1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Universitet Elmi Şurasının iclası keçirilib
21.07.2017 / No27

 
 

 

 


ADPU-da 112 nəfər vakant yerlərə müsabiqə yolu ilə seçilib

İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili, filologiya fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.

İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib.

Qeyd edilib ki, tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılıb. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilib.

 Onların 350 nəfəri universitet əməkdaşı, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisidir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir. Müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə “açıq dərs”lər keçiblər. Müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə “açıq dərs”lər videoçəkilişlər keçirilərək təşkil edilib. “Açıq dərs”lər fakültə Tədris-Metodiki Şuraları tərəfindən qiymətləndirilib. Qeyd edilib ki, tanınmış və nüfuzlu təhsil ekspertləri - əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, fəlsəfə doktoru Etibar Əliyev ADPU-da çalışmaq istəyən professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsini yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıblar.

Dosent Avtandil Bayramov bildirib ki, müsabiqəyə çıxarılan 114 yerdən 112-də müsabiqə baş tutub. 2 yer üzrə - məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmayıb. Müsabiqənin nəticələrinə əsasən qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşı, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir.

Elmi Şura üzvləri dosent Avtandil Bayramovun müsabiqənin nəticələri haqqında məruzəsini müsbət qiymətləndirərək yekdilliklə qəbul ediblər.

İclasda müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib.

Müsabiqədən uğurla keçən fizika və texnologiya fakültəsinin professoru Edil Eyvazov, tarix və coğrafiya fakültəsinin professoru Xəqani Məmmədov, ibtidai təhsil fakültəsinin dosenti Rasim Şükürov, filologiya fakültəsinin baş müəllimi Təranə Nağıyeva, riyaziyyat və informatika fakültəsinin baş müəllimi Solmaz Həsənova, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin baş müəllimi Natiq Əliyev, kimya və biologiya fakültəsinin müəllimi Sevinc Mehdiyeva, məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin baş müəllimi Pərişan Həsənova müsabiqənin şəffaf və obyektiv keçdiyini bildirərək bütün namizədlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin qaliblərini təbrik edərək onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev yay semestrinin təşkili barədə məlumat verib. S.Əliyev həmçinin tədris-yardımçı heyətin, elmi işçilərin dərs yükü ilə təmin olunmaları barədə qərarı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

Filologiya fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, professor Buludxan Xəlilov məlumat verib. Sonda B.Xəlilov fakültənin elmi-pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərlə çıxış edib.

Elmi Şura dosent Sənan Əliyevin və professor Buludxan Xəlilovun hesabatlarını qəbul edib.

İclasda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Sonda rektor Cəfər Cəfərov iclasda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə tapşırıq və tövsiyələrini verib.

 

yuxarı ⤴