1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır
28.07.2017 / No28

 
 

 

 


Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul başlayır. Sənəd qəbulu avqustun 1-dən 22-dək 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində həyata keçiriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir: “İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-22 avqust tarixlərində “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində sənəd qəbulu komissiyalarında aparılacaq. Dövlət hesabına təhsil almaq istəyənlər “ASAN xidmət” mərkəzlərində, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri istisna olmaqla müvafiq təhsil müəssisələrində qeydiyyatdan keçə bilərlər. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Bakı, Gəncə və Sumqayıt şəhərləri, Bərdə, Masallı, Sabirabad və Qəbələ rayonları üzrə qəbul “ASAN xidmət” mərkəzləri ilə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən də aparılacaq. “ASAN xidmət” fəaliyyət göstərməyən şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər”.

Nazirlik rəsmisi qeyd edib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Qəbul zamanı onların orta balı nəzərə alınacaq. Yəni 1 ixtisas üzrə sənəd verənlərin sayı çox olarsa, onların qəbulu orta bala uyğun olaraq həyata keçiriləcək.

Vətəndaşlığı olmayan və xarici vətəndaşlar Azərbaycan Respublikasında fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.

C.Valehov onu da deyib ki, şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir: “Sənəd qəbulu komissiyalarında müraciət edənlərin sərbəst seçimi əsasında ilk peşə-ixtisas təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Ödənişli və ödənişsiz olmasından asılı olmayaraq, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə iştirak edə bilər”.

C.Valehov vurğulayıb ki, ötən il “ASAN peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində pilot olaraq həyata keçirilən seçimlərdə 4 mindən çox şəxs ilk peşə-ixtisas müəssisələrinə qəbul olub. Onun sözlərinə görə, qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub ki, bu da 25 faizdən çoxdur: “Onların bal göstəriciləri bunu deməyə əsas verir ki, həmin gənclər hətta ali təhsil müəssisələrinə də qəbul ola bilərdilər”.
C.Valehov avqustun 22-dən sonra ötən il fəaliyyətə başlayan və Prezident İlham Əliyevin açılışına qatıldığı İT STEP Akademiyasına da sənəd qəbulunun həyata keçiriləcəyini söyləyib.
 

yuxarı ⤴