1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Azərbaycan tarixi fənnindən layihə dərsi
21.07.2017 / No27

(Foto1)

(Foto2)

 

 


Tamara BAXŞƏLİYEVA,
Naxçıvan Müəllimlər İnstitutunun metodist müəllimi

Təhsil islahatlarından irəli gələn və təlim-tərbiyədə daha effektli nəticə almağa imkan verən məsələlərdən biri də qabaqcıl müəllimlərin iş təcrübəsindən istifadə etmək və onu gənc müəllimlərin qarşısında nümayiş etdirməkdir. Naxçıvan Müəllimlər İnstitutu işini bu sahədə səmərəli təşkil edir, muxtar respublikanın məktəb müəllimləri ilə daim sıx əlaqə saxlayır və qarşılıqlı fəaliyyət göstərir. Mütəmadi olaraq institutda qabaqcıl müəllimlərin tələbələr, şagirdlər ilə birgə “açıq dərs”ləri təşkil olunur, tələbələr bu dərsləri dinləyir, müzakirələr aparırlar. Bu da müəllimlik ixtisasına tələbələrdə daha çox həvəs yaradır, tələbə-şagird əməkdaşlığını daha da səmərəli edir.

İnstitutun növbəti qonağı Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi İmmi Hüseynova idi. Qonağın tələbələr qarşısında nümayiş etdirəcəyi dərsin mövzusu Azərbaycanda XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər baş vermiş tarixi hadisələr idi.

İ.Hüseynova tədris etdiyi tarix fənninin səmərəliliyini və keyfiyyətini yüksəltmək məqsədi ilə bir çox yeni təlim texnologiyalarından dərslərində yararlanır. Bu dərsdə də o, yeni pedaqoji texnologiyalardan biri olan layihə metodundan istifadə etdi. Qeyd etdi ki, şagirdlərdə biliklərə müstəqil şəkildə yiyələnmək bacarığını formalaşdırmaq üçün layihə metodu böyük əhəmiyyətə malikdir. Təlim prosesində bu metoddan istifadə etdikdə məktəb təlimi ilə xarici aləm arasında əlaqə yaranır. Hər hansı bir layihəni yerinə yetirən zaman şagirdlərin məktəbdənkənar müəssisələr və mütəxəssislərlə əlaqəsi qurulur. Bu zaman şagird özünü müstəqil tədqiqatçı kimi aparır. O, məqsədə çatmaq üçün əlavə elmi mənbələrdən, ədəbiyyatlardan yararlanır. Layihə təlimi şagirdlərə hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, onlara sosioloji tədqiqat və yaradıcılıq vərdişləri aşılayır.

Eyni zamanda bu metod şagirdlərdə tədris olunan mövzuların sərbəst təhlil edilməsi, səbəb - nəticə əlaqələrinin açılması, faktların ümumiləşdirilməsi Azərbaycan tarixinin öyrənilməsi zamanı əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsində istifadə bacarığını inkişaf etdirir. Digər dərs formalarından fərqli olaraq layihə dərslərdə şagirdlərdə vətənə məhəbbət, fəal həyat mövqeyi, vətənpərvərlik, ümumbəşəri humanist dəyərlərə hörmət hissləri daha qabarıq formada özünü göstərir.

Metodun əsas mahiyyəti şagirdlərə əldə etdikləri biliklərin həyatda onlara lazım olacaqlarını göstərməkdir. Bu dərsdə şagirdlərə yeni informasiyanın alınma mənbəyini və ya bu informasiyanı necə axtarmaq lazım olduğu göstərilir. İmmi Hüseynova işlədiyi 14 nömrəli tam orta məktəbdə VIII sinif şagirdləri ilə həyata keçirdiyi layihələrdən birini tələbələrə nümayiş etdirdi.

Layihənin adı: Azərbaycan tarixi XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər.

Layihənin məqsədi: XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər olan dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin siyasi quruluşu, daxili və xarici siyasətinin səciyyəvi xüsusiyyətlərini, Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin vətənimizin maarif, elm, mədəniyyət, memarlıq sahəsindəki nailiyyətlərini tədqiq etmək.

Layihənin icra müddəti: 1 aprel - 18 may 2017-ci il.

Layihənin yerinə yetirilmə planı:

1. a) Azərbaycan tarixini XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinədək araşdırmaq;

b) Bu dövrdə mövcud olmuş dövlətlərin quruluşu, hakimiyyətdə təmsil olunmuş sosial qrup və təbəqələr arasında münasibətlər;

c) Görkəmli dövlət xadimləri və onların fəaliyyətlərinin səciyyələndirilməsi;

d) Ən mühüm islahatlar (tədbirlər), onların xarakterik əhəmiyyəti;

e) XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinədək olan dövrdə Azərbaycan ərazisinə işğallara və müstəmləkə asılılığına qarşı mübarizə və nəticənin səciyyələndirilməsi;

ə) Azərbaycanın bu dövrə aid maarif, elm, ədəbiyyat, incəsənət, memarlıq sahələrini araşdırmaq.

2. Bu dövrdə yaradılmış abidələri təbliğ etmək məqsədilə (informativ materiallar, slayd, stend, buklet) tərtib etmək.

3. Maddi mədəniyyət nümunələrinə dair tarix kabinetində guşə yaratmaq.

4. Layihənin təqdimatı.

Layihənin yerinə yetirilmə müddətində görülən işlər.

I mərhələ.

Tarix: 1 - 5 aprel 2017-ci il.

Fəaliyyət: Mövzu, layihənin yerinə yetirilmə qrafiki, müddəti müəyyən olundu. Hər mərhələdə işin necə icra olunacağı dəqiqləşdirildi.

II mərhələ.

Tarix: 6 - 20 aprel 2017-ci il.

Fəaliyyət: Azərbaycanın qədim tarixi diyar olduğunu nəzərə alaraq, qədim abidələri müəyyənləşdirərək onların yerləşdiyi ərazilərə ekskursiyalar təşkil etmək. (Foto1)


III mərhələ.
Tarix: 20 aprel-1 may 2017-ci il.

Fəaliyyət: Abidələri və maddi mədəniyyət nümunələrini diqqətlə nəzərdən keçirərək, onların yerləşdiyi ərazini, abidənin və nümunənin ölçülərini, quruluşunu, hansı məqsədlə yaradıldığını, tarixi ilə bağlı müzakirələr apararaq qeydlər yazmaq.

Abidələrin fotoşəklini çəkmək, gedə bilmədiyimizi internet vasitəsi ilə araşdırmaq.  (Foto2)

IV mərhələ.

Tarix: 2-17 may 2017-ci il.

Fəaliyyət: Naxçıvan şəhər mərkəzi kitabxanası ilə əlaqə yaratmaq. Ayrı-ayrı dövrlərdə Azərbaycan ərazisində sənətkarlığın müxtəlif sahələrinin (dulusçuluq, memarlıq, xəttatlıq) inkişafı ilə bağlı alimlərin əsərlərilə tanış olaraq nəzəri biliklərimizi daha da genişləndirmək:

- İnternet şəbəkələri vasitəsilə AMEA da çalışan tanınmış şərqşünas və tarixçilərlə əlaqə yaradaraq məlumatlar əldə emək.

- Publisher, word, photoshop proqramlarından istifadə edərək buklet düzəltmək və stend hazırlamaq.

18 may 2017-ci il.

Fəaliyyət: Layihənin təqdimatı, buklet, stend.

Layihənin təqdimatı keçirildikdən sonra hazırladığımız işləri məktəbin tarix kabinetinə yığaraq guşə yaratdıq.

Artıq tarix kabinetində məktəb əyanilikləri deyil, eyni zamanda zəngin tariximizin şahidləri olmuş müxtəlif maddi- mədəniyyət nümunələri mövcuddur.

Layihə metodunun icrası zamanı:

- şagirdlər özlərini tədqiqatçı kimi gördülər;

- qazandıqları yeni biliklər onların özləri tərəfindən kəşf edildi, bu, müstəqil fəaliyyətin nəticəsi idi;

- şagirdlər məqsədə nail olmaq üçün məktəbdənkənar müəssisə və mütəxəssislərlə əlaqə yaratmışdılar;

- Layihə təlimi informasiya texologiyalarının köməyi ilə mükəmməl həyata keçirildi.

Təqdimatın sonunda İmmi Hüseynova qeyd etdi ki, tariximizi şagirdlərə dərindən öyrətmək üçün dərslərdə fəal (interaktiv) təlimin bütün üsul və vasitələrindən istifadə etmək məqsədəuyğundur.

Tərdis ilinin sonunda şagirdlərin keçdikləri mövzuları necə mənimsədiklərini, öyrəndiklərinin onların yaddaşlarında necə iz buraxdıqlarını bilmək üçün məhz layihə üsulundan istifadə etməyi qərara aldıq və çox gözəl nəticə əldə etmiş olduq. Şagirdlərin hazırladıqları materialların, elmi biliklərinin, əl işlərinin nümayiş etdirilməsi, mövzulara dair əvvəlcə və dərs müddətində işlədikləri rəsmlərin təqdimatı uğurla keçdi.

Şagirdlər İKT-nin imkanlarından yararlanmış, layihənin təqdimatında nümayiş etdikləri bukletlərin hazırlanması məhz kompüter proqramlarında işləmə bacarıqları sayəsində mümkün olmuşdur.

Qeyd edim ki, İmmi müəllimin nümayiş etdirdiyi dərs tələbələrin çox xoşuna gəldi. Onlar müəllim işləyəcəkləri zaman öz fəaliyyətlərində belə yaradıcı axtarışlara geniş yer verəcəklərini bildirdilər.

yuxarı ⤴