1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Valideyn-məktəb-müəllim üçlüyü
04.08.2017 / No29

 

 

 


Düzgün peşə seçimində bu amilin rolu

Səkinə ABBASOVA,
Abşeron Rayon Təhsil Şöbəsinin metodisti

İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Hər bir insan bir kitabdır. Onu sadəcə oxumaq lazımdır. Amerika alimləri bildirir ki, məktəb üçün deyil, gələcək üçün oxumaq lazımdır.

Bu gün nəzər yetirsək görərik ki, təhsilimizdə şagirdlərimizin bir şəxsiyyət kimi formalaşmasına mane olan əsas amillərdən biri düzgün peşə seçimi etməmələridir. Məhz bunun nəticəsində bəzi gənclər həyatda uğur qazana bilmirlər. Bu problemin də yaranma səbəblərindən biri müəllimin, məktəb rəhbərliyinin şagirdləri peşəyə düzgün istiqamətləndirə bilməməsi və eyni zamanda da evdə valideynlərin uşaqlara təzyiqi altında onların sevmədikləri, ancaq bu gün cəmiyyətdə dəbdə olan nüfuzlu peşələri seçməyə vadar edilmələridir. Aparılan araşdırmalardan bəlli olur ki, bütün bu yanlış təsirlərin nəticəsində ali təhsil ocağını bitirənlərin 10%-i gələcəkdə öz ixtisası üzrə işləyir. Bu 10% məzundan yalnız öz gələcək kariyerasında uğur əldə edən gənclərimiz isə 6,7% təşkil edir. Bəs yerdə qalan 90% necə olsun? Bu qalan hissə isə ayrı-ayrı sahələrdə özlərinə iş tapır və yenidən sənət öyrənir. Nəzərə almaq lazımdır ki, hər bir şəxsiyyətin əsas missiyası yaşadığı cəmiyyətdə onun yardımına ehtiyacı olanlara kömək etməkdir. Yaşlı ingilis xanımından soruşurlar:

- İnsanı mədəni, savadlı, daha doğrusu, ziyalı etmək üçün nə lazımdır?

- Bundan asan nə var, cəmi-cümlətani üç kollec qurtarmaq lazımdır, - deyə qadın fikirləşmədən cavab verir.

- Necə, bir adam üç kolleci?..

- Xeyr, bir adam nə üçün. O özü, valideyni, valideyninin valideyni.

Razılaşmaq lazımdır ki, uşaqların normal təhsil almasında valideynlərin rolu az deyil. İnsanın məruz qaldığı və onun hərəkətinə, davranışına istiqamət verən əsas təsirlər aşağıdakılardır:

1. Əcdadlar.
2. Valideynlər.
3. Mühit.

V.Ovçinikov yazır ki, ingilis ailələri, hər şeydən əvvəl, nəslin davamçısının xarakterinə, rəftarına məktəbin edəcəyi təsir və gələcək həyat yolunda onlara kömək və dayaq olacaq, uşaqların özlərinin qazandıqları dostlar haqqında fikirləşirlər. Nisbətən az əməli fayda verən klassik təhsilə isə çox az fikir verirlər. İrlandiyalı sosioloqlar işgüzar adamların böyük bir dəstəsinin fəaliyyətini təhlil etmiş və aşkara çıxarmışlar ki, onların əksəriyyəti yaradıcılıqla məşğul olmayanlar, qalanları isə fəal yardıcılıqla məşğul olanlardır. Tədqiqatın nəticəsində belə məlum olub ki, yaradıcılıq qabiliyyətinə malik olmayanların əksəriyyəti aristokrat ailələrin uşaqlarıdır. Onlar cəmiyyətdəki vəzifələrinə uyğun təhsil almış, dil, musiqi və etiket qaydalarını öyrənmişlər. Beləliklə də valideynlərinin böyük canfəşanlığı nəticəsində, demək olar ki, dünyaya göz açdıqları gündən “konservasiya” edilmiş və ümumiyyətlə, modelləşib müəyyən qəlibə salınmışlar. İşdə onlar başqalarının ideyasını qəbul edib, səliqəylə və savadlı yerinə yetirsələr də özləri heç bir şəxsi ideya verməmiş, şəxsi təşəbbüs göstərməmiş və yaradıcılıqla məşğul olmamışlar. Lakin bu tədqiqat nəticəsində məlum olmuşdur ki, daha sadə ailələrdən çıxan işgüzar insanlar fəal yaradıcılıqla məşğuldurlar. Belə ailələrdə uşaqların tərbiyəsi ciddi qayda-qanuna tabe olmamış, məhdudiyyətlər az, sərbəstlik çox olduğundan fəal yaradıcılıqla məşğul olmaq və onu inkişaf etdirmək imkanı daha çox olmuşdur. Gəlin etiraf edək, oxuyanda ki, ABŞ prezidenti olmuş A.Linkoln əmək fəaliyyətinə odunçuluqdan başlayıb, məşhur yazıçı Cek London isə yaradıcılığa başlayana qədər onlarca peşə dəyişib, adam qəribə qibtə hissi keçirir. Hətta çox qəribədir ki, tanınmış yazıçı O’Henri ilk əvvəl mühasib işləmiş, yaradıcılığa isə günahsiz müqəssir olaraq düşdüyü həbsxanada başlamışdır.

Yaradıcılıq qabiliyyətini nümayiş etdirmək, heç də hər bir uşağın, yeniyetmənin və gəncin şəxsən özünə müyəssər olmur. Çünki bunun üçün şərait, yəni məqam və səbəb lazımdır. Ancaq çox vaxt, elə olur ki, valideynlər uşaqlarına kömək etmək əvəzinə, onlara zorla öz hökümlərini qəbul etdirməyə çalışırlar və bu da uşaqlarda yenicə oyanmış istedadın, meylin və qabiliyyətin boy atmadan dağılıb parçalanmasına səbəb olur.

Hazırda elə bir vəziyyət yaranıb ki, ölkəmizdə yüksək səviyyəli və keyfiyyətli ali və orta ixtisas təhsili müəssisələrinin çox olmasına baxmayaraq, onların hazırladığı mütəxəssislər arasında səriştəli və peşəkarığı ilə seçilənlərin sayı o qədər də çox olmur. Faktları təhlil edərkən, istər-istəməz düşünürük ki, ola bilsin, bunun səbəblərindən biri peşə seçiminin düzgün olmamasıdır. Bu gün bununla bağlı dünyada maraqlı təcrübələr mövcuddur. Bu təcrübələri təhsil müəssisəsində həyata keçirərək olduqca uğurlu nəticələr əldə etmək mümkündür. Norveç, Finlandiya, İsveç dövlətlərində uşaqların peşə seçiminə hələ məktəbəqədər dövrdən başlanılır. Burda uşaqlar üçün xüsusi hazırlanmış psixoloji testlər mövcuddur. Onlara vətəndaşlıq borcu, sabah cəmiyyətə faydalı olması üçün düzgün peşə seçməsi öyrədilir. Bunu həmin ölkələrdə profirentator adlı bir sosial işçi həyata keçirir. Onlar testlər keçirir. Nəticələr analiz olunur və daha sonra, bunu ilk öncə rəhbərliklə müzakirə edirlər. Bu testlər keçirilməzdən öncə hər bir testin yuxarısında ad-soyadın yanında “Nə olmaq istərdin? Nə üçün bu peşəni seçirsən?” sözləri yazılır. Testin nəticələri müzakirə olunaraq cavablar və istəklər araşdırılır və son nəticə kimi “Hansı peşədə uğur qazana bilər” düzgün cavabı öz əksini tapmış olur. Son təhlillərdən sonra valideyin-məktəb rəhbərliyi-sosial işçi və müəllim görüşü keçirilir. Uşağın gələcək taleyi bir daha müzakirə olunur. Bunun üçün Norveçdə ən çox istifadə olunan 160 sualdan ibarət sorğu şəklində “bəli, xeyr” formasında olan sual toplusudur. Bu suallarla auditoriyaya müraciət olunur. Əgər sən bunu edirsənsə “bəli”, etmirsənsə “xeyr” cavabı verirsən. Alınan cavablar daha sonra hesablanır (hər bir sual 10 bal dəyərində qiymətləndirilir).
0-40 bal peşələrə maraqsız olduğunu göstərir.

40-80 bal maraq dairəsinin olması, ancaq seçim yetərincə deyil deməkdir.

80-100 bal peşələrə marağınız var, amma seçmədən öncə düşünün, anlamına uyğundur.

130-160 bal isə tam sizin marağınızdadır. Uğur qazana bilərsiniz deməkdir.

Bildirmək istərdim ki, bu testi ilk öncə öz rayonumuzda yuxarı sinif şagirdləri arasında keçirdik.

Dəyərli müəllimlər, əziz həmkarlar! Bütün bu yuxarıda göstərdiklərim hamısının bizim həyatımızda önəmli rolu vardır. Biz bu qaydada öz işlərimizi quraraq, böyüməkdə olan nəsli düzgün peşə seçiminə yönəldərək, gələcəyin perspektivli, vətənpərvər, savadlı və xoşbəxt şəxsiyyətini yetişdirə bilərik.
 

yuxarı ⤴