1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Mən ancaq müəllim ola bilərdim”
21.07.2017 / No27

 

 

 


Rafiq Səfərəliyev: “Özümü məktəbsiz, şagirdlərsiz təsəvvür edə bilmirəm”

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Rafiq Səfərəliyev Şabran şəhər 1 nömrəli tam orta məktəbin kimya müəllimidir. 1980-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Sonra Şabran rayonunda müəllimlik fəaliyyətinə başlayıb. Bütün pedaqoji fəaliyyəti müddətində Rafiq müəllimin onlarla şagirdi ölkənin nüfuzlu ali təhsil müəssisələrinin kimyaçı, həkim, müəllim və s. ixtisaslarına qəbul olunublar. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2008-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edərək “100 ən yaxşı müəllim” sırasına daxil olub.

- Rafiq müəllim, artıq 37 ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz, ilk iş ilinizi necə xatırlayırsınız?

- İşə başladığım günü yaxşı xatırlayıram, heç vaxt yadımdan çıxmaz. İlk günlər gərgin idim. Düşünürdüm, görəsən, öhdəsindən gələ biləcəyəmmi, uşaqlar məni qəbul edəcəklərmi, dərsimi oxuyacaqlarmı. Öz üzərimdə çox işləyirdim. Əlbəttə, o vaxtkı yaş ilə indiki arasında böyük fərq var, həm də təcrübə həmişə öz sözünü deyir. Belə baxanda, çox illər ötüb, ancaq indi də hər dərs öncəsi eyni məsuliyyəti hiss edirəm, şagirdlərimin sevgisini qazanmaq üçün daha məsuliyyətlə çalışıram.

- Bəs, şagirdlərin sevgisini qazanmaq üçün nə etmək lazımdır?

- Sevgi qarşılıqlı olanda böyük olur, daimi olur. Ola bilər ki, uşaq elə uzaqdan görməklə müəllimi sevsin ilk görüşdə, amma müəllimlə ünsiyyətdən sonra ona münasibəti dəyişə bilər. Ona görə də uşaqlarla hər zaman diqqətli davranmaq lazımdır. Onlar əsasən müəllimi sevməyə meyilli olurlar, yetər ki, müəllim etimadlarını doğrultsun. Sevgi qazanmaq üçün sən də sevgini verməlisən. Hər bir uşaqla yaxından maraqlanmaq, hər zaman anlayışlı davranmağa çalışmaq, sevə-sevə öyrətmək onlara sevgini göstərməyə kifayət edəcək. Sən hətta onun gələcəyi üçün, oxuması üçün danlamalı olsan da o, sənə qırılmayacaq, bunu onu düşündüyün üçün etdiyini biləcək. Bəzən olur, uşaqlar məktəbi bitirdikdən sonra rastlaşanda hansısa dərslərini oxumadıqlarına, ya özlərini yaxşı aparmadıqlarına görə danlandıqlarının xatirəsini danışırlar. Onların bunu sevgi ilə xatırlayıb gülməsi onu göstərir ki, müəllim hər zaman düz olanı etməlidir və nəticə üçün tələsməməlidir. Ola bilər ki, nəticə özünü bir az gec göstərsin, amma doğru bir addım mütləq bir gün yaxşı nəticə verəcək. Lakin bu məsələlərdə də çox diqqətli olmaq lazımdır. Şagirdin şəxsiyyətini, özünə inamını zədələməməlisən. Buna mütləq dərəcədə diqqət etməlisən.

- Deyirlər müəllim üçün ən önəmli şey əməyinin bəhrəsini görmək, şagirdlərinin yüksək yerlərdən səsini eşitməkdir. Siz bu barədə nə düşünürsüz?

- Düzdür. O hisslər tamam fərqli hisslərdir. Məsələn, mən hansısa bir xəstəxanaya gedəndə orada mənim yetirməm olan həkim görəndə çox qürurlanıram. O, səni görən kimi qarşına gəlir, hörmətlə görüşür və səni yoldaşlarına təqdim eləyir. O zaman fəxarət hissindən insan az qala kövrəlir. Onda düşünürsən ki, faydalı bir insansan və vətənin, xalqın üçün nə isə eləmisən, sənin də payın var.

Hazırda mənimlə çiyin-çiyinə işləyən yetirmələrim var. Onların uğurlarını öz uğurum sayıram. Onların da şagirdləri yarışmalarda, olimpiadalarda yer tutanda düşünürəm ki, öz işimi layiqincə görə bilmişəm, bildiyim hər şeyi vaxtilə öyrətmişəm.

- Müəllim olmasaydız?..

- Müəllim olmasaydım? Bunu təsəvvür etmək bir az çətindir. Çünki təsəvvürümdə heç vaxt müəllimlikdən başqa peşə olmayıb. Yəqin ki, mən ancaq müəllim ola bilərdim. Mən özümü məktəbsiz, şagirdlərsiz təsəvvür edə bilmirəm. Bunu düşünmək belə özümü çox tənha hiss etdirir, baxmayaraq ki, mənim gözəl ailəm var, dostlarım var. Şagirdlərimin yeri mənimçün tamam ayrıdır.

yuxarı ⤴