1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Xarici mətbuatdan
18.08.2017 / No31

 
 

 

 


Rusiyada distant təhsilin tətbiqi genişlənir


Oruc MUSTAFAYEV

Rusiyanın Təhsil və Elm Nazirliyi distant təhsilin daha əlçatan olması üçün səylərini gücləndirəcək. “Uçitelskaya qazeta”nın məlumatına əsasən, nazirlik 2025-ci ilə qədər 10-11 milyon insanın onlayn-təhsilə cəlb olunmasını təmin edəcək. Bu barədə təhsil və elm naziri Olqa Vasilyeva açıqlama verib. Onun sözlərinə görə, əgər düzgün və düşünülmüş yanaşma olarsa, layihənin həyata keçirilməsi tamamilə realdır. “Çünki mən hesab edirəm ki, elektron təhsil böyük köməkdir”, - deyə nazir bildirib. O həmçinin əlavə edib ki, hazırda nazirliyin üzərində iş apardığı məktəbdə elektron təhsil layihəsi böyük informasiya bazasına malik olacaq, özündə müxtəlif kitabxanaları, fərqli fənlər üzrə hər cür modulları birləşdirəcək. Bütün bunlar dərslərin keçilməsində müəllimlərin yardımçısı olacaq. Ali məktəblərdə isə onlayn-təhsil tələbələrə universitet müəllimlərinin mühazirələrini dinləməyə imkan yaradır. Bundan əlavə, Rusiyada 2020-ci ilə qədər 3,5 min tədris kursuna malik vahid portalın yaradılması planlaşdırılır. Nazir qeyd edib ki, layihə distant təhsilin əlyetərliyinin artırılması üçün yaradılır. Hazırda ölkədə bütün yaş kateqoriyaları üçün 150 onlayn-kurs tətbiq olunur.


Gürcü məktəblərində çipslər qadağan olunub

Yeni dərs ilinin əvvəlindən başlayaraq Tiflis məktəblərinin şagirdlərinə almalar paylanacaq. Belə bir təşəbbüslə Gürcüstanın təhsil və elm naziri Aleksandr Jejelava çıxış edib. Nazir qeyd edib ki, söhbət eyni zamanda “mürəkkəb və bahalı” layihədən gedir. Layihənin məqsədi budur ki, uşaqlar məşğələlərarası fasilələrdə alma yesinlər. Kampaniya çərçivəsində almalar həftədə bir dəfə şagirdlərə paylanacaq. “Digər tərəfdən, bu məsələnin çətinliyi və bahalı olması bizim üçün maneə deyildir. Layihəni zəruri edən şərt odur ki, alma çox faydalı məhsuldur. Tbilisidə 40 mindən 60 minədək şagird var. Buna görə də biz belə bir kampaniyaya da başlamaq istəyirik ki, valideynlər də uşaqları məktəbə alma gətirmələri ilə təmin etsinlər”, - deyə nazir bildirib.
Qeyd olunur ki, kampaniya çərçivəsində məktəb bufetlərindən müxtəlif çips, suxarılar, şokolad, bir sıra qazlı içkilərin satışı da qadağan olunub.


Bakalavr diplomu və attestat olmadan...


Massaçusets Texnologiya İnstitutunda (MIT) tələbə qəbulu üzrə yeni siyasət testdən keçirilir. Son vaxtlara qədər MIT-də tələbələri magistraturaya standartlaşdırılmış imtahanların nəticələrinə, tövsiyə məktubları və qiymətlərə əsasən seçiblər. Artıq bunların heç biri olmadan iqtisadi inkişaf ixtisası üzrə magistr proqramına qəbul olunmaq olar. MIT-ə qəbul olunmaq üçün bakalavr diplomu və hətta məktəb attestatı lazım olmayacaq. Abituriyentlərə yalnız beş onlayn-kurs keçmələri və imtahanları müvəffəqiyyətlə vermələri yetərlidir. Nəticələrə əsasən onlar magistraturaya qəbul oluna bilərlər. Gələcək magistrlərə universitet şəhərciyində 6 ay kurs keçmək, şəxsi layihələrini hazırlamaq və dissertasiya müdafiə etmələri lazımdır. Tələbələrin ilk qrupu ali məktəbə 2020-ci ildə gələcək. Hazırda universitetin rəhbərliyi proqram üzrə təhsil haqlarının necə olması məsələsinin həlli ilə məşğuldur (hər halda, təhsil haqları tələbələrin ödəmə qabiliyyətindən asılı olaraq fərqlənəcək).

Magistraturaya qəbul kasıb ailələrdən olan tələbələrin dünyanın ən yaxşı ali məktəblərinə qapı açan “The Poverty Action Lab” layihəsinin tərkib hissəsidir. Hazırda MIT-də yaradılmış bu layihə bütün dünya üzrə 800 universitet proqramını əhatə edir. Dünyanın 182 ölkəsindən 8 mindən çox insan artıq tələbə adını qazana bilib.


91 yaşlı tailandlı bakalavr dərəcəsi alıb

Tailandda 91 yaşlı nənə Kimlan Yinakul yerli Sukxotay Txammatirat Universitetini bakalavr dərəcəsi üzrə başa vurub. O, “Ailə və insanın inkişafı” ixtisası üzrə təhsil alıb. K.Yinakul etiraf edib ki, cavanlıqda ali təhsil almaq imkanı olmayıb, lakin orta məktəbdə yaxşı oxuyub. Onun övladlarından 4-ü ali məktəbi magistr dərəcəsi ilə bitirib, bir övladı isə ABŞ-da fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Oxumaq heç vaxt gec deyil. Dünya bir saniyə olsa belə dayanmır. Həmişə yeni problemlər yaranır, onları həll etmək lazımdır. Əgər yeni elmlər meydana çıxmasaydı, dünya çiçəklənə bilməzdi, - deyə K.Yinakul bildirib. Diplomu qoca tələbəyə Tailand kralı təqdim edib. Ənənəyə uyğun olaraq ölkənin dövlət universitetlərində diplomlar məzunlara kral ailəsinin üzvləri tərəfindən təqdim olunur.

Qeyd edək ki, Sukxotay Txammatirat Universiteti Cənubi Asiyada yaşlı insanlara ali təhsilin qiyabi formasını təqdim edən ilk ali məktəbdir. Yaşlı tələbələr təhsil haqlarından azaddırlar. Bütün tədris materialları və videodərslər qoca tələbələrə poçt vasitəsilə göndərilir. Bu il universitetə yaşı 60-dan çox olan 199 abituriyent sənəd verib.

xarici mətbuat materialları əsasında

yuxarı ⤴