1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






5225 nəfər namizəd müsahibəyə dəvət olundu
18.08.2017 / No31

 

 

 


Bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb

Ruhiyyə DAŞSALAHLI

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi və müsahibə mərhələsi davam edir. Bu gündən 3 ixtisas - fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimlərinin vakansiya mərhələsi başlayır. Bu mərhələdə həmin ixtisasdan olan namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Seçim mərhələsi avqustun 20-si, saat 23:59-dək davam edəcək.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimliyi ixtisaslarını seçənlərin praktik bacarıqlarının qiymətləndirilməsi başa çatıb. Onlar eyni zamanda müsahibədə də iştirak ediblər: “Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Avqustun 11-dən etibarən start verilən bu mərhələdə fiziki tərbiyə müəllimləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, musiqi ixtisası üzrə Mədəniyyət və İncəsənət Universitetində, təsviri incəsənət müəllimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında praktik bacarıqlarını nümayiş etdirib və müsahibədən keçiblər. Yalnız bu üç ixtisas üzrə vakansiya və müsahibə mərhələsinin yeri dəyişdirilib. Bu gündən başlayaraq, həmin ixtisaslar üzrə namizədlər vakant yerlərin seçiminə başlayacaq. Proses bazar günü gecə saatlarınadək davam edəcək”.

Digər bütün ixtisaslar üzrə vakant yeri tutmaq hüququ qazanan namizədlər isə növbəti həftədən müsahibə mərhələsinə dəvət olunacaqlar: “Fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimliyi istisna olmaqla, digər ixtisaslar üzrə namizədlərin vakansiya seçimi mərhələsi artıq başa çatıb. Avqustun 11-də başa çatan bu mərhələdə namizədlər topladıqları keçid bala uyğun olaraq vakant yerlər seçmək hüququ əldə edib. Hər namizəd vakant yeri seçərkən həmin yer üçün ən yüksək bal toplayan namizədləri görürdülər. Bu da namizədlərə səmərəli seçim imkanı yaradıb”.

E.Bağırov bildirib ki, vakansiya seçimi mərhələsinin nəticələri artıq vakant yerləri tutmaq imkanı qazananların hər birinin şəxsi səhifələrinə yerləşdirilib: “5225 nəfər namizəd müsahibə mərhələsinə dəvət olunub. Namizədlər bu gün ərzində və sabah müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə dəqiq məlumatları şəxsi səhifələrində görə biləcəklər. Növbəti həftədən başlayaraq onlar müsahibə mərhələsindən keçəcəklər”. Vakansiyanın nəticələri göstərir ki, bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb: “İngilis dili, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat üzrə namizədlərin sayı çox, nəticələri daha yüksək olduğundan vakansiya seçimi mərhələsində çox bal yığanlar yer tutmaq hüququ əldə edib”.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
 

yuxarı ⤴