1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Elm xəbərləri
21.07.2017 / No27

 
 

 

 


Çilçırağa quraşdırılan proyektorun prototipi

Yusif ƏLİYEV

Karnegi-Mellon Universitetinin (Pensilvaniya, ABŞ) mühəndisləri lampaya və ya çılçırağa quraşdırılan, fərdi kompüter üçün proqramların interfeysini müxtəlif səthlərə proyeksiyalamağa və jestlərin köməyi ilə onları idarə etməyə imkan verən cihaz hazırlayıblar.

Müxtəlif səthlərə kompüter interfeyslərini proyeksiya edən qurğuların prototipi çoxdan mövcud olsa da, onların əksəriyyətində ümumi çatışmazlıqlara rast gəlinir. Həmin qurğularda interfeys üzərində kənar predmetlər olmayan yastı səthə proyeksiya edilməlidir.

www.hitech.newsru.com  saytının məlumatına görə, bu tətbiqlərdən fərqli olaraq, “Desktopography” adlı sistem sərbəst olaraq boş sahəni tapmaq və ona proqramların pəncərələrini proyeksiya etmək imkanına malikdir. Həmçinin bu pəncərələrin yerini dəyişdirmək, miqyasını böyütmək və onları masadakı predmetlərə “bağlamaq” olar. İstifadəçi pəncərə proyeksiya edilən yerə hər hansı bir əşya qoyduqda bu zaman proyeksiya avtomatik yerini dəyişəcək. Qurğunun kamerasından təsvirlərin korreksiyası və məlumatların işlənməsinə isə fərdi kompüterdə açılan proqram “cavabdehdir”.

İstehsalçıların fikrincə, yeni qurğu gələcəkdə bir çox istifadəçilərin eyni zamanda bir neçə proqramla işləmək üçün öz fərdi kompüterlərinə qoşduqları əlavə monitorları əvəz edə biləcək.


“Apple” ən güclü stolüstü kompüterini təqdim edib


“Apple” korporasiyası “Mac”ın bütün kompüterlərindən güclü olan yeni “iMac Pro” stolüstü kompüterini təqdim edib. O, müxtəlif modifikasiyalarda 8 və 18 nüvəli Xeon prosessoru, eləcə də qrafika, video və onlayn-oyunlar üçün güclü elektron içliklə təchiz edilib.

Şirkətin vitse-prezidenti Con Ternus bildirib ki, istehsalçılar kompüteri 27 düym diaqonal ekranlı “iMac Retina 5K” dizaynının qabığına yerləşdiriblər. Hesablama gücü 22 teraflops olan kompüter 128 Gb əməli yaddaşı dəstəkləyir.

www.mir24.tv  saytının məlumatına görə, qurğu 2017-ci ilin dekabrında satışa çıxarılacaq. Tünd boz (space gray) rəngdə təqdim olunması nəzərdə tutulan yeni “iMac Pro”nun ABŞ-da başlanğıc qiyməti 4999 dollar təşkil edəcək.

Qeyd edək ki, şirkət, həmçinin 10,5 düym diaqonal ekran və qısaldılmış yan çərçivələrə malik yeni “iPad Pro”nu təqdim edib. Planşetin dəyəri 649 dollardan 949 dollara qədərdir. Satışlara gələn həftədən başlanılması nəzərdə tutulsa, qurğunu öncədən sifariş etmək də mümkündür.


Soyuq suda həll olan çip hazırlanıb



Vanderbilt Universitetinin (ABŞ) tədqiqatçılar qrupu suyun temperaturu 32 dərəcə Selsidən aşağı olduqda suda həll ola bilən çipin prototipini hazırlayıblar. Çip daşına bilən elektronikada öz tətbiqini tapacaq. Bu məsələyə həsr edilmiş məqalə “ACS Applied Materials and Interfaces” jurnalında dərc olunub.

www.hitech.newsru.com  saytının məlumatına görə, yeni materialın əsasında aşağı kritik temperaturla həll olunan polimer dayanır. Keçirici komponentlərin də həll oluna bilməsi üçün tədqiqatçılar onları bütöv metaldan deyil, gümüş nanoliflərin toxumalarından istehsal ediblər.

İstehsalçıların sözlərinə görə, onların yaratdığı material biouyğunluğa malikdir. O, tibbi məqsədlərlə və implantasiya edilən elektronikada istifadə oluna bilər. Məsələn, onun köməyi ilə çipin daşıyıcısı haqqında şəxsi məlumatların yazılacağı RFID-nişanı yaratmaq olar. Belə məlumat daşıyıcısı normal şəraitdə işləyəcək, sahibi vəfat etdikdə isə həll olacaq. Dərialtı nişanı, həmçinin bədənə buz qoymaqla məhv etmək mümkün olacaq.

Qeyd edək ki, özü məhv olan çiplərin yaradılması üzərində indiyədək bir çox alim işləyib. Belə ki, ilk dəfə 2015-ci ilin mayında İllinoys Universitetinin tədqiqatçıları istiliyin təsiri altında avtomatik məhv olan mikrosxem yaratmışdılar.


Plastik kartlar əvəzinə smartfonları “qəbul edən” bankomatlar



“Alfa bank” Rusiyada ilk dəfə olaraq nağd pul çıxarmağa və plastik kartın iştirakı olmadan hesabı yükləməyə imkan verən bankomatlar quraşdırıb. Əməliyyatın aparılması üçün “Android Pay”, “Samsung Pay” və ya “Apple Pay” ödəmə funksiyasını dəstəkləyən smartfon və ya “ağıllı” saatdan istifadə olunur.

Hələ ki, “Alfa bank”ın bankomatları yalnız MasterCard sisteminin kartlarını dəstəkləyir. İlin sonuna kimi digər sistemlərin kartlarının da dəstəklənməsi gözlənilir.

www.hitech.vesti.ru  saytının məlumatına görə, bankın xidmətlərindən istifadə etmək üçün smartfonu NFC-hesablayıcıya (Near field communication - yaxın kontaktsız əlaqə) toxundurmaq lazımdır. Bununla da, plastik karta təqdim olunan bütün imkanlar smartfon üçün əlçatan olacaq.

Qeyd edək ki, “Alfa bank”la yanaşı, digər maliyyə təşkilatları da bankomatları NFC-çiplərlə təchiz etmək niyyətindədirlər.

Bank analitikləri hesab edirlər ki, kontaktsız bankomatlar nağd pulların ənənəvi üsulla çıxarılması ilə müqayisədə, müştərilərə xidmət göstərilmə vaxtını əhəmiyyətli dərəcədə azaldacaq. Bundan başqa, müştərilərin bank kartını özü ilə daşımasına ehtiyac qalmayacaq.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴