1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Neyrolinqvistik proqramlaşdırma təhsil texnologiyası kimi
28.07.2017 / No28

 

 


Bu texnologiyadan istifadə dərsləri cəlbedici və maraqlı edir

Elxan BƏYLƏROV,
Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru

Müasir dövrdə Azərbaycan təhsil sisteminin yenidən qurulması, müasirləşdirilməsi və bu prosesdə yeni texnoloji innovasiyalardan istifadə olunması vacib məsələlərdən biridir. Təhsil sisteminin inkişaf tendensiyası innovativ və interaktiv metodlardan istifadə edən novator müəllimlərin iş üsullarına dair toplanmış faydalı təcrübələrin, pedaqoji-psixoloji tədqiqatların nəticələrinin daim sistemləşdirilməsi, ümumiləşdirilməsi və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına, pedaqoji prosesə interaktiv metodlar anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə müasir texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır.

Müasir təhsilin inkişaf indikatorlarından biri də təhsil işçilərinin və bütövlükdə təhsil sisteminin ictimai həyatın tələblərindən irəli gələn yeni ideyalara, texnoloji innovasiyalara çevik və adekvat reaksiyasıdır. Başqa sözlə, sosial-ictimai həyat, əmək bazarı, İKT və digər sferalarda baş verən yeniliklərin təhsildə çevik inikası təhsilin inkişafından xəbər verir, bu inkişafı şərtləndirir. Təhsilin inkişafı istənilən sosial-ictimai, texnoloji inkişaf ilə uyğun tempdə və üzvi vəhdətdə cərəyan etməlidir ki, onun yetişdirdiyi şəxsiyyətlər cəmiyyətdə, ictimai-sosial həyatda baş verən yeniliklərdən xəbərdar olsunlar və bu yeniləşmə prosesinə öz töhfələrini versinlər.

Digər tərəfdən, təhsil sistemi sürətli, intensiv dəyişikliklər mühitinə, informasiya çoxluğuna, ictimai-sosial həyatdakı gərginlik faktorlarına, gənc nəslin yeniləşməkdə olan həyat fəlsəfələrinə adekvat öyrənmə, öyrətmə metodları, ünsiyyət-davranış modelləri təklif etməli və formalaşdırmalıdır. Başqa sözlə, didaktik arsenal tədricən yenilənməli və zənginləşdirilməlidir.

Müasir təhsil yanaşmalarında pedaqoji fəaliyyət yaradıcılığın növlərindən biri kimi dəyərləndirilir. Bu fəaliyyətin icrasını şərtləndirən amillər, mexanizmlər, üsul və vasitələr əvvəlcədən planlaşdırılmalıdır. İnkişaf etmiş müasir təhsil sistemlərində yeni nəsil müəllimlərdən öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun olaraq uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaq, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyalar seçib tətbiq etmək tələb olunur.

Neyrolinqvistik proqramlaşdırma nədir?

Neyrolinqvistik proqramlaşdırma (NLP) texnikalarının təhsil modelinə əlavə edilməsi tədris prosesini fərdi proqram üzrə təşkil etməyə, şagirdin dərsə marağını stimullaşdırmağa imkan verir. NLP texnikalarının istifadə olunduğu dərslər uşaqlar üçün çox cəlbedici və maraqlı olur.

NLP zehin və dil arasındakı qarşılıqlı əlaqənin davranışımıza təsirini ifadə edir. İlk olaraq NLP anlayışına qısaca şərh verək.

Neyro - hiss üzvlərimizdən gələn informasiyadan istifadə edərək, xarici dünya haqqındakı təcrübələrimizi şüurlu və şüuraltı düşüncələrə çevirən nevroloji proseslərlə əlaqədardır. NLP bədənimizdə fizioloji və psixoloji proseslərin bir vəhdətdə işləməsinə əsaslanır. NLP nevroloji prosesi canlandıraraq onu idarə etmək bacarığını qazandırır.

Linqvistika - dil vasitəsi ilə təcrübələrimizə məna qazandırmaq, onları başqalarına çatdırmaq üçün ən səmərəli vasitədir. Dil düşüncələrimiz, təcrübələrimiz və görüşlərimizin xaricə təzahür vasitəsidir.

Proqramlaşdırma - məqsədə çatmaqda təcrübələrimizi uyğunlaşdıraraq və tənzimləyərək modelləşdirməkdir. Əldə etdiyimiz nəticələr, onların başqalarına və özümüzə təsiri fərdi proqramlaşdırma fəaliyyətimizin nəticəsidir.

Dilçi və riyaziyyatçı işbirliyinin nəticəsi

NLP-in müasir anlamda əsası 1974-cü ildə Kaliforniyada, dilçi Con Qrinder ilə riyaziyyatçı Riçard Bendler tərəfindən qoyulub. Onların ortaq fəaliyyəti nəticəsində ailə psixoterapevti Virginia Satir, geştalt terapiyasının banisi Fritz Perls və hipnoterapevt Milton Eriksonun istifadə etdikləri nitq nümunələrinin modelləri təhlil edilmiş və bunun nəticəsində NLP-nin təməli qoyulmuşdur. Böyük uğur qazanan insanlarda ortaq əlamətlərin olması və az uğurlu insanlarda da oxşar xüsusiyyətlərin müşahidə edilməsi NLP texnikalarının yaranmasına və inkişafına təkan vermişdir.

Qeyd edək ki, dünya təcrübəsində NLP insan fəaliyyətinin bir çox sahələrində - təhsil, peşəkar fəaliyyət, idman, şəxsi inkişaf, liderlik, sağlamlıq, ünsiyyət və s. uğurla tətbiq edilir. NLP-nin təhsil fəaliyyəti ilə bağlı aşağıdakı faydalarını sadalamaq olar: öyrənməni asanlaşdırır; yaddaşı gücləndirir; özünəinam hissini yüksəldir; fobiyalardan qurtulmanı asanlaşdırır; zəruri dəyişikliklər tez və səmərəli olur; duyğu və düşüncəni inkişaf etdirir; stresli hallar idarə olunur; qətiyyəti və inamlılığı artırır; motivasiyanı yüksəldir və fərdi performansı artırır.

NLP texnikaları vasitəsi ilə duyğu və düşüncələrimizi yönləndirərək daxili dünyamızın sahibi və gələcəyimizin memarı ola bilərik. NLP texnikaları düşünmə, nitq və davranış proseslərinə təsir edərək hədəfə çatmaq üçün ən səmərəli vasitələr kimi çıxış edir. Bu texnikalar insanın bir məqsədə çatması ilə bağlı davranışlarında dörd əsas qaydaya əməl etməsini təşviq edir:

Əməl edilməsi lazım gələn 4 qayda:
1) Əvvəlcə nə istədiyini dəqiq, aydın və qəti şəkildə müəyyən etməlidir. Əldə etmək istədiyi nəticəni birmənalı olaraq təyin etməlidir.
2) Fəaliyyətə başlamalıdır. Bir şeyə nail olmaq üçün niyyətlə bağlı məqsədyönlü fəaliyyət olmalıdır. Hədəfə çatmaq üçün mütləq yola çıxılmalıdır.
3) Nəticələrin fərqində olmalı, diqqətli və həssas olmalıdır. Hər bir fəaliyyətlə bağlı hədəfə yaxınlaşdığını və ya uzaqlaşdığını düzgün dəyərləndirmək üçün özünə, onu maraqlandıran subyektlərə, psixoloji mühitə və qarşılıqlı münasibətlərə qarşı yetərincə həssas olmalıdır.
4) Kifayət qədər mütəhərrik (elastik) və çevik olmalıdır. İstədiyini əldə edənə qədər münasibət və davranışında məqsədyönlü dəyişikliklər etməlidir.

NLP-nin istinad etdiyi əsas müddəalar

NLP-nin istinad etdiyi əsas müddəalar bunlardır:
* Uğursuzluq yoxdur, alınan nəticələr və qazanılan təcrübələr vardır.
* Qarşılıqlı əlaqənin mənası onun səmərəliliyindədir.
* Xəritə ərazinin özü deyil, hər kəsin xəritəsi fərqlidir.
* İnsan ona lazım olan bütün resurslara malikdir.
* Bədən və zehin eyni sistemin üzvi şəkildə əlaqəli hissələridir.
* Hər problemin bir həlli vardır.
* Bir insan bir işi bacarırsa, bunu hamı öyrənə bilər.
* Hər bir neqativ davranışın arxasında pozitiv bir niyyət var.
Qeyd edək ki, NLP-nin uğur strategiyaları məhz bu müddəalara əsaslanır.
NLP dünyanın öndə gedən bir çox ali təhsil müəsssisələrində (Kaliforniya Universiteti, Harvard Universiteti, Stenford Universiteti, Kembric Universiteti və s.) tədris olunur. Fikrimizcə, bizim universitetlərdə də NLP-nin tədrisi məqsədəuyğundur.

NLP texnikalarının faydaları

Bu gün həyatımızın müxtəlif sahələrində istifadəsi aktual olan NLP texnikalarının mahiyyətinin nə olduğunu və onların cəmiyyətə nə kimi faydalar verə biləcəyi sualı çoxlarını düşündürməkdədir. NLP texnikaları insanın uğur qazanması, özündə liderlik bacarıqlarını formalaşdırması və uğurlu ünsiyyət qurması üçün səmərəli bir vasitədir. NLP-nin məqsədi insanın şəxsi potensialını, resurslarını aşkar edərək ondan daha səmərəli şəkildə istifadəni təmin etməkdir. Onun digər məqsədi insanın yaradıcılıq fəaliyyətini təkmilləşdirmək, yeni öyrənmə strategiyalarını inteqrasiya etmək, neqativ halları aradan qaldırmaq, özünəinamı artırmaq, şəxsiyyət keyfiyyətlərini yüksəltməkdir.

NLP texnikalarının təhsil sektorunun inkişafına ciddi töhfələr verəcəyi, xarici dilin öyrənilməsində bu texnikaların geniş imkanlara malik olacağı artıq öz təsdiqini tapmışdır. NLP-nin təlim mühitində səmərəliliyini təsdiqləyən tədqiqatlar mövcuddur. Nümunə olaraq, eksperimental qrupda NLP texnikalarından, nəzarət qrupunda isə ənənəvi təlim üsullarından istifadə etməklə tələbələrin lüğət ehtiyatının zənginləşdirilməsi təcrübəsini göstərmək olar. Eksperiment nəticəsində məlum olmuşdur ki, NLP texnikalarının istifadə olunduğu qrupda lüğət ehtiyatının zənginləşməsi, sözlərin daha çevik şəkildə yadda saxlanılması və yeri gəldikcə istifadəsi nəzarət qrupuna nisbətən daha sürətli və uğurlu olmuşdur.

NLP-nin təhsilə tətbiq edilməsinə dair aparılmış tədqiqatlar göstərir ki, müvafiq texnikaların tətbiqi şagirdlərin nəzəri-metodoloji biliklərini, praktik bacarıq və təcrübələrini inteqrasiya etməklə tədris prosesini xeyli canlandırır və onu şagirdlər üçün maraqlı edir. Bu texnikalar uşaqlarda məntiqi, tənqidi, yaradıcı və çevik düşünməni, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmək kimi qabiliyyətləri inkişaf etdirir.

Məlumdur ki, beynin sol yarımkürəsi sözlər, saylar, sıra, nizam, düzgünlük, məntiq, növlərə ayırmaq, müqayisə etmək, hesablamaq və s. kimi anlayış və fəaliyyətlərə, sağ beyin yarımkürəsi isə rəng, ritm, xəyal qurmaq, həyat, gözəllik, yaradıcılıq, bütövlük, kosmos, emosiyalar, ölçü və s. kimi anlayış və fəaliyyətlərə “bağlıdır”. Buradan görünür ki, gündəlik həyatımız, təhsil və peşə fəaliyyətimiz əsasən sol beyin yarımkürəsinin inkişafını dəstəkləyir. NLP texnikalarının təlim prosesinə tətbiqinin verəcəyi üstünlüklərdən biri də odur ki, bu texnikalar eyni zamanda sağ və sol yarımkürələrdə gedən prosesləri fəallaşdıraraq onların əlaqəli və harmonik inkişafını təmin edir. Bu isə onların yaradıcılıq uğurları üçün ciddi zəmin yaradır.

NLP effektin öyrənmə və öyrətmə strategiyasını inkişaf etdirir

NLP vasitəsilə təhsildə effektiv öyrənmə və öyrətmə strategiyaları inkişaf etdirilir. Təhsil sahəsində NLP ənənəvi təlim metodlarından fərqli xüsusiyyətlərə malikdir. NLP texnikaları təlim prosesində yaranan mövcud problemlərin müəyyən edilməsinə və onların aradan qaldırılmasına yönəlmir, bu texnikalar problemlərin yaranmaması üçün şagirdlərə ən uyğun performansın gerçəkləşdirilməsinə yönəlir. Başqa sözlə, problemlərin profilaktikasına, yaranmamasına xidmət edir. Burada “problem” dedikdə “problem situasiya” deyil, şagirdin öyrənməsi ilə bağlı problemlər nəzərdə tutulur. NLP müvəffəqiyyətsizliyin aradan qaldırılması üçün strategiyalar təklif etmir, müvəffəqiyyət üçün strategiyalar müəyyən edir. NLP-də “ən yaxşı metod” və ya “universal metod” anlayışları yoxdur. O, hər bir insanın qüsursuzluğundan çıxış edərək, hər kəsin öz potensial imkanına uyğun inkişaf etməsi üçün bir çərçivə təqdim edir. Beləliklə, insanın öz inkişaf strategiyaları olur və o, onları müxtəlif fəaliyyət sahələrində tətbiq edə bilir (Kamp, 2004).

Təhsilalanların ən çox şikayət etdikləri problem lazımi məlumatların çətin yadda saxlanılması və tez unudulmasıdır. Əslində problem informasiyanın unudulmasında deyil, onun xatırlanmasının çətinləşməsindədir. NLP-nin hafizə texnikaları şagirdləri izafi təkrarlamadan azad edir, öyrənmə prosesində beynin bəzi passiv mərkəzlərini fəallaşdıraraq məlumatların sistemləşdirilməsini, uzun müddət yadda saxlanılmasını və asanlıqla xatırlanmasını təmin edir. Beləliklə, bu texnikalar qısa müddətdə asan və sürətli öyrənməni təmin edir, tələbələrin «vaxt çatışmazlığı» problemini aradan qaldırır. Hafizə texnikaları kimi “bağlama texnikası”, “hafizə mismarları”, “akrostiş”və İSOAT texnikalarından geniş sferada istifadə olunur.

Uğur qazanmaq üçün faydalı vasitə

Müəyyən bir sahədə insanın uğur qazanması üçün onun yüksək bacarıq potensialı çox zaman kifayət etmir. Uğur üçün yüksək bacarıq potensialı ilə yanaşı insanlarla pozitiv qarşılıqlı münasibətlərin qurulması, səmimi ünsiyyət, empatiya, bədən dilini anlama və bu dildə ifadə etmə bacarığı da lazımdır. NLP texnikaları bu sahədə də faydalı vasitələrdir. NLP terminologiyasında “Kalibrasiya” anlayışı başqalarının ruhi hallarını düzgün anlaya bilmək bacarığını ifadə edir. Kalibrasiya - sözlərin arxasında gizlədilmiş fikirləri anlamaq, sətiraltı mənaları başa düşmək, deyilənləri deyil, deyilməyənləri də hiss etmək, eşidə bilmək, deyilənlərin məzmunu ilə yanaşı onları müşayiət edən duyğu və düşüncələri də hiss etməkdir. Bu baxımdan NLP texnikaları istedadlı, çətin tərbiyə olunan və xüsusi qayğıya ehtiyacı olan uşaqların təliminin təşkilində şagirdlərin, müəllim, psixoloq və valideynlərin səmərəli alətlərinə çevrilə bilər.

Beləliklə, bir çox sahədə geniş tətbiq imkanlarına malik olan NLP texnikaları insan fəaliyyətinin ünsiyyət və münasibətlərinin olduğu hər bir yerdə istifadə edilə bilər. NLP texnikaları əvvəlcə insanın özünü dərk etməsinə, daha sonra münasibət quracağı insanları tanımasına və onlarla uğurlu ünsiyyət qurmasına əlverişli zəmin yaradır. Nəticədə NLP texnikaları insanın harmonik inkişafını şərtləndirir və cəmiyyətə faydalı olan şəxsiyyətlərin formalaşmasına xidmət edir. Bu texnikaların təhsildə tətbiqinin geniş imkanları var və bu sahədə tədqiqatlar davam etdirilməlidir.

yuxarı ⤴