1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Müasir dərsliklər: bu anlamda nələrə diqqət etməliyik
18.08.2017 / No31

 

 

 


Dərsliyin missiyası: dünənin və bu günün tələbi

Ənvər ABBASOV,
Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Dərslik haqqında tarixi bir yanaşma mövcuddur: dərslik təhsil sistemində həlledici rola malikdir, onun missiyası əvəzolunmazdır. Bu müddəa müəyyən zaman çərçivəsində, şühbəsiz, qüvvədə olmuşdur. Bu gün də həmin fikirlərin təsirində olan insanlar vardır.
Doğrudanmı, bu, belədir? Yoxsa bu müddəaların indiki şəraitdə daha başqa alternativi vardır?

Cəsarətlə demək lazımdır ki, təhsilin tarixində öyrənmə, yaxud öyrətmə dərslik olmadan da mövcud olmuşdur. Lakin zaman-zaman daha yaxşı öyrənmə, öyrətmə şəraitini qurmaq üçün dərslik meydana gəlmişdir. Müəllim-şagird münasibətlərinin daha səmərəli təşkili vasitəsi olaraq dərslik zərurətdən yaranmışdır. Həm də o səbəbdən ki, etibarlı məlumat mənbələrinin yalnız müəllim olması təlim prosesi üçün məhdudluq yaradırdı. Dərsliklərin meydana gəlməsi, heç şübhəsiz, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində atılan uğurlu addımlardan olmuşdur. Elə ilk vaxtlardan dərsliyin missiyası təhsilalanların öyrənmək ehtiyacını ödəməyə yönəldilmişdir. Lakin kitabların, nəşrin məhdud olduğu dövrdə, eləcə də məlumat mənbələrinin, demək olar ki, olmadığı bir şəraitdə dərslik bu ehtiyacları da ödəmək zərurətində qalmışdır. Beləliklə də dərslik yeganə məlumat missiyasını yerinə yetirə-yetirə təhsil sistemində ideal bir vəsaitə çevrilmişdir ki, bu gün də həmin tendensiya davam etməkdədir.

Bəs onda dərsliyə bugünkü münasibət necə olmalıdır?

Əlbəttə, müasir zamanda qlobal dünyanın informasiya axını durmadan sürətlənir. Və insan özünün bütün potensial imkanı ilə onu izləməyə çalışır. Lakin bu informasiyaların tam mənasında izlənməsinin nə dərəcədə mümkün olması o qədər də real görünmür.
 Digər tərəfdən, onun bütövlükdə əhatə olmasının mümkünlüyü də sual doğurur. Belə olduğu təqdirdə dərsliklərin bu cür informasiya mənbələrindən birinə çevrilməsi onun yeganə informasiya mənbəyi olmaq missiyasını dəyişir. Deməli, dərslik aid olduğu sahənin bütün informasiyalarını əhatə edə bilmək məsuliyyətini daşıya bilməz. O, praktik əhəmiyyət daşıyan zəruri məlumatları, davamlı təhsil baxımından əhəmiyyətli hesab edilən aparıcı informasiyaları əhatə edə bilər.

Dərsliyin yaradılması pedaqoji problemdir

Zəruri məlumatların seçilməsi hansısa fundamental elmin funksiyası deyil. Məsələn, riyaziyyat fənni üzrə zəruri bilikləri riyaziyyat, yaxud da biologiya fənni üzrə zəruri bilikləri biologiya elmləri müəyyənləşdirmir. Bu bir pedaqoji vəzifədir ki, adıçəkilən fənlərin tədrisi metodikaları tərəfindən təhsil müstəvisində həll olunur. Hətta bu məlumatların sıralanması, müəyyən ardıcıllıqla düzülməsi, müvafiq formatlarda təqdim olunması da müəyyən qərarların nəticəsində irəli sürülərək qəbul olunur. Başqa sözlə, dərsliklərin məzmun və strukturundakı yanaşmalar elmi-metodik araşdırmaların nəticəsi kimi meydana çıxır.

Yaxşı haldır ki, təcrübələrə söykənən dərslik nümunələrimiz xeyli sayda vardır və onların inkişafyönümlü təhsil ehtiyaclarımızın yerinə yetirilməsi baxımından mütərəqqi keyfiyyətlərə malik olduğu danılmazdır. Lakin müasir məktəbin şagirdlərə daha çox müstəqillik verməsində, onların araşdırmalar aparmasına imkan yaratmasında, müəyyən yaradıcı işləri yerinə yetirmələrində çatışmazlıqları vardır ki, bunlar bilavasitə dərsliklərdən qaynaqlanır.

Artıq uzunillik təcrübələr onu göstərir ki, dərsliklər haqqında, demək olar ki, hamı fikir söyləməyə cəhd edir. Bu bir neçə səbəblə bağlıdır. Əvvəla, dərslik cəmiyyətin mühüm atributu olan təhsilin aparıcı komponentlərindən biri kimi hər kəsin ailəsində, evində olmaqla ona daha yaxın mövqedən yanaşılmasına imkan yaradır. Ona görə də, birinci növbədə, yeganə kitab kimi dərslik özünün sosial-pedaqoji rolu baxımından digər kitablardan fərqlənir. Təhsildə maraqlı olan tərəflərin (müəllim, şagird, valideyn və b.), eləcə də digər zümrədən olan insanların diqqətini cəlb edir. Təbii olaraq münasibətlər platformasında mülahizələr yaranır və çox asanlıqla yayılır.

Bu fikirlərin, demək olar ki, əksəriyyətində sinif, məktəb şəraitindən qaynaqlanan söz-söhbətlər, eləcə də ailə şəraitində valideynin müşahidələrindən nəşət tapan fikirlər dayanır.

Dərsliyə müasir yanaşma

Müasir müəllimlər əvvəlki müəllimlər deyillər. Onlar yeni kurikulumlarla işləyirlər. Yeni konsepsiya müəllimlərdən öz işinə yaradıcı yanaşmağı tələb edir. Ona görə də onlar dərsliyə mühüm resurslardan biri kimi yaradıcı yanaşmağı bacarmalıdırlar.

Əvvəlki müəllimlər yalnız dərslikdəki fakt və hadisələri, praktik nümunələri öyrədirdisə, bugünkü müəllim fəaliyyətlərini standartlara əsasən qurur, onların tələbinə cavab verən nəticələrə nail olmağa çalışır. Onların işinin nəticəsi də şagirdlərin fəaliyyətlərinin bu standartlara nə dərəcədə cavab verməsi ilə ölçülür. Ona görə də dərslikdən strateji bir vasitə kimi istifadə edərək onu öz imkanlarına uyğunlaşdırır və müəyyən olunmuş səriştələr baxımından nəticələrə gəlirlər.

Müəllim fəaliyyətini dərslik komplektindəki “Müəllim üçün metodik vəsait” adlı kitabdakı strategiyalara əsasən qurur. Bu zaman həmin strategiyalara yalnız istiqamətverici, köməkçi, məsləhətçi mövqeyində olan vasitə kimi yanaşır. Lakin tədris fəaliyyətini bilavasitə özü həyata keçirir. Bu zaman həlledici rolu öz üzərinə götürür. Konkret şəraitdə o, özünün strategiyasını qurur və tətbiq edir.

Belə bir tədris mühitində müəllimin yaradıcı yanaşmasındakı özəllik nədən ibarətdir? Başqa sözlə, müəllim fəaliyyət göstərərkən hansı səviyyədə müstəqillik limitinə malik olmalıdır?

Ümumiyyətlə, müəllim konkret fənn üzrə təlim məşğələlərini qurarkən konseptual olaraq fənnin fəlsəfəsinə tabe olur. Müəyyən edilmiş məqsəd və vəzifələrin reallaşmasında ümumi tələbləri gözləyir. Eyni zamanda təqdim olunan strategiya ilə yaxından tanış olur və yaradacağı tədris mühiti üçün uyğun gələn texnologiyalar barədə qərar qəbul edərək konkret bir fikrə gəlir. Özünün strateji xəttini müəyyənləşdirir.

Belə olduğu təqdirdə müəllimin yaradıcı yanaşma tərzi, fəaliyyəti meydana çıxır. Bu, özünü şagirdlərin dərsə münasibətində, öyrənmə marağında, təşəbbüskarlığında, ümumiyyətlə, yaradıcı yanaşmalarında büruzə verir.

Tədqiqatçı xarakterinə malik olmaq, araşdırmalar apara bilmək, müxtəlif tip konstruktiv dərs modellərindən yararlanmaq üçün yaradıcı olmaq müasir müəllim fenomeninin mühüm atributlarından biri hesab edilir. Ona görə də müəllim səriştələrinin müəyyən olunması zamanı belə bir keyfiyyətin nəzərə alınmasının vacibliyi bu gün daha çox hiss edilir.

Dərsliklərin humanitar xarakteri

“Təhsil həyatın özü deyil, yalnız ona hazırlıqdır”, - deyən görkəmli Azərbaycan alimi Azad Mirzəcanzadənin düşüncələrində insanın formalaşması öncül bir vəzifə kimi qeyd edilir. Dünyanın klassik təhsil sistemi kimi latın təhsilinin özəlliklərindən bəhs edərək bildirir ki, “latın təhsil sistemi belə bir prinsipə əsaslanır ki, guya dərslikləri əzbərləyib öyrənmək ağlı inkişaf etdirir. Bu prinsipə əsasən məktəb masasından elmi dərəcə alana qədər bütün kitabları əzbər bilməyə məcbur edirlər”. Onun qənaətinə görə, belə olduqda nə qabiliyyət, nə təşəbbüs zərrə qədər də olsa inkişaf etmir. İnsanın yaddaşında müəyyən biliklərin arsenalı dayansa da, onlar passiv mövqedə sadəcə istifadəsiz qalmaqla artıq yükə çevrilir. Ona görə də dərsliyin informasiyalar balansını sadəcə praktik dəyərə malik olan, eyni zamanda həyati əhəmiyyət daşıyan biliklərlə zənginləşdirmək lazım gəlir, həm də həmin biliklərin axtarılmasına təşviq edən çalışmalar sisteminin yaradılması zərurəti meydana çıxır.

Bu pedaqoji gerçəklik həm də psixoloqlarımızın apardığı araşdırmaların nəticələrində də özünü göstərir. Onlar təhsilin humanitarlaşdırılması prinsipinin həyata keçirilməsində həm də dərsliyin rolunu xüsusi qeyd edirlər. Şagird şəxsiyyətinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışarkən belə qənaətə gəlirlər ki, “şagird şəxsiyyətinin formalaşdırılmasında dərsliklərin rolunun hər vasitə ilə artırılması zəruridir” (Ə.Əlizadə).

Belə olduğu təqdirdə dərsliyə xüsusi inkişafetdirici modelə malik olan vasitə kimi baxmaq zərurəti yaranır. Onun hazırlanması üçün seçilmiş materialların vahid öyrədici və inkişafetdirici məntiqə tabe edilməklə sistemləşdirilməsi tələbi meydana çıxır. Özlüyündə bu yanaşmanın məntiqi dərsliyi sadəcə seçilmiş məlumatlar toplusu olmaqdan uzaqlaşdırır. Ona yaradıcı, inkişafetdirici, humanitar bir xarakter gətirir.

İntellektuallıq və dərsliyin keyfiyyət əmsalında onun yeri

İntellektuallıq müasir cəmiyyətdə yaşayan insanın əsas keyfiyyətlərindən biri hesab edilməklə onun daha çox inkişafının dəstəklənməsi və ona adaptə olunması ilə səciyyələnir. İntellektuallığın təmin olunmasında ağıl, düşüncə, təfəkkür elementləri daha çox iştirak edir. Müasir insanın bu keyfiyyətlərə yiyələnməsində dəstək olan təhsil prosesinin ən vacib komponentlərindən biri kimi dərslik özünün müstəsna rolu ilə fərqlənir. O, intellektual mükəmməlliyi ilə etibar və etimad qazanmış vəsait kimi şagirdlərin inkişafına təsir göstərir. Ona görə intellektuallıq dərsliyin mühüm keyfiyyətlərindən biri kimi diqqət mərkəzində dayanmalı, onun materiallarının seçilməsində, müəyyən məntiqlə sıralanmasında öz ifadəsini tapmalıdır.

Dərsliyin maraq effekti

Bu günün uşaqları daha geniş maraq dairəsinə malik olmaqla fərqlənirlər. Həm də onlar ətraf aləmin mahiyyətinə varmağı, fakt və hadisələrə nüfuz etməklə onların səbəb və nəticə əlaqələrini öyrənməyi xoşlayırlar. Əslində aydın görünən bu zəruri tələbat təhsil ehtiyaclarının məntiqi əsasını təşkil edir. Təhsil özünün müasirlik missiyasında bu ehtiyac və tələbatlara əsaslanır. Təhsilin məzmun komponenti kimi dərslik bu missiyanın yerinə yetirilməsində aparıcı amil kimi çıxış edir. Ona görə də dərslikləri şagirdlərə, onların mənəvi aləminə daha çox yaxınlaşdırmaq, şagirdlərin dostuna, məsləkdaşına çevirmək didaktik cəhətdən əhəmiyyətli hesab edilir.

Hər bir dərslik bütöv bir sistem olaraq özünün aurasını, təsir dairəsini formalaşdırır. Hər bir dərsliyin nümunəsində isə geniş mənada dərslik nüfuzu yaranır. Nəticə etibarı ilə dərslik cəmiyyətin etibar etdiyi nüfuzlu bir kitaba çevrilir. Şagirdlərin inandığı bu kitab onlar üçün müqəddəsləşir.

Bəzi hallarda dərsliklərin nöqsanlarını kütləviləşdirmək, onu məhdud müzakirə mühitindən kənara çıxarmaq, ümumiyyətlə, dərslik anlamına inamı azaltmaqla, onu cəmiyyətin, xüsusən də uşaqların gözündən salır. Müəllimlərdə istifadə etdiyi dərs kitabına şübhələr doğurur. Uşaqların dərsliyə olan marağı sönür. Bütün bunlar təlim prosesinin nəticələrinə təsir edir.

Dərslik nümunə kitabı kimi nəsillərin tərbiyə olunmasında, inkişafında istiqamətverici rolu ilə fərqlənir. Dərsliyin yaradılması, nəzəri və praktik cəhətdən formalaşdırılması peşəkarlıq tələb etdiyi kimi, onun barəsində danışmaq, müzakirə açmaq da xüsusi diqqət və qayğı tələb edir. Bu məqalədə müasir dərsliyin bəzi məsələlərindən bəhs olundu. Lakin onun digər məsələlərini daha geniş kontekstdə əhatə etmək mümkündür.
 

yuxarı ⤴