1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Yeni kurikulum və fizika
20.08.2016/№32

 

 


Əlvan MUSTAFAYEV,
Qusar rayon Balaqusar kənd tam orta məktəbinin fizika müəllimi

Ümumtəhsil məktəblərində fizika fənninin kurikulumu fizika təliminin məqsəd və vəzifələrini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən, cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla hər bir şagirdin imkan və maraqlarına yönəlmiş sənəddir. Bu sənəd fənnin əhəmiyyətini, məqsəd və vəzifələrini, ümumi təlim nəticələrini, məzmun xətləri və onların əsaslandırılmasını, məzmun xətləri üzrə standartları, fəaliyyət xətlərini, təhsil pillələri üzrə ümumi təlim nəticələrini, hər bir sinif üzrə məzmun standartlarını əhatə edir. Orada təlim strategiyaları və qiymətləndirmə məsələləri öz əksini tapır.
Fizika elmi- texnoloji təkamülün əsasıdır. Orta ümumtəhsil məktəblərində fizikanın tədrisi şəxsiyyətin formalaşmasında müstəsna rol oynamaqla yanaşı həm də zehni inkişafın bir vasitəsidir. Fizikanın öyrənilməsi şagirdlərin məntiqi təfəkkürünü formalaşdırmaq, mühakimə və dərketmə qabiliyyətini yüksəltmək, nitqini inkişaf etdirmək üçün güclü vasitədir. Fizika şagirdlərdə bir çox mənəvi, iradi keyfiyyətlər, yeni elmi dünyagörüşü, bilik, bacarıq, vərdiş və s. kimi keyfiyyətləri formalaşdırır. Bu baxımdan müasir fizika dərsi necə qurulmalıdır?
Fizika təliminin məzmunu aşağıdakı kimi müəyyən olunmuşdur:
- Ümumi təlim nəticələri.
- Məzmun xətləri
- Fəaliyyət xətləri
- Məzmun xətləri üzrə təlim nətcələri
Məzmun xətti fənn üzrə ümumtəlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu sistemləşdirmək və təsnif etmək məqsədi daşıyır.
Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi müəyyən edilmişdir:
- Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar.
- Maddə və sahə, qarşılıqlı təsir və əlaqəli sistemlər.
- Eksperimental fizika və müasir həyat.
Fizika fənni üzrə məzmun standartlarını reallaşdırmaq üçün aşağıdakı fəaliyyət xətlərindən istifadə olunur: Mühakimə yürütmə və əsaslandırma; problemin həlli; ünsiyyət; müşahidə; təcrübələrin aparılması; tətbiqetmə; məsələ və çalışma həlli; müzakirə.
Fəal təlimdə fəndaxili və fənlərarası inteqrasiya xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, inteqrasiya dedikdə təlim prosesində şagirdlərin təfəkküründə ətraf aləmin tam və vahid obrazını formalaşdırmaq üçün təlimin məzmun komponentlərinin struktur əlaqələr əsasında sistemləşdirilməsi başa düşülür. Fəndaxili inteqrasiya - hər bir fənn üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsini nəzərdə tutur. Bu növ inteqrasiya tədris materialının ayrı-ayrı tədris vahidlərində cəmləşdirməklə fənnin məzmun strukturunu müəyyən edir. Fənlərarası inteqrasiya - bir neçə fənnin əhatə etdiyi ortaq anlayış, bilik və bacarıqların sintezi olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istifadəsini nəzərdə tutur. Fizika fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür. Burada bir fənnin əldə etdiyi nəticələrdən o biri fənlərdə istifadə olunur.
Fizika fənninin tədrisi prosesinin normal keçirilməsi standartlardan irəli gələn təlim nəticələrinin əldə olunmasına, standartların təlim prosesində reallaşmasına nail olmaq üçün hər bir müəllim təlim strategiyasını düzgün müəyyən etməlidir. Strategiya dedikdə təlimin təşkilinə verilən əsas tələblər, təlim üçün düzgün müəyyənləşmiş forma və üsullar seçilməsi, təlim prosesinin planlaşdırılması, fənn üçün dövlət tərəfindən müəyyən olunmuş standartların şərhi nəzərdə tutulur.
Yeni təhsil proqramları əsasında tədris prosesini həyata keçirmək üçün öyrəniləcək mövzuya aid problem qoyularaq motivasiya yaradılır. Yəni, şagirdlərin təlimə marağı problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirilir. Müəllimin digər vəzifəsi isə tədqiqat sualını ortaya qoymağa şərait yaratmaqdır. Tədqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar nümayiş etdirilir. Təqdimatların nümayiş edilməsi işi fizika kabinetində mövcud xüsusi təqdimat lövhəsi vasitəsilə həyata keçirilir. Təqdimat lövhəsi şagirdlərdə fənnə həvəs oyadır, onları tədqiqat sualı ətrafında düşündürür, təfəkkürünü inkişaf etdirir, yeni biliklərə yiyələndirir, ixtiraçılıq, kəşf etmək, fərziyyələr irəli sürmək və onları praktikaya tətbiq etmək bacarıqları, metod və üsulları aşılayır. Tədqiqat sualının cavablandırılması prosesində “elmi idrak metodu” əsas rol oynayır. “Elmi idrak” metodunda eksperiment əsas götürülür. Tədqiqat ondan başlayır və onda da qurtarır. Müasir inkişafetdirici dərslər bütünlüklə şagirdin idraki fəaliyyəti əsasında qurulur. Dərsdə yeni tədris materiallarının dərinləşdirilməsi və təkrarı şagirdlərin şəxsi fəaliyyəti prosesilə baş verir. Onu qurarkən aşağıdakı struktur müəyyən edilir: Tələbat - motiv - məqsəd və vəzifələr - təsir - əməliyyatlar - nəticə - nəticələrin təsviri - refleksiya.
Müəllimin vəzifəsi dərsdə bütün bu struktur komponentlərini düşünmək və təşkil etməkdir.

yuxarı ⤴