1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Universitetlərin reytinq sistemləri: metodoloji yanaşma və mövcud trendlər
11.08.2017 / No30

 

 

 


Reytinqlər ali təhsilin qiymətləndirilməsi üzrə çoxsaylı yanaşmalardan biri kimi qəbul edilməlidir

Şahin BAYRAMOV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru

I Hissə

Məlum olduğu kimi, ali təhsilin beynəlmiləlləşməsi, ölkələr arasında tələbə və müəllim mobilliyinin artması, kadr hazırlığı prosesinin milli əmək bazarı ilə yanaşı, beynəlxalq əmək bazarına da fokuslanması qlobal ali təhsilin məzmununu və xarakterini müəyyənləşdirən əsas trendlər qismində çıxış edir. Məhz qeyd olunan meyillər beynəlxalq ali təhsil məkanında rəqabətin kəskinləşməsində, başqa sözlə, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən universitetlər arasında rəqabət mübarizəsinin qlobal xarakter almasında mühüm rol oynayır. Nəticədə fərqli sosial-iqtisadi inkişaf səviyyəsinə malik olan cəmiyyətləri və müxtəlif təhsil sistemlərini təmsil edən universitetlərin eyni meyarlar və vahid konsepsiya əsasında qiymətləndirilməsinə imkan verən metodologiyalara və platformalara ehtiyac artır. Bu baxımdan, dünya universitetlərinin beynəlxalq reytinq siyahıları mühüm aktuallıq kəsb edir.

Ümumi baxış

Akademik reytinq ali təhsil müəssisələrinin fəaliyyətinin, xüsusilə də həmin fəaliyyətin nəticələrinin müvafiq metodika əsasında ölçülməsini, qiymətləndirilməsini və sonda universitetlərin müvafiq sıralamasının hazırlanmasını nəzərdə tutur. Bu zaman universitet fəaliyyətinə dair bir neçə indikatordan istifadə olunur və konkret universitetin reytinq siyahısındakı mövqeyinin müəyyənləşməsində hər bir indikator əvvəlcədən dəqiq müəyyən edilmiş xüsusi çəki çərçivəsində rol oynayır. Bir qədər də dəqiqləşdirsək, reytinq universitetlərin akademik fəaliyyətinin ölçülməsini və müqayisəsini yalnız kəmiyyət göstəriciləri əsasında həyata keçirir. Bu baxımdan, reytinq akademik fəaliyyətin keyfiyyət analizinə əsaslanan keyfiyyətin təminatı üzrə digər nəzarət alətlərindən (məsələn, akkreditasiya) ciddi şəkildə fərqlənir. Bununla belə, akademik reytinq elmi-tədris fəaliyyətinin yüksəldilməsinə mühüm təsir göstərmək imkanına malikdir. Yaranma tarixinin az olmasına baxmayaraq, reytinq dünya akademik ictimaiyyəti tərəfindən faktlara əsaslanan etibarlı məlumat mənbəyi və ali təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyət qiymətləndirilməsinin şəffaf alətlərindən biri kimi qəbul edilir.

Reytinqlərin yaranması tarixi

Müasir formatda olan reytinqlər XX əsrin 80-ci illərində yaranmağa başlayıb. İlk dəfə olaraq, U.S.News və World Report nəşri asanlıqla müqayisə edilə bilən məlumatlar əsasında ABŞ universitetlərinin reytinq siyahısını dərc edib. Qeyd olunan siyahının hazırlanmasında əsas məqsəd potensial tələbələrin universitet seçimi məsələsində təlimatlandırılması olub. Sonralar anoloji reytinq siyahılarının bir çox ölkədə hazırlanmasına başlanılıb.

XX əsrin sonu və XXI əsrin əvvəllərində ali təhsil sahəsində qloballaşma meyillərinin güclənməsi və ali təhsilin beynəlmiləlləşməsinin dərinləşməsi milli reytinqlərə marağın azalmasına, əvəzində “qlobal reytinq”lərin (bəzən “dünya reytinqi” və “beynəlxalq reytinq” də adlandırılır) meydana çıxmasına gətirib çıxardı.

2003-cü ildə Çindəki Shanghai Jiao Tong University nəzdində fəaliyyət göstərən Dünya Səviyyəli Universitetlər Mərkəzi tərəfindən Dünya Universitetlərinin Akademik Reytinqinin (Academic Ranking of World Universities - ARWU) nəşr olunması beynəlxalq arenada ali təhsil müəssisələrinin reytinqinə olan marağı xeyli artırmış oldu. ARWU dünya miqyasında daha çox “Şanxay reytinqi” adı ilə tanınır. Bunun ardınca, 2004-cü ildə Birləşmiş Krallıqda Times Higher Education and QS tərəfindən Dünya Universitetləri Reytinqinin (World University Rankings) təqdim olunması ilə akademik reytinqlər üzrə alternativ mənbələrin yaranmasının əsası qoyuldu. Belə ki, sonrakı dövrdə fərqli məqsədlərə xidmət edən, müxtəlif metodologiyalara və meyarlara əsaslanan başqa reytinqlər də meydana çıxdı.

Reytinqlərin faydası

Təbii olaraq, tələbələr və valideynlər reytinqlərdən əldə etdikləri məlumat əsasında hansı universitetdə təhsil almağa dair qərar qəbul edirlər. Ali təhsil müəssisələrinin rəhbərləri və yüksək idarəedici qurumları reytinqlərdən barometr və ya ölçü mexanizmlərinin yaradılması, idarəetmə sisteminin təkmilləşdirilməsi meyarlarının müəyyən edilməsi və akademik fəaliyyətdə qlobal nailiyyətlərə çatmağa imkan verən strategiyanın işlənməsi məqsədilə istifadə edirlər. Reytinq məlumatları hazırda dünya universitetlərinin marketinq siyasətinin aparıcı komponentlərindən biri kimi çıxış edir.

Hökumət qurumları akademik reytinqlərdən təhsilin keyfiyyətinə nəzarət aləti kimi faydalanır. Bu, daha çox keyfiyyətə nəzarət mexanizminin zəif olduğu və ya yeni yaradıldığı ölkələr üçün xarakterikdir. Müxtəlif fondlar və maliyyə agentlikləri reytinqlərdən hər hansı bir universitetin potensialının və maliyyə sabitliyinin qiymətləndirilməsi məqsədilə istifadə edirlər.

Biznes qurumları (işəgötürənlər) bu və ya digər layihə üçün tərəfdaş universitetlərin müəyyən edilməsində və bütövlükdə, potensial işçilərin tapılmasında reytinqlərdən geniş faydalanırlar. Bir sıra hallarda universitetlərin qlobal reytinqi ayrı-ayrı ölkələrin milli akademik mübadilə proqramlarına, eləcə də miqrasiya siyasətinə əhəmiyyətli təsir göstərir.

Reytinqlərin çatışmayan cəhətləri

Artıq qeyd etdiyimiz kimi, reytinqlər ali təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinə dair məlumat təqdim etməklə şəffaflığın yüksəldilməsi aləti qismində çıxış edir. Lakin reytinqlər ali təhsil sistemlərinin və universitetlərin fəaliyyətindəki fərqliliklərin hərtərəfli təhlilini özündə əks etdirmir. Reytinqlər universitetlərin güclü və zəif tərəflərini müəyyən etsə də, uğurların səbəblərini izah edə bilmir və akademik fəaliyyətin təkmilləşdirilməsi üçün vasitələr təklif etmir. Digər tərəfdən, reytinqlərdə istifadə olunan metodologiyalar müqayisə edilən universitetlərin fərqli missiya və viziona malik olmalarını, eləcə də akademik fəaliyyətin tarixi və mədəni kontekstdən irəli gələn müxtəlif dəyərlərə əsaslanmasını tam nəzərə ala bilmir. Eyni zamanda, reytinqlərin hazırlanması zamanı istifadə edilən məlumatların nə dərəcədə şəffaf və etibarlı mənbələrdən əldə edilməsi məsələsi hər zaman müzakirəyə səbəb ola bilir. Bir neçə yüzillik tarixə malik olan universitetlərin yaranma tarixi onilliklərlə ölçülən universitetlərlə, həmçinin milyardlarla büdcəsi olan universitetlərin kiçik büdcəli universitetlərlə vahid platforma çərçivəsində müqayisə edilməsi bir tərəfdən ədalətli olsa da, digər tərəfdən “müsabiqənin ilkin start şərtlərinin qeyri-bərabər olması” kimi də əsaslandırıla bilir.

Universitetlərin reytinqi üzrə Berlin prinsipləri

Nəzərə almaq lazımdır ki, ayrı-ayrı reytinqlər müxtəlif məqsədlər daşımaqla fərqli məqsədli qruplara yönəlir və bir-birindən köklü şəkildə fərqlənən metodologiyalar əsasında hazırlanır. Bu isə, təbii olaraq, akademik reytinqlər üzrə ümumi yanaşmanın yaradılmasına ehtiyac doğurur. Bu məqsədlə, 2004-cü ildə UNESCO-nun Ali Təhsil üzrə Avropa Mərkəzi (UNESCO European Centre for Higher Education in Bucharest) və Ali Təhsil Siyasəti İnstitutu (Institute for Higher Education Policy in Washington, DC) tərəfindən Beynəlxalq Reytinq Ekspert Qrupu (International Ranking Expert Group - IREG) yaradılıb. 2006-cı ilin mayında Berlində IREG tərəfindən Ali Təhsil Müəssisələrinin Reytinqi üzrə Berlin Prinsipləri (Berlin Principles on Ranking of Higher Education Institutions) qəbul edilib. Bu təşəbbüsün əsas məqsədi milli, regional və qlobal miqyaslı bütün reytinqlər üçün vahid sxemin və ortaq tələblərin yaradılmasından ibarətdir. Təklif olunan prinsiplər reytinqlərin tərtibi üzrə istifadə olunan fərqli metodologiyaların davamlı şəkildə təkmilləşdirilməsinə əsas yaradır.

Universitetlərin reytinqi üzrə Berlin prinsiplərini dörd qrupda birləşdirmək olar:

Reytinqlərin məqsəd və vəzifələri. Reytinqlər ali təhsilin qiymətləndirilməsi üzrə çoxsaylı yanaşmalardan biri kimi qəbul edilməlidir. Başqa sözlə, reytinqlərin ali təhsilin qiymətləndirilməsinin əsas metodu kimi təqdim edilməsi doğru deyil. Hər bir reytinqin konkret vəzifəsi və məqsədli auditoriyası olmalıdır. Hər hansı bir məqsəd və auditoriya üçün nəzərdə tutulan metodologiya və meyarlar digər hallar üçün adekvat sayılmaya bilər. Eyni zamanda, reytinqlər ali təhsil müəssisələrinin əhəmiyyətli fərqləndiklərini qəbul etməli və onların fərqli missiya və viziona malik olduqlarını nəzərə almalıdır. Məsələn, tədqiqat universitetləri ilə əsasən kütləvi ali təhsil xidmətləri göstərən universitetlərin eyni reytinq metodologiyası ilə qiymətləndirilməsi zamanı bir çox nüans nəzərə alınmalıdır. Reytinqlərə dolayı təsirlər göstərən iqtisadi, tarixi, mədəni və linqvistik amillərə həssas yanaşmanın təmin edilməsi vacibdir.

İndikatorların və onların xüsusi çəkisinin müəyyən edilməsi. Reytinqin hazırlanmasında istifadə olunan metodologiya tam şəffaf və açıq olmalıdır. Tətbiq edilən metodların aydın və birmənalı olması vacibdir. İndikatorların seçilməsi zamanı akademik fəaliyyətin keyfiyyətini və məzmununu daha dəqiq qiymətləndirməyə imkan verən göstəricilər əsas götürülməlidir. Bu zaman mövcud resurslara dair göstəricilərdən daha çox əldə olunmuş nəticələri xarakterizə edən göstəricilərə üstünlük verilməlidir. Müxtəlif indikatorların ümumi qiymətləndirmədəki xüsusi çəkisi dəqiq müəyyən edilməli və mümkün qədər uzunmüddətli dövrdə dəyişilməz saxlanılmalıdır. Belə ki, metodologiya çərçivəsində xüsusi çəkilərdə edilmiş dəyişiklik hər hansı bir universitetin reytinqdəki mövqeyinə ciddi təsir göstərə bilər və bu, həmin universitetin yeni nailiyyəti və ya uğursuzluğu kimi yanlış təəssürat yarada bilər.

Məlumatların toplanması və işlənməsi. Məlumatların toplanması zamanı etik standartların gözlənilməsi və obyektivliyin qorunması mühüm şərtdir. Reytinqin hazırlanmasında maksimal dərəcədə yoxlanılmış və təsdiq olunmuş məlumatlardan istifadə olunmalıdır. Sorğular əsasında toplanılan məlumatlar əsasən elmi tədqiqatlarda tətbiq olunan prosedurlar çərçivəsində nəzərə alınmalıdır. Məsələn, məhdud sayda tələbə və ya müəllim qrupundan əldə olunan sorğu məlumatı bu və ya digər universitet haqqında tam dolğun və dəqiq fikir formalaşdırmaya bilər.

Reytinq nəticələrinin elan olunması. Nəticələr elan olunarkən reytinqin hazırlanmasında istifadə olunmuş metodologiya və reytinqə təsir göstərmiş göstəricilər barədə aydın izahat verilməlidir. Reytinqə daxil edilən universitetlərin hər bir indikator üzrə topladığı nəticələr asan əldə oluna bilməlidir.

QS Dünya Universitetləri Reytinqi

Bu yazıda QS Dünya Universitetləri Reytinqi üzərində daha ətraflı dayanmağı məqsədəuyğun hesab edirik. Bu seçimi QS Reytinqinin mövcud akademik reytinqlər arasında yüksək populyarlığa malik olması və onun reytinq istifadəçiləri tərəfindən qəbul edilməsi səviyyəsi ilə izah etmək olar.

Artıq qeyd olunduğu kimi, QS Dünya Universitetləri Reytinqi ilk dəfə 2004-cü ildə Times Higher Education and QS tərəfindən təqdim olunub. 2009-cu ildən etibarən QS (Quacquarelli Symonds) adıçəkilən reytinqi müstəqil olaraq hər il hazırlayır. Bundan əlavə, QS təhsil istiqamətləri üzrə reytinq (QS World University Rankings by Subject), məzunların işədüzəlmə göstəricisi üzrə reytinq (QS Graduate Employability Rankings), regionlar üzrə reytinq (QS University Rankings by Region) və digər bir neçə reytinq siyahıları da təqdim edir. QS öz missiyasının “beynəlxalq mobilliyi, təhsil nailiyyətlərini və karyera inkişafını dəstəkləməklə bütün dünya üzrə motivasiyalı insanların öz potensiallarını reallaşdırmasına imkan yaratmaq”dan ibarət olması qənaətindədir.

QS Dünya Universitetləri Reytinqi 2013-cü ildə qlobal və regional akademik reytinqlər arasında ilk dəfə olaraq IREG tərəfindən təsdiq olunub ki, bu, QS Reytinqinin yuxarıda bəhs etdiyimiz Berlin prinsipləri tələblərinə cavab verməsi deməkdir.
QS Dünya Universitetləri Reytinqi 2013-cü il Qlobal İnnovasiya İndeksinin (The Global Innovation Index 2013) tərtib olunması zamanı istifadə olunan yeni indikatorlar sırasına daxil edilib. Qeyd edək ki, QS Reytinqi adıçəkilən indeksin hesablanmasına cəlb olunmuş yeganə akademik reytinqdir.

UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Dünya Bankının 2013-cü ildə dərc olunan birgə hesabatında (UNESCO Book “Rankings and Accountability in Higher Education: Used and Misuses”) QS Dünya Universitetləri Reytinqinə ayrıca bir bölmə ayrılıb.

Avropa Universitetlər Assosiasiyası (European Universities Association) tərəfindən dərc edilmiş hesabatda (“Rankings in Institutional Strategies and Processes: Impact or Illusion” Report) mövcud olan qlobal akademik reytinqlər arasında QS Dünya Universitetləri Reytinqinin dünya ölkələrinin ali təhsil müəssisələrinə daha çox təsir etməsi xüsusi vurğulanıb.

QS Dünya Universitetləri Reytinqi Metodologiyası

QS Dünya Universitetləri Reytinqinin hazırlanması üçün istifadə edilən metodologiya ilk növbədə uzun müddət ərzində dəyişilməz qalması ilə seçilir ki, bu da müxtəlif illər üzrə olan nəticələrin müqayisə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Metodologiya dünya universitetəri reytinqinin altı meyar üzrə hesablanmasını nəzərdə tutur:

Akademik reputasiya (Academic Reputation) - 40%. Bu meyar öz xüsusi çəkisinə görə reytinq nəticələrinə daha çox təsir etmək imkanına malikdir. Bu göstərici dünya ali təhsil məkanını təmsil edən 70 mindən artıq mütəxəssisin universitetlərdə tədris və tədqiqatın keyfiyyətinə dair ekspert rəylərini özündə əks etdirən QS Akademik Sorğusunun (QS Academic Survey) nəticələrinə əsaslanır. QS Akademik Sorğusu təhsilə dair rəyin öyrənilməsi üzrə dünyanın ən böyük sorğu bazası hesab olunur.
İşəgötürən reputasiyası (Employer Reputation) - 10%. Geniş anlamda, bu meyar universitetlərin hazırladıqları mütəxəssislərin qlobal əmək bazarı tələblərinə nə dərəcədə cavab verməsini xarakterizə edir. Bu göstərici QS İşəgötürənlər Sorğusu (QS Employer Survey) bazasına daxil olan 30 mindən artıq cavab əsasında müəyyən edilir. Başqa sözlə, işəgötürənlər hansı universitetlərin məzunlarının daha bacarıqlı, səriştəli və innovativ olduqlarını dəyərləndirmək imkanı qazanırlar. Hər bir universitetin bu göstərici üzrə yekun nəticəsinin 50%-i yerli, 50%-i isə xarici işəgötürənlərin rəylərinə əsaslanır.

Müəllim/Tələbə nisbəti (Faculty/Student Ratio) - 20%. Reytinq üçün mühüm amil olan tədrisin keyfiyyətinin ölçülməsi olduqca çətindir. Bu baxımdan, QS müəllim/tələbə nisbətini tədrisin keyfiyyətini xarakterizə edən əsas göstərici kimi qəbul edir. Belə hesab edilir ki, hər tələbəyə düşən müəllimin sayı nə qədər çoxdursa, tələbələrin daha keyfiyyətli mühazirə və məşğələlərə çıxış imkanları da bir o qədər çox olur.

Hər müəllimə düşən istinadlar (Citations per faculty) - 20%. Bu meyar universitetlərin tədqiqat fəaliyyətinin keyfiyyətini xarakterizə edir. Bu göstərici beş il ərzində hər hansı universitet tərəfindən dərc edilmiş məqalələrə edilmiş istinadların ümumi sayının həmin universitetin müəllimlərinin sayına nisbəti kimi hesablanır. Bu zaman yalnız Elsevier Scopus bazasına daxil olan istinadlar nəzərə alınır.

Əcnəbi müəllimlərin xüsusi çəkisi (International faculty ratio) - 5%. Bu göstərici universitetin ümumi müəllim sayında əcnəbi müəllimlərin xüsusi çəkisini ifadə edir. Bu meyar universitetin müvafiq istiqamətlər üzrə qabaqcıl əcnəbi müəllimləri nə dərəcədə cəlb etməsini və yaradılmış multikultural təhsil mühiti imkanlarını nümayiş etdirir.

Əcnəbi tələbələrin xüsusi çəkisi (International student ratio) - 5%. Bu göstərici universitetin ümumi tələbə sayında əcnəbi tələbələrin xüsusi çəkisini ifadə edir. Bu meyar universitetin əcnəbi tələbələr üçün nə dərəcədə cəlbedici olmasını və məzunların qlobal əmək bazarı tələblərinə uyğunluq səviyyəsini xarakterizə edir.
 

yuxarı ⤴