1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Sevdiyim universitetə daxil oldum və çox sevinirəm”
18.08.2017 / No31

 

 

 


Türkanə Xaspoladzadə: “Azərbaycan Dillər Universitetində təhsil almağı hər zaman arzulayırdım”

2017-2018-ci tədris ili üçün Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr pilləsinin I kursuna qəbul olmuş abituriyentlərin sənəd qəbulu başlayıb.

ADU-nun Sənəd Qəbulu Komissiyasının məsul şəxsi Məmməd İsmayılovdan aldığımız məlumata görə, bu il universitetə 36 ixtisas üzrə tələbə qəbulu elan edilib və birinci mərhələdə elan olunan yerlərin 95 faizi dolub. Onun sözlərinə görə, sənəd qəbulunun ilk günü ADU-ya qəbul olan 1333 tələbədən 132 nəfəri artıq qeydiyyatdan keçib. Universitetdə qəbul olunan abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün 19 nəfərdən ibarət Qəbul Komissiyasının yaradıldığını deyən M.İsmayılov 15 avqust 2017-ci ildən 25 avqust 2017-ci ilədək tələbələrin müvafiq sənədlərini universitetə təqdim etməklə qeydiyyatdan keçməli olduqlarını, əks təqdirdə, onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəyini və qəbul haqqında əmrlərinin ali məktəblərə göndərilməyəcəyini qeyd edib. Qeydiyyat zamanı universitetin könüllü tələbələrinin də abituriyentlərin qeydiyyat prosesini daha rahat keçmələri üçün onlara köməklik göstərdiklərini diqqətə çatdırıb.

Azərbaycan Dillər Universitetinə qəbul olunmuş abituriyentlər və onların valideynləri yaradılan şəraitdən razılıqlarını bildirərək öz təəssüratlarını bölüşüblər.

ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinə 467 balla qəbul olan Yaqut Novruzova bildirib ki, xarici ölkələrə getmək, onların tarixini öyrənmək onun xoşuna gəlir.

“Bu universitetdə dil baxımdan biliklərimi artırmaq üçün geniş imkanlar var. Məni imtahana hazırlaşdıran müəllimlərim də Dillər Universitetini məsləhət gördülər”, - deyən Yaqut Novruzova qəbul olması ilə bağlı xəbəri eşitdikdə babası ilə birlikdə sevinc göz yaşlarını saxlaya bilmədiklərini söyləyib.

Yaqutun babası Yusif Novruzov da ADU-nun respublikada öndə gedən universitetlərdən biri olduğunu deyib. O, böyük nəvəsinin bu universitetə daxil olmasına çox sevindiyini bildirib.

“Sevdiyim universitetə daxil oldum və çox sevinirəm”, - deyən Türkanə Xaspoladzadə ADU-nun təhsil fakültəsinə 419 balla daxil olub. Azərbaycan Dillər Universitetində təhsil almağı hər zaman arzuladığını deyən T.Xaspoladova universitetin fəaliyyəti ilə daim yaxından maraqlandığını bildirib.

Qızının universitetə qəbul olmasını səbirsizliklə gözlədiyini bildirən Türkanənin anası Rəqiyyə Əsədova övladının əzmlə çalışdığını bildirib.

“Dillər Universiteti ailəmizin də istədiyi universitet idi. Ona görə ki, bura həm dövlət universitetidir, həm də böyük tarixə malik olan ali təhsil müəssisəsidir” söyləyən valideyn ADU-nu bitirdikdən sonra geniş iş imkanlarının açılacağını deyib. Laçın rayonundan məcburi köçkün olan R.Əsədova Türkanəni böyük zəhmətlə böyüdüb, ona təhsil alması üçün dəstək olduqlarını söyləyərək övladlarının onların üzünü ağ etdiyini dilə gətirib. Təhsil almaq istəyən gənclərə diqqətlə və dərk edərək oxumaqlarını tövsiyə edən R.Əsədova hər kəsin sevinməyini arzu edib.

Sənəd qəbulunda iştirak edən valideynlər və tələbələr qeydiyyat prosesindən razılıqlarını bildirib, səmimi, sadə və rahat şəkildə sənədlərini təqdim edib, uğurla qeydiyyatdan keçdiklərini söyləyiblər.

yuxarı ⤴