1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

700 bal toplayanlar bir arada
11.08.2017 / No30

 

 


Gənclər əsasən texniki yönümlü ixtisaslara üstünlük veriblər

Samirə KƏRİMOVA

Paytaxtın, eləcə də respublikanın müxtəlif bölgələrindən builki qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplayan gənclər dünən bir araya gəliblər. Bu gəncləri bir-birinə yaxından tanıtdıran isə Modern.az İnformasiya Agentliyi və “Nar Mobile” şirkəti olub.

Tədbirdə iştirak edən qonaqlar tələbə adını qazanan gənclərə xoş arzularını bildirib, tövsiyələr veriblər. 700 bal toplamış gənclərin hər birinə ən gözəl hədiyyəni - son model smartfonları, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balansı təbii ki, “Nar Mobile” təqdim edib.

Tələbələr bu nəticəni qoruyub saxlamalıdırlar

Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı artıq neçə illərdir ki, qəbul imtahanlarında 700 bal toplayan gənclərlə bağlı belə tədbirlər keçirildiyini deyərək, əsas məqsədin Azərbaycanın istedadlı, bilikli gənclərini geniş ictimaiyyətə tanıtmaqla yanaşı, həmin zəka sahiblərinin gələcəkdə tələbə adını qazanmaq arzusunda olan yeniyetmələr üçün bir örnək kimi göstərmək olduğunu söyləyib. Onun sözlərinə görə, 700 bal toplamaq uğurlu bir başlanğıcdır, bu uğurlu nəticəni təhsil illərində qoruyub saxlamaq üçün gənclər daha əzmkar, yüksək bilik və bacarığa malik olmalıdırlar. "Təhsil sərhəd tanımır" - deyən Elşad Eyvazlı yüksək nəticə göstərən gənclərimizin gələcəkdə harada çalışmasından asılı olmayaraq, məhz Azərbaycan təhsilinin yetirmələri kimi tanınmalarını arzu edib.

Təhsilin “Nar Mobile”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının ən vacib istiqamətlərindən biri olduğunu söyləyən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Əziz Axundov bu haqda bir qədər ətraflı məlumat verib. Qeyd olunub ki, gənclərdə oxumaq həvəsi oyatmaq, yaxşı təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindəndir. Stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz olunmuş "Nar" GSM laboratoriyası yaradıb, semestr ərzində radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görüb. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.

Təhsilin keyfiyyət göstəriciləri artır

Millət vəkili Tahir Mirkişili ildən-ilə Azərbaycan təhsilinin keyfiyyət göstəricilərinin artmasının təqdirəlayiq olduğunu söyləyib. Bu gün 700 bal toplayan gənclərin buna bir daha əyani sübut olduğunu deyən millət vəkili həmin gənclərin əsasən texniki yönümlü ixtisaslara üstünlük verdikləri barədə məlumatlı olduğunu bildirib. Gənclərin ixtisas seçiminə həssaslıqla yanaşmalarını, onların gələcək əmək bazarında ehtiyac duyulacaq peşələrə daha çox üstünlük verməsini tövsiyə edib.

Peşə seçimi ilə bağlı dünyanın inkişaf etmiş ölkələrinin tədqiqatlarına diqqət çəkən Tahir Mirkişili bu gün mövcud olan ixtisaslardan bəzilərinin gələcəkdə sıradan çıxacağını, onların zamanın tələbinə uyğun olaraq daha yeniləri ilə əvəz olunacağını deyib. Millət vəkili 700 bal toplayan gənclərdən gözləntilərin daha böyük və fərqli olduğunu bildirərək, onların yaradıcı və təşəbbüskar olmalarını tövsiyə edib.

Əldə olunan yüksək nəticə uzunillik zəhmətin bəhrəsidir

“Əldə olunan yüksək nəticə son 1-2 ilin deyil, əslində, uzunillik zəhmətin bəhrəsidir”. Bu fikri xüsusi vurğulayan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev gəncləri, onların valideynlərini, eyni zamanda təhsil aldıqları məktəbləri təbrik edib. Qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə olunduğunu söyləyən şöbə müdiri ali məktəblərə tələbə qəbulu üzrə keyfiyyət göstəricilərinin də xeyli artdığını deyib.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilk dəfə 2007-ci ildə 3 gəncin ali məktəblərə qəbul imtahanlarında 700 bal topladığını xatırladıb. Hazırda isə bu rəqəm 82-dir. O, gənclərin təhsil almaq, eyni zamanda yüksək nəticə göstərmək iqtidarında olmasını yüksək dəyərləndirib.

Gənclər artıq ixtisas seçimini ediblər...

Qəbul imtahanlarında ən maksimal nəticə-700 bal toplayan 15 gənc demək olar ki, artıq öz ixtisas seçimini edib. Akademik Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova Bakı Dövlət Universitetinin hüquq fakültəsini seçib. Gələcəkdə magistratura təhsilini beynəlxalq hüquq üzrə davam etdirmək istəyir.

Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib. Yüksək ixtisaslı mühəndis olmağı arzulayır. Valideynlərinin, müəllimlərinin ona olan etimadını doğrultduğuna görə özünü şanslı sayır.

Vahab Cəbrayılov isə İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbinin məzunudur. O da seçimi zamanı Bakı Ali Neft Məktəbinə üstünlük verib. Təhsil aldığı orta məktəbin müəllimlərinin üzərində az əməyi olmadığını bildirir. Ən çox sevinənlər də məhz onun valideynləri və bitirdiyi məktəbin müəllim kollektividir.

Həmsöhbət olduğumuz digər gənclər də əldə edikləri bu uğurda onlara dəstək olan valideynlərinin, müəllimlərinin əməyinin danılmaz olduğunu dedilər.

yuxarı ⤴