1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Məhəmməd Füzulinin “Səhhət və Mərəz” əsərinin təhlilində fəal təlim metodlarından istifadə
23.07.2016/№28

 

 


Şəhla MƏCİDOVA,
Şirvan şəhər 16 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Müasir kurikulum şagirdlərin öyrəndiklərini dərk etməyi, tətbiq etməyi, bilik və bacarıqlarından oxşar vəziyyətlərdə istifadə etməyi formalaşdırmağı tələb edir. Bu deyilənlərə nail olmaq və məqsədyönlü iş aparmaq üçün müəllim daim axtarışda olmalı, öz üzərində işləməli, İKT-dən istifadə etməyi bacarmalıdır. Təhsilin qarşısına qoyulan yeni tələblərin həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi şagirdlərin gələcək həyata hazırlanmasının ən vacib şərtidir. Biz müəllimlər yeni təlim texnologiyalarını tədris prosesinə tətbiq etmək, yaradıcılıq axtarışında olmaq, pedaqoji ideyaların nəzəri və praktik məsələlərini öyrənmək üçün yeni metodlardan, iş üsullarından istifadəni bacarmaqla ədəbiyyatı öyrətməli və şagirdlərə sevdirməliyik. Ədəbiyyat fənni kurikulumunda üç məzmun xəttindən biri ədəbiyyat və həyat həqiqətləridir. Hər bir ədəbiyyat dərsinin məqsədi müəyyən bir ideyanı, milli-mənəvi dəyərləri şagirdlərin mənəvi dünyasına, düşüncəsinə daxil etmək, onların bu məqsəd və amala xidmət etməsini təmin etməkdir. Ədəbiyyat fənninin köməyi ilə şagirdlərdə öz fikrini ifadə etmək, nəticə çıxarmaq, həyatda daha sağlam və düzgün yaşamaq bacarıqlarına sahib olmaq, ana dilini sevmək kimi dəyərlər formalaşdırılır.
Mən dil-ədəbiyyat müəllimi kimi üzərimə düşən vəzifənin mahiyyətini dərk edir, tədris etdiyim fənnin hər bir mövzusuna yaradıcı yanaşır, mövzunu bugünkü həyatımızla əlaqələndirir, şagirdlərə mənəvi dəyərlər aşılamağa, onların cəmiyyətimiz üçün faydalı, savadlı gənclər kimi yetişməsinə çalışıram.
Ədəbiyyat dərslərinin bir vacib cəhəti də sinifdənxaric oxu materiallarının nə dərəcədə əhəmiyyətli olması və məzmun-ideyasının uşaq dünyasına göstərdiyi təsirdir. Məlum olduğu kimi, sinifdənxaric oxu materialları əsasən dərsliklərdə verilir. Bəzən də adları qeyd edilməklə tövsiyə edilir. Müəllimə də seçim etməkdə sərbəstlik verilir. Təbii ki, müəllim də bu əsərləri seçəndə şagirdin yaş səviyyəsini, dünyagörüşünü, əsərdə verilən ideyanın onların mənəvi dünyasına müsbət təsirini nəzərə almalıdır. Belə əsərlərdən biri də Məhəmməd Füzulinin “Səhhət və Mərəz” əsəridir. Əsərin çox maraqlı süjet xətti var. Burada baş verən hadisələr özü də məkan etibarilə maraqlıdır. Asimanda (Cəbərut) doğulan, İlahi dünyanın (Lahut) sakini Ruh adlı bir varlıq bir gün insanlar aləminə (Nasut) səyahət etmək istəyir və Bədən adlı məmləkəti görür. Bu diyarı dörd qardaş (Qan, Sevda, Səfra və Bəlğəm) idarə edir və diyar üç şəhərdən ibarətdir: Dimağ, Ciyər və Ürək şəhəri. Bunların hər birinin xidmətçiləri var. Ürək şəhəri onun daha çox xoşuna gəlir. Oranı özünə paytaxt seçir, oradan cəfa əhli olan Ədavət, Qorxu və Qəmi qovur. Ürək şəhərinin məclisində dörd qardaşın həddən artıq yeyib-içməsi özlərini itirməsinə səbəb olur və ixtilaf düşür. İxtilafın düşməsindən istifadə edən Ədavət, Qorxu və Qəm onların üzərinə hücuma keçir. Əql ləşkəri Qəmin qoşununu darmadağın edir, Qəm və Qorxunu əsir alır, Ədavət isə qaçıb Mərəz (Xəstəlik) adlı bir amansızdan kömək istəyir. Mərəz öz məkrli niyyətini həyata keçirmək üçün Qida vasitəsilə Bədənə daxil olur və bu diyarı darmadağın etmək istəyir. Ancaq hər dəfə Səhhət (Sağlamlıq) Əqlin köməyindən istifadə edərək Mərəzə qalib gəlir.
Bu əsəri sinifdənxaric oxu üçün seçməyim təsadüfi deyil. Çünki uşaqlara kiçik yaşlardan düzgün qida, meyvə və tərəvəzdən istifadənin xeyri, çirkli ərzaqdan istifadə etmənin zərəri haqqında mütləq məlumat verilməlidir. Bu əsər isə orqanizmdə baş verən fəsadları o qədər canlı və müfəssəl verir ki, əsərlə tanışlıqdan sonra istər-istəməz insan düzgün qidalanmağa çalışır və sağlamlığına daha çox diqqət yetirir. Eləcə də bu əsərin özünəməxsus məzmunu ilə bərabər mənəvi tərəfi də vardır. Şagirdlərin yaxşılıq, pislik, lovğalıq, heç kəsi bəyənməmək, bir-birini anlama və dəstək olma kimi müsbət və mənfi keyfiyyətlərin dərk edilməsi üçün çox maraqlı əsərdir.
Müəllim hər bir əsəri keçərkən dərsin məqsədini əvvəlcədən müəyyənləşdirməli, ona uyğun təlim metodlarını seçməlidir. Fəal təlim metodunun məzmuna uyğun seçilməsi dərsin məqsədinə uğurla nail olmağa zəmin yaradır. Belə məzmuna malik əsərin təhlili üçün bu məzmun standartlarını müəyyənləşdirirəm:
1.2.2 Bədii əsərlərdəki qəhrəmanları davranış və əməllərinə görə səciyyələndirir;
1.2.4 Bədii əsərlərin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir;
2.1.2. Bədii əsərlərlə bağlı fikirlərini obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir;
2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir.
Məlumdur ki, motivasiya fəal dərsin ən mühüm mərhələlərindən biridir. Məhz motivasiyanın nə dərəcədə məzmuna və ideyaya uyğun verilməsi dərsin sonrakı gedişi və təlim məqsədinin həyata keçirilməsi üçün böyük rol oynayır. Əsərin məzmununa nəzər yetirərək dərsin motivasiyasını əqli hücumla başlayıram:




Əlbəttə ki, şagirdlər bunun xəstəlik olduğunu biləndən sonra BİBÖ cədvəlini uşaqlara paylayıb “öyrəndim” hissəsini dərsin sonuna saxlamaq şərtilə xəstəlik haqqında bildiklərini yazmağı tapşırıram.
Daha sonra uşaqlara karusel üsulundan istifadə edərək iş vərəqlərində belə suallarla müraciət edirəm və fikirlərini öyrənirəm:
1. Xəstəliyi yaradan səbəbləri bilirsinizmi?
2. Xəstəliyin sizin orqanizminizdə yaratdığı fəsadlardan xəbəriniz varmı?
3. Xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır?
4. Sağlam həyat tərzi təkcə xəstəlikdən qorunmaqla kifayətlənirmi?
Cavabları ümumiləşdirib “Səhhət və Mərəz” (“Sağlamlıq və xəstəlik”) əsərində olanlarla müqayisə aparıram.
Əsərin baş verdiyi üç şəhəri və onun xidmətçilərini klaster vasitəsilə göstərirəm:




Əsərdəki obrazlardan istifadə yolu ilə onun ideyasını daha aydın vermək olar. Belə ki, obrazlar xəritəsində uşaqlar Səhhət, Mərəz, Qan, Sevda, Səfra və Bəlğəmin xüsusiyyətlərini ayırd edir və onları əsaslandırırlar. Yaxud rollu oyundan istifadə edərək şagirdlər üç qrupa bölünür. Qruplar Dimağ, Ciyər və Ürək şəhərinin xidmətçilərinin rolunu oynayıb obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə fikirlərini şərh edirlər.
Əsərin mənəvi dəyəri ondan ibarətdir ki, şagirdlər burada baş verən hadisələrdə xeyirin şərə qalib gəldiyini, pisliyin insana yalnız zərər verdiyini dərk edirlər və onlar ümumbəşəri dəyərlərə də yiyələnir, hər çətinliyə üstün gələn Ümid və Əqlin timsalında ağlın insan həyatındakı əhəmiyyətini başa düşürlər.
Bu dərsdə müəllifin digər əsəri - “Meyvələrin söhbəti”ndən də bir parça oxunur və orada da bəzi meyvə və tərəvəzlərin faydaları qeyd edilir. Eyni zamanda, bu əsərlə qarşılaşdırılaraq mənfi cəhətlərin pislənməsi verilir.
Dərsin sonunda BİBÖ cədvəlinin “öyrəndim” hissəsinə də şagirdlər öz qeydlərini yazırlar. Qiymətləndirmə isə müxtəlif meyarlara əsasən aparılır.
Düşünürəm ki, belə əsərlərin sinifdənxaric oxu materialı kimi öyrənilməsi və ya məktəb tamaşası kimi tətbiq edilməsi şagirdlərin təkcə ədəbiyyat dərsinə deyil, həmçinin həyat bilgisi, biologiya, coğrafiya fənlərinə olan marağını da artırır.
Fəal təlim ölkəmizdə yenidir, onun təməli yenicə qoyulur, hələ də onun tətbiqində müəyyən çətinliklər var və öyrənməli çox nəzəri və praktik işlər qarşıdadır. Lakin qeyd edilməlidir ki, fəal dərsin daha çox tədqiqat xarakter daşıması, şagirdlərin fikirlərinə, düşüncələrinə üstünlük verilməsi onların dərsə marağına səbəb olur, işgüzarlığını artırır. Buna təkcə metod və üsullarla nail olmaq mümkün deyil, eyni zamanda müəllimlərdən peşəkarlıq, hər bir şagirdə fərdi yanaşma, diqqət və geniş məlumatlılıq tələb edir. Bu sahədə müsbət nəticələrin əldə edilməsi isə tədris etdiyimiz fənlərin müasir tələblər səviyyəsində daha da uğurlu alınması üçün böyük imkan yaradır.

yuxarı ⤴