1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Elm xəbərləri
18.08.2017 / No31

 
 

 

 


“IBM”dən yeni rekord


Yusif ƏLİYEV

ABŞ-ın “IBM” şirkətinin mütəxəssisləri yeni dünya rekorduna imza atıblar. Onlar 330 TB (330 milyon kitaba bərabər) məlumatı ovuc ölçüsündə yığıcıya yerləşdirməyə nail olublar.

“Lent ənənəvi olaraq video-arxivlər, ehtiyat surətlər, informasiyanın bərpası və saxlanılması üçün istifadə olunur, lakin sənaye portativ variantlar istiqamətində genişlənməyə davam edir”, - deyə istehsalçılar bildiriblər.

www.futurist.ru  saytının məlumatına görə, yeni maqnit lentinin qiyməti hələlik digər kommersiya lentlərindən yüksək olacaq. Lakin zamanla daha böyük həcmin yaradılması imkanı bir terabaytın qiymətinin azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, 60 il əvvəl ixtira edilmiş maqnit lent yığıcıları ənənəvi olaraq vergi sənədləri və tibbi yazıların arxivləşdirilməsi üçün tətbiq edilirdi. “IBM”in lentlər üzrə ilk bölməsi yarım düym enliyində lentdən istifadə edirdi ki, ona, təxminən, 2 MB məlumat yerləşirdi.


Kainatın ən böyük virtual modeli yaradılıb


Sunway TaihuLight dünyanın ən sürətli superkompüteridir. O, modelləşdirmə üçün məlumatları 10 milyon prosessor nüvəsinin köməyilə emal edir.

Çin alimləri ən sürətli superkompüteri sınaqdan keçirməyə qərar veriblər. Ondan kainatın ən böyük virtual modelinin yaradılması üçün istifadə ediblər.

www.3dnews.ru  saytının məlumatına görə, Çin alimlərinin kainat modeli iyun ayında İsveçrənin Sürix Universitetinin astrofiziklərinin yaratdıqları modeldən 5 dəfə böyükdür. Lakin qeyd etmək lazımdır ki, isveçrəli alimlərin modeli 80 saat, Çin alimlərinin modeli isə 1 saat işləyib.

Bu kimi modelləşdirmələr astronomlara tədqiqat üçün kosmosun cəzbedici regionlarını axtarmağa kömək edir, onun qaranlıq materiya və qaranlıq enerji kimi komponentlərinin sirrini açır. Çinlilər superkompüterdə kainatın yaranması və on milyon il müddətində inkişafını yenidən yaradıblar. Təəssüf ki, tezliklə onlar prosesi dayandırmalı olublar, çünki Sunway TaihuLight digər məsələləri həll etməli idi.

Çin superkompüterlərində bir çox çatışmazlıqlar var və onlar nadir hallarda tam gücü ilə işləyir. Ehtimal edilir ki, alimlər Sunway TaihuLight-ın gücünü maksimallaşdırmaq üsulunu tapıblar. Belə ki, superkompüter hər hansı problem yaranmadan tam gücü ilə işləyib.

Hazırda tədqiqat qrupunun rəhbəri Qao Lyan kainatın yaranmasından başlayan və cari era ilə bitən (yəni, təxminən 13,8 milyard il) simulyasiyanı işə salmaq niyyətindədir. Lakin bunun üçün o, sələfindən 10 dəfə güclü olan yeni superkompüterin yaradılmasını gözləməli olacaq.


İlk robot-bitki təqdim olunub


“Practical Plantoid Robotics” startap-şirkəti asan yığılan orqanik robot üçün detallar dəstini təqdim edib. Bitki və elektronikadan ibarət olan “Plantoid” adlı qurğu əsl bitki kiborqu kimi görünür.

Şirkət nümayəndələri bildiriblər ki, layihənin məqsədi məlumatın toplanması və sensorlar vasitəsilə robotda yerləşdirilmiş bitkinin həyatını təmin etməkdir. Bu, alınarsa, qurğu maraqlı missiyaları və sınaqları yerinə yetirə biləcək. Məsələn, digər planetlərə özü ilə həyat gətirəcək və ya əlverişsiz ətraf mühitdə ekoloji sabitliyi və sağ qalma dərəcəsini modelləşdirəcək.

www.popmech.ru  saytının məlumatına görə, layihə “Kickstarter” platformasında hələ ki, təxminən 500 dollar toplayıb. 9 sentyabr tarixinədək lazımi məbləği (5000 dollar) toplaya bilsə, sponsor əldə edəcək. Startap uğur qazanarsa, 2018-ci ilin fevral ayında qurğu satışa çıxarılacaq.


Yeni qurğu orqanları bir toxunuşla müalicə edir


Amerika tədqiqatçıları pasiyentin bədənində sinir lifləri və qan damarlarından bütöv orqanlara qədər hüceyrələrin istənilən növünü yaratmağa imkan verən “Tissue Nanotransfection” (TNT) adlı yeni texnologiyanı təqdim ediblər.

www.nanonewsnet.ru  saytının məlumatına görə, Ohayo Dövlət Universitetinin alimləri əzaları zədələnmiş siçan və donuzlar üzərində təcrübələr aparıblar. Sınaq zamanı dəri hüceyrələri damar hüceyrələrinin funksiyasını yerinə yetirsin deyə, onlar yenidən proqramlaşdırılıb. İki həftə davam edən sınağın sonunda heyvanların əzalarında olan qan damarları düzgün fəaliyyət göstərməyə başlayıb.

Tədqiqat müəlliflərindən biri olan Çandan Sen bildirib ki, dəri bütün toxuma və orqanlar üçün elementlər mənbəyi ola bilər. Hüceyrələrin çevrilməsi prosesi cəmi bir saniyəyə baş verir. TNT iki komponentli texnologiyadan ibarətdir. Bioloji “konverter” dəri hüceyrəsindən istənilən digər hüceyrəni yaradır, sonra o, nanoçipin köməyilə orqanizmə çatdırılır. Qurğu hüceyrələrin çevrilməsi prosesini 98 faiz müvəffəqiyyətlə həyata keçirib.

Prosedur qeyri-invazivdir və texnologiya hər hansı laboratoriya proseduru tələb etmir. Yeni hüceyrələr pasiyent tərəfindən hiss olunmayan zəif elektrik enerjisi sayəsində tətbiq edilir. Alimlər 2018-ci ildə texnologiyanı insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴