1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Müəllim standartlarının təsdiqinə ciddi ehtiyac yaranıb
14.07.2017 / No26

 

 

 


Paytaxtın təhsil ictimaiyyəti təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olmasını müzakirə edir

Niyazi RƏHİMOV

Tədris ili şagirdlər üçün başa çatsa da, təhsil işçiləri üçün əksinə, işin ən qaynar dövrü davam etməkdədir. Bakı məktəblərində keyfiyyətin davamlılığını təmin etmək üçün davamlı müzakirələr aparılır. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları: İlin yekunları və perspektivlər” mövzusunda paytaxtın müxtəlif rayonlarında “dəyirmi masa”lar təşkil olunur. Müzakirələrdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri iştirak edirlər.

“Dəyirmi masa”da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən irəli gələn müddəalar nəzərə çatdırılıb. Həmçinin, ötən dərs ilində əldə olunmuş nailiyyətlər, növbəti tədris ili üçün müəyyənləşdirilmiş perspektiv məsələlər müzakirə olunub.

“Müəllim standartlarının təsdiqinə artıq ciddi ehtiyac var. Müəssisə rəhbəri müəllimə tələb qoyanda ki, fəaliyyəti zamanı müvafiq işləri görməlisən, bu tələblər təsdiq olunmuş standartlar çərçivəsində həyata keçirilməlidir. Bu, həm də müəllimə qarşı obyektiv yanaşmanın təkcə Diaqnostik Qiymətləndirmənin nəticələrinə əsasən deyil, eyni zamanda standartlara uyğun olacağını təmin edəcək”. Bu fikirləri BŞTİ-nin müdiri M.Vəliyeva paytaxt məktəbləri üzrə Məktəb seminarlarındakı “dəyirmi masa”larda səsləndirib.

2016-2017-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə fikirlərini bildirən M.Vəliyeva şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların qiymətləndirilməsi, dərsə davamiyyətin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, məktəbəhazırlıq qruplarının təşkili barədə danışıb. Həmçinin, müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması, Təlimə Dəstək Mərkəzinin fəaliyyətinin genişləndirilməsi və digər məsələlərə də toxunub.

“Məktəblərin fəaliyyət planı” mövzusunda keçirilən geniş müzakirələrdə çıxış edən M.Vəliyeva illik fəaliyyət planının düzgün təşkil olunmasını ən vacib amillərdən biri olduğunu qeyd edib. İdarə müdiri bildirib ki, növbəti tədris ilindən məktəblərin Fəaliyyət Planı hər bir təhsil müəssisəsinin özü tərəfindən hazırlanacaq.

Müzakirələrdə məktəb direktorlarının müxtəlif məsələlərlə bağlı təklif və tövsiyələri də dinlənilib. Məktəb direktorları məktəblərdə fənn metodiki birləşmə rəhbərlərinin zəif fəaliyyətini xüsusilə vurğulayıb. Qeyd olunub ki, metodiki birləşmə rəhbərləri “Həmkara dəstək” layihəsi çərçivəsində zəif nəticə göstərən müəllimlərlə daha çox işləməli, onlar peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif təlimlərə cəlb edilməlidirlər.

Həmçinin, bəzi müəllimlərin hələ də İKT ilə bağlı biliklərinin aşağı səviyyədə olduğu nəzərə çatdırılıb. Müəllimlərin onlayn idarəetmə, məktəb şəbəkəsindən və elektron poçtdan istifadə ilə bağlı çətinliyi də var. Bu kimi problemlərin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

Məktəblər arasında əlaqələrin genişlənməsinin vacibliyi məsələsi də qeyd olunub. Bildirilib ki, məktəblərarası əlaqələrin genişlənməsi istər şagirdlər, istərsə də müəllimlər arasında sağlam rəqabətli təhsil mühiti yaradır. Əlaqələr zamanı birgə müzakirələrdə yeni yanaşmalar, yeni ideyalar meydana gəlir ki, bu da tədrisin keyfiyyətinə müsbət təsir göstərir.

Müzakirələrdə ali məktəblərə qəbul imtahanlarının aprel ayında keçirilməsinin davamiyyətə müəyyən qədər təsir etdiyi nəzərə çatdırılıb. Onbirincilər imtahanları tədris ili başa çatmadan verdikləri üçün müəyyən arxayınlıq hissi keçirirlər. Belə olan təqdirdə onlar may, iyun aylarında müəyyən qədər tədrisdən yayınırlar. Nəticədə də yuxarı sinif şagirdləri arasında davamiyyət aşağı düşür.

Həmçinin, məktəblərdə mühitin daha da canlandırılması məqsədilə müəllim-şagird-valideyn əməkdaşlığının genişləşdirilməsi, “Məktəb icmaları” və “Məktəblinin dostu” layihələrinin əhatə dairəsinin genişləndirilməsi təklifləri irəli sürülüb.

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermək”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə, səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.
 

yuxarı ⤴