1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan üçün öyrədirlər
28.07.2017 / No28

 
 
 

 

 


“Təhsil avtobusu-2017” 8 şəhər və rayonu əhatə edir

Yusif ƏLİYEV

İyulun 24-də “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu-2017” Yay Məktəbi start götürüb. Yay Məktəbi iyulun 31-dək davam edəcək. Bununla bağlı açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin, tələbələrin bilik və dünyagörüşünün artırılmasıdır. Nazir müavini layihənin bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına, eləcə də dünyagörüşünün formalaşmasına təsir etmək, onlara informasiya texnologiyalarından istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək olduğunu vurğulayıb.

2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib. Akademik dərslər zamanı ingilis və Azərbaycan dili müəllimləri şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edib və qrup oyunları keçiriblər.
Təlimlər “ixtisas seçimi” və “oxumaq həvəsi” mövzuları üzrə tədris olunub. Təlimçilər şagirdləri bu mövzuların əsas anlayışları ilə tanış edib, şəxsi təcrübələrini onlarla bölüşüb. Təlimə xüsusi rəng qatan komanda oyunları şagirdlərə öyrəndiklərini daha dərindən dərk etməkdə yardımçı olub.

Builki yay məktəbində isə ölkənin 8 bölgəsində yaşayan tələbələrin karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirakı nəzərdə tutulur. Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadədən aldığımız məlumata görə, yay məktəbinə tələbələrin seçimi iki yolla-Fasebook sosial şəbəkəsi vasitəsi və layihənin keçiriləcəyi bölgələrdə fəaliyyət göstərən 16 ali və orta ixtisas təhsili müəssisəsinə bu barədə müraciət olunması yolu ilə aparılıb. Beləliklə, hər bölgədən iştirakçıların sayı onlayn qaydada müraciət edənlər və təhsil müəssisələrindən təqdim olunan siyahılar əsasında müəyyənləşdirilib. Təlimçilərin seçiminə gəldikdə isə onlar aparılacaq təlimlərin mövzusu və məzmununa uyğun olaraq layihənin tərəfdaş qurumları - “Microsoft Azərbaycan”, “Engin” LTD MMC, “PAŞA Sığorta” və b. tərəfindən təklif olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun reallaşdırılan “Azərbaycan üçün öyrət” proqramı keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil layihəsidir. Proqram insan kapitalının inkişafı, təhsilə edilən yatırımı, əmək bazarı trendləri də daxil olmaqla, təhsilin müasir trendlərə uyğun dəstəklənməsini nəzərdə tutur və yeni nəsil intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasına yönəlib. Bu məqsədlə proqram çərçivəsində şagirdlərə dərsdənkənar saatlarda akademik fənlər və onların dünyagörüşünü artıran əhəmiyyətli mövzuların tədris olunması planlaşdırılır. Təhsildəki ən son yenilikləri nəzərə alan “Azərbaycan üçün öyrət” layihəsi cəmiyyətin təhsil strategiyasının inkişafındakı rolunu və məsuliyyətini artırmağı, eləcə də “öyrədən” obrazının nüfuzunu qaldırmağı hədəfə alıb.

Onu da diqqətə çatdıraq ki, Təhsil Nazirliyi, “Engin” LTD MMC və “Kapital Bank”ın təşkilatçılığı ilə keçirilən Yay Məktəbinə “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətləri dəstək verir. Eyni zamanda Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramı layihənin tərəfdaşları sırasındadır. Layihənin rəsmi informasiya dəstəkçiləri isə “ARB TV” və “Təhsil TV”-dir. Bakı şəhərindən yola düşən “Təhsil avtobusu - 2017” Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edir.

8 gün davam edəcək və hər bölgədə bir gün keçiriləcək Yay Məktəbinin ilk ünvanı Ouba olub. Başqa sözlə desək, “Təhsil avtobusu-2017”-yə Azərbaycanın bu füsunkar şəhərində start verilib. Rəsmi açılış mərasimindən sonra Qubanın orta ixtisas və ali təhsil müəssisəsindən olan akademik göstəriciləri orta 30-a yaxın tələbə üçün “Biznesə necə başlamalı”, “İKT karyerası”, “My future is STEAM”, “Sığortalanan gələcək” mövzularında təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Təlimlərdə və oyunlarda fəal iştirak edən tələbələr sertifikatla təltif olunublar.

26 və 27 iyul tarixlərində isə “Təhsil avtobusu-2017”-nin marşrutuna uyğun olaraq Yay Məktəbi Masallı və Sabirabad şəhərlərində təşkil olunub və bu bölgələrdə yaşayan gənclərdən, ali və orta ixtisas təhsili müəssisələrindən seçilmiş tələbələrdən ibarət qruplara analoji təlimlər, intellektual oyunlar keçirilib. Bu şəhərlərin hər birində də layihədə 25-dən çox gənc iştirak edib.

“Təhsil avtobusu-2017” digər bolgələrə səyahətinə davam edir.

yuxarı ⤴