1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Modul tipli məktəblər problemlərin operativ həllinə imkan verir
28.07.2017 / No28

 

 

 


R.AĞABƏYLİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, “Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər çox məktəb var. Məncə, biz onları 2017-2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır”.

Ölkə başçısının tapşırığına uyğun olaraq, Balakən rayonunun Sarıbulaq kəndində 40 şagird yerlik modul tipli məktəbin tikintisi artıq yekunlaşıb, Salban kəndində isə 20 şagird yerlik modul tipli məktəbdə quraşdırma işləri davam edir və yeni dərs ilinin başlanmasına qədər təhvil verilməsi nəzərdə tutulur. Hər iki məktəbdə 4 sinif otağı, müəllimlər otağı, kombi otağı fəaliyyət göstərəcək.

Qeyd etmək lazımdır ki, modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən şəraitdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Rayon mərkəzindən 12 km məsafədə yerləşən Sarıbulaq kəndindəki ibtidai məktəb 1950-ci ildən fəaliyyət göstərir. O vaxta qədər isə həmin məktəb 1940-1950-ci illərdə səkkizillik məktəb kimi fəaliyyət göstərirdi. Səkkizillik məktəb 1950-ci ildən qonşu Ağkilsə kəndinə köçürülmüş və hazırda M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbi kimi orada fəaliyyət göstərir.

Sarıbulaq kənd ibtidai məktəbi isə 1950-ci ildən 1972-ci ilə kimi kolxoz tərəfindən tikilmiş 1 otaqlı taxta binada yerləşmişdir. 1972-ci ildə yerli tikinti materiallarından istifadə edilməklə iməcilik yolu ilə kolxozun vəsaiti hesabına 2 otaqlı yeni bina inşa edilərək istifadəyə verilmiş və həmin bina bü günümüzə qədər şagirdlərə xidmət etmişdir. Çay daşlarından və digər keyfiyyətsiz yerli tikinti materiallarından inşa edilmiş bu bina 2012-ci ildə bölgədə baş verən zəlzələ zamanı tamamilə yararsız vəziyyətə düşmüşdür və belə şəraitdə şagirdlərin təlim-tərbiyəsini yüksək tələblər səviyyəsində qurmaq mümkün deyil. Ona görə də kənddə yaşayan valideynlərin bir qismi övladlarını qonşu kəndlərdəki məktəblərə aparmağa məcbur olurlar. Üstəlik, nəzərə almaq lazımdır ki, Sarıbulaq kəndinin əhalisi gənc ailələrin məskunlaşması hesabına getdikcə artır, kənddə əlavə şagird kontingenti yaranır.

Buna görə də Sarıbulaq kəndində istifadəyə verilmiş modul tipli məktəb uşaqlar üçün böyük hədiyyə olub və artıq növbəti 2017-2018-ci tədris ilinin başlanğıcından I-IV sinif şagirdləri yeni məktəb binasında oxuyacaqlar. Qeyd edək ki, 2017-ci ildə məktəbdə 22 şagird təhsil alıb, növbəti tədris ilində isə onların sayının 26 olacağı gözlənilir.

Hələlik Sarıbulaq kənd ibtidai məktəbində oxuyan uşaqların sayı çox olmadığı üçün burada belə komplektli modul tipli məktəbin olması məqsədəuyğun hesab edilib. Həm də belə məktəb kənddə yaşayan insanlar üçün istənilən təhsil mühitinin yaradılmasına imkan verəcək. Hazırda modul tipli məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur, məktəbə 13 il pedaqoji stajı olan, valideynlərlə sıx əlaqədə işləyən və kənd ictimaiyyətinin hörmətini qazanmış Xatirə Yüzbaşıyeva rəhbərlik edir.

Müasir, hər cür şəraiti olan modul tipli bu məktəb binasının istifadəyə verilməsi hər bir kənd sakininin ürəyincə olub. Kənd ictimaiyyəti, xüsusilə də valideynlərlə görüşlər zamanı onlar bu məktəbin tikilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini və minnətdarlıqlarını çatdırmağı xahiş edir, bütün rayon əhalisi kimi, bu kəndin sakinləri də ölkə başçısının daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirir, ona gələcək fəaliyyətində böyük uğurlar arzulayırlar.

Məktəbin kollektivi, həmçinin kənd ictimaiyyəti Təhsil Nazirliyinin rəhbərliyinə və nazirliyin Təminat və təchizat idarəsinin işçilərinin ünvanlarına da çoxlu xoş sözlər söyləyir, təşəkkürlərini bildirirlər. Bununla yanaşı, modul tipli məktəbin tikilməsinə Balakən Rayon İcra Hakimiyyəti və RTŞ tərəfindən göstərilən böyük diqqəti və köməyi də qeyd etmək lazımdır.

Elə buradaca qeyd etmək yerinə düşər ki, rayonda bu istiqamətdə aparılan işlərin davamı olaraq Şərif kəndində də tam orta məktəb üçün birtipli layihə əsasında 360 şagird yerlik məktəb binasında da son tamamlama işləri görülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söylədiyi proqram xarakterli çıxışında qeyd edib ki, birinci altı ayda iyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır.

Bu istiqamətdə nəzərdə tutulan layihələr çərçivəsində tikintisi planlaşdırılan rayonun Poştbinə 2 nömrəli kənd ümumi orta məktəbi üçün 80 yerlik modul tipli məktəb binasını da xüsusi qeyd etmək lazımdır. Belə ki, hazırda Poştbinə 2 nömrəli kənd ümumi orta məktəbdə 52 şagirdin təlim - tərbiyəsi ilə 12 müəllim məşğul olur. 1985-ci ildə tikilib istifadəyə verilmiş bu təhsil ocağı hazırda uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Onun tikintisində çay daşından və keyfiyyətsiz yerli tikinti materiallardan istifadə olunduğu üçün hazırda qəzalı vəziyyətə düşüb.

Daxili imkanlar hesabına cari təmir aparılsa da, bəzi hissələrdə dam örtüyü yararsız vəziyyətdədir. Divarların hörgüsü və onların suvanması keyfiyyətsiz aparıldığından ovulub tökülür, divarlarda çatlar əmələ gəlib.

RTŞ tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulsa da, məktəbin müəllimləri hesab edirlər ki, 80 yerlik modul tipli məktəb binasının quraşdırılması uşaqların təlim və tərbiyəsini daha yaxşı səviyyədə qurmaq imkanı yaradardı. Poştbinə kəndinin ictimaiyyəti də ümid edir ki, bu məsələ öz müsbət həllini tapacaq.


 

yuxarı ⤴