1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Əmək bazarı peşə təhsili tələb edir
18.08.2017 / No31

 

 

 


Bəzi ixtisaslar üzrə mütəxəssis hazırlığının ali təhsil müəssisələrindən alınması lazımdır

Ruhiyyə DAŞSALAHLI

“ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul davam edir. Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 1-dən start götürüb.

Ötən müddət ərzində aparılan müşahidələr göstərir ki, Azərbaycanda peşə təhsilinə olan maraq güclənib. “ASAN Peşə” layihəsinin ötən il ilk dəfə keçirilməsinə baxmayaraq, böyük uğurlarla yadda qalması da bunu deməyə əsas verir. Təhsil üzrə ekspert, “Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədov da bu fikirdədir ki, Azərbaycanda insanların gələcək xoşbəxtliyini ali təhsildə axtarması yaxşı hal deyil və güclənməkdə olan peşə təhsili müəssisələrinin imkanlarından yararlanmaq lazımdır: “Avropa ölkələrində əhalinin əksər hissəsi peşə ixtisasına yiyələnib. Deyə bilərsiniz ki, axı orada peşə-ixtisas müəssisələrinin nüfuzu yüksəkdir. Azərbaycanda da peşə-ixtisas müəssisələrinin nüfuzunun artırılması istiqamətində addımlar atılmağa başlayıb. 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılandan sonra bu sahədə vəziyyət dəyişib. Ona qədər peşə təhsili müəssisələrinin maddi-texniki bazası çox aşağı səviyyədə, hətta bərbad vəziyyətdə olub. İnfrastruktur, tədris binaları 70-80-ci illərdən qalmışdı. Hətta dəzgahları, maşınqayırma avadanlıqları, tədris kitabları belə həmin illərdə istehsalata buraxıldığından müasir dövrün tələblərinə uyğun deyildi. 2014-cü ildən başlayaraq, həm orta təhsil, həm də peşə-ixtisas təhsili müəssisələrində inqilabi dəyişikliklər oldu. Yeni peşə-ixtisas təhsili müəssisələri istifadəyə verildi, onlar müasir texnoloji avadanlıqlarla təchiz edildi, nəhayət, uzun illərdən sonra ilk dəfə peşə-ixtisas təhsili müəssisələri üçün ayrı-ayrı ixtisaslar üzrə dərsliklər buraxıldı. Ən mühüm addım isə Təhsil Nazirliyinin “ASAN xidmət”lə bərabər həyata keçirdiyi “ASAN Peşə” layihəsi oldu. Bu, sənəd qəbulunda neqativ halların aradan qalxmasına səbəb olduğu qədər də, vətəndaşların peşə-ixtisas təhsili müəssisələrinə qəbulunu asanlaşdırdı. Bu da nəticə etibarı ilə peşə-ixtisas təhsili müəssisələrinə üz tutanların sayının artması ilə nəticələndi”.

Ekspertin fikrincə, görülən bu qədər iş kifayət deyil. Peşə-ixtisas təhsili müəssisələrini gücləndirmək, onların mövqeyini möhkəmləndirmək üçün görüləcək işlər hələ çoxdur. Məsələn, peşə təhsili müəssisələrində həyata keçirilən kadr hazırlığının əhatə dairəsi genişləndirilməli, bəzi ixtisaslar ali təhsil müəssisələrindən alınıb məhz peşə təhsili müəssisələrinə verilməlidir: “Bəzi ixtisaslar var ki, onun üçün 4-5 il oxumağa ehtiyac yoxdur.

Həmin ixtisaslar əmək bazarının tələblərinə çevik uyğunlaşmanı tələb edir. Məsələn, mehmanxanada təsərrüfat işləri üzrə məsləhətçi, bağban, bitkiçilik, heyvandarlıq, aqroservis, suvarma, meşə təsərrüfatı, kompüter ustası, otel və mehmanxana işləri, turizm ixtisasları kimi, çoxu mövsümi xarakterli işlər var ki, bu cür kadrların yetişməsi üçün 4 il ali məktəb oxumağa ehtiyac yoxdur. Gələcəkdə elmi tədqiqat mövzusu olmayan, elmi araşdırma tələb etməyən ixtisaslara ali məktəblərdə yer ayırmağa nə ehtiyac var? Məsələn, bu gün ali təhsil müəssisələrində gəmiqayırma, maşınqayırma, elektrik, kompüter mühəndisliyi kimi qısamüddətli hazırlıq tələb edən ixtisaslar 4 il keçilir. Elektrik mühəndisi 4 illik bakalavrdan sonra magistraturaya gedib əlavə olaraq nə öyrənəcək? Bu, birbaşa istehsalat və təcrübə ilə bağlı olan ixtisasdır. Tikintiyə aid məsələləri 2 ilə öyrənmək mümkündürsə, həmin ixtisaslar üçün ali təhsilli olmağa nə ehtiyac var? Ali təhsil müəssisələrində balıqçılıq təsərrüfatı üzrə ixtisaslar var. Halbuki, belə ixtisasları peşə-ixtisas təhsili müəssisələrinə verməklə həm əmək bazarının tələblərini çevik şəkildə ödəmək olar, həm də peşə-ixtisas təhsili müəssisələrinin nüfuzu artar. Elə kompüter, maşın ustaları var ki, ali təhsillilərdən çox bilir, daha peşəkardırlar. Çünki həmin ixtisaslar parta arxasında öyrədilmir, təcrübədə, istehsalatda öyrədilir”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili bu məsələdə ekspertin fikirləriylə razılaşıb: “Əlbəttə ki, elə sahə var ki, orada ali təhsilli olmaq vacibdir, elə sahə də var ki, ali təhsilə ehtiyac yoxdur. Tutaq ki, aqrar sahənin müxtəlif sektorları - heyvandarlıq, əkinçilik, bağçılıq inkişaf edir. Ancaq ölkədə aqrar sahədə yaxşı mütəxəssis, bitkiçilik mütəxəssisi tapmaq çətindir. Bəzən ali təhsilli aqrar mütəxəssislər iş tapmamaqdan şikayətçidir. Müasir dövrdə ali təhsili olmayan birinin 6 ay və ya 1 il ərzində güclü mütəxəssis yanında kurs keçməklə, nəzəri və praktiki biliklərini artırmaqla ixtisaslı kadr olaraq əmək bazarına daxil olması müəyyən ixtisaslar üzrə ali təhsilin önəmini itirir. Bu baxımdan hazırda əmək bazarında tələb-təklifin tarazlığı üçün peşə-ixtisas təhsilinin rolu danılmazdır”.

Şirkətlər təhsil müəssisələrinə sifariş verməlidir

Ekspert K.Əsədov peşə-ixtisas təhsilinin müasir dövrün tələbi olmasına və son illər həyata keçirilən islahatlara baxmayaraq, inkişafının zəif olduğu qənaətindədir. Onun bu prosesi sürətləndirmək üçün də bir neçə təklifi var. Hesab edir ki, təkliflərindən biri peşə təhsilinə marağı artırmaqla yanaşı, ölkədən maliyyə axınının da qarşısını alacaq: “Ölkədə hər il 70 min nəfər ali təhsil müəssisələrinə imtahan verir. Onlardan 40 mini yer tuta bilir. Qalanları üz tuturlar xaricə. Bu da ölkədən kənara vəsait axınıdır. Yaxşı olar ki, ali məktəblərdəki sadaladığım ixtisaslar çıxarılaraq peşə-ixtisas müəssisələrində tədris edilsin. Təhsilalanların bu yolla marağını cəlb etmək və əmək bazarının artan tələblərini təmin etmək mümkündür”.

Ekspertin fikrincə, 2012-2013-cü illərdə dəzgahqayırma, maşınqayırma ixtisası üzrə kadr hazırlayan peşə-ixtisas müəssisələrində, ümumiyyətlə, 30-dan çox peşə-ixtisas məktəbində ciddi yenidənqurma və bərpa işləri aparılıb. Deməli, təkcə dövlət deyil, özəl şirkətlər də maraqlı olmalı, tikinti şirkətləri, böyük korporasiyalar özləri üçün kadr sifariş etməlidir: “Ölkədə kifayət qədər böyük şirkətlər, mobil operatorlar var, onların çağrı mərkəzləri fəaliyyət göstərir. Peşəkar, onlara lazım olan standartlarda kadrlar üçün məhz fəaliyyətdə olan peşə təhsili müəssisələrinə sifariş verməlidirlər. Cənubi Koreyada iri şirkətlər, korporasiyalar peşə məktəbləri ilə müqavilə bağlayıb. Həmin müqavilələr əsasında şirkət tələb olunan ixtisaslar üzrə kadr hazırlığına nail olur və öz tələbatını ödəyir. Peşə-ixtisas müəssisələri də müəyyən maddi xidmət qarşılığında kadrlar hazırlayırlar”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili bu təcrübənin Azərbaycanda artıq həyata keçirildiyini vurğulayıb: “Bu təcrübə, əslində, dövrün tələbindən doğan addımdır. Məsələn, Azərbaycanda turizm inkişaf edir. Məlumdur ki, burada turizm sahəsinin inkişafı xidmət səviyyəsi ilə müəyyənləşir. Bu mənada kadr hazırlığı çox önəmlidir. Kadr dərk etməlidir ki, vəzifəsi müştəriyə yaxşı qulluq etməkdən ibarətdir. O cümlədən tikinti sektorunda yaxşı usta tapmaq çətindir. Halbuki iqtisadiyyatın prioritet istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsil mərkəzləri olanda fiziki və hüquqi şəxslər yaxşı kadrı harda axtaracaqlarını biləcəklər. Bu məqsədlə 14 ixtisaslaşmış dövlət peşə təhsil mərkəzi yaradılıb. İşəgötürənlərlə əməkdaşlıq bu baxımdan mütləq şərtdir. Son əməkdaşlıqlardan biri “MİDA” MMC və “Gilan Agriculture” ilə həyata keçirilib. Həmin əməkdaşlığın şərtlərinə görə, tələbələr tədris prosesində təcrübəni şirkətlərdə keçəcək. Bu, sadəcə təcrübə deyil, tələbə üçün həm də stimul olacaq. Çünki şirkətdən təqaüd alacaq tələbə yaxşı kadr kimi təhsilini tamamladıqdan sonra həmin şirkətdə işlə də təmin olunacaq. Məsələn, tikinti sektorunda təcrübədə iştirak edən tələbələr əlavə 100 manat təqaüd alacaqlar. Başqa bir tərəfdən, şirkətlərdə çalışan təcrübəli mütəxəssislər də tədris prosesinə cəlb ediləcək ki, bu da istehsalda olan son yeniliklərin və innovativ texnologiyaların tətbiqi üçün təhsilalanların məlumatlı olmasına şərait yaradacaq”.

A.Əlilinin sözlərinə görə, əməkdaşlıq qurulması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları ilə “Bakı Tekstil Fabriki”, “Azertexnolayn MMC - Sumqayıt Kimya Sənaye Parkı (SCİP)”, “Retail Group Azerbaijan”, “Delta Qrup C.O.”, “Auto Azerbaijan”, “Qranit QP” MMC, KNAUF Marketing Baku Modern MMC, “Veyseloğlu” Şirkətlər Qrupu, “ABSHERON Hotel Group”, “Grohe AG Representative Office in Caucasus”, Optimal Elektronika MMC şirkətləri arasında görüşlər keçirilib. “Azərsun Holdinq” Şirkətlər Qrupu, SOCAR, “Holcim Azərbaycan”, “Metak”, “Embawood” şirkətləri ilə fərdi görüşlərin keçirilməsi və müvafiq qaydada əməkdaşlığın qurulması üçün razılıq əldə edilib.

Dövlət qulluğuna qəbulda bəzi vakansiyalara ali təhsil müəssisələrinin məzunları buraxılmamalıdır

K.Əsədovun daha bir təklifi isə dövlət qulluğuna qəbulda dəyişikliklə bağlıdır. Ekspert təklif edib ki, texniki işçilər peşə- ixtisas təhsili müəssisələrinin məzunları arasından seçilməlidir. Ali təhsil müəssisələrinin məzunları həmin vakansiyalara buraxılmamalıdır: “Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrini bitirənlərin işlə təmin olunmada problemləri var. Halbuki kifayət qədər ixtisas var ki, hazırda onlara böyük tələbat var. Həmin işlərə ali təhsillilər getmir, peşə təhsillilər isə ya yoxdur, ya da buraxılmır”.

Son 3 ildə müşahidə olunan artım davam edəcək

Kamran Əsədovun müşahidələri bunu deməyə əsas verir ki, peşə təhsilinin inkişaf sürəti artacaq: “Ümumiyyətlə, bu sahədə son 3 ildə müşahidə olunan artımın davam edəcəyini düşünürəm. Hazırda ölkədə hər 1000 nəfərə düşən ali təhsillilərin sayı 126 nəfər, peşə təhsillilərin sayı isə 85 nəfərdir. Bu da çox azdır. Həmin rəqəm 200 nəfərə qədər qalxmalıdır”.
 

yuxarı ⤴