1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Maarif fədaisi
11.08.2017 / No30

 

 

 


Ürəyi yazıb-yaratmaq əzmi ilə döyünən insan

Vaqif ŞÜKÜROV

Çətin, lakin şərəfli bir sənətin - müəllimlik peşəsinin sahibi olmaq bu adı daşıyan hər bir insandan dərin bilik, bacarıq, zəhmət, sözün həqiqi mənasında yaradıcılıq tələb edir. Bugünkü körpələr bir ölkənin gələcəyə baxan gözləridir. Bu gözlərin nuru bilik, ziyası elmin şəfəqləridir.

İllər quş qanadlı olur. Hər birinin öz nişanəsi, öz izi qalır insan ömründə. Xatirələr dolu illər Əli Cəfərovun həyatına əlamətdar hadisələrlə daxil olub. Əsası 1890-cı ildə qoyulmuş Laçın rayonundakı bir sinifli Minkənd məktəbinin bugünkü varisi olan Minkənd tam orta məktəbində Əli müəllim ömrünün 50 illini yorulmadan şagirdlərə riyaziyyat fənnini dərinliklərinə kimi öyrətməyə həsr edib.

Mən Əli müəllimi hələ rayon qəzetində işlədiyim vaxtdan tanıyıram. Hamı onu səmimi, mehriban, işgüzar, tələbkar bir müəllim kimi tanıyırdı. İşlədiyi təlim-tərbiyə ocağı istinad məktəbi olduğundan, rayonun digər məktəblərində çalışan fizika-riyaziyyat müəllimləri onunla tez-tez görüşür, zəngin pedaqoji təcrübəsini öyrənirdilər. Əli Cəfərov şagirdlərə dərin və əsaslı bilik verməklə yanaşı, müəllimləri də bu işə səfərbər edirdi. O, təlimin səmərəliliyinin artmasına və müasirliyinə ciddi fikir verirdi. Onun həyat yolu, elmi-pedaqoji fəaliyyəti laçınlılar tərəfindən, xüsusilə çalışdığı kollektivdə həmişə qürurla, fərəhlə qeyd edilir. Əli müəllimin mükafatı xalqın məhəbbəti, xalqın istəyi olub həmişə.

Həyat insana bir dəfə verilir: Nikolay Ostrovskinin bu sözlərini Əli Cəfərov ömür yolu üçün epiloq seçmişdi sanki. Onu elə yaşayasan, elə yaşayasan ki, tezliklə unudulmayasan, həyatda ömrünün bir izi, bir nişanəsi qalsın. Əli müəllim həyatda əməllərilə iz qoymağa çalışıb və buna da nail olub. O, layiq olduğu şöhrətə çatdı və onu ləyaqətlə, şərəflə qoruya bildi. Onun imzasına ümumittifaq, respublika və rayon mətbuatında tez-tez rast gəlinirdi. Moskvada nəşr olunan “Matematika”, Azərbaycanın pedaqoji ictimaiyyəti arasında böyük nüfuz qazanmış “Fizika-Riyaziyyat tədrisi” jurnallarında, “Azərbaycan müəllimi” və “Laçın” rayon qəzetlərində dərc olunan məqalələrdə gənc riyaziyyatçılara kömək məqsədilə metodiki göstərişlər verir, qabaqcıl təcrübə yollarını göstərirdi. Müəllimlərin respublika və rayon konfranslarında müxtəlif mövzularda məruzələr oxuyurdu. Ömrünün yarım əsrini yüzlərlə gəncin maariflənməsinə sərf edən Əli Cəfərovun ömür yolu müəllim adının necə şərəfli, necə yüksək bir ad olmasına nümunədir. Onun əməyi layiqincə qiymətləndirilərək Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülmüş, “SSRİ maarif əlaçısı”, “Metodist-müəllim”, “Ali dərəcəli müəllim” fəxri adları almışdır.
Deyirlər hər kəsin qəlbində Allahın bəxş etdiyi bir işıq zərrəciyi olur. O zərrəciklər isə insanların zəhmətinin hasil etdiyi enerji ilə şölələnib özündən şonrakı nəsillərin gələcək həyat yollarına işıq saçır. Bu nur mənbəyi xalqın maariflənməsi, savadlanması, yaxşı yaşaması, firavanlığı üçün çalışan adamların zəhməti ilə birləşəndə daha yaxşı olur.

Narahat ürəyini şagirdlərin yolunda şam kimi əridən, onun müqabilində onların “günəş” kimi saf qəlbinin əbədi mehmanına çevrilən Əli Cəfərov ömrünün yarım əsrini xalqa, cəmiyyətə, dövlətə sədaqətlə xidmət etməkdə keçirdi. Bu gün isə alnıaçıq, başı uca gəzir. Dərs dediyi şagirdlərini alim kimi dünya ölkələrinin tribunalarında alovlu danışan görəndə ömrünün hədər getmədiyini görüb qürur hissi keçirir, fərəhlənir. Belə bir deyim var. Bir var tanınmaq, bir var sevilmək. Əli Cəfərov tanınan gündən də sevildi. O, peşəsinin əsl pərvanəsidir, Əli müəllim pərvanə təbiətli olsa da, onu zirvələrə uçuran qanadlar kövrək deyil. Peşəyə məhəbbətin tükənməz sevgisindən bir ömrün şöhrət miqyası elə nəhayətsizdir ki, onun üçün poladdan da möhkəm qanadlar gərəkdir.

Bu gün təqaüddə olsa da elmi-metodiki araşdırmalarını davam etdirir. Belə ki, N-məchulla bir tənliyin müəyyən natural həllinin tapılması, M (çox) rəqəmli ədədlərin xarakteristikasının təhlili metodikasını təklif etmiş və bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə fikir mübadiləsi aparır. Hər zaman yenilik axtarışında olan Əli Cəfərov hələ elektron hesablama maşınının yenicə yarandığı dövrdə hazırladığı “universal riyaziyyat lövhəsi”, “fiziki imla və təkrarlama cihazı” və s. kimi əyani vasitələr şagirdlərin nəzəri biliyinin möhkəmlənməsinə səbəb olurdu.

İnsan ömrünü bəzən axar suya bənzədirlər. Gah səsli-küylü dağ çayına, gah da sakit-sakit axan suya. Hər ikisinin öz gözəlliyi, öz məlahəti vardır. Lakin onların başlıca məziyyəti insanlara xeyir verməsindədir. İnsan da belədir. Onun ən yaxşı keyfiyyətləri məhz bəşəriyyətə, yaşadığı cəmiyyətə, öz doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür. Əli müəllim məhz belə insanlardandır. Bu gün ömrünün 90-cı baharını haqlasa da, ürəyi yazıb-yaratmaq, gələcək nəsillərə yadigar qoymaq əzmi ilə döyünür. “Riyaziyyatı dərindən öyrənənlər və olimpiadalara hazırlaşanlar üçün” əlavə dərs vəsaiti kimi iki kitabın müəllifidir.

İnsan özü üçün deyil, xalqı, milləti, eli, obası, yaşadığı cəmiyyət üçün çalışanda daha çox əlçatmazdır.

Rayon rəhbərliyi Əli Cəfərova dəfələrlə yüksək vəzifələr təklif etsə də o, minnətdarlıq edib çalışdığı müəllim peşəsini bütün vəzifələrdən üstün tutaraq gələcəkdə ona şöhrət gətirəcək bu yolla getdi. Bu yol onu və övladlarını zirvələrə qaldırdı. Oğlu Maarif və Zəfər respublikanın tanınmış alimləri, Arif isə ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş inşaatçı mühəndisdir. Əli müəllim həyatda qazandığı nailiyyətlərə görə vaxtilə müəllimi olmuş Ağaverdi Şahverdiyevin, Dadaş Salmanovun, İdris Xəlilovun, fizika-riyaziyyat elminə onda böyük maraq yaratmış Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olmuş Vladimir Tahirovun və Sabir müəllimin adlarını bu gün minnətdarlıq hissi ilə yada salır.

Bax beləcə, əziz oxucu, bir neçə dəqiqəyə oxunulacaq bu yazıda sizi onlarla alimin yetişməsində əməyi olan, bu günsə bəslədiyi meyvənin şirinliyini dadıb sevincdən, Nəsimi demişkən, cahana sığmayan bir şəxslə tanış etdim. Elə bir şəxslə ki, onun barəsində boğazdan yuxarı, üzəyarı danışmaq, tərif naminə tərif söyləmək mümkün deyil.
 

yuxarı ⤴