1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Universitetlərin reytinq sistemləri: metodoloji yanaşma və mövcud trendlər
18.08.2017 / No31

 
 
 

 

 


Reytinq universitetlərimizin beynəlmiləlləşmə strategiyasının mühüm komponentinə çevrilməlidir

Şahin BAYRAMOV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru

II Hissə

QS 2017 Dünya Universitetlərinin Reytinqində mövcud vəziyyət

QS Dünya Universitetləri Reytinqində (QS 2017 World University Rankings) 81 ölkənin 916 ali təhsil müəssisəsi yer alıb. Qeyd edək ki, reytinqə daxil olan universitetlər nəzərdən keçirilmiş 3800-dən artıq ali təhsil müəssisəsi arasından seçilib. Reytinqin hazırlanması çərçivəsində QS qlobal sorğularına 74 min nəfərdən artıq akademik heyət və 38 min nəfərə yaxın işəgötürən cəlb olunub, 10.3 milyon elmi tədqiqat işi və 66.3 milyon elmi istinad təhlil edilib.
Reytinqə daxil olan universitetlərin ümumi sayında Avropa (38%), Asiya (26%) və Şimali Amerika (20%) regionları üstünlük təşkil edib. Bu üstünlüyün əldə edilməsində həmin regionların sosial-iqtisadi inkişaf səviyyəsinin həlledici rol oynamasını iddia etmək olar. Belə ki, regionların dünya universitetlərinin reytinqində tutduğu mövqe ilə onların qlobal iqtisadiyyatdakı yeri arasında düz mütənasibliyin olması aydın görünür. Bu baxımdan, 54 ölkəni əhatə edən Afrika regionunun sözügedən reytinqdə cəmi 17 universitetlə (5 ölkədən) təmsil olunması başadüşüləndir.

Diaqram 1.
QS 2017 Dünya Universitetləri Reytinqinə daxil olan ölkələrin və universitetlərin sayı


Mənbə: Diaqram QS 2017 World University Rankings (www.topuniversities.com) məlumatları əsasında tərtib edilib.

Eyni zamanda, qlobal iqtisadiyyatda 86.3 faiz (65 trln. ABŞ dolları) paya malik olan G20 ölkələri QS 2017 Dünya Universitetləri Reytinqinə daxil olan universitetlərin 81.4 faizinə (746 universitet) ev sahibliyi edir. Analoji yanaşma G7 ölkələrinin timsalında da özünü doğruldur. Belə ki, qlobal iqtisadiyyatın 47.3 faizinin (35.6 trln. ABŞ dolları) cəmləşdiyi G7 ölkələri QS 2017 Dünya Universitetləri Reytinqində 400 universitetlə təmsil olunur. Başqa sözlə, qeyd olunan reytinqdəki universitetlərin 43.7 faizi dünyanın aparıcı 7 ölkəsinin payına düşür.

Ölkələrin QS 2017 Dünya Universitetləri Reytinqində təmsilçiliyi

Bir qədər də konkretləşdirsək, QS 2017 Dünya Universitetləri Reytinqində 30 və daha çox universitetlə təmsil olunan ölkələrin siyahısına ABŞ (154), Birləşmiş Krallıq (71), Almaniya (43), Fransa (39), Yaponiya (39), Avstraliya (35), Çin (33) və Cənubi Koreya (30) daxildir. Eyni zamanda, dünyanın 14 ölkəsi - İtaliya (28), Kanada (26), Braziliya (22), Rusiya (22), İspaniya (21), Argentina (16), Tayvan (15), Meksika (14), Hindistan (14), Niderland (13), Çili (11), Türkiyə (11), Kolumbiya (10) və Finlandiya (10) sözügedən reytinqdə 10-28 universitetlə iştirak edir. 21 ölkənin (o cümlədən, Azərbaycanın) ali təhsil sistemi reytinqdə 3-9 universitetlə təmsil olunur ki, bu da siyahıya daxil olan ölkələrin 25%-i deməkdir. Avropa, Asiya və Latın Amerikasından olan 8 ölkənin (Estoniya, Sloveniya, Bəhreyn, İordaniya, İraq, Belarus, Uruqvay, Ekvador) hər birindən yalnız 2 ali təhsil müəssisəsi reytinqdə yer alıb. Ümumilikdə, 16 ölkə (Xorvatiya, Slovakiya, Bolqarıstan, Latviya, Serbiya, Kuba, Puerto-Riko, Küveyt, Şri-Lanka, Banqladeş, Oman, Qətər, Kenya, Qana, Uqanda və Makao) reytinqə cəmisi bir universitetlə daxil olmağı bacarıb.

Diaqram 2.
G7 və G20 ölkələrinin qlobal iqtisadiyyatda və QS 2017 Dünya Universitetləri Reytinqində mövqeyi


Mənbə: Diaqram QS 2017 World University Rankings (www.topuniversities.com) və IMF World Economic Outlook Database 2017 (www.imf.org) məlumatları əsasında tərtib edilib.

QS 2017 Dünya Universitetləri Reytinqində beş il davamlı olaraq Massaçusets Texnologiya İnstitutu (MIT) ilk yeri tutur. Stanford Universiteti və Harvard Universiteti müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərarlaşıblar. 2005-ci ildən sonra ilk dəfə olaraq, reytinqdə ilk üç sırada ABŞ universitetləri yer alıb. Qərbi Avropanın, xüsusilə də Birləşmiş Krallıq və Almaniyanın ali təhsil müəssisələrinin reytinqdəki mövqelərində əvvəlki illərlə müqayisədə geriləmə müşahidə olunur. Rusiya və Cənubi Koreyanın reytinqdə iştirakı əhəmiyyətli dərəcədə artıb. Bu uğurun əldə olunmasında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən milli universitetlərin rəqabətqabiliyyətinin yüksəldilməsi və dünya universitetlərinin reytinq siyahılarında mövqelərinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan “5-100 Layihəsi” müstəsna rol oynayıb. Layihə 2020-ci ildə ən azı beş Rusiya universitetinin QS Dünya Universitetləri Reytinqində ilk yüzlüyə daxil olmasını hədəfləyir. Eyni zamanda, Cənubi Koreyanın ilk 500-lüyə düşən universitetlərinin sayı əvvəlki illə müqayisədə 13-dən 16-ya yüksəlib. Reytinqdə 12-ci yeri tutan Sinqapur Milli Universiteti Asiyanın aparıcı ali təhsil müəssisəsidir. Çinin Tsinxua Universiteti reytinqdə öz tarixində ən yüksək mövqeyə (24-cü yer) malik olub. Top-200 siyahısına düşməyi bacaran Avstraliya və Kanada universitetlərinin sayı artıb. İlk dəfə olaraq, Latın Amerikası təmsilçisi (Buenos-Aires Universiteti, Argentina) ilk yüzlüyə düşməyi bacarıb.

İlk yüzlükdə təmsil olunan ölkələr

Reytinqdə ilk onluğa cəmisi üç ölkənin (ABŞ-5, Birləşmiş Krallıq-4, İsveçrə-1) universitetləri daxil ola bilib. Müvafiq olaraq, ilk iyirmi universitet dörd ölkəni (ABŞ-11, Birləşmiş Krallıq-5, Sinqapur-2, İsveçrə-1) və ilk otuz universitet səkkiz ölkəni (ABŞ-15, Birləşmiş Krallıq-7, Sinqapur-2, İsveçrə-2, Avstraliya-1, Çin-1, Kanada-1, Honkonq-1) təmsil edib. Dünyanın ən yaxşı əlli universiteti siyahısında yalnız 11 ölkənin (ABŞ-19, Birləşmiş Krallıq-9, Avstraliya-4, Çin-3, Honkonq-3, Kanada-3, Yaponiya-2, Cənubi Koreya-2, İsveçrə-2, Sinqapur-2, Fransa-1) adına rast gəlmək olur. Dünyanın yalnız iyirmi bir ölkəsinin təmsil olunduğu ilk yüzlükdə yenə də ABŞ (32) və Birləşmiş Krallıq (18) universitetləri üstünlük təşkil edir (Diaqram 3).
QS 2017 Dünya Universitetləri Reytinqində Azərbaycan 3 ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti) ilə təmsil olunub. Müvafiq meyarlar üzrə qiymətləndirmənin yekunlarına əsasən hazırlanan ümumi sıralamada Xəzər Universiteti 701-750-ci, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti isə 801-1000-ci mövqelərdə yer alıblar. Hər üç universitetimiz QS Dünya Universitetləri Reytinqinin 2015 və 2016-cı illər üzrə hesabatına da düşməyi bacarıb. Ölkəmiz daha yaxşı nəticəni Bakı Mühəndislik Universiteti ilə 2015-ci ildə (651-700-cü mövqe), Xəzər Universiteti ilə isə 2016-cı ildə (651-700-cü mövqe) əldə edib.

Diaqram 3.
QS 2017 Dünya Universitetləri Reytinqində ilk yüzlüyə daxil olan universitetlərin ölkələr üzrə bölgüsü


Mənbə: Diaqram QS 2017 World University Rankings (www.topuniversities.com) məlumatları əsasında tərtib edilib.

Reytinqlər və ingilis dili

Təhlil göstərir ki, ilk yüzlükdə yer alan universitetlər arasında ilk növbədə ingilis dilinin birinci dil olduğu ölkələrin ali təhsil müəssisələri üstünlük təşkil edir. Belə ki, bu sıradan olan cəmisi beş ölkədən (ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Kanada, Yeni Zellandiya) ümumilikdə 61 universitet QS 2017 Dünya Universitetləri Reytinqində ilk yüzlüyə düşməyi bacarıb. Ümumilikdə, həmin reytinqdə yer alan 916 universitetdən 294-ü və ya 32%-i adıçəkilən beş ölkənin payına düşür. Bu, ilk növbədə, ali təhsilin beynəlmiləlləşməsinin dərinləşməsi, ingilis dilinin həm qlobal ali təhsil bazarı, həm də qlobal əmək bazarının aparıcı ünsiyyət vasitəsi kimi çıxış etməsi, akademik dərslik və elmi məqalələrin əsasən ingilis dilində olması ilə əlaqədardır. Eyni zamanda, QS Dünya Universitetləri Reytinqi üçün istifadə olunan metodologiya da tədrisin əsasən ingilis dilində aparıldığı universitetlər üçün daha münasibdir. Bunun nəticəsidir ki, ilk yüzlükdə Yaponiya (5), Çin (4), Almaniya (3) və Fransa universitetlərinin sayı adıçəkilən ölkələrdə ali təhsil sisteminin inkişaf səviyyəsi və bütövlükdə iqtisadi inkişaf parametrlərinə adekvat deyil. Maraqlıdır ki, Fransa, Yaponiya, Almaniya, İsveç və Finlandiyanın ən yaxşı nəticə göstərən universitetləri reytinqdə müvafiq olaraq 33-cü (ENS), 34-cü (Tokio Universiteti), 60-cı (Münhen Texniki Universiteti), 73-cü (Lund Universiteti) və 91-ci (Helsinki Universiteti) yerlərdə qərarlaşıblar.

QS İnkişafda olan Avropa və Mərkəzi Asiya Reytinqi

QS dünya universitetlərinin qlobal reytinqi ilə bərabər bir sıra regional (Asiya, Latın Amerikası, Ərəb regionu, EECA - İnkişafda olan Avropa və Mərkəzi Asiya, BRICS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) reytinqlər də tərtib edir. EECA reytinqi İnkişafda olan Avropa və Mərkəzi Asiya regionu üzrə 200 ən yaxşı universitetin siyahısını təqdim edir. İlk dəfə 2014-cü ildə tərtib olunmuş EECA reytinqinin hazırlanmasında qlobal reytinqdəkindən fərqli metodologiyadan istifadə olunur, fərqli meyarlar və fərqli xüsusi çəkilər tətbiq edilir. Burada universitetlərin tədqiqat fəaliyyəti komponenti Scopus bazasından əldə olunan məlumatlara əsaslanır. Sözügedən regionun üstünlüklərini qabartmaq məqsədilə “müəllim/tələbə nisbəti” və “PhD dərəcəsi olan əməkdaşlar” meyarları fərqli xüsusi çəki ilə nəzərdə tutulur.

Cədvəl 1.


Mənbə: QS EECA Ranking Methodology (www.topuniversities.com)

Azərbaycanın da daxil olduğu regionu əhatə edən QS EECA reytinqi get-gedə daha çox populyarlıq qazanmağa başlayır. Sevindirici haldır ki, Azərbaycan EECA 2015 reytinqində 4 universitetlə (Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti) təmsil olunurdusa, EECA 2016 reytinqində bu göstərici 6-ya (UNEC və “ADA” Universiteti əlavə olunmaqla) yüksəlib. Reytinqin nəticələrinə əsasən UNEC-in sözügedən regionun 4-cü ən yaxşı iqtisadprofilli universitet seçilməsi xüsusi vurğulanmalıdır. Təhlil olunan hər iki ildə ölkəmizin 3 universiteti EECA regionunun 100 ən yaxşı universiteti sırasına daxil olmağı bacarıb.

Cədvəl 2.


Mənbə: Cədvəl QS EECA Ranking 2015, 2016 (www.topuniversities.com) məlumatları əsasında tərtib edilib.

Bütövlükdə, 21 ölkənin 200 universitetinin yer aldığı EECA 2016 reytinqində Rusiya, Türkiyə, Qazaxıstan, Polşa, Ukrayna, Çex Respublikası və Rumıniya universitetləri üstünlük təşkil edir. Azərbaycan bu reytinqdə təmsil olunan universitetlərin sayına görə Sloveniya, Slovakiya, Estoniya, Latviya, Bolqarıstan, Xorvatiya və digər ölkələri qabaqlayır. Ölkəmiz bu göstəriciyə görə reytinqdə yer alan 21 ölkə arasında 10-cu, keçmiş SSRİ respublikaları arasında isə 5-ci yeri tutub.

Diaqram 4.
QS EECA 2016 reytinqində universitetlərin ölkələr üzrə bölgüsü


Mənbə: QS EECA Ranking 2016 (www.topuniversities.com)

Siyahıda yer alan universitetlərimiz ümumilikdə “akademik reputasiya”, “müəllim/tələbə nisbəti”, “PhD dərəcəsi olan əməkdaşların xüsusi çəkisi” meyarlarına görə yaxşı, “işəgötürən reputasiyası”, “veb impakt” meyarlarına görə orta, “hər müəllimə düşən elmi məqalələrin sayı”, “hər məqaləyə düşən istinadların sayı”, “əcnəbi müəllimlərin xüsusi çəkisi”, “əcnəbi tələbələrin xüsusi çəkisi” meyarlarına görə isə zəif nəticə göstərmişlər. Mövcud dinamikanı, bir neçə aparıcı universitetimizin hazırkı siyahıda yer almamasını, ali təhsil müəssisələrimizin “Thomson Reuters Web of Science®” platformasına və “Thomson Reuters İnCites™” bazasına çıxış əldə etməsini də nəzərə alsaq, növbəti illər ərzində Azərbaycandan bu reytinqə daha çox universitetin daxil olacağı gözləniləndir.

Əsas nəticələr
Aparılan təhlilin mühüm nəticələrindən biri kimi, reytinqlərdən istifadə edərkən nəzərə alınması vacib olan məqamlara dair aşağıdakı tövsiyələri irəli sürmək olar:
* akademik reytinqin mahiyyətini dəqiq bilmək;
* reytinqin məqsədli auditoriyası haqqında məlumatlı olmaq;
* reytinqdən yeganə məlumat mənbəyi kimi istifadə etməmək və ordakı nəticələri digər mənbələrlə müqayisə etmək;
* hər hansı universitetin reytinqdəki konkret mövqeyinə fokus etməmək;
* bir il ərzində baş verən dəyişikliyə deyil, uzunmüddətli perspektivdə müşahidə olunan dinamikaya daha çox diqqət yetirmək;
* hər bir reytinqdə istifadə olunan metodologiya ilə ətraflı tanış olmaq və s.
Xüsusi qeyd etmək lazımdır ki, reytinq nəticələrinin açıqlanması həm akademik ictimaiyyətdə, həm də bütövlükdə cəmiyyətdə ciddi əks-sədaya səbəb olur. Bu baxımdan da, kütləvi informasiya vasitələri (KİV) akademik reytinqlərlə bağlı məlumatların geniş ictimaiyyətə yayılmasında birbaşa iştirak edir. Təbiidir ki, cəmiyyət üzvlərinin əksəriyyəti hər hansı bir reytinq barədə məlumatı reytinq sıralamasının özündən deyil, KİV-də bu barədə yayılan xəbərlərdən əldə edirlər. Bu baxımdan, KİV-in bu və ya digər akademik reytinq haqqında yaydığı məlumatlar ayrı-ayrı universitetlər və bütövlükdə konkret milli ali təhsil sistemləri haqqında təəssürat yaradılmasında mühüm rol oynayır. Bu səbəbdən də reytinqlərlə bağlı informasiya hazırlanması zamanı KİV tərəfindən aşağıdakı məqamlara diqqət göstərilməsi vacib hesab olunur:
- geniş ictimaiyyəti reytinqin çoxmeyarlı xarakteri və məzmunu barədə məlumatlandırmaq;
- reytinqin hər hansı bir universitet və ya milli ali təhsil sisteminin keyfiyyətini xarakterizə edən yeganə etibarlı mənbə olmadığını vurğulamaq;
- konkret il üzrə reytinq məlumatlarını əvvəlki illərin göstəriciləri ilə müqayisə etmək;
- reytinqdəki mövqelərdən daha çox reytinq nəticələrinə təsir göstərən konkret meyarlar və həmin meyarlar üzrə mövcud durumun təkmilləşdirilməsinə diqqət çəkmək;
- hər hansı bir universitetin reytinqdəki mövqeyinə və ya reytinqdə yer almamasına dair fikirlərin əsaslandırılmış və dəqiqləşdirilmiş məlumatlara söykənməsinə əmin olmaq;
- reytinqin mövcud olan bir sıra çatışmazlıqlarını nəzərə almaq və s.
Beləliklə, QS Dünya Universitetləri Reytinqi timsalında aparılan təhlillərin yekunu olaraq, əldə olunmuş nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar:
* Qlobal ali təhsil məkanında rəqabətin kəskinləşməsi şəraitində reytinqlərin əhəmiyyəti davamlı olaraq artır.
* Reytinqə düşmək əslində, hər hansı bir universitetin qarşısında qoyulan məqsəd deyil. Reytinqə daxil olmaq və ya reytinqdə daha yaxşı mövqe tutmaq müvafiq ali təhsil müəssisəsinin tədris və tədqiqat sahəsindəki uğurlu fəaliyyətinin nəticələrinin göstəricisi kimi çıxış edir.
* Reytinqlərdən istifadə zamanı daha çox dinamikaya üstünlük vermək məqsədəuyğundur.
* QS 2017 Dünya Universitetləri Reytinqinə Azərbaycandan üç ali təhsil müəssisəsinin daxil olması müstəqilliyinin 26-cı ilini yaşayan bir ölkə üçün məqbul nəticə hesab olunmalıdır.
* Azərbaycan QS 2017 Dünya Universitetləri Reytinqində Cənubi Qafqazın yeganə təmsilçisidir. Belə ki, Gürcüstan və Ermənistan qeyd olunan reytinqdə təmsil olunmayıb.
* QS 2017 Dünya Universitetləri Reytinqinə daxil olmuş universitetlərin sayına görə Azərbaycan dünyanın Estoniya, Sloveniya, Xorvatiya, Slovakiya, Latviya və digər bir çox ölkəsini qabaqlayıb.
* Konkret profillər üzrə ixtisaslaşan universitetlərin QS reytinqinə daxil olması və reytinqdə daha yaxşı mövqe tutması çox çətindir. Ölkəmizin reytinqlərdə iştirakından danışarkən bu tipli universitetlərimizin (aqrar, neft, iqtisadiyyat, musiqi, tibb və s. profillər üzrə) çox olması halını nəzərə almaq lazımdır.
* Təcrübə göstərir ki, QS Dünya Universitetləri Reytinqinə ilk dəfə daxil olmaq üçün ən azı 3-4 il davamlı şəkildə müraciət olunmalıdır.
* QS EECA 2016 reytinqində yer alan 200 universitetdən altısının Azərbaycan təmsilçisi olması sevindirici haldır. Bu reytinqdə yer alan ölkələr arasında Azərbaycanın 10-cu olması müsbət haldır.
* Reytinq məsələsinin universitetlərimizin beynəlmiləlləşmə strategiyasının və marketinq siyasətinin mühüm komponentinə çevrilməsinə və hər bir universitetdə sırf reytinqlər üzrə ixtisaslaşan ən azı bir mütəxəssisin olmasına ehtiyac var.
* QS Dünya Universitetləri Reytinqinə daxil olmaq və reytinqdə daha yaxşı mövqe tutmaq üçün adıçəkilən reytinqin tərtibi metodologiyasında istifadə olunan meyarların universitetlərimizin uzunmüddətli inkişaf strategiyasında müvafiq qaydada nəzərə alınması vacibdir.
* Universitetlərimizin paralel olaraq bir neçə alternativ reytinqlərdə iştirak istiqamətində müvafiq tədbirlər həyata keçirməsi məqsədəuyğundur və s.
Hesab edirik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulmuş ardıcıl və sistemli islahatlarların reallaşdırılması yaxın gələcəkdə beynəlxalq universitet reytinqlərində yer alan ali təhsil müəssisələrimizin sayının artması üçün ciddi zəmin yaradacaq.

İstifadə olunmuş mənbələr:
1. Aalborg Guidlines for Stakeholders of Academic Rankings (2015)
2. Berlin Principles on Ranking of Higher Education Instituions (2006)
3. QS World University Rankings (www.topuniversities.com)
4. IMF World Economic Outlook Database 2017 (www.imf.org)

P.S. Bu yazı çapa hazırlanarkən QS 2018 Dünya Universitetləri Reytinqi açıqlanıb. İlk dörd sırada ABŞ universitetlərinin qərarlaşması və Birləşmiş Krallığın ali təhsil müəssisələrinin mövqelərində əvvəlki illərlə müqayisədə geriləmənin davam etməsi ilə xarakterizə olunan bu reytinq siyahısına dair ətraflı təhlillər gələcək yazılarımızda təqdim olunacaq. Ümumilikdə 959 universitetin yer aldığı sözügedən reytinq siyahısında Azərbaycan iki ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti və Xəzər Universiteti) ilə təmsil olunub. Eyni zamanda, ilk dəfə olaraq, Xəzər Universiteti son 50 ildə yaradılmış dünya universitetlərinin 2018-ci il üzrə reytinq siyahısına (QS Top 50 Under 50) düşməyi bacarıb və 101-150-ci yerdə qərarlaşıb.

yuxarı ⤴