1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Qızıla gedən yol
21.07.2017 / No27

 
 
 
 

 

 


Ramil Babazadə 49-cu Beynəlxalq Kimya Olimpiadasında qalib olmaqla çoxdan gözlənilən uğura imza atdı

Yusif ƏLİYEV

Bir neçə gündür hamı onlardan danışır. 49-cu Beynəlxalq Kimya Olimpiadasının qaliblərindən, təhsilimizi uzaq Tailandda uğurla təmsil edib adımızı ucaldanlardan. Ramildən, Nərimandan, Turandan. Bu mötəbər bilik yarışından özləri vətənə dönməmiş xoş soraqları gəlmişdi. Və bu soraq bir günün içində bütün ölkəyə yayılmışdı. Qəlbləri qürurla dolduran o soraq, qəzetçilərin dili ilə desək, belə bir informasiya idi: “5-15 iyul 2017-ci il tarixlərində Tailand Krallığının Nakhon Pathom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb.

Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər”.

Yayılan informasiyada daha bir cümlə də yer almışdı. “Ramil Babazadə eyni zamanda bu il keçirilən Respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb”.

Yeri gəlmişkən qeyd edək ki, Ramilin beynəlxalq yarışmada qələbəsinin təsadüfi olmadığını, onun yüksək biliyə sahib olduğunu təsdiqləyən bu fakt həm də respublika fənn olimpiadalarının yüksək səviyyəsindən xəbər verir. Ramilin qızıl medalı bir də onu təsdiqləyir ki, təkcə idman sahəsində keçirilən böyük beynəlxalq yarışlarda deyil, elm və təhsil sahəsində təşkil olunan dünya bilik yarışmalarında da gənclərimiz qızıl medal ala bilir və bayrağımızı ən uca zirvəyə qaldırırlar.

Qələbənin hamıya yetən sevinci

Orta məktəbdə oxuyanda müxtəlif bilik yarışları və fənn olimpiadalarında iştirak edib qələbələr qazanan biri kimi qəti əminliklə deyə bilərəm ki, belə yarışlarda əldə olunan qələbənin doğurduğu sevincdən güclü hiss yoxdur. Onda da qala bu qələbə mötəbər beynəlxalq olimpiadada qazanılmış olsun. Belədə sevincin “çəkisi” daha ağır olur, təbii ki. Və ondan hamıya pay düşür: qələbəni qazananlara da, qazanılan qələbədə zəhməti olanlara da, təhsilimizin hər uğuruna sevinən ictimaiyyətə də.

78 ölkə arasında 15-ci yerdə

Sonuncu dəfə məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasnda 11 il öncə qızıl medal alıblar. Ramil Tailandda aldığı qızıl medalla həm də bir növ bu “tilsimi” sındırmış oldu. Ən qürurverici məqamlardan biri isə budur ki, 49-cu Beynəlxalq Kimya Olimpiadasındakı yer sıralamasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Özü də ölkəmiz bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub.

Tarixə bir nəzər

Məktəblilərin kimya üzrə illik yarışı olan Beynəlxalq Kimya Olimpiadası 1968-ci ildən keçirilir. İlk olimpiada həmin ilin 18-21 iyununda Çexiyanın paytaxtı Praqada təşkil olunub və onda 5 ölkənin məktəbliləri iştirak edib. O vaxtdan başlayaraq 1971-ci il istisna olmaqla hər il bir ölkədə keçirilir. 1971-ci ildə isə təşkil olunmayıb.

Azərbaycan məktəbliləri bu mötəbər yarışlarda 2002-ci ildən iştirak edirlər. Sonuncu da daxil olmaqla indiyədək şagirdlərimiz beynəlxalq kimya olimpiadalarında 6 qızl, 6 gümüş, 19 bürünc olmaqla 31 medal qazanıblar.

Olimpiadanın əsas vəzifəsi bütün dünyada məktəblilərin kimya elminə marağını artırmaqdır. Şəxsi birincilik xarakteri daşıyan olimpiadada hər ölkədən 4 şagird və 2 müəllim (onların hamısı) iştirak edir. Olimpiada iki turdan ibarətdir: eksperimental və nəzəri tur. Hər iki tur 5 saat davam edir və ayrı-ayrı günlərdə keçirilir. Nəzəri turda 60 bal, praktik turda isə 40 bal qazanmaq mümkündür. Hər tur bir-birindən asılı olmayaraq qiymətləndirilir. İmtahan nəticələrinin cəmi iştirakçının ümumi nəticəsini müəyyənləşdirir.

Azərbaycanın ev sahibliyi

Beynəlxalq Kimya Olimpiadasını keçirən ölkələr sırasında Azərbaycanın da adı var. Ölkəmiz iki il öncə - 2015-ci ilin 20-29 iyul tarixlərində bu yarışlara ev sahibliyi edib. Həmin isti yay günlərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə bu ali təhsil ocağında keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında dünyanın 5 qitəsinin 75 ölkəsindən 300 gənc kimyaçı iştirak edib. 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayevanın rəhbərliyi ilə yüksək səviyyədə keçən ümumdünya bilik yarışması ölkəmizin elm, təhsil həyatında parlaq və əhəmiyyətli bir hadisə kimi tarixə yazılıb. Təsadüfi deyil ki, Olimpiadanın Rəhbər Komitəsinin sədri, Cənubi Koreyanın Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li Bakıda təşkil olunan tədbiri indiyədək iştirak etdiyi “ən yaxşı olimpiada” kimi qiymətləndirib. Gərgin mübarizə, güclü və ədalətli rəqabət şəraitində keçən olimpiadada 190 medal sahibini tapıb. Qürurverici haldır ki, Azərbaycan komandası üzvlərindən də yüksək nəticə göstərən şagirdlərimiz olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin həmin ildəki məzunu Sergey Styopin və “İstək” liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələniblər. Professor Nərgiz Paşayeva Olimpiadanın bağlanış mərasimindəki yekun nitqində qalibləri təbrik edərək onlara seçdikləri yolu axıra qədər davam etdirməyi tövsiyə edib: “Biz pedaqoqlar, müəllimlər sizinlə fəxr edirik, çünki siz doğru seçim etmisiniz, elmin yollarını seçmisiniz. Arzum budur ki, heç zaman bu çətin və əziyyətli yoldan yorulub, usanıb dönməyəsiniz”.

Qələbəyə yol hazırlıqdan keçir

Beynəlxalq Olimpiada asan bilik yarışması deyil. Onu heç imtahanla da müqayisə etmək olmaz. Düzdür, hər bir bilik yarışı, imtahan da hazırlıq tələb edir. Lakin beynəlxalq olimpiadalara onlardan qat-qat artıq hazırlaşmaq lazım gəlir. Burada təsadüfə bel bağlamaq, asan qələbəyə ümid etmək qeyri mümkündür. Dərindən, hərtərəfli, sistemli hazırlıq keçməlisən. Son illər məktəblilərin beynəlxalq olimpiadalara məhz belə hazırlıq keçməsi Təhsil Nazirliyi tərəfindən təşkil olunub.

İstedadlı şagirdlərin aşkar edilməsi, onların potensiallarının inkişafı istiqamətində məqsədyönlü işlərin aparılması, şagirdlərin fənlərin dərindən öyrənilməsinə maraqlarının artırılması, istedadı və hazırlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəminin yaradılması və bir çox digər məqsədlərlə mühüm addımlar atılıb.

2 olimpiadaya hazırlıq mərkəzində 200 şagird məşğul olur

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən Respublika fənn olimpiadalarının təşkili və keçirilməsində köklü dəyişikliklər, olimpiadaların tam şəffaf, obyektiv keçirilməsi şagirdlərdə, müəllimlərdə bu istiqamətə olan marağı ciddi şəkildə artırıb. Məhz bunun nəticəsidir ki, 2014-cü ildə 21000 şagirdin iştirak etdiyi respublika fənn olimpiadalarına 2017-ci ildə artıq 30000 şagird qatılıb.

Azərbaycan məktəblilərinin ölkə daxilində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradıldığı kimi, ölkədən kənarda beynəlxalq fənn olimpiadalarında uğurlu çıxış etmələri və nailiyyətlərini artırmaları üçün də xüsusi addımlar atılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə riyaziyyat, fizika, informatika fənləri üzrə, Kimya, biologiya təmayüllü liseydə isə kimya və biologiya fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Yuxarı və aşağı yaş qrupu olmaqla iki fərqli qrupla beş fənn üzrə tədris ili boyu xüsusi seçilmiş şagirdlərlə olimpiadalara hazırlıq məşğələləri keçilir. Sözügedən olimpiada mərkəzlərində şagirdlərlə hazırlıq dərslərinin aparılması üçün ali məktəblərdən, elmi-araşdırma institutlarından mütəxəssislər dəvət olunur, şagirdlər praktiki hazırlıqlarını bir çox ali məktəbin laboratoriyalarında davam etdirirlər. 2016-2017-ci tədris ilində 200-ə yaxın şagird həmin mərkəzlərdə dərslərə gəlib. Qış və yay olimpiada düşərgələrinə yerli mütəxəssislərlə yanaşı, digər ölkələrdən bu sahə üzrə mütəxəssislər dəvət edilir.

Azərbaycan məktəbliləri hər il fizika, kimya, riyaziyyat və biologiya fənləri üzrə 10-12 müxtəlif beynəlxalq fənn olimpiadasında çıxış edərək, ölkəmizi layiqincə təmsil edirlər.

Gözlənilir ki, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadası paytaxtımızda keçirilsin.

Qarşıda 4 ciddi sınaq da durur

İyul ayında məktəblilərimiz biologiya fənni üzrə Böyük Britaniyada, riyaziyyat fənni üzrə Braziliyada, fizika fənni üzrə İndoneziyada və informatika fənni üzrə İranda keçiriləcək növbəti beynəlxalq olimpiadalarda öz bilik və bacarıqlarını ölkə adına nümayiş etdirəcəklər.

Cari ildə Makedoniya, Bolqarıstan, Qazaxıstan, İsveçrə və Tailandda keçirilmiş müxtəlif fənn olimpiadalarında iştirak edən şagirdlərimiz 1 qızıl, 4 gümüş və 18 bürünc medal olmaqla 23 medal qazanıblar.

Onu da qeyd edək ki, bir şagirdi beynəlxalq olimpiadalara hazırlaşdırmaq üçün ən azı 2 il vaxt sərf olunmalıdır. Bu səbəbdən istedadlı şagirdlərin aşağı siniflərdən aşkar edilməsi və onlarla nəticəyönümlü layihələrin həyata keçirilməsi zəruridir. Elə bu səbəbdən təhsil nazirinin müvafiq əmrinə əsasən 6-7-ci sinif şagirdləri arasında fənn müsabiqələri keçirilir. Bu il həmin yarışmada ölkənin bütün şəhər və rayonlarından 14.000-ə yaxın şagird iştirak edib. Fənn müsabiqələrinin nəticələrinə əsasən seçilmiş şagirdlər beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunur və onlar burada zəruri hazırlıq prosesi keçirlər.

Yerlərdə müəllimlərin istedadı ilə seçilən şagirdlərin fənlər üzrə olimpiadalara ilkin hazırlıq işini həyata keçirməsi məqsədi ilə ana dilimizdə dərsliklər çap edilib və bu proses indi də davam etməkdədir.

Sonda Tailand olimpiadasının qaliblərini biz də təbrik edir, onlara gələcəkdə adlarının böyük alimlərin adları ilə bir sırada çəkilməsini arzulayırıq.
 

yuxarı ⤴