1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017






 

 

 


Yaradıcı yazı alqoritminin səmərəli təşkili metodu


Könül NƏHMƏTOVA,
TİPİİ məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

Yazmağı öyrənmək asan deyil, öyrətmək isə daha çətindir. Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri təsdiq edərlər ki, tədris etdikləri fənnin ən çətin təlim prosesi yazı işinin təşkili və şagirdlərin yazı bacarığının doğru formalaşdırılmasıdır. Düşünürük ki, müəllimlərin, eləcə də şagirdlərin şifahi və yazılı nitqinin formalaşdırılmasının doğru təşkili məsələlərinin səmərəli həlli yollarını araşdırmaqla bu istiqamətdəki çətinlikləri aradan qaldırmağa müəyyən qədər dəstək ola bilərik.
Yazı işinin təşkili haradan başlayır? Yazdığımız nədir və niyə yazırıq? - suallarına cavab tapmaqla işin yarısını görmüş hesab oluna bilərik. Bildiyimiz kimi, bütün şifahi və yazılı nitqin əsasında mətn durur və deyə bilərik ki, nitq məntiqi ardıcıllığı olan yazılı və ya şifahi mətn deməkdir.

Nitq və mətn əlaqəsini qısa bir sərbəst şeir formasında ifadə etmək olar:

Nitq -

Ardıcıl, məntiqli.

Düşündürür, ümumiləşdirir, ifadə edir.

“Danış, səni görüm”.

Mətn.

Yazı -

maraqlı, heyrətamiz.

Təəccübləndirir, düşündürür, sevdirir.

Yazı - insanın özünüifadə vasitəsidir.

Yaradıcılıq.

Yazıya belə bir girişlə başlamağımız təsadüfi feyil, təqdim edəcəyimiz metodun təqdimatıdır. Göründüyü kimi, geniş bir mövzu haqqında qısa və sadə formada mühakimə xarakterli mətnin alqoritmini təşkil etdik. Buna sinkveyn deyilir.

Sinkveyn - XX əsrin əvvəllərində yapon poeziyasının təsiri ilə ABŞ-da yaranmış beş sətirli sərbəst şeir formasıdır. Amerika şairi Adeliaida Krepsi yapon sillabik miniatürləri (xayku və tanqa) ilə tanışlığı nəticəsində sinkveyn janrını yaratmışdır. Sinkveyn - fransızca “senkan” sözündən yaranıb, “beş” deməkdir və beş sətir mənasında işlənir.

Ənənəvi sinkveynin əsasında heca durur və 5 sətirdə cəmi 22 hecanın (2-4-6-8-2) olması tələb olunurdu. Didaktik sinkveynin tərtibi isə məntiqi prinsipə əsaslanır və onun sxemi, təxminən, aşağıdakı kimi görünür:

I sətir - sinkveynin mövzusu: obyekti (predmet, obraz, problem) adlandıran bir söz (isim və ya əvəzlik ola bilər);


II sətir - obyekti xarakterizə edən iki sifət;

III sətir - obyektlə bağlı hərəkətləri ifadə edən üç feil;

IV sətir - semantikası müəllifin obyektə münasibətini ifadə edən cümlə;

V sətir - birinci sözlə assosiasiya təşkil və obyekti özünəməxsus tərzdə ifadə edən bir isim, yaxud iki isimdən də istifadə oluna bilər.

Sətirlər arasındakı əlaqəni belə görürük: Fikrimizcə, sinkveynin birinci sözü tədrisdə yaradıcı yazı mətninin (inşa, esse) mövzusunu və ya giriş hissədə təqdim edilmiş predmeti (obraz, problem) ifadə edirsə, iki sifət - mövzunun əsas fikir istiqamətləri olan iki tezisi müəyyənləşdirməyə kömək edir.

Feillər isə bu tezislərin dəstəklənməsi üçün tələb olunan arqumentlər yerində çıxış edir. Sinkveyndə uyğun feillərin tapılması ən çox vaxt aparan və düşündürücü məqamdır. Çünki feillər kortəbii deyil, mövzunun inkişafının ardıcıllığı prinsipini nəzərə alaraq seçilməli və özündən əvvəlki sifətlərin aydınlaşdırılmasına, təsdiqlənməsinə xidmət etməlidir. Sinkveynin tərtibində ən çox yol verilən “olmaz”lardan biri feillərin özündən əvvəlki sözlərlə əlaqələndirilməyərək təsadüfi seçilməsidir. Fikrimizin aydınlaşdırılması üçün bir nümunəyə müraciət edək. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi üçün metodik vəsaitlərin birində sinkveynə dair sadə görünən bir nümunə verilmişdir:

“Alma
Şirin, dadlı.

Əkirik, becəririk, dəririk.

Hamının sevdiyi vitaminli meyvə.

Sağlamlıq, gözəllik”.

Qeyd edək ki, verilmiş nümunədə bir mühüm məsələ nəzərdən qaçırılmışdır. Sətirləri nəzərdən keçirdikdə “alma” haqqında çox ümumi informasiya aldığımızı hiss edirik. Diqqətlə analiz etdikdə mətndə yol verilmiş uyğunsuzluğun feillərin seçilməsi ilə bağlı olduğunu asanlıqla müəyyənləşdirmək mümkündür. Almanın dadlı və vitaminli olması haqqında tezisin əsaslandırılmasında gərək olan arqumentlərə aid feillərin seçilmədiyi göz önündədir. Nəzərə almaq lazımdır ki, sinkveynin öyrənilməsi öncə kiçik mətnlərin əsasında aparılır. Buna görə də sinkveyn üçün seçilmiş mövzuya aid nitq hissələrini müəyyənləşdirərkən təsadüfi və ilk baxışda əlaqəli görünən kəlmələri seçmək yolverilməzdir. Düşünsək ki, sinkveyn bizim yazacağımız konkret mövzuya həsr olunmuş qısa mətnin planı rolunu oynayır, o zaman bütün sözlərin birinci sətrini təşkil edən ilk isimlə qırılmaz əlaqəsini yaratmalıyıq. Yuxarıda göstərdiyimiz nümunədə isə almanın əkilib-becərilməsinin və dərilməsinin onun dadına və faydalılığına aidiyyəti yoxdur.

Həmçinin dördüncü sətrin nümunədən ibarət olmasının şərt olduğunu nəzərə alaraq, burada da uyğunsuzluq müşahidə edirik. Verilmiş hökmü də doğru hesab edə bilmərik, çünki hamının almanı sevməsini isbat etmək mümkün deyildir. Yuxarıdakı sinkveyni belə redaktə edə bilərik:

Alma.

Şirin, dadlı.

Yeyirik, gözəlləşirik, sağlam oluruq.

“Hər meyvədən bir şirə çək”.

Vitamin.

Sinkveyn tərtibi zamanı cümlədən ibarət dördüncü sətirdə müəllifin mühakimə yürütdüyü mövzuya münasibəti, yəni mətnin ideyası öz əksini tapır. Bu, sizin yazınıza seçdiyiniz epiqraf da ola bilər. Cümlənin dolğun və ümumiləşdirici fikir şəklində verilməsi məqsədəuyğundur, çünki bu, mövzu haqqında gəldiyiniz şəxsi qənaətinizin 4-5 sözlə ifadəsi deməkdir. İfadə edəcəyiniz hökm mövzuya nə qədər yaxından bələd olduğunuzdan xəbər verəcəkdir.

Beşinci sətir mətnin nəticə hissəsini təşkil etdiyi üçün seçdiyiniz kəlmənin mövzunu ifadə edən isimlə uyğunluq təşkil etməsi, onu təsdiqləməsi şərtdir. Çünki, bilindiyi kimi, esse və ya inşa yazıların nəticə hissəsi mütləq girişdə qarşıya qoyulan məqsədə xidmət etməli, irəli sürülən fikrin təsdiqinə yönəldilməlidir. Nəticə girişdəki fikri təkzib edə biməz.

Sinkveynin əhəmiyyəti və səmərəliliyi haqqında müxtəlif mülahizələr var, onlardan istənilən birini anlayışın tərifi kimi qəbul edə bilərik. Məsələn: “Sinkveyn- oxunmuş kitab və ya tədqiq edilmiş problem haqqında qısa və bədii formada xülasədir. Şagirdlərdə ümumiləşdirmə və interpretasiya bacarıqları formalaşdırır”.

Yaradıcı yazı janrlarının tədrisinin ilk illərində sinkveyn metodundan ardıcıl və məqsədyönlü istifadə şagirdlərin mövzuya yaradıcı münasibətini təmin edəcək və mətnqurma bacarıqlarına yiyələnmələrini sürətləndirəcəkdir. Sinkveyn formasına görə, sadə olduğu qədər də çox səmərəli refleksiv vasitədir.

Sinkveyn nümunələri

Sinkveynin özü haqqında mühakiməmizi aşağıdakı kimi sxemləşdirə bilərik.

Sinkveyn -

obrazlı, dəqiq.

Düşündürür, aydınlaşdırır, yazdırır.

“Az söylə, söz söylə”.

Mühakimə.

(Könül Nəhmətova)

Söz

Müxtəlif, müdrik.

Yaranır, ifadə edir, yönləndirir.

Məqsədyönlülük, məram deməkdir.

Yol.

(Yaxina Xayat Xarisovna)

Dəqiq və texniki fənlərin tədrisində sinkveyn

Bütün mövzularda yazılı və şifahi nitqin təşkilində sinkveyn metodundan istifadə səmərəlidir. Bu metodu yalnız humanitar deyil, həmçinin dəqiq və texniki fənlərin tədrisində də məqsədyönlü tətbiq etmək faydalı və əyləndiricidir. Müxtəlif terminlərə, anlayışlara, mövzulara dair sinkveyn qurmaqla şagird anlayışı hansı səviyyəyə qədər qavradığını nümayiş etdirəcəkdir.

Kimya

Üzvi, qeyri-üzvi.

Aydınlaşdırır, öyrədir, yaradır.

Çox mürəkkəb fəndir.

Elm.

Orqanizm -

birhüceyrəli, çoxhüceyrəli.

Ünsiyyət qurur, böyüyür, yaşayır.

Vahid bütöv kimi ünsiyyətdədir və fəaliyyətdədir.

Həyat!

(Eyxman Yelizaveta, Rusiya, 11 sinif)

İbtidai sinif şagirdlərini həyat bilgisi dərslərində və ya esse yazı işində təbiət mövzusunda düşündürmək üçün belə sadə bir sinkveyn nümunəsi təklif edirik:

Yarpaq -

yaşıl, canlı;

göyərir, yaşayır, yaşadır.

Yaşıllıq - həyatın dirilik simvoludur.

Əbədiyyət!

(Könül Nəhmətova)

Əlavə təhsil alan müəllimlərin yazdığı ilk sinkveynlər

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Təlim Texnologiyaları Mərkəzi ilə birgə təşkil etdiyi “Yazılı nitqin inkişafı” təlim kursunun ilk müdavimləri iştirak etdikləri məşğələlərdə esse yazı və ümumilikdə yazı işinin təşkili ilə bağlı öyrəndikləri yenilikləri öz sinkveynlərində aşağıdakı kimi ifadə etməyə çalışmışdılar:

“Esse

Xoş, həyəcanlı...

Öyrəndim, düşündüm, yazdım.

Çətin və məsuliyyətli iş oldu -

yazım...”

(Gülər Şahbazova, 42 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi)

“Təlim

Maraqlı, heyrətamiz...

Öyrətdi, düşündük, yazdıq.

Müəllimimiz bizim qəlbimizdən xəbər verir -

Könül”.

(Günel Yaqubova, 42 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi)

“TİPİİ
Həyəcanlı, maraqlı...

Yazıldıq, gəldik, öyrəndik.

Ümidlərimizi doğruldan ocaq -

Məktəb!”

(Lalə Əliyeva, 42 nömrəli məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi)

Sinkveyn əsasında essenin yazılması

Yaşıllığı

niyə qorumalıyıq?

(esse)

Sinkveyn:

Yarpaq -

Yaşıl, canlı;

Göyərir, yaşayır, yaşadır.

Yaşıllıq həyatın dirilik simvoludur.

Əbədiyyət!

Bu sualla bağlı siz necə düşünürsünüz?

Təbiətin ən kiçik elementlərindən biri yarpaqdır. Yarpaq kiçik olduğu qədər də böyük funksiyaya malikdir. Biosferi dirilik üçün zərurət olan oksigenlə təmin etmək kimi bir vəzifəyə məsul görülüb.

Yarpağın yaşıllığı onun dirilik əlamətidir. Göründüyü kimi, təbiətin yaşıllığı canlılığa, varlığa xidmət edən keyfiyyətdir.

Belə böyük əhəmiyyətinə baxmayaraq, yarpaqların əksəriyyəti mövsümi xarakter daşıyır. Yazda göyərir, yaşıllaşır, yayda ağacları kölgəlik üçün çətirə çevirir, təbiəti bəzəyir, payızda solur. Bunu təbiətin pəhrizi kimi də qəbul edə bilərik. Şair necə demiş:

“Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da”.

(Nizami Gəncəvi)

Yaşıllıq həyatın dirilik simvoludur. Buna görə də İslamın bayrağı da yaşıl rəngdədir. Dirilik və canlılıq naminə təbiətin yaşıllığını qorumalıyıq ki, əbədiyyətə gedən yolu xarabazara çevirməyək.
 

yuxarı ⤴