1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurası fəaliyyət istiqamətlərini açıqladı
21.07.2017 / No27

 

 

 


Hədəf bu ali təhsil müəssisəsini elm-təhsil-innovasiya modelinə əsaslanan yeni nəsil universitetə çevirməkdir

Yusif ƏLİYEV

Ölkə iqtisadiyyatının indiki inkişaf səviyyəsində mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislər hazırlanması zərurətə çevrilib. Bu zərurət, eləcə də universitetlərin innovasiyalı inkişafda həlledici rolu nəzərə alınaraq son dövrlərdə ölkədə elm-təhsil-innovasiya modelinə əsaslanan yeni nəsil universitetlərin yaradılması prosesinə start verilib. Bu istiqamətdə atılan ilk addımlardan biri isə ölkə Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə publik hüquqi şəxs qismində Bakı Mühəndislik Universitetinin yaradılmasıdır. Prezidentin son vaxtlar imzaladığı müvafiq sərəncamlarla artıq bir neçə universitet də publik hüquqi şəxs statusu almaqla yenidən təşkil olunmağa başlayıb.

Himayəçilər Şurası yeni idarəetmə orqanıdır

Lakin əlamətdar cəhət odur ki, təhsil sektorunda ilk publik hüquqi şəxs kimi Bakı Mühəndislik Universiteti bu prosesdə öndə gedir. Dövlət başçısının bu il 21 fevralda imzaladığı fərmanla Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiq olunub.

 Sənəddə universitetin idarə olunması üçün bir sıra yeni orqanlar nəzərdə tutulub ki, onlardan da biri ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Ötən müddət ərzində Təhsil Nazirliyi tərəfindən müxtəlif elm, istehsalat, kommersiya qurumlarının rəhbərliyi ilə aparılan danışıqlar, müzakirələr nəticəsində şura formalaşdırılıb. Nazirliyin 7 iyul 2017-ci il tarixli əmri ilə təhsil nazirinin müavini Ceyhun Bayramov sədr, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Nazim Məmmədov, “Azərkimya” İstehsalat Birliyinin Müşahidəçilər Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, SAP Azərbaycanın idarəedici direktoru Rüfət Hacıəlibəyov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev üzvlər olmaqla Himayəçilər Şurasının tərkibi təsdiq olunub. Yeni idarəetmə qurumunun iyulun 14-də Bakı Mühəndislik Universitetində ilk iclası keçirilib. Universitetin rəhbərliyinin və fakültə dekanlarının iştirak etdiyi iclasda Himayəçilər Şurasının üzvləri kollektivə təqdim olunub, onun vəzifə və fəaliyyət istiqamətləri müzakirə edilib.

İclası açan Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağında publik hüquqi şəxs statusundan irəli gələrək yeni idarəetmə förmasının tətbiq olunduğunu, bu məqsədlə ali idarəetmə orqanı olan Elmi Şura ilə yanaşı Himayəçilər Şurasının, Büdcə və Aidit komitələrinin yaradıldığını diqqətə çatdırıb.

Şuranın əsas vəzifəsi universitetin strateji inkişaf istiqamətlərini müəyyən etməkdir

İclasda Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının sədri, təhsil nazirinin müavini Ceyhun Bayramov rəhbərlik etdiyi ictimai qurumun vəzifələri və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Onun bildirdiyinə görə, Himayəçilər Şurasının əsas vəzifələri universitetin strateji inkişaf istiqamətlərini müəyyən etmək, universitet rəhbərliyi ilə bu istiqamətlərdə birgə səylər həyata keçirməkdir. “Şuranın səlahiyyətlərinə eyni zamanda universitetin Büdcə Komitəsinin formalaşdırılması və işinin təşkili, illik büdcənin və onun icrasının təsdiq edilməsi, Audit Komitəsinin üzvlərinin təyin edilməsi, universitetin fəaliyyət istiqamətlərinə nəzarət daxildir”, - deyən şura sədrinin sözlərinə görə, qurum həm də təhsil ocağının elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental və tətbiqi elmi layihələrin həyata keçirilməsinə, zəruri infrastrukturun yaradılmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, maliyyə və investisiya vəsaitlərinin cəlb edilməsinə, məzunların işlə təmin olunmasına da dəstək verəcək.

Təbii ki, Himayəçilər Şurasının tərkibi müəyyənləşdirilərkən bütün bunlar, xüsusən də universitetlərin strateji inkişafı ilə bağlı aparılan diskussiyalarda irəli sürülən “Hər bir universitet elm-təhsil-innovasiyaların vəhdəti olmalıdır” fikri əsas götürülüb. Bu baxımdan universitetdə həm fundamental, həm də tətbiqi araşdırmaların həyata keçirilməsinə dəstək verilməsi, əmək bazarının tələbatlarının diqqətdə saxlanılması əsas götürülərək AMEA-nın, işəgötürənlərin, innovasiya sahəsində öndə olan özəl şirkətin nümayəndələri Himayəçilər Şurasına cəlb olunub.

BMU-da bir sıra yeni ixtisaslar üzrə kadrlar hazırlanacaq

Hər bir universitetin tələbə kontingentinin formalaşmasının əsas mənbəyini onun qəbul proqnozu planının təşkil eydiyini deyən Ceyhun Bayramov bu il universitetə bir sıra yeni ixtisaslar üzrə qəbul planı verildiyini söyləyib. Təsnifat qrupunda olmayan, Nazirlər Kabineti tərəfindən ilk dəfə tətbiq olunan bu ixtisaslardan 3-nün- sənaye mühəndisliyi, loqistika və nəqliyyat texnologiyaları mühəndisliyi və şəhərsalma ixtisaslarının adlarını xüsusi qeyd edən Şura sədrinin sözlərinə görə, bu, Bakı Mühəndislik Universitetinin potensialının hökumət tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

İclasda Himayəçilər Şurasının vacib fəaliyyət istiqamətlərindən biri kimi universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunulub. “Dünya ölkələrinin təhsil sistemlərində gedən prosesləri, aparılan tədqiqatları nəzərə almadan, təhsil prosesinin beynəlmiləlləşməsini təmin etmədən uğurlu universitet modeli barədə danışmaq çətindir,” - deyən nazir müavininin fikrincə, Azərbaycanda artıq yeni nəsil universitetlərin, bir sıra ənənəvi, ancaq bu istiqamətdə sözünü demiş ali təhsil müəssisələrinin, xarici ölkə universitetləri filiallarının, birgə universitet layihələrinin olması, Amerikanın, Fransanın, Böyük Britaniyanın, Hollandiyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarının mövcudluğu yaxşı haldır.

“BMU-nun potensialının daha da gücləndirilməsi baxımından bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin, dünyanin aparıcı regional universitetləri ilə məhz mühəndislik ixtisasları üzrə işbirliyinin təmin edilməsi bir məqsəd və hədəf kimi qarşıda durur”.

C.Bayramov innovasiya sahəsində fəaliyyət göstərən şirkətlərin BMU-ya cəlb edilməsini, universitetin müəllim və tələbə potensialının texnoloji şirkətlərlə birlikdə araşdırmalar apara bilməsi üçün şəraitin yaradılmasını da Himayəçilər Şurasının fəaliyyətinin vacib istiqamətini təşkil etdiyini diqqətə çatdırıb.

İclasda habelə tələbələrin tədrisdən ayrılmadan praktiki fəaliyyətə cəlb olunması, əlavə maliyyə mənbələrinin yaradılması, mövcud texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, startap layihələri ilə bağlı işlərin sistemli şəkildə həyata keçirilməsi məsələlərindən də danışılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.

 

yuxarı ⤴