi. Hələ lap sərtləşirdi qaydaları. Sizə deyim ki, o zaman adam bunu anlamır. Amma illər keçir, başa düşürsən ki, əslində, o illərdə bizimlə bu cür davranılmasaydı, indiki olmayacaqdıq.

- O uşaqlar böyüyüb kim olub indi?

- İki qardaşım mühəndisdir. İnşaat işində çalışır. Bacım Azərbaycan Dillər Universitetini bitirib, ingilis dili müəllimi kimi fəaliyyət göstərir.

- Özünüzdən nə qədər razı və ya narazısınız?

- Özümə ən qürur verən keyfiyyətim anama, ailəmə dəstək olmağa çalışmağımdır. Bu alınıb, ya yox, onu deyə bilmərəm. Amma hər halda mən buna çalışdım. Sizə bir epizod danışım. Ən kiçik qardaşımın indi 53 yaşı var. İllər öncə ailəmizin ən dəcəli də o idi. Hər gün dalınca qaçıb onu axtarırdım. Bir saat nədir, iyirmi dəqiqə belə evə gecikəndə düşüb məhəllə-məhəllə axtarmışam onu.

- Haradan tapırdınız?

- Onu qazanxanada qır qazanında da tapmışam, meşədən də. Yaxınlığımızda bir qazanxana var idi. Orda uşaqlar yerə tökülən qırın üstündə sürüşürdülər. Qardaşımın ən çox getdiyi və üst-başını çirkləndirdiyi yer idi. O qədər dəcəl idi ki, nədənsə həmişə o yoxa çıxanda elə bilirdim yaxınlığımızdakı meşəlikdəki balaca “No” deyilən göldə batıb. Ora çox pis yer idi. Tez-tez uşaqlar batırdı o göldə. Qardaşım itən kimi ilk ağlıma gələn “No” olurdu. Qaranəfəs ora qaçırdım. Əmin olandan sonra ki, orda yoxdur, rahatlanıb başqa yerlərdə axtarırdım. Mən onlarla o qədər məşğul olurdum ki, elə bilirdim anaları da mənəm. Yəni bacı-qardaşıma münasibətim həm də analıq münasibəti idi.

- Bəs özünüzün oynamağa zamanınız olurdumu?

- Düzü çox az olurdu. Ən çox gizlənpaç, yeddi daş, ortada qaldı, çiliktoxuma oynayırdıq. Əslində deməzdim ki, uşaqlığımı uşaqlığı əlindən alınmış biri kimi keçirmişəm. Yox, belə olmayıb. Sadəcə, hər şeyi qaydalara uyğun etmişəm. Daha doğrusu, anam mənim üçün belə planlayıb. Oynamışam da, oxumuşam da, işləmişəm də. Bir sözlə, zəhmətkeş uşaq olmuşam.

- Danışırsınız fikir verirəm, həyatınızda ananızın rolu daha çox olub. Bəs atanız kim idi?

- Atamın kimliyini bircə cümlədə deyəcəm sizə. Anam həmişə deyir, atanız elə kişi olub ki, otuz ildir həyatda yoxdur, hələ də mənim üçün var. Yəni bəlkə bu gün biz elə atamın qazandığı hörmətə görə ayaqda dura bilmişik. Atam Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. İxtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. Amma fərqli ədaləti, vicdanı var idi. İndi onun kimi adamlar azdır.

- Bayaq gizlənpaç dediniz, ağlıma bir sual gəldi. Uşaq vaxtı oyun idi bu, böyüyəndən sonra nələrdən qaçıb gizlənmək istəmisiniz?

- Bu, ağır sual oldu. Çalışmışam pisliklərə yuvarlanmayım. Özümü bunu bacara biləcək insanlardan qorumuşam. Xaraktersiz adamlardan gizlənmişəm. Dava ilə aram olmayıb. Davakar insan görəndə gizlənmişəm. Bir də həmişə düşünmüşəm, həyatda elə insanlarla dostluq etmək lazımdır ki, onları bir ömür boyu itirməyəsən, həmişə bir yerdə olasan. Bu mənada dostların qəlp, yəni saxta çıxmağından qorxmuşam. Üzbəüz oturub sonra qeybət qıran adamlardan gizlənmişəm. Amma şükür olsun, hələlik qəlp insanlara rast gəlməmişəm.

- Demək ki, instinktlər sizə həm də insanları yaxşı tanımaq bacarığı qazandırıb...

- Ola bilər. Bu gün mən üç yaşında ilk dəfə tanıyıb gördüyüm rəfiqəmlə dostluq münasibətimi saxlaya bilirəmsə, demək ki, belədir. Qazaxda biz o qızla, Aygünlə qonşu idik. Uşaqlıq dostu olmuşuq. İndi də bu münasibət qalır. Ali məktəbdə dörd qız, iki oğlan dostum olub. Bu günə qədər birlikdəyik.

- Rəhbər işçilərin hamıdan fərqli bir keyfiyyəti olur. Onlar tanınmışlığa paralel həm də güclü olmaq məcburiyyətindədirlər. Bir qadın üçün çox güclü olmaq yorucu deyil ki?

- Hər şeyin başlanğıcında arzu, istək və səbir durur. Mən yorulanda da səbir edə bilirəm. Səbir insanı güclü edən amildir. O üzdən yorulanda səbir edirəm, səbir edəndə güclü oluram, güclü olanda artıq bezmirəm. Yəni vərdiş yaranır. Deyə bilərəm ki, bu həyat tərzinə vərdiş eləmişəm.

- Bütün işləri, yəni həm çöldə, həm evdəki işləri özünüz görə bilirsinizmi?

- Qadın çox möhtəşəm zirvədir. O, hər şeyə yetişə biləndir. Mən evdə ən xırda işdən tutmuş, ən böyük işəcən hər şeyi özüm etməyi sevirəm. Kənardan gələn köməyi xoşlamıram. Ev işi görmək mənə zövq verir. Evdə evin xanımı, bayırda işimin üstündə duran adam olmağa çalışıram. Mən evdarlığın da, müəllimliyin də deyə bilərəm ki, əsl romantikiyəm. Bir də sizə bir söz deyim. Belə olmasaydım yəqin ki, işçilərin də, ailəmin də yanında nüfuz qazana bilməzdim. Hər dəfə məktəbdə iş yoldaşlarıma deyirəm ki, yadınızda saxlayın, siz varsınız, yanımdasınız deyə mən ayaq üstə dura bilirəm, işləyə bilirəm. Sizin dəstəyiniz olmadam mənim və ümumən bizim bugünkü məktəb komandasının qalxması, ayaqda olması mümkün deyil. Biz bir olmasaq çökərik. Azərbaycanda böyük bir məktəbin çökməsi təhsilimizə çox böyük ziyan və zərbə olar. Bizim məktəbdə 1300 ailənin övladı oxuyur. Biz nəsə edəndə düşünməliyik ki, üzərimizdə həm də 1300 ailənin məsuliyyəti var. Kollektivdəki müəllimlər həm də mənim övladım kimidir. Sizin vasitənizlə hamısına təşəkkür edirəm. Ona görə ki, arxamda dayanıb məni nümunəvi direktorlardan biri ediblər. Bir də bir arzum var, müəllimli, şagirdli, valideynli hər kəsə harada işləyiriksə işləyək, milli kimliyimizi, mənəvi dəyərlərimizi unutmayaq, yaddan çıxarmayaq, yadırğamayaq. Əsas olan budur. Gerisi özü gələcək...
 

yuxarı ⤴