1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Kolleclərdə tarixi mədəniyyət abidələrinin mühafizəsinin tədrisi zəruridir00
18.08.2017 / No31

 

 

 


Azad ABDULLAYEV,
Astara Pedaqoji Kollecinin metodisti, qabaqcıl təhsil işçisi

Pedaqoji təmayüllü orta ixtisas məktəblərində kadr hazırlığının əsasında duran, sabahın müəllimləri olacaq tələbələrin ümumi və xüsusi hazırlığını təmin edən ixtisas fənləri ilə yanaşı, gəncliyin siyasi, tarixi, bədii mədəniyyət tərbiyəsi məqsədilə humanitar fənlərin tədrisi daha səmərəli qurulmalıdır. Bu baxımdan Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinin imkanları genişdir. Bu məqalədə tarix dərslərində bədii-mədəniyyət məsələlərinin öyrədilməsinin bəzi məqamlarına, motivlərinə toxunacağıq.
Xalq yazıçısı İsmayıl Şıxlı yazırdı: “Xalqı yaşadan amillərdən biri onun tarixidir. ...yaşamaq və bəşəriyyətin inkişafında öz mövqeyini müəyyənləşdirmək üçün hər xalq, hər millət öz tarixini bilməlidir”.

Xalqın tarixində mühüm hadisələrdən bir qrupu bədii mədəniyyətlə bağlı fakt və hadisələrdən ibarətdir.

Bu baxımdan pedaqoji kadr hazırlayan kolleclərdə Azərbaycan tarixi dərslərində proqram üzrə maarif və mədəniyyət məsələlərinin öyrədilməsi zamanın mühüm vəzifəsinə çevrilir.

Qabaqcıl müəllim təcrübəsi, metodbirləşmə sənədlərinin öyrənilməsi təsdiq edir ki, kolleclərdə Azərbaycan tarixi fənninin tədrisi səmərəliliyi bir sıra amillərlə bağlıdır. Bunlardan biri, ümumiyyətlə, terminlərin lüğəti və etimoloji mənalarının məqamında şərhidir.

Tarix fənnindən ilk dərsdə tələbələrə terminin mənası elmi mənbə əsasında izah olunmalıdır. Məsələn, götürək elə “tarix” termini:
Tarix, isim olub, ərəb sözüdür, aşağıdakı 9 mənanı ifadə edir:
* Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt, keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu.
* İnkişaf prosesində gerçəklik. Tarixin qanunları, tarixin dialektikası.
* İnsan cəmiyyətinin inkişafı haqqında elm.
* Bir şəxs və ya əşya ilə bağlı olan fakt və hadisələrin tarixcə məzmunu.
* Bir hadisənin, şeyin inkişafının gedişi, ardıcıl inkişafı.
* Təbiətin, mədəniyyətin, elmin hər hansı sahəsinin ardıcıl inkişaf və dəyişməsini öyrənən elm.
* Əhvalat, hekayə, rəvayət.
* Keçmiş.
* Bir hadisənin dəqiq təqvim vaxtı. Sənəddə, məktubda və s.də onun yazılması vaxtı haqqında qeyd (il, ay, gün) (Azərbaycan dilinin izahlı lüğəti. 1-ci cild, s. 138).
İzahlı lüğətdə həmçinin “tarix boyu”, “tarixdə görünməmiş”, “tarixdən əvvəl (qabaq)” , “canlı tarix” kimi söz birləşmələri, tarixən, tarixi, tarixilik, tarixi-miladi, tarixyazan, tarixli, tarixçi, tarixşünas kimi terminlərdə verilmiş və izahlı şərhi əksini tapmışdır. (s.138-139).

Bu məzmunda izahat tarix fənninin tədrisinin səmərəliliyi istiqamətində müəllim axtarışlarını, uğurunu təmin edir.

Tarix dərslərində mədəniyyət məsələlərinin öyrədilməsinə xeyli yer verilir, vaxt ayrılır. Bu pedaqoji prosesin səmərəliliyi üçün, ilk növbədə, mədəniyyət sözünün mənası tələbələrə açıqlanmalıdır. Professor Kamil Əliyev ədəbi dilimizdə mədəniyyət sözünün iki anlamda işlənildiyini qeyd etmişdir. Avropa mənşəli “kultura” sözü məqamında bu söz insanın fiziki və zehni əməyi sahəsində yaranmış maddi və mənəvi sərvətlərin birliyini ifadə edir...

İkinci məqamda mədəniyyət kəlməsi “sivilizasiya” sözünü əvəz edir. Sivilizasiya bəşər tarixini vəhşilik, barbarlıq və yüksək inkişaf dövrlərinə bölür.

Bəllidir ki, mədəniyyət abidələri maddi və mənəvi olmaqla iki qrupa bölünür. Maddi istehsalın bilavasitə nəticələri olan, xalqın elm, ədəbiyyat, incəsənət və təhsil sahəsində uğurları olan mədəniyyətin öyrədilməsi bir sıra baxımdan vacib, əhəmiyyətli və təbii sayılır.

Xalqın inkişafı, cəmiyyətin səviyyəsi onun atributlarından olan mədəniyyətinin milliliyi və bəşəriliyində əksini tapır. Odur ki, mədəniyyət məsələlərinin öyrədilməsi tarixin bütöv və geniş parametrdə öyrədilməsi ilə nəticələnir. Mütəxəssislərin qeyd etdiyi kimi, mədəniyyət insanlarda tarixi şüurun formalaşmasına zəmin yaradır. Bu fikir baxımından mədəniyyət məsələlərinin öyrədilməsi:

a) tarixi şüurun formalaşmasına təlimi-psixoloji imkan verir;
b) tarixi şüurun əsasında duran mədəniyyət abidələrinin yaranmasında ənənə və varisliyin mövcudluğu haqqında anlayış formalaşır.
Dünya, həyat və cəmiyyət hadisə və qanunlarının öyrənilməsi və dərk olunmasının iki əsas forması vardır. Elmin bir sahəsi kimi tarixşünaslıq cəmiyyət həyatının qanunauyğunluqlarını öyrənir. Tələbələr elmi anlayış və informasiyaları mənimsəyirlər, onlarda tarixi mədəniyyət formalaşır. Tarixi dövrdə yaranmış, tarix, təbiət və cəmiyyətin durumunu, obrazlarla əks etdirən mədəniyyət əsərləri hiss-idraki yolla gənclərin təsəvvürlərini, bilik dairələrini genişləndirir. Nəticədə eyni mövzu, hadisə, fakt haqqında elmi və bədii informasiya eyni kurs daxilində fəndaxili əlaqə, didaktik zəmində bir-birilə əlaqəli biliyə çevrilir. Tarix metodistləri təcrübə faktlarına əsaslanmaqla belə bir mülahizə yürüdürlər ki, dərslərdə mədəniyyət məsələlərini öyrədərkən təkcə dərslik materialları ilə kifayətlənmək olmaz. Yeri gəldikdə adıçəkilən əsərlər barədə qısa məlumat vermək, onun tərbiyəvi əhəmiyyətindən danışmaq, bəzi sitatlar gətirmək tələbələrin fənnə marağını artırır, tədrisin keyfiyyətini yüksəldir (İntiqam Cəbrayılov).

Mədəniyyət məsələlərinin öyrədilməsi tələbələrdə tarixi həqiqətlər barədə aydın təsəvvür yaradır.

Azərbaycan bədii mədəniyyətinin bir sahəsi etnoqrafiya üzrədir. Etnoqrafiyanın bir qolu xalçaçılıqdır. Azərbaycan xalçaçılığı həm də tətbiqi sənət sahəsi sayılır. Müvafiq mövzuların tədrisi zamanı tələbələrə bu haqda məlumat çatdırılmalıdır.
Etnoqraf alimlər bu sahə ilə bağlı çox zəngin materiallar toplamışlar. Araşdırmalardan, xüsusən, arxeoloji tapıntılardan bəlli olur ki, Azərbaycanda el sənətinin bu sahəsi xüsusi inkişaf mərhələsi keçmişdir. Naxçıvan, Qəbələ, Bərdə və başqa ərazilərdə aparılmış qazıntılar zamanı boyaq küpləri, toxucu dəzgahları tapılmışdır. Xalçaçılıq nağıllarımızda haqqında danışılan peşələrdən biridir. Naxırçı qızının təkidi ilə Şah Abbas toxucu peşəsini öyrənir. Bir gün quldurlar tərəfindən ələ keçirilən şah özünün başına gələnləri toxuduğu xalçadakı “məktubla” naxırçı qızına xəbər verir. Çoxsaylı aşıq şeirləri və digər folklor nümunələrində də xalça növlərimiz barədə söhbət açılır. Azərbaycan dünya xalçaçılıq sənətinin ən qədim vətənlərindən biridir. Hələ eramızdan təxminən 500 il əvvəl yunan tarixçiləri bir sıra bədii sənətlərin, o cümlədən boyaqçılıq və toxuculuğun bu yerlərdə inkişaf etdiyini göstərmişlər. Azərbaycanın Mingəçevir bölgəsində aparılmış qazıntılar zamanı əldə edilmiş xalçaçılıq məmulatı qalıqları bu sənətin VII-VIII əsrlərdə də müəyyən inkişaf səviyyəsində olduğunu sübut edir. Tarixi sənədlərə görə, bu inkişaf orta əsrlərdə yüksək səviyyəyə çatmışdır (Cəfər Müciri).
Bu dövr “Azərbaycan xalçaçılığının qızıl dövrü”dür. Orta əsrlərdə toxunmuş “Şeyx Səfi”, “Ovçuluq”, “Alpan” kimi xalçalarımız dünya muzeylərinin qiymətli eksponatlarına çevrilmişdir. Beləliklə, Azərbaycan xalçaları uzaq keçmişdən bu yana öz kompozisiya xüsusiyyətlərinə görə nadir sənət inciləri kimi şöhrət qazanaraq dünya muzeylərini bəzəmişdir.

Bu sənət nümunələri dünya xalçaçılıq mədəniyyətinin ulduzları kimi Londonun “Viktoriya və Albert”, Milanın “Poldped zoli”, Vaşinqtonun “Metropoliten”, Berlinin “İncəsənət”, İstanbulun “Topqapı”, “Türk və islam əsərləri”, Tehranın “İrane basetan”, Paris, Drezden, Qahirə və Sankt-Peterburq muzeylərinin ekspozisiyalarını zənginləşdirir və orada qorunub saxlanılır.

Sənətşünas alimlərin tədqiqatlarını aşağıdakı kimi ifadə etmək olar: “Azərbaycan xalçaları bədii tərtibat, ornament, iqtisadi və texniki xüsusiyyətlərinə görə bir neçə qrupa bölünür. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz qruplarının əhatə etdiyi xalçaların bədii tərtibatında həndəsi və nəbati ornamentlərdən, insan və heyvan mənşəli naxışlardan, təsərrüfat alətləri və əşyaların stilizə olunması ilə əldə edilmiş dekor vasitələrindən istifadə olunur”.

Xalçalarda istifadə edilən naxışlardan biri butadır: poetik əsərlərdə bu belə mənalandırılır:
Xalçanı buta bənzər,
Buta buluda bənzər.
Bu yandan qırqovula,
O yandan oda bənzər.
Azərbaycan xalçaçıları yun, ipək və pambıqdan hazırlanmış ipləri boyamaq üçün keçmişdə nəbati boyalardan, müxtəlif bitki və meyvə qabıqlarından, köklərindən istifadə etmişlər.

Etnoqraf alim, mərhum professor Habil Habilov yazırdı ki, xalq sənətkarlığının ən mühüm sahələrindən biri toxuculuqdur, hələ eneolit dövründən geniş yayılmış bu qədim peşənin rüşeymlərini hörmə işləri təşkil etmişdir.

Əyirmə və toxuculuqda əl işi, cəhrə, yun darağı və yaydan, yer hanasından, dik hanalardan istifadə olunmuşdur. Toxuculuq məhsullarının çeşidi müxtəlif olmuşdur. Rəngarəng xovlu və xovsuz xalçalar, çullar və xurcun, məxmər, bez darağı və s. istehsal edilmişdir.

Yurdumuzun zəngin təbiəti, güclü yem ehtiyatına malik olan yaylaq və qışlaq sahələrinin bolluğu, zəngin təbii boyaq maddələrinin mövcudluğu, habelə ağbirçəklərimizin qaynar yaradıcılıq qabiliyyəti qədim dövrlərdən burada xalçaçılığın inkişafına imkan vermişdir.

Azərbaycan xalçaçılıq məhsulları müxtəlifdir: keçə, namazlıq, kilim, palaz, zili, şəddə, sumax, xovlu xalçalar... Bunlarla yanaşı, ölkəmizdə xalça tipli məişət əşyaları - çuval, fərməş, heybə, xurcun, yəhər üstü, süfrə pərdələri də istehsal olunmuşdur.
Azərbaycan tarixi dərslərində mədəniyyət mövzuları çoxdur: Azərbaycan folkloru, N.Gəncəvi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, Azərbaycan rəssamlığı, Azərbaycan musiqisi, Azərbaycan opera və balet sənəti, Azərbaycan memarlığı və s. və i.a.
Bu mövzuların müvafiq dövr tarixinin tədrisində tələbələrə fənlərarası əlaqə zəminində və inteqrasiya yolu ilə öyrədilməsi, ümumilikdə, sabahın pedaqoji kadrlarının geniş dünyagörüşlü, zəngin məlumatlı, bədii-tarixi mədəniyyət üzrə savadlı mütəxəssislər kimi hazırlanmalarını reallaşdırır. Belə hazırlıqlı kadrların məktəblərdə səmərəli fəaliyyət göstərəcəklərinə şübhə olmur.

Qloballaşma prosesi milli-mədəni dəyərlərin, adət-ənənələrin dünyada tanıdılmasına, kimə məxsusluğunun aydınlaşdırılması istiqamətində geniş imkanlar açır.

Milli Məclis tərəfindən mədəniyyət sahəsində bu günə kimi bir sıra mühüm qanunvericilik aktları qəbul edilib. Onların arasında “Tarixi və mədəni abidələrin qorunması haqqında”, “Milli arxiv fondu haqqında”, “Muzeylər haqqında” qanunlar mühüm əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, Azərbaycanda mədəniyyət məsələlərinin hüquqi bazasını yerli qanunvericilik aktları ilə yanaşı, eyni zamanda, beynəlxalq sənədlər təşkil edir. Həmin sənədlərdən “Hərbi münaqişələr zamanı mədəni abidələrin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni irsinin qorunması haqqında” 1970-ci il Paris Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyası və bir çox sənədləri göstərmək olar. Mədəniyyət sahəsində Azərbaycan UNESCO, İSESCO, Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir. Bu əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan dövlətinin bu istiqamətdə irəli sürdüyü uzaqgörən və düşünülmüş siyasəti, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri və səyləri nəticəsində milli-mədəni dəyərlərimizin daşıyıcıları olan çox qiymətli muğamımız, Novruz bayramı, İçəri Şəhər, Şirvanşahlar sarayı UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib.

Yazılar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴