1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Öyrənmə prosesində əlverişli mühitin rolu
23.07.2016/№28

 

 


Püstə MEHDİYEVA,
Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi, əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Təlim prosesində uğur qazanmaq üçün müəllim və şagird arasında yeni münasibət formalaşmalıdır. Qarşımızda oturan şagirdə düzgün münasibət varsa, müəllim o şagirdin qəlbinə daxil ola bilmişsə, onu bir şəxsiyyət kimi qəbul etmişsə qalan işimiz bu əsasda qurula bilər. Eyni zamanda dərslərdə ümumi bərabərliyin, dəstəkləyici mühitin, stimullaşdırmanın şagird psixologiyasına müsbət təsiri onu birbaşa təlimə yönəldir, öyrənməyə sövq edir. Beləliklə, şagirdlərə yanaşma öyrənmə prosesində əsas şərtlərdən sayılır.
Öyrənmə prosesində yüksək nəticə əldə etmək üçün əsas şərtlərdən biri də şagirdlərdə keçilən mövzulara maraq oyatmaqdır.
Belə ki, öyrənmə prosesini şagirdlərin maraq sahəsinə daxil etməklə, həm bu prosesdə, həm də hər bir şagirdin şəxsiyyət kimi yetişdirilməsində yüksək nailiyyətlər əldə etmək mümkündür.
Bugünkü təlim prosesi həm şagird, həm də müəllim üçün maraqlıdır.
Bu prosesdə qarşılıqlı öyrənmə gedir ki, bu da şagirdlərin məktəbə həvəslə, maraqla gəlmələrinə səbəb olur. Hətta şagirdlər növbəti dərs gününü səbirsizliklə gözləyirlər. Onlar məktəbə araşdırıb tapdıqları məlumatı gətirməyə, öz yaradıcılıqlarını nümayiş etdirməyə, yazdıqları şeiri, nağılı söyləməyə belə tələsirlər.
İnteraktiv təlimin üstünlükləri çoxdur. Belə ki, bu dərslərdə şagirdlərin təfəkkürünün üzərində əsaslı iş gedir ki, bu da onların fəal həyat mövqeyini təmin etməyə zəmin yaradır.
Öyrənənin bacarıqlarının inkişafını, onların sərbəst öyrənməsini təmin etməyə çalışdığımız bir dövrdə Blum taksanomiyası, fikrimcə, çox vacib töhfədir. Bu gün kurikulum yeniliyə doğru atılmış ən doğru və ən zəruri, eyni zamanda cəsarətli addımdır. İlk illərdə onu qəbul etməyənlər əldə olunan nəticələri gördükcə sevinməyə bilməzlər. Müasir dərslərdə müəllim şagirdlərə hazır bilikləri, nəzəri məlumatları verən, faktları hazır çatdıran deyil, şagirdləri həmin məlumatları tədqiq etməyə, müstəqil araşdırmağa sövq edən tərəf kimi çıxış edəndir.
Aydındır ki, fəal təlimdə mərkəzdə dayanan şagird şəxsiyyətidir. Müəllim bütün dərs boyu zəruri amilləri (öyrədici, nəzarətedici, tərbiyəedici: bir qədər tez nəticə verməsə də, öz yaradıcılığına arxalanaraq) ön plana çəkməlidir. Bundan sonra müəllim təlimdə yüksək keyfiyyətlər əldə edə bilər. Şagirdlərin təfəkkürünün fəallaşdırılması üçün dərs prosesində zəruri situasiyanın yaradılması böyük əhəhmiyyət kəsb edir. Belə ki, dərsdə şagirdlər müəyyən məqsədə müstəqil nail olmaq üçün yeni materialı qavramağa yönəldikdə daha da fəallaşır. Taksanomiya ibtidai təhsilin uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılması və inkişafını təmin etməkdə çox dəyərli vasitədir.
Bu gün cəmiyyətdə yeni keyfiyyətlərin formalaşmasında təhsilin əvəzsiz rola malik olduğunu tez-tez eşidirik. Məlumdur ki, Azərbaycan təhsili dünya təhsili standartlarına uyğunlaşdırılır və bu iş uğurla yerinə yetirilməkdədir. Bugünkü təhsilin məqsədi ilə səsləşərək hər bir şagird vətəndaş kimi yetişməli və ona məhz bu istiqamətdən yanaşılmalıdır. Bunun üçün isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Öyrətmədən əvvəl müəllim öz şagirdini araşdırmalı, başqa sözlə, onu kəşf etməlidir. Aparılan dərslərin sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi, keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli təlim şəraitinin yaradılması, bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, potensial imkanlarının inkişafına, bütün şagirdlərə eyni təlim şəraitinin yaradılması yoluna istiqamətləndirilməsi ən yüksək nailiyyətlərin əldə olunacağına şərhsiz təkandır desəm, yanılmaram. Müəllim unutmamalıdır ki, dərsin başlıca məzmunu, əsasən dərsdə mənimsənilməlidir.
“Tədris və ya müəllimlik, şagirdə heç də hazır bilik və informasiya vermək deyildir”, tədris şagirdin öyrənməsinə gətirib çıxaran fəaliyyət, müəllim isə məktəbdə lazımi biliklərin qazanılmasına yönəldən, istiqamət verən insandır.
Öyrənmə prosesi şagirdlərə yaradıcı düşüncələrini və öyrəndiklərini tətbiq etmək, yaradıcı təfəkkürlərindən istifadə etmək imkanı yaradan bir prosesdir.
Ən uğurlu siniflər şagirdlərin öz fikirlərini yaratmağa və tənqidi düşünməyə həvəsləndirildiyi siniflərdir. Öz siniflərimdə bu dediklərimin birbaşa canlı şahidi olmuşam. Tənqidi düşünmə bizə biz nə düşünürük və niyə başqa cür deyil, məhz belə düşünürük kimi suallar üzərində fikirləşmək imkanı verir. Başqa sözlə, özümüzün qərar vermə və problem həll etmə vasitələri üzərində düşünməyimizi təmin edir. Tənqidi baxışla düşünə bilmək düşüncələrimizin şüurlu olaraq bir məqsədə yönəlməsi deməkdir. Düşüncə və fikirlərimiz əvvəlcədən verilmiş hökmlərə bağlı deyil, məntiqimizə və fərqli mənbələrdən toplayaraq süzgəcdən keçirib bir yerə cəmlədiyimiz məlumatlara söykənir. Ancaq tənqidi bir şəkildə düşünə bildiyimiz zaman nəyi, necə düşündüyümüzün fərqinə vara bilərik. Tənqidi düşünə bilən şagirdlər öyrənməkdən zövq alırlar. Öhdələrinə götürdükləri ən çətin zehni tapşırıqlarda belə bunun bir özünüinkişafetdirmə və öyrənməyə fürsət olduğunun fərqinə varırlar. Belə şagirdlər həm sinif şəraitində, həm də həyatda tənqidi düşünmək bacarıqlarından istifadə etmək fürsətlərini dəyərləndirirlər və bu bacarıqlardan həvəslə istifadə edirlər. Müəllimlər üçün də öyrətmə təcrübəsini maraqlı və cəlbedici edənlər də belə şagirdlərdir.
Bu gün yeni təhsil metodlarının da tələb etdiyi əsas şərtlərdən olan aktivlik ən əsas prinsipdir. Belə ki, öyrənmə prosesi təsirli olduqda, işin çox hissəsini şagirdlər yerinə yetirir. Bu prosesdə onlar idraki fəaliyyətə qoşulur, mövzuya uyğun yeni ideyalar düşünür, problemləri həll edir və əsas olaraq öyrəndikləri hər şeyi tətbiq etməyə çalışırlar. Yəni aktiv öyrənmə sürətli olmaqla yanaşı, həm də maraqlı və səmərəlidir.
Bir şeyi yaxşı öyrənmək üçün onu eşitmək, görmək, mövzuyla bağlı araşdırma aparmaq, müzakirə etmək və nəhayətdə tətbiq etmək vacibdir.
Biz bilirik ki, şagirdlər bir şeyi daha çox edərkən öyənirlər. Hətta belə bir fikir var ki, insan həyat bacarıqlarının 30%-dən çoxunu 6 yaşına qədər öyrənir. Eyni zamanda uşaq üçün onun zövqünü oxşaya biləcək mühit varsa, işin gedişi daha asan olur.
Hələ e.ə. 4-cü əsrdə Konfutsinin fikirlərinə istinad etsək, bu gün bizim aktiv öyrənməyə nəyə görə üstünlük verdiyimiz aydınlaşardı.
- Nə eşidər və görərəmsə, bir az xatırlayaram.
- Nə eşidər və görər, onunla bağlı suallar verər və ya başqa biriylə müzakirə edərəmsə anlamağa başlayaram.
- Nə eşidər və görər, müzakirə edər, tətbiq edərəmsə bilik və bacarıq qazanaram.
- Bütün öyrəndiklərimi başqa birinə öyrədərəmsə (məsələn ziq-zaq üsulu) daha yaxşı öyrənərəm.
Bütün bu fikirlər aktiv öyrənmədə mövcuddur və mən bu yolla daha səmərəli işlər görə biləcəyimizə inanıram. Yeri gəlmişkən, mən qavramanın da etibarlığını qeyd etmək istəyirəm ki, təlimdə biliyin bir çox hissəsi müəllimin canlı, ifadəli sözü ilə də qavranılır. Dəqiq söz və ifadə də təsir gücünə görə daha etibarlı ola bilər.
Öyrənmə prosesində qarşımıza çıxan problemlərdən biri də keçilən mövzunun şagirdlər tərəfindən az qavranılması və ya tez unudulmasıdır. Bəs buna səbəb nədir?
Bunun bir neçə səbəbi ola bilər. Ən böyük səbəblərdən biri müəllimin danışıq sürəti ilə, şagirdin dinləmə sürəti arasında olan fərqdir. Aparılan araşdırmalardan məlum olmuşdur ki, əksər müəllim danışarkən dəqiqədə təxminən 100-200 sözdən istifadə edir.
Şagirdlər isə, dəqiqədə 50-100 söz dinləyə bilir. Bu proses də şagirdlərin fikrinin gecikməsinə və ya müəllimin fikrini başa düşməməsinə səbəb olur. Hələ bu hamısı deyil. Onu da bilirik ki, şagirdlər dərs prosesinin ilk on dəqiqəsində fikirlərinin 70%-ni dərsə ayırdıqları halda, son on dəqiqədə bu göstərici 20%-ə düşür. Burdan çıxan nəticə budur ki, anladılan mövzu nə qədər maraqlı olursa-olsun, şagirdlər nə qədər diqqətlə dinləyirlərsə dinləsinlər, müəllim informasiyanı nə qədər sıralı və yavaş verirsə-versin, qulaq asaraq öyrənmə məhduddur. Ancaq mən fikrimin səhv anlaşılmasını istəmirəm. Yəni, izah qətiyyən olmaz demirəm, sadəcə mümkün qədər az istifadə olunmasının tərəfindəyəm.
Belə bir sual da vermək istəyirəm. Yaxşı, görəsən, fəal təlim metodlarından (aktiv öyrənmədən) az istifadə etməklə, biz nə itiririk?
1. Şagirdlərin dərs prosesinə olan diqqəti və marağı hər keçən gün azalır. Hətta şahidi olmuşam ki, hələ birinci sinifdə oxuyan şagird dərsə getmək istəmir, getməmək üçün bəhanələr axtarır.
2. Müəllim sadəcə olaraq öyrənmək istəyən, yəni dərsə qulaq asan şagirdlərə müraciət edir.
3. Əzbərçilik üstünlük təşkil edər.
4. Bu prosesdə bütün şagirdlərin eyni informasiyaya ehtiyacı olduğu və eyni sürətlə öyrənə biləcəkləri ehtimal edilər.
Ancaq onu unutmamaq lazımdır ki, izaha əyaniliyin əlavə edilməsi, bütün mərhələlərdə şagirdlərin fərziyyələrinin söylənilməsinə imkan yaratmaq, debatlar həyata keçirmək və s. biliyin yaddaşda qalınlığını ən azı ikiqat artırır.

yuxarı ⤴