1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Mənalı bir ömür yaşamağın nümunəsi
18.08.2017 / No31

 

 

 


Mehriban VƏLİYEVA,
akademik Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Söhbət açacağım şəxs mənim üçün doğma insan, müəllimim, istedadlı alim, psixologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Əkbər Bayramovdur.

Onun haqqında yazmaq üçün xeyli düşündüm, xatirələri vərəqlədim, ixtiyarsız olaraq Vaqif Səmədoğlunun bu misraları beynimdən dilimə, dilimdən sətirlərə tökülməyə başladı, yolüstü qəlbimin sevgisi ilə yoğruldu:

Rica edirəm, yalvarıram, o günəşdən bir az bu yana dur!
İndi dənizə bax!
Gördünmü nə gözəldir Xəzər?
Gördünmü necə istidir Günəş?
Gördünmü səni necə görə bilir gözlərim?
Orda dur, qımıldanma, ömrüm...
Əkbər müəllimin bir alim kimi həqiqəti görə və göstərə bilən təfəkkürü vardı. Yaratdıqları qalaq-qalaq əsərlərlə “Qımıldanma, orda dur, ömrüm”, - deyə bilirdi.

Əvvəlcə onu ailədə kübar, sadə, səmimi bir insan kimi tanıdım. Evinə gələn hər kəsi: böyüyü də, kiçiyi də öz dili ilə dindirə bilirdi. Sonralar etnik psixologiyaya aid araşdırmalarında qonaqpərvərliyi xalqın etnik xüsusiyyəti kimi təqdim etdiyini gördükdə “təsadüfi deyil”, - deyə düşündüm. O yalnız yazmırdı, etnik gözəl cəhətləri həm də yaşadırdı. Görünür, söz və əməlin vəhdəti də onun üçün vacib etnik xüsusiyyət idi.

Sonralar onu bir alim kimi tanımağa başladım. Yazı masasının arxasında sakit, səssiz elə hey yazıb-yaradan alim. O zaman sirli-sehirli bir dünya idi mənimçün. Kitabları, əsərləri bu sehirli aləmə açar oldu.

İlk dəfə universitetdə oxuyarkən dərsliyi ilə tanış oldum. Bu dərsliklərdən bu gün də ali məktəb tələbələri istifadə edir. “Psixologiya”, “Sosial psixologiya” və b. dərsliklərindən neçə-neçə nəsil bəhrələnib.

Sonralar müəllim kimi fəaliyyətə başlayarkən özünün verdiyi “Psixoloji düşüncələr” əsəri stolüstü kitabıma çevrildi. Əsərdə “Şəxsiyyət psixologiyasının bəzi məsələləri”, “Şəxsiyyət tərbiyəsinə diqqət artırılmalı”, “N.Gəncəvi əsərlərində şəxsiyyət və liderlik məsələləri”, “Qabiliyyət və istedadın seçilmə problemlərinə dair” araşdırmalar müstəqilliyimizin ilk illərində təhsilin problemlərinin həlli baxımından çox əhəmiyyətli idi.

Onun kiçik məktəbyaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf xüsusiyyətləri ilə bağlı tədqiqatları məni həmişə bir müəllim kimi maraqlandırmışdır. Müəllifin üç monoqrafiyasında, müxtəlif ölkələrdə dərc olunmuş məqalələrdə öz əksini tapmış şəxsiyyətin təşəkkülü, onun özünüdərki və özünü qiymətləndirməsinin psixoloji problemləri ilə bağlı tədqiqatları pedaqoji cəhətdən diqqətimi cəlb edib, bəhrələndiyim araşdırmalar olub.

Alimin etnik psixologiyaya aid tədqiqatları da çox dəyərlidir. Əsərindən bir parçanı diqqətinizə çatdırıram: “Məşhur alman filosofu Hegel öz xalqının mühüm etnik psixoloji xüsusiyyətini belə ifadə edir: “Mənim xalqım arxivariusdur. Arxiv öz taxçalarında tarixi hadisələri və faktları hifz edir, qoruyub saxlayaraq gələcək nəsillərə verir”. Yəni alman xalqı öz tarixini yaxşı bilməklə seçilir. Bəs etnik-psixoloji baxımdan bunun əhəmiyyəti nədir?

Tarixini yaxşı bilən xalq özünü yaxşı dərk edir, onun ibrət dərslərini yaxşı mənimsəyir”. Sonra alim belə bir maraqlı nümunə verir: “Almaniyaya işləməyə gedən bir türk vətəndaşı uşaqlarını məktəbə qoymaq üçün Türkiyəyə qayıdır. Ondan soruşurlar: “Orada məktəb yoxdurmu?”. “Əlbəttə, var. Amma vəziyyət başqadır. Almaniyada uşaqları əvvəl kilsəyə aparırlar, ibadət etdirirlər. Məktəbə dönüb Almaniya xəritəsinin önünə keçən müəllim deyir: “Almanlar dünyanın ən üstün millətidir, biz hamımız Almaniya üçün varıq”. Onlara ədəb qaydalarını , adət- ənənələri incə təfərrüatına qədər anladır, alman kimi yaşamağın zövqünü , qürurunu verirlər. Sonradan dünyəvi bilikləri öyrətməyə başlayırlar. Daha sonra qabiliyyətlərinə görə müxtəlif ixtisaslara yiyələnirlər... Maliyyəçi olan bir alman qızından bir quruşluq vergi belə qaçırmaq olmur. Mən də istərdim ki, mənim övladım xalqımıza məxsus əxlaqi-mənəvi dəyərləri mənimsəsin, türk olduğundan qürur duysun”. Misaldan aydındır ki, hər bir xalq özünü dərk edib qiymətləndirmək üçün psixoloji keçmişinə dərindən bələd olmalıdır. Çünki etnosun təşəkkülü onun etnik-psixoloji xüsusiyyətlərinin formalaşmasından kənarda götürülə bilməz.

70 il sovet siyasətinin milli dəyərləri məhv edən konsepsiyasına cavab olaraq alimin etnik psixologiya sahəsində araşdırmaları xalqın özünüdərki baxımından mühüm əhəmiyyət kəsb edir.

Gətirilən nümunələr təhsildə gənc nəslin tərbiyəsində və yeni cəmiyyət quruculuğunda da bu tədqiqatların böyük rola malik olduğunu ifadə edir.

Ə.Bayramov xalqımızın ədəbi-bədii irsində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçılar cəlb edib, yeni bir psixoloji məktəb yaradıb.

Alimin yazı üslubu, “Kitabi-Dədə Qorqud”, Nizami, Nəsimi, Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir irsinin psixoloji təhlili ilə bağlı tədqiqat əsərləri həmişə diqqətimi cəlb etmiş, bu mənbələrdən pedaqoji fəaliyyətimdə məharətlə yararlanmışam.

Müəllifin əsərlərində Nizamidə rənglərin simvolikası, Hürufizmin psixoloji kökləri, Məcnunun autizasiyası kimi mürəkkəb məsələlərin təhlili verilib, dünya psixoloji fikri ilə müqayisədə araşdırılıb. Məsələn: alim Nəsiminin özünəməxsus psixoloji konsepsiyasını nəinki qədim hindu və zenbuddizm təlimləri ilə müqayisə edir, həm də onları müasir psixoloji cərəyan və nəzəriyyələr -freydizm və ekzistensial psixologiya istiqamətində araşdırır.

Onun “Psixoloji düşüncələr”, “Etnik psixologiya məsələləri”, “Kitabi -Dədə Qorqud dastanında etnik-psixoloji xüsusiyyətlərin inikası”, “Etnik psixologiya” və digər əsərləri milli psixologiyanın tədqiqi baxımından böyük elmi əhəmiyyətə malikdir.
Vətənini çox sevirdi Əkbər müəllim. Bu misraları tez-tez təkrar edərdi:

Bir çinar göstərin mənə, a dostlar
Mən ona söykənim, Vətənə baxım...
Vətən nisgili vardı qəlbində. O nisgili qəlbində apardı. Bir sıra əsərlərində “Vətən yolunda şəhid olanlara ithaf edilir” epiqraflarına rast gəlinir. Sanki, vicdan borcu daşıyırdı çiynində. Bu da ziyalılıqdan, Vətənə, xalqa məhəbbətindən doğurdu. Vətən qarşısında borcunu qələmi ilə qaytarırdı. O, erməni vəhşiliklərinin psixoloji köklərini araşdırıb, onların etnik xüsusiyyətlərini ilk dəfə psixoloji ədəbiyyatda elmi dəlillərlə açıqlayıb. Ümumiyyətlə, etnoslararası münasibətlərə dair araşdırmaları böyük elmi əhəmiyyətə malikdir.

Çətinə düşəndə suallarıma cavab tapmaq üçün yanına gələrdim. Çox danışmağı sevməzdi. “Niyə?” “Nə üçün?” - kimi suallar yağdıranda qəribə bir təbəssüm qonurdu çöhrəsinə, sakitcə durub kitab rəfindən kitab gətirər: “Apar oxu, bunlar araşdırılıb” - deyərdi. Bu da öyrətməyin, oxutmağın özünəməxsus bir forması idi. Son illər lap səssiz-səmirsiz olmuşdu. Ancaq yenə yazır, yaradırdı. Onun həmmüəllif olduğu “Hüquq psixologiyası” adlı son möhtəşəm əsərini gördükdə heyrətləndim. Yaşlanmışdı, ancaq təfəkkürü zirvədə bərq vururdu. Elə bil, burda deyildi. “Bilirsən nələr yazardım. Bir ömür bəs etmir”- söyləyirdi.

Vaqif Səmədoğlunun misraları ixtiyarsız olaraq yenə beynimdən dilimə, dilimdən vərəqlərə tökülür:
Soruşursan hardayam? - burda, burda, burdayam.
Əslində, Allah bilir, harda, harda, hardayam?
Soruşursan necəyəm?...
- Necə görmək istəsən, qardaş, elə eləyəm...
Huşum korlanıb bir az,
İçməsəm də bir qram,
Yaddaşımın içində gizlənqaç oynayıram.
Əslində, o, burdadır, əsərləri, fikirləri, düşüncələri ilə. Mənalı bir ömür yaşamağın nümunəsi ilə.

Onlarca tədqiqatçı yetişdirən, məktəb yaradan alimin əsərlərinin tədqiqi özündən sonra başqa, yeni bir məktəb yaradacağına əminəm.
Əkbər Bayramovun əziz xatirəsi xalqın yaddaşında əbədi yaşayacaqdır. Çünki o, irsi ilə “Orda dur, qımıldanma, ömrüm” - deyə bilmişdir.

yuxarı ⤴