1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Lisey və gimnaziyalar üçün “dahi”lər
21.07.2017 / No27

 

 

 


Ruhiyyə DAŞSALAHLI

“Birinci sinfə gedən uşağım mikroərazi prinsipi üzrə “Tərəqqi” liseyinə düşdü. Əvvəlcə elektron ərizələrin qəbulunda problem yarandı. Yaşadığım ünvanın işıq kodu ev ünvanı ilə uyğun gəlmədiyi üçün ərizəmin qəbulundan imtina edilmişdi. Bu problemi həll etdim. Sonra məlum oldu ki, uşaq müsabiqədən keçməlidir. Hazırlıqlı uşaqdır, müsabiqədən narahat deyildik. Amma mən bildiyimə görə, imtahan keçirilməməliydi. Axı, ərazi üzrə məhz orada oxumalıdır. Buna baxmayaraq, “uşaq müsabiqədən keçməlidir”, - dedilər. Bunu da belə əsaslandırdılar ki, ərazi prinsipinə əsaslanaraq müsabiqəsiz qəbul həyata keçirsələr, ətraf ərazidə hamı məhz burada təhsil almaq istəyər”.

Aqil Rzayev (ad şərtidir - red) şikayətçi olmasa da, onun təcrübəsi lisey və gimnaziyalara qəbulla bağlı real mənzərəni ortaya çıxarır. Yəni, 2017-2018-ci dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulunun aparılması Qaydaları”na edilən dəyişiklikdən sonra ortaya çıxan mənzərə budur ki, Bakı şəhərində fəaliyyət göstərən liseylərdə heç nə dəyişməyib. Öz “muxtariyyəti”ni elan edən liseylərdə əsas qanun hələ də onların öz Nizamnaməsidir.

Nizamnamə hər sənəddən irəlidir

“Nizamnamə” demişkən, elə burdan başlayaq. Liseylərin fəaliyyəti üçün əsas sayılan həmin sənəd onlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçərkən təsdiqlənir. Yəni, hər təşkilatda olduğu kimi, liseylərin də sözügedən nazirlikdə qeydiyyatı üçün həmin sənədin olması şərtdir. Fəaliyyətində də məhz həmin Nizamnaməni əsas götürən liseylər ölkədəki təhsillə bağlı hər hansı qanun, qərar və əmrləri ikinci planda sayır. Bunun da nəticəsi “Tərəqqi” liseyində məhz belə ortaya çıxıb.

Qeyd edək ki, hər liseyin öz nizamnaməsi olsa da, bütün liseylərdə eyni problemlərin müşahidə olunması göstərir ki, həmin sənədlər bir-birindən elə də fərqlənmir.

Bu təhsil müəssisələrində qəbul başladı və bitdi

Qaydaya görə, Bakıda 2017/2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Martın 15-dən başlanan və “mektebeqebul.edu.az” saytı vasitəsilə aparılan qəbul məktəblərdə sentyabrın 15-dək davam etsə də, lisey və gimnaziyalarda nəinki ərizə qəbulu, bütövlükdə qəbul prosesi yekunlaşıb.

Qəbul zamanı subyektiv amillərin rolu hələ də qalır

Qeyd edək ki, yeni qaydalara görə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəblər və BŞTİ-nin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyi, 160 nömrəli Klassik Gimnaziyanın müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların həmin təhsil müəssisələrinə qəbulu müsabiqədənkənar, digər ərazilərdə yaşayanların isə müsabiqə yolu ilə seçilir.

Bu qəbulda kim seçildi, kim qaldı?

Yeniliyin liseylərin qəbulunda necə əksini tapdığına baxaq. Məsələn, Təhsil Nazirliyinin tabeliyindəki “Tərəqqi” liseyinə mikroərazi prinsipinin tətbiqi nəticəsində 37 şagird qəbul olunub. Onlardan bir nəfərin ailəsi başqa yerə köçdüyü üçün liseydə 36 nəfər təhsil alacaq. Müsabiqə ilə liseyə 86 nəfər qəbul edilib.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki “Zəkalar” liseyində mikroərazi prinsipi üzrə 50 müraciətçidən cəmi 1 şagird təhsil alacaq. Bu il liseyə qəbul olunan 100 şagirdin 99-u müsabiqə yolu ilə seçilib. Liseyin direktoru Aygün Əhmədlinin sözlərinə görə, mikroərazi prinsipi üzrə 50 müraciət araşdırılıb və məlum olub ki, onlar elektron ərizəsində “Müsabiqə yolu” düyməsini seçməliymiş: “Birinci il olduğu üçün səhv olub. Sonradan müəyyənləşdirildi ki, onlar mikroərazi prinsipi ilə bizim liseyə düşmür. Ümumiyyətlə, qeyd edim ki, liseyimizə həmin ərazidə yaşayanlar, demək olar ki, müraciət etmir. Həmin ərazidə 8 məktəb var”.

Qəbul olunmuş qaydaya uyğun olaraq, adıçəkilən liseylərə və onun nümunəsində hər hansı lisey və gimnaziyaya qəbul oluna bilməyənlərin valideynləri elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilər.

Sosial ədalət bərpa olundu, amma...

Beləliklə, Təhsil Nazirliyi daha bir məsələdə sosial ədaləti təmin etdi. Müxtəlif səbəblərdən məktəblərə şagird axınının çox olması səbəbindən yaxınlıqda yaşayan uşaqlar həmin təhsil müəssisələrində təhsil almaq imkanından məhrum olurdular. Tutaq ki, dövlət liseyinin yanında yaşayır, ancaq orada oxuya bilmirdilər. Beləliklə, sosial ədalət prinsipi pozulur, insanların narahatlığına səbəb olur, azyaşlı uşaqların lüzumsuz yerə yollarda vaxt itirməsi ilə nəticələnirdi. İndi isə hər uşağın ən yaxın dövlət ümumi təhsil müəssisəsində, o cümlədən lisey və gimnaziyada təhsil almasına şərait yaradılıb.

Amma bu qərardan liseylər narahat görünür. Onların narazılığı müxtəlif formada təzahür edir. Məsələn, A.Əhmədli “Mikroərazi prinsipi ilə liseyimizə qəbul olunan uşağı görməmişəm. Hansı səviyyədə olduğunu bilmirəm. Hesab edirəm ki, liseylərə qəbul ərazi üzrə olmamalıdır. O uşağı qeyd-şərtsiz qəbul etmək düz deyil”, - deyərək, qayda dəyişikliyi ilə bağlı narazılığını ifadə edir.

“Tərəqqi” liseyinin direktoru M.Məmmədova isə başqa fikirdədir. O, istər “Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulunun aparılması Qaydaları”ndakı dəyişikliklə əlaqədar, istərsə də oktyabr ayından qüvvəyə minəcək məktəbəhazırlıq kurslarının məktəblərdə də təşkil edilməsi ilə bağlı əmrin liseyə qəbul prosesində rəqabət mühiti yaratdığını, bu qərardan sonra liseydə oxumaq istəyənlərin sayının artdığını deyir. Ancaq, görünür, lisey rəhbərliyi etirazını “qeyd-şərtsiz qəbul etməli” olduğu şagirdləri müsabiqəyə cəlb etməklə bildirir. Hərçənd M.Məmmədova valideynin əksinə olaraq, mikroərazi prinsipi ilə seçilən 36 nəfərin liseyə qəbulunun müsabiqəsiz aparıldığını vurğulayır.

Yeni gəlir mənbəyi, yoxsa istedad axtarışına...

Qeyd etməliyik ki, lisey və gimnaziyalara “qeyd-şərtsiz qəbul” deyərkən uşaqların biliklərinin yoxlanılmadan qəbul edilməsinin nəzərdə tutulduğunu fərz etsək, “müsabiqə” adı ilə sınaqdan çıxarılan bu formatın özünü doğrultmadığı qətidir. Nədən ki, “xüsusi istedadları seçmək” bəhanəsi ilə xüsusi məqsədlərə xidmət edən həmin format, əslində, təhsildə subyektiv amillərin rolunu artırmaqdadır.

Hər kəsə bəlli həqiqət ondan ibarətdir ki, liseylərdə bilik və bacarıqlardan daha çox xətir-hörmət və “məktəbə kömək” məsələləri həlledici rol oynayır. Bu amilin rolu isə məhz müsabiqə yolu ilə gücləndirilir.

“Müsabiqə, yoxsa süni maneə?” - bu suala cavab axtaran varsa, Ankara liseyi ilə bağlı bir fakt qərarınızı asanlaşdırar. Belə ki, burada müsahibə zamanı uşaqdan soruşulub ki, gimnastlar ayağına nə geyinir? Uşaq da cavab verib ki, “çeşka”. Müəllimin “yox bir Mersedes”, - deyə uşağı ələ saldığını eşidən hər kəs məktəb yaşında olan birinin həmin şəraitdəki vəziyyətini təsəvvür edə bilər.

Müsabiqədə nəyə baxırlar???

Valideyn uşağın sağlamlığı haqqında tibbi arayış təqdim etdiyinə görə artıq məktəblərdə psixoloji durumun müəyyənləşdirilməsinə və müsahibəyə ehtiyac görmürlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun sözlərinə görə, bu il müsahibə sadəcə 6 yaşına çatmamış uşaqların məktəbə qəbulu zamanı təşkil edilib. Bu məqsədlə 42 nömrəli tam orta məktəbdə təşkil edilən xüsusi komissiya onların fiziki və əqli cəhətdən məktəbə hazır olub-olmadığına qərar verib. Çantani götürən, ağlı özünü idarə edən, normal məntiqi düşüncəyə sahib olan uşaqlar müsabiqədən uğurla keçib.

Bəs, görəsən, məktəb yaşına çatmış uşaq nəyi bilməlidir ki, liseydə oxuya bilsin?

Bu yaşda uşağı israrla imtahan etməkdə maraqlı olan liseylərdə müsabiqə və ya müsahibə zamanı nəyə baxırlar? Uşaqların həmin təhsil müəssisəsində oxumağa layiq olub-olmadığını necə, hansı metodika ilə müəyyənləşdirirlər?

“Tərəqqi” liseyində 15-30 dəqiqə müddətində uşaqların məntiqi, düşünmə qabiliyyəti, yaddaşı və diqqəti yoxlanılır, fiziki cəhətdən məktəbə hazır olub-olmadığı, əqli cəhətdən özünü idarə edib-etmədiyinə qərar verilir. M.Məmmədovanın sözlərinə görə, müsabiqə indiyədək iki mərhələdə həyata keçirilib: yazılı və şifahi. İndi mərhələlər birləşdirilib.

6-7 yaşlı uşaqdan yazılı imtahan?

Yəqin siz də düşündünüz, 6-7 yaşlı uşağa nə yazılı imtahan? “Tərəqqi” liseyinin direktor müavini Sədaqət Nağıyevanın sözlərinə görə, əslində, bu, uşaqların inkişafı, diqqəti, əl matorikasının yoxlanılması üçündür. Amma uşaqlar yazı bacarıqlarını söz, ya da cümlə yazaraq deyil, şəkil rəngləyərək, rəngləri ayırd edərək, rəngsiz şəkillərə uyğun rəng taparaq, gördüyü nöqtəli düz xəttin eynisini çəkərək, eyni olan xətləri birləşdirərək nümayiş etdirirlər.

Ələmə mərhələsi

Beləliklə, xeyli mürəkkəbləşdirilmiş imtahandan keçərək istedadı ilə fərqlənənlər liseyin məzunu olmaq üçün mübarizələrini davam etdirməlidir. Bu da təbiidir. Oxumadan istedadı inkişaf etdirmək olmaz.

Maraqlıdır, qəbul zamanı yüksək tələblər qoyan liseylər öz işində də bu qədər tələbkardımı? Seçdiyi həmin “istedad”ları sonra inkişaf etdirə bilirlərmi?

Məlum olur ki, “xüsusi istedad” axtaran liseylər o istedadları nəinki inkişaf etdirir, əksinə “öldürür”. Özü də bir-bir yox. Hər il 10-a qədər şagird liseylərdən ələnir. Məsələn, hələ lisey yaradılanda Təhsil və Ədliyyə nazirliklərində təsdiq edilən “Zəkalar” liseyinin Nizamnaməsi”nə görə, 4 ədəd “3”ü olan şagird qonşu məktəblərin birinə köçürülür. A.Əhmədlinin sözlərinə görə, ildə 5-6 nəfərin uzaqlaşdırılması başqalarının məsuliyyətini artırır: “Bu, bütün liseylərdə belədir. Pis oxuyanla yanaşı, liseyin intizam qaydalarını pozanlar da liseydən uzaqlaşdırılır”.

Bütün liseylərdə vəziyyət eynidirsə, onda belə bir nəticə ortaya çıxır: liseylərin tədris proqramının istedadlar belə öhdəsindən gələ bilmir. Təbii ki, qəbul zamanı subyektiv qiymətləndirmə amili heç bir rol oynamayıbsa.

Belə bir sual yaranır: mikroərazi prinsipinin tətbiqindən sonra başqa ərazidən gələn birincilər arasında “xüsusi istedadları” seçməyin nə əhəmiyyəti var. Onsuz da liseydə xüsusi istedadı olmayanlar da təhsil alacaq. Üstəlik, xüsusi istedad olmadığı aşkarlananlar liseydən başqa məktəbə keçirilir. Deməli, birincilərin arasından istedadları seçmək elə də vacib deyil. Onların qavrama, mənimsəmə, diqqət, yaddaş və s. keyfiyyətləri bəlli olduqca komplektləşdirmək olar.

Ekspert Məlahət Mürşüdlü də bu qənaətdədir ki, xüsusi istedad seçimi birinci sinfə qəbulda lazımsızdır: “Birinci sinfə qəbul zamanı imtahan və müsahibə olmamalı, elektron ərizə ilə müraciət edənlər yerlər dolana qədər qəbul edilməlidir. Yerləri dolan liseyə ərizə qəbulu dayandırılmalıdır”.

Xatırladaq ki, qəbul sadəcə birinci sinifdən aparılmır. 4-9-cu siniflərdə də “xüsusi istedad” adı ilə seçilib, “istedad çıxmayanlar”ın ələnməsinə rast gəlinir.

Belə qənaətə gəlirik ki, liseylər “istedad” kimi dəyərləndirib seçdiklərini sonradan məktəbə ötürür, məktəblərin inkişafına nail olduqlarını isə yuxarı siniflərdə qəbul edib onların nəticələri ilə öyünürlər. Məsələn, 2006-cı ildən qəbul həyata keçirən “Tərəqqi” liseyi bu il ilk məzunlarını yola salıb. 37 məzunundan hamısı qəbul imtahanlarında yaxşı nəticələr göstərib. 4-ü təhsilini qızıl medalla, 16-sı fərqlənmə diplomu ilə tamamlayıb. 4 məzunu təhsilini xaricdə davam etdirmək şansı qazanıb.
Bu nəticə uğurlu tədris metodikası ilə gerçəkləşdirilməyib. Liseyin 11 il əvvəlki qəbul planını direktor M.Məmmədova xatırlamadığı üçün 37 nəfərin neçəsinin elə həmin birincilərdən olduğunu demək mümkün deyil.

Beləliklə, xüsusi istedad seçimi bəhanəsi ilə həyata keçirilən “imtahan”, “müsabiqə”, “müsahibə” və s. adı nə olmasından asılı olmayaraq, hər şey bəlli bir məqsədə xidmət edir. Beləliklə də,direktorun razı qalmadığı azyaşlı həmin imtahandan “üzüağ” çıxa bilmir. “Ankara” liseyinin nümunəsində olduğu kimi, uşaq sıxışdırılır. Müsahibədən pərt, donmuş, çaşqın vəziyyətdə, hətta işgəncəyə məruz qalmış kimi ağlayaraq çıxır.

Video görüntülər necə silinir?

Bahar Rəhimova qardaşının onun himayəsində olan qızını liseyə qoymaq istəyib. Ancaq “Zəkalar” liseyində keçirilən müsabiqənin nəticələrindən narazı olan valideyn müsabiqənin şəraitindən də narazıdır, təşkilindən də: “Guya videoçəkiliş aparılır. Heç kimə yaramayan videoçəkiliş kimə lazımdır? Kimə çəkirlər onu? Valideyni uşaqla içəri buraxmırlar, ümid edirdim ki, heç olmasa, videoçəkilişi alaram. Əmin olaram ki, imtahan ədalətli olub. Ancaq məlum olur ki, videoçəkiliş verilmir. Necə verilmir? Verməmək üçün bəhanə etdilər ki, artıq siliblər. Bu da məndə nəticələrin obyektivliyinə şübhə yaratdı”.

“Zəkalar” liseyinin direktoru A.Əhmədli liseyinin barəsində deyilənlə razılaşmayaraq şikayətçini qərəzli adlandırıb: “İmtahanın gedişində hökmən videoçəkiliş olur. BŞTİ-nin nümayəndəsi də axırıncı uşaq liseydən çıxana kimi prosesi müşahidə edir. Bir qərəzli adama görə imtahanın nəticələrini şübhə altında qoymaq düz deyil. Mən deyirəm, imtahanları BŞTİ-nin nümayəndəsi müşahidə edib. Bu, kameradan da vacibdir”.

Obyektivliyə şübhə yaradan belə bir fakta niyə yol verilir? Valideynlərin prosesdən kənarda saxlanılmasının səbəbi nədir?

“Tərəqqi” liseyinin direktoru valideynləri prosesdən kənarda saxlamalarını prosesə mane olmaları, uşağın əvəzinə cavab verməyə cəhd etmələri, səs-küy salmaları ilə izah edir: “Bu il bizdə şikayətçi olmadı. Heç çəkilişi tələb edən də olmadı. Mən belə hallara yol vermirəm. Çəkinən uşaqları valideynləri ilə birgə qəbul etmişik. Bu il 3-4 belə hal olub. Amma kütləvi ola bilməz”.

Mövcud təcrübədə ibtidai sinfə qəbul zamanı xüsusilə subyektiv amillərin rolunu qeyd edən təhsil üzrə ekspert M.Mürşüdlü valideynlərin imtahan və müsahibə prosesindən kənarlaşdırılmasını doğru saymayıb: “Birinci sinfə qəbul olunanlardan imtahan götürülür, onlara çətin suallar verilir. Müxtəlif bəhanələrlə “müsahibədən keçmədi” deyirlər. Bir tərəfdən deyirik ki, valideynlə məktəb münasibətləri yaxşılaşsın, məktəbdə icmaların rolunu artıraq, digər yandan da məktəblərin qapılarını valideynlərin üzünə bağlayırıq”.

“Göbəyini özü kəsən” təhsil müəssisələri

Bu qədər problemdən sonra yəqin düşünəcəksiniz ki, valideynlər bu problemlərdən niyə danışmır? Danışan isə adını gizlədir. Yəni, haqqını tələb etmək elə çətindir?

Bəli, çox çətindir. Nədən ki, onların şikayət etməyə elə bir yeri yoxdur. Şikayətə baxan da qaydaları pozanların özləridir. “Zəkalar” liseyində imtahan nəticələrindən narazı qalan 8 nəfər Apelyasiya Komissiyasına müraciət edib. Həmin komissiya bütün lisey və gimnaziyalarda olduğu kimi, “Zəkalar” liseyinin də özündə təşkil edilib. Yəni, hamısı “öz göbəyini özü kəsir”. Rəhbərlik etdiyi müəssisədə yaratdığı özbaşınalıqdan şikayət edənlərə özləri cavab verirlər. Həmin cavabın nə qədər obyektiv olduğunu isə təxmin etmək elə də çətin deyil.

Uzun sözün qısası, lisey direktoru valideynindən razı qaldığı uşağı liseyə qəbul edir, razılaşmayanlar isə məktəbə.

Beləliklə, məktəblərdən üstünlüyü təhsilin keyfiyyətində deyil, şərtlərinin ağırlığında olan liseylərdə köklü dəyişiklik lazımdır. Ölkəmizdə mövcud ənənə, yəni qəbul zamanı subyektiv amillərin rolu qaldıqca hər hansı dəyişikliyə nail olmaq mümkün olmayacaq.

yuxarı ⤴