1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Jurnalistlərə yeni mənzillər paylanıldı
21.07.2017 / No27

 

 


Prezident İlham Əliyev: “Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik”

“Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”. Azərbaycan jurnalistikasına və jurnalistlərinə böyük dəyərin ifadə olunduğu bu sözləri ölkə Prezidenti İlham Əliyev iyulun 20-də Milli Mətbuat Günü münasibətilə Bakının Bibiheybət deyilən ərazisində jurnalistlər üçün inşa olunmuş növbəti binada mənzillərin paylanması mərasimində deyib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün yeni bina Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamına əsasən inşa olunub.

3 blokdan ibarət 17 mərtəbəli binanın ümumi sahəsi 34 min kvadrat metrdir. Binada 9 birotaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzillər var və onlar aparılan ciddi və obyektiv, şəffaf seçim əsasında jurnalistlərə paylanıb.

Jurnalistlərlə görüşən ölkə başçısı peşə bayramları münasibətilə onları təbrik edib, açılışına toplaşdıqları binanın sayca ikinci olduğunu, birinci binada artıq neçə ildir ki, jurnalistlərin yaşadığını qeyd edib. İlk binada 156, ikinci binada 255 KİV nümayəndəsinin mənzillə təmin olunmasını və bu gün əsası qoyulacaq üçüncü binada da 255 mənzil nəzərdə tutulduğunu diqqətə çatdıran ölkə rəhbəri bunu dövlətin Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətinin təzahürü adlandırıb. “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür”, - deyən Prezident jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə də əlavə tədbirlər görüləcəyini diqqətə çatdırıb.

4 il öncə ilk binanın açılışı zaman dediyi “Yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək” sözlərini xatırladan dövlət başçısı bu sözlərin artıq tam reallığa çevrildiyini, bu ərazidə yeni yolun salınması üçün müvafiq göstəriş verildiyini vurğulayıb.

Görüşdə jurnalistikanın gələcək inkişafı ilə bağlı fikirlərini açıqlayan Prezident bildirib ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şəraitin yaradıldığını deyən Prezident bu gün Azərbaycan cəmiyyətinin rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşadığını deyib və indiki zəmanədə bunun özlüyündə bir nailiyyət olduğunu bildirib.

Dövlət başçısı ölkəmizdə jurnalistlərin siyasi baxışlarına hörmətlə yanaşıldığını da diqqətə çatdırıb və bildirib ki, bu binalarda yaşayan və bundan sonra da yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada heç bir ayrı-seçkiliyə yol verilməyib. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə, bir ailə kimi yaşayacaqlar. Əslində Azərbaycan cəmiyyətinin də bu istiqamətdə inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkəmizdə milli həmrəylik olduğunu, cəmiyyətimizin vahid amal ətrafında birləşdiyini qeyd edib.

Prezidentin bildirdiyinə görə, ölkəmizdə olan sabitlik, inkişaf, əmin-amanlıq dünyanın bir çox yerlərində öyrənilir ki, bunun da səbəbi Azərbaycanda çox gözəl demokratik şəraitin, iqtisadi inkişafın olmasıdır. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib.

Prezident bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır. “Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana çox böyük rəğbət var”.

Prezident deyib: “Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. ...Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir”.

Ölkəmizdə bütün azadlıqların, o cümlədən də söz azadlığının tam təmin edildiyini, bununla bağlı heç bir məhdudiyyətin olmadığını deyən ölkə başçısı Azərbaycanın bundan sonra da iqtisadi, siyasi inkişaf yolu ilə getməli olduğunu, bu yolun yeganə düzgün yol olduğunu söyləyib. Prezident bu proseslərdə jurnalistlərin iştirakını müsbət qiymətləndirib. “Jurnalistlər isə, əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar”. Bəzi hallarda, xüsusən də xoşagəlməz hadisə ilə bağlı, eləcə də insanları narahat edən məlumatları mətbuatdan aldığını deyən ölkə başçısı bu baxımdan jurnalistləri özünün köməkçiləri saydığını bildirib və onlara minnətdarlıq edib. Əmin olduğunu bildirib ki, onlar gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaq, ədalətsizliklərə operativ reaksiya verəcək, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəklər.

Prezident görüşdə jurnalistikanın inkişafı ilə bağlı bəzi fikirlərini də bildirib ki, bunları dövlətin jurnalistlərdən gözləntiləri hesab etmək olar. Ölkə başçısına görə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Amma bu gün dünya miqyasında heç də hər zaman belə olmur, bir çox ölkələrdə hansısa məqsədləri güdən informasiya kampaniyaları aparılır. Bu prosesdə güdülən məqsəd bir çox hallarda həqiqətdən daha önəmli amil kimi qəbul edilir. “Ona görə hesab edirəm ki, jurnalistikada, ilk növbədə həqiqət prinsipləri üstünlük təşkil etməlidir”. Bu baxımdan ölkə jurnalistikasında vəziyyətin yaxşı olduğunu diqqətə çatdıran dövlət başçısı Azərbaycan jurnalistikasında yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayının kəskin şəkildə aşağı düşdüyünü, bunun isə jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olduğunu deyib. “Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var.

“Jurnalistika mümkün qədər obyektiv olmalıdır”, - deyən Prezident bu işdə jurnalistlərin üzərində çox böyük məsuliyyət olduğunu söyləyib və jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərilməsini tövsiyə edib. Dövlət başçısının sözlərinə görə, bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən prosesdir.

“Son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumata, insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədirlər”. Prezident hesab edir ki, jurnalistikada bu istiqamətdə müşahidə olunan islahatlar davam edəcək. “Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır”.

Prezidentin jurnalistikanın qarşısında qoyduğu bir tələb də onun xarici təsirlərdən azad olması, xarici təsir altına düşməməsi ilə bağlıdır. Azərbaycan getdikcə daha da güclənir, ölkəmizin rolu nəinki bölgədə, həm də dünyada artır. Biz müstəqil siyasət aparırıq. Ancaq Azərbaycan daha önəmli ölkə olduğu üçün bizə təsir etmək cəhdləri də artır.

Prezidentin fikrincə, bu cəhdlər özünü yeni formalarla büruzə verir. Siyasi hakimiyyətə təsir etmək mümkün olmadığından ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdləri çoxalır. Ona görə də ölkə başçısının fikrincə, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. “Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə də biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin”.

Azərbaycan Prezidentinin ölkə jurnalistikasından bir gözləntisi də xarici informasiya məkanına çıxışla bağlıdır. “Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik”, - deyən Prezident bu istiqamətdə yaxşı nəticələr olduğunu vurğulayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasında medianın rolunu yüksək qiymətləndirən ölkə başçısı bildirib ki, bu işlər davam etdirilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi dönüş yaradıldığını deyən Prezident bildirib ki, bu istiqamətdə səylər daha da gücləndirilməli, həm dövlət qurumları, həm ictimai qurumlar, həm də media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər.

Çıxışının sonunda ölkədə azad medianın inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirən Prezident jurnalistlərin məişət problemlərinin həlli üçün də addımlar atılacağını diqqətə çatdırıb.

Görüşdə “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədova, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək ölkə mətbuatının inkişafına və mətbuat işçilərinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident-media dostluğunun simvoluna çevrilmiş “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim edib.

Daha sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən qırmızı lenti kəsib və mənzillərdə yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoyub, binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.

Qeyd edək ki, yeni istifadəyə verilmiş binada “Azərbaycan müəllimi” qəzetinin iki əməkdaşı da - baş redaktor Nurəddin Heydərov və şöbə müdiri Yusif Əliyev mənzillə təmin olunub. Əməkdaşlarımızı və yeni mənzil alan bütün jurnalist həmkarlarımızı təbrik edir, bizə göstərilən bu böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.

“Azərbaycan müəllimi”
 

yuxarı ⤴