1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Anım
Hər itkidən ağır alim itkisi
14.07.2017 / No26

 

 

 


Aramızdan gedən hər insanın itkisi bizi ağrıdır. Dünyasını dəyişən alim olanda isə bu itki, ağrı daha böyük olur. Çünki alimin ölümündən təkcə insanlar deyil, elm də itirir. Belə bir itkinin ağrı-acısını bir neçə gün öncə Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi, onun simasında isə elm və təhsil ictimaiyyətimiz yaşamalı oldu. Universitetin yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasının müdiri, professor Buniyat Sərdar oğlu Sərdarovun dünyasını dəyişməsi ilə.

B.Sərdarov 7 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1959-cu ildə başlamış, 1961-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olmuşdur. 1966-cı ildə təhsilini başa vurduqdan sonra institutda çalışmağa başlamışdır. 1969-1973-cü illərdə V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuş və 1973-cü ildə orada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-76-cı illərdə isə gənc alim Böyük Britaniyanın London Universitetində elmi iş aparmışdır. 1978-1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışan B.Sərdarov burada elm və tədris müəssisələri şöbəsinin müdir müavini olmuşdur.

1981-ci ildə, 36 yaşında ikən Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna rektor təyin olunaraq 12 il bu təhsil ocağına rəhbərlik edən B.Sərdarov universitetin inkişafına dəyərli töhfə vermişdir. 1981-1993-cü illərdə onun rəhbərliyi altında Azərbaycanda memar və inşaatçı kadrların hazırlığına xüsusi diqqət yetirilmiş, institutun məzunları nəinki ölkəmizdə, habelə onun hüdudlarından kənarda da işləməklə bu ali məktəbin kadr coğrafiyasını xeyli genişləndirmişdir.

B.Sərdarov 1987-ci ildə yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasına müdir vəzifəsinə seçilmiş, 1989-cu ildə isə ona həmin kafedranın professoru adı verilmişdir. 1990-1995-ci illərdə o, Füzuli dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdir.

B.Sərdarovun bir alim kimi xidmətləri böyükdür. 50 illik elmi-pedaqoji fəaliyyətinin nəticəsi onun Azərbaycan dilində çap olunmuş 15-dən çox dərslik və dərs vəsaitində, 200-dən artıq elmi-metodik əsərlərində əks olunub. Bütün ömrünü elmə, təhsilə həsr etmiş professor yüzlərlə kadrın yetişməsində, gənc alimlərin formalaşmasında rol oynayıb.

Buniyat müəllimin fədakar əməyi və yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 1990-cı ildə respublikanın əməkdar ali məktəb işçisi fəxri adına layiq görülüb, sonralar “Tərəqqi” medalı, eyni zamanda Meksikanın Mexiko-Siti Universitetinin Fəxri medalı ilə təltif olunub.

B.Sərdarov 1987-ci ildən yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasına rəhbərlik edirdi. İstər kafedrada, istərsə də universitetdə onun adı hörmətlə çəkilər, haqqında xoş sözlər deyilərdi. Dəyərli alim, işıqlı ziyalı, yüksək mədəniyyətə malik gözəl bir insan olan Buniyat Sərdarovun əziz xatirəsi həmişə qəlblərdə yaşayacaq. Allah rəhmət eləsin!
 

yuxarı ⤴