1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Anım
“Ölüm sevinməsin qoy”
21.07.2017 / No27

 

 

 


Hər dəfə tanınmış bir şəxsiyyətin dünyasını dəyişdiyini eşidəndə ünlü şairimiz Səməd Vurğunun bu sözlərlə başlayan şeiri yadıma düşür. Görkəmli alim, psixologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Əkbər Bayramovun vəfatı xəbərini alanda da həmin şeiri xatırladım. Əkbər müəllim də ömrünü bada verməyən şəxsiyyətlərdən idi. Azərbaycanda psixologiya elminin təşəkkül və inkişafında müstəsna xidmətləri olmuş görkəmli alim, böyük ziyalı, xeyirxah və qayğıkeş insan, professor Əkbər Bayramov 7 iyul 2017-ci ildə 87 yaşında vəfat edib.

Professor Əkbər Salaman oğlu Bayramov 30 dekabr 1930-cu ildə Ağdamda anadan olmuşdur. O, 1945-ci ildə orta məktəbi bitirdikdən sonra təhsilini əvvəl Ağdam Pedaqoji Texnikumunda (1945-1949), sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsində (1949-1954) davam etdirmişdir. Universitetin Böyük Elmi Şurasının qərarı ilə 1954-cü ildə psixologiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 1959-cu ildə namizədlik, 1969-cu ildə isə “Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Ə.S.Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957-1958), elmi işlər üzrə prorektorun köməkçisi (1958-1960), psixologiya kafedrasında baş müəllim (1960-1970), dosent, professor vəzifələrində işləmişdir. 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra BDU-nun “Psixologiya” kafedrasının müdiri, 1999-2017-ci illərdə isə həmin kafedrada professor vəzifəsində çalışmışdır.

Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin fəaliyyətinə kömək məqsədilə 1965-1983-cü illərdə əvəzçiliklə mühazirələr oxumuşdur.

Professor Əkbər Bayramovun elmi yaradıcılığı çoxşaxəlidir. Alimin təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmaları psixologiya elminin inkişafında yeni mərhələ kimi dəyərləndirilməlidir. O, kifayət qədər öyrənilməmiş mühüm bir problemin - ağlın keyfiyyətləri problemini şəxsiyyət yanaşması baxımından araşdıraraq “perseptiv” inikasdan tənqidi təfəkkürün müxtəlif səviyyələrinə keçidin qanunauyğunluqlarını müəyyən etmiş, müstəqil və tənqidi təfəkkürün funksiyalarını, strukturunu və mənşəyini tədqiq etmiş, eyni zamanda, bu keyfiyyətləri şəxsiyyət keyfiyyətləri kimi nəzərdən keçirmişdir. Əlbəttə, onun elmə gətirdiyi bu yeniliklə tamamilə yeni bir elmi istiqamətin əsası qoyuldu. Bu, psixologiya sahəsində azərbaycanlı alimin psixologiya elminin inkişafına verdiyi ən böyük töhfə idi. Təsadüfi deyil ki, psixologiya elminin tarixində təfəkkürün müstəqilliyinin şəxsiyyət keyfiyyəti kimi tədqiqi istiqaməti 1950-60-cı illərdən amerikalı məşhur psixoloq Salomon Aşın və məşhur azərbaycanlı psixoloq Əkbər Bayramovun adları ilə bağlıdır. Hər iki alim eyni vaxtda bu problemin həllinə nail olmuşdur.

Professor Əkbər Bayramovun rəhbərliyi ilə ali məktəblər üçün yazılmış psixologiya üzrə dərsliklər yenidən işlənərək dəfələrlə nəşr edilmişdir. Ali məktəblər üçün nəzərdə tutulmuş “Psixologiya” (professor Əbdül Əlizadə ilə birlikdə) 1989-cu ildən bu günə kimi 15 dəfə yenidən çap edilərək hər bir psixoloqun stolüstü kitabına çevrilmişdir. “Sosial psixologiya” (1986), “Məhkəmə psixologiyası” (1985), “Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri” (1987), “Etnik psixologiya” (2001) və digər dərsliklər milli zəmində zəngin ədəbi-bədii irsimizin təhlili əsasında yazılmış dəyərli əsərlərdir.

Onun əsərlərində “Kitabi-Dədə Qorqud” dastanlarında, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir ədəbi irsinin təhlili əsasında Azərbaycan psixoloji fikir tarixinin kökləri və qaynaqları öyrənilmiş, ümumiləşdirmələr aparılmışdır. Nizaminin ölməz əsərlərində rənglərin simvolikası, hürufizmin psixoloji kökləri, Məcnunun timsalında şəxsiyyətin autizasiyası, təşəkkülü, özünüdərki və özünüqiymətləndirməsinin psixoloji problemləri, Nəsiminin yaradıcılığında ekzistensial psixologiyanın məsələləri tədqiq edilmişdir.

Onun etnik xüsusiyyətlər və etnoslararası qarşılıqlı münasibətlərin psixoloji problemləri ilə bağlı tədqiqatları da böyük elmi əhəmiyyətə malikdir. “Psixoloji düşüncələr” (1994), “Etnik psixologiya məsələləri” (1996), “Kitabi-Dədə Qorqud” dastanlarında etnik-psixoloji xüsusiyyətlərin inikası” (2000), “Etnik psixologiya” (2001) və digər əsərləri milli psixologiyanın tədqiqinə həsr edilmişdir.

Professor Əkbər Bayramov əsərlərində həm də erməni vəhşiliklərinin psixoloji köklərini araşdırır, nekrofiliya (E.Fromm) anlayışı axarında ermənilərin etnik xüsusiyyətlərini psixoloji ədəbiyyatda ilk dəfə olaraq açıqlayır və inkaredilməz elmi dəlillərlə erməni faşizminin mahiyyətini açır.

Ə.Bayramov 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtəlif problemlərinə aid 58-dən artıq məqalə yazmış, Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olmuşdur.

Onun elmi rəhbərliyi ilə Azərbaycandan və xarici ölkələrdən psixologiya üzrə 36 fəlsəfə doktoru və elmlər doktoru dissertasiyası müdafiə edilmiş, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur.

SSRİ Psixoloqlar Cəmiyyəti Azərbaycan şöbəsinin, Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü, onun təşəbbüsü və yaxından köməyi ilə psixologiya elmləri üzrə BDU nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış müdafiə şurasının (1994-2000) sədri, Respublika Ali Attestasiya Komissiyasının ekspert şurasının (2000-2015), 2016-cı ildən ömrünün sonuna kimi psixologiya elmləri üzrə BDU-nun nəzdində fəaliyyyət göstərən Dissertasiya şürasının üzvü olmuşdur. Azərbaycanda psixologiya sahəsində elmi-pedaqoji kadrların hazırlanmasında professor Əkbər Bayramovun xidmətləri əvəzsizdir.

Professor Əkbər Bayramov BDU-da sosial elmlər və psixologiya fakültəsinin yaradılmasının təşəbbüskarı və həmin fakültənin ilk dekanı olmuşdur.

Görkəmli alim xarici ölkələrdə, eləcə də Azərbaycanda keçirilmiş bir çox beynəlxalq elmi konfrans və simpoziumlarda, konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Ə.Bayramovun 46 kitab və monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitablar və 600 elmi məqalə və məruzə tezisləri nəşr edilmişdir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur.

Ə.Bayramovun fədakar əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilmiş və o, “Fədakar əməyə görə” yubiley medalı (1970), “Şərəf nişanı” ordeni (1976), “SSRİ maarif əlaçısı” (1977), “Əməkdar elm xadimi” fəxri adı (1981), “Şöhrət” ordeni (2000), Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 2009-cu ildə ona Prezident təqaüdü, 2016-cı ildə isə BDU-nun “Fəxri professor”u adı verilmişdir.
Professor Əkbər Bayramovun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
 

yuxarı ⤴