1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Hər şey tələbələr üçün
11.08.2017 / No30

 

 

 


Tələbə köçürülməsində təhsilalanlara güzəştlər olunub

Ruhiyyə DAŞSALAHLI

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə bu il iyulun 17-dən başlanan elektron sənəd qəbulu davam edir. Artıq 3500-ə yaxın tələbə köçürülmək üçün qeydiyyatdan keçib. Sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə aparılır və bu proses avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Tələbələrin köçürülməsi qaydalarında dəyişən bəzi tələblər var. Dəyişikliklər həm ölkə daxilində, həm də xaricdən köçürülmə məsələlərini əhatə edir. Ən böyük yeniliklərdən biri odur ki, artıq magistratura pilləsində də tələbələrin köçürülməsinə icazə verilib.

Tələbələr sırasından xaric və bərpa olunanlarla bağlı müəyyən edilən qaydalar da var. Belə ki, ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslərə xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququ verilib.

Tələbə bakalavr səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) təhsil aldığı ixtisas üzrə akademik məzuniyyətdən qayıtdıqda, eləcə də universitetdən xaric olunduğu halda bərpa olunan zaman öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə eyni ixtisas qrupuna daxil olan digər ixtisasa bərpa oluna bilər.

Yeni qaydalara əsasən, bərpa olunanlar da daxil olmaqla, təhsil alma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyəcək.

Ən əhəmiyyətli yenilik isə yeni qaydaların ölkə vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də respublikanın ali təhsil müəssisələrinə köçürülməsini tənzimləməsidir.

Yeni qaydalar bəzi məhdudiyyətləri də aradan qaldırıb. Əvvəlki qaydalara əsasən, tələbə yalnız ali məktəblər tərəfindən müvafiq ixtisas üzrə boş yer verildiyi halda köçürülə bilərdi. Yeni qaydalarda “köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq ixtisas üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılması” tələbi aradan götürülüb və ölkənin ali məktəblərinə köçürülmə zamanı (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) yerlə bağlı heç bir məhdudiyyət yoxdur.

Köçürülmə eyni ixtisas qrupu daxilində həyata keçirilir

Beləliklə, ali təhsil müəssisələrində həyata keçirilən ölkədaxili köçürülmələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal həlledici sayılır. Belə ki, tələbənin balı qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Eyni zamanda, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Lakin tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladığı balın nəzərə alınmadığı hallar da var. Tutaq ki, Bakıda yerləşən dövlət ali təhsil müəssisələrindən Sumqayıt şəhəri istisna olmaqla, ölkənin regionlarında yerləşən istənilən ali təhsil müəssisəsinə köçürüldükdə, həmçinin bakalavriat səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə öz ixtisası üzrə köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq.

Ölkənin ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL, İBT, İELTS və s.) əsasında qəbul olunan tələbələrin də sonradan köçürülməsi zamanı bal məhdudiyyəti qoyulmur.
Təhsil Nazirliyinin İnformasiya şöbəsindən verilən məlumata görə, təhsil aldığı ali təhsil müəssisəsini və ya ixtisasını dəyişmək arzusunda olan 2825 nəfər artıq qeydiyyatdan keçib.

İlk dəfə olaraq magistraturada köçürülməyə icazə verilir

Azərbaycan təhsil sisteminin Boloniya sisteminə 2005-ci ildən qoşulmasına baxmayaraq, magistratura səviyyəsi üzrə ölkəmizdə ilk dəfə köçürülmə aparılacaq. Artıq 4 magistr köçürülmək üçün müraciət edib.

Qeyd edək ki, magistratura səviyyəsində də köçürülmə zamanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarındakı bal həlledici sayılır. Ancaq magistrlər üçün bir istisna da var. Belə ki, magistr akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (ixtisaslaşması) üzrə kadr hazırlığı aparılmadıqda, öz ixtisaslaşması üzrə digər ali təhsil müəssisəsinə və ya həmin müəssisədə öz ixtisasına daxil olan digər ixtisaslaşma üzrə tələbələr sırasına daxil edildikdə qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq.

120 nəfər xaricdəki ali təhsil müəssisələrindən köçürülmək istəyir

Qeyd etdiyimiz kimi, yeni qaydalar ölkə vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də respublikanın ali təhsil müəssisələrinə köçürülməsini tənzimləyir. Artıq xaricdəki ali təhsil müəssisələrində təhsil alan tələbələrdən köçürülmə ilə bağlı 120 müraciət daxil olub.

Qaydalara görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin respublikanın ali təhsil müəssisələrinə köçürülməsi zamanı minimal keçid balı ilə bağlı qoyulan tələb nəzərə alınmır.

Akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycan ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Əksinə, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması nəzərə alınır.

Köçürülmə zamanı təhsil forması da əsas rol oynayır. Belə ki, xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsilalanların köçürülməsi nəzərdə tutulmur.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılarkən bəzi məqamlar nəzərə alınır. Məsələn, tələbənin beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6 bal), qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri və təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması köçürülmə zamanı onların üstünlüyünə çevrilir.

Bəs, orta ixtisas təhsili müəssisələri?

2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələri də 2016-cı ilin avqust ayında istifadəyə verilən transfer.edu.az elektron portalı vasitəsilə köçürülür. Ötən tədris ili üzrə 46 nəfər orta ixtisas təhsili müəssisələrinə köçürülüb. Bu il bu məqsədlə 641 nəfər müraciət edib.

Çağırışa möhlət hüququ nə vaxt qüvvədən düşür?

Əvvəlki qaydalardan fərqli olaraq, portalda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslərin 6 ay müddətində ali məktəbə bərpa olunma imkanları da qeyd olunub. Həmin tələbələr 6 ay müddətində bərpa olunmadıqda onlar çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Xatırladaq ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələr qeydiyyat zamanı yaranan suallarla bağlı Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) müraciət edə bilərlər.

yuxarı ⤴